Elektron ədəbiyyat və sənət portalı

Akutaqava Rünoskenin hekayəsi

 

Akutaqava Rünoske

(Yaponiya)

 

BİSEY NECƏ İNANIRDI[1] 

Bisey körpünün altında dayanıb onu gözləyirdi. Yu­xa­rı­da, başının üstündə, yarıyacan sarmaşığa bürün­müş hündür daş mə­həc­cərlərdən o tərəfdə arabir körpüdən ötüb-keçənlərin qürub edən günəşin şüaları ilə işıqlanan və kü­ləkdə xəfifcə yel­lə­nən ağ paltarlarının ətəkləri görünürdü... O isə gəlib çıxmaq bil­mirdi.

Bisey səbirsiz halda suya yaxınlaşıb bircə qayığın belə üz­mədiyi sakit çaya baxmağa başladı.

Çay boyunca bitən qamışlar yaşıl divar kimiydi. Qa­mış­lığın üzərindən adda-budda sıx söyüdlər gözə dəyirdi. Çay enli olsa da, qamış basmış suyun üstü darısqal görünürdü. Sə­ma­dakı sədəf rəngli yeganə bulud parçasının ək­si düşmüş təmiz su zolağı ona qızılı rəng qatıb qa­mış­ların arasından sakitcə bu­ru­lub axırdı... O isə gəlib çıxmaq bilmirdi.

Bisey sudan aralanıb çayın ensiz sahili ilə dala-qabağa ad­dım­­la­mağa, get-gedə canına alaqaranlıq çökən sakitliyə qulaq asmağa baş­­­ladı.

Körpüdə artıq gediş-gəliş kəsilmişdi. Nə addım səsləri, nə nal taq­­­qıltıları, nə araba cırıltısı eşidilirdi. Küləyin, qa­mış­­­­ların xışıltısı, suyun şıppıltısı... Sonra haradasa çı­­­ğır­an vağın sə­si eşidildi. Bisey dayandı. Görünür, su qabarmışdı. Lilli sahilə şı­­ğı­yan su əvvəlkindən daha yaxında bərq vururdu... O isə gəlib çıx­­­maq bilmirdi.

Hirsli-hirsli üz-gözünü turşudan Bisey körpünün altındakı ala-toran sahildə yeyin addımlarla gəzişməyə başladı. Bu vaxt su ya­vaş-yavaş sahilə doğru irəliləyirdi. Bisey lilin, su­yun sərinliyini öz dərisində hiss elədi. Başını yuxarı qaldırdı. Körpünün üzərində batan günəşin gözqamaşdırıcı şö­lə­si artıq sön­müşdü və sol­ğun-yaşıl qürub səmasında daş məhəccərlərin ay­dın siluetləri qa­ralırdı... O isə gəlib çıxmaq bilmirdi.

Nəhayət, Bisey dayandı.

Artıq onun ayaqlarını yalayan su yavaş-yavaş polad parıltısından daha so­yuq bir parıltıyla körpünün altını ba­sır­dı. Şübhə yox­dur ki, uzağı bircə saata amansız su axını onun diz­lə­ri­nə, qarnına, sinəsinə qədər qalxacaqdı. Yox, su lap tez yuxarı qal­xır, budur, artıq onun dizləri çayın dalğalarında görünməz olub... O isə gəlib çıxmaq bilmirdi.

Bisey gözlərindəki son ümid qığılcımları ilə yenə baxışlarını sə­maya, körpüyə yönəltdi.

Sinəsinə qədər qalxan suyun üzərində axşamın ala­to­ran­lı­ğı çox­dan qatılaşmışdı və qatı dumanın içindən söyüd yar­­paq­la­rı­­nın, sıx qamışların kədərli xışıltısı eşidilirdi. Birdən qa­­rın­cığı par­­laya-parlaya sudan sıçrayıb Biseyin burnuna to­xu­nan xır­da bir balıq onun başı üzərində bərq vurdu. Yuxarıda, sə­ma­­da ad­da-budda ulduzlar sayrışmağa başladı. Hətta xovlu məx­­mə­rə bürünmüş məhəccərlərin siluetləri də sürətlə hər yeri basan qaranlıqda əriyib yavaş-yavaş qeyb olurdu... O isə gəlib çıx­­maq bilmirdi.

* * *

Gecənin bir aləmi – Ay işığı çay sahili boyunca bitmiş qamışları və söyüd ağaclarını işıqlandırdığı vaxt öz aralarında astadan pıçıl­da­şan su və külək yavaş-yavaş Biseyin meyitini körpünün al­tın­dan alıb dənizə tərəf apardı. Biseyin ruhu isə göylərin qəl­binə, kədərli Ay işığına tərəf yön aldı. Yəqin, ona görə ki se­vir­di. Xəlvətcə bədəni tərk edən ruh lil qoxusu, su təravəti kimi süzə-süzə tutqun işıqlı səmaya tərəf qalxmağa başladı...

Çox minilliklərdən sonra cilddən-cildə düşmüş bu ruha yenidən insan həyatı yaşamaq bəxş edildi. O ruh məndə ya­­şayan ruhdur. Ona görə də indiki zəmanədə doğulsam da, karlı bir iş görməyə qadir deyiləm. Gündüz də, gecə də xəyallar içində yaşayır və elə hey gözəl nəyinsə gə­ləcəyini gözləyirəm. Eynilə alatoranlıqda körpünün altında heç vaxt gəlməyəcək sevgilisini gözləyən Bisey kimi...

 

Dekabr 1919-cu il.

Tərcümə edən: Rövşən Ramizoğlu

 

[1] Hekayənin süjeti Sıma Syanın (e.ə. 145–86) "Şi-tszı" ("Tarix") kita­bın­dan götürülüb. Bisey adı (çincə Mi-şen) Yaponiyada verilən sözə ifrat sadiqlik, elə­­cə də axmaqlığa yaxın bir sadəlövhlük rəmzinə çevrilib.