Elektron ədəbiyyat və sənət portalı

Son gecədir bu gün yenə

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 05.11.2019

 

Vaqif Səmədoğlu

(1939-2015)

Xalq şairi, dramaturq. Əməkdar incəsənət xadimi. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. “Yoldan teleqram”, “Günün baxtı”, “Uzaq, yaşıl ada”, “Mən burdayam, İlahi” adlı şeir kitabları nəşr olunub. Əsərləri bir çox dillərə çevrilib. “Bəxt üzüyü”, “İntizar”, “Uca dağ başında”, “Lotereya”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” adlı dram əsərlərinin müəllifidir.

 

***

Son gecədir bu gün yenə,

Sabah yenə son səhər.

Son yel dolur son yelkənə,

Qayıq üzür birtəhər...

 

Axırıncı ağacdır bu,

Əsir sonuncu külək.

Bağlayıb sonuncu yolu

Yenə sonuncu fələk...

 

İndi son küçə üstünə

Yağacaq son addımlar.

Yenə dönəcəklər  tinə,

Sapsarı son adamlar...

 

Doğulur sonuncu insan,

Sonuncu insan ölür,

Yenə son dəfə ağlayan,

Son dəfə gülən olur...

 

***

Eşidirsənmi?

Amma necə eşidəsən...

iki il,

yeddi ayın ayrılığıyla

tutulub qulaqlarımız.

Bir yandan da bu yağış...

Bu yağışda canavarlar da

adam olub yorğan-döşəyə

girmək istəyir.

 

Görürsənmi?

Amma necə görəsən...

Qurtarmayıb hələ də

aramızdan keçən qatarın vaqonları.

Bir yandan da bu yağış...

 

Bu yağışda qorxudan

səs-səsə verib bar-bar bağırır

Qobustan qayalarının öküzləri də!

 

Eşidirsənmi?

Amma necə eşidəsən...

İki il

yeddi ayın ayrılığıyla

tutulub qulaqlarımız.

Bir yandan da bu yağış...

 

***

Telefon nömrələri

oxşamaz bir-birinə.

Amma hamısında

insan səsi.

 

İnsan səsləri

oxşamaz bir-birinə:

birində sevinc,

birində kədər.

 

Kədərlər  oxşamaz,

oxşamaz bir-birinə:

biri ümidsiz,

biri ümidli.

 

Ümidlər

oxşamaz bir-birinə:

biri Allahdan asılı,

biri insan əlindən.

 

İnsan əlləri

oxşamaz bir-birinə:

biri torpaq  şumlayar,

biri insan ömrünü.

 

İnsan ömürləri

oxşamaz bir-birinə:

biri yaşayar,

biri dözər.

  

İnsan dözümü

oxşamaz bir-birinə:

biri dartılar,

biri sınar.

 

İnsan sınarı

oxşamaz bir-birinə:

biri ortadan bölünər,

biri tikə-tikə.

 

Tikələr

oxşamaz bir-birinə:

biri əsr boyda,

biri gün boyda.

 

Günlər

oxşamaz bir-birinə

biri yaxşı,

biri pis.

 

Pis günlər

oxşamaz bir-birinə:

birində özün susarsan,

birində telefon...

 

 ***

Nəyin istisindən yananlar

arzulayacaq  kölgəmi?

Hansı rənglə çəkəcəklər

xəritələrdə ölkəmi?

Şeirlərimi sevəcəklərmi

divarlar arxasında?

Nə parlayıb sönəcək

son günümün yaxasında?

Bazarda ətin qiyməti düşəcək,

yoxsa

meşə cəngəlliyinin

qoyduğu qiymətdə qalacaq?

Öpüşəcək,

öldürəcək,

düşünəcəklərmi yenə qaranlıqda?

İnsan xoşbəxt olacaqmı

məhəbbətin doğduğu bir anlıqda?

Qatarlarda

axşamüstü,

çay paylayacaqlarmı içməyə?

Pasport, viza

gərək olacaqmı sərhədlərdən keçməyə?

Andersеnin nağıllarını oxuyacaqlarmı?

Əlifba biləcəkmi hamı?

Kür daşacaq,

yoxsa bəndlər ovcundan

töküləcək Xəzərə?

İnsan bir ömrü boyu

öləcək neçə kərə?

Yol azacaqlarmı?

Məzar qazacaqlarmı?

Məsciddə yuyacaqlarmı meyitləri?

Kim sulayacaq

bulvardakı söyüdləri?..

 

***

Dənizdən ayrılmış qupquru qaya,

Qədim xatirətək əyib başını,

Ayrılıq illərin indi kim saya,

Kim bilir kədərin qoca yaşını?

 

Bəlkə, yer altına qaçan Xəzərdən,

Yer üzündə qalan daş izdir qaya?

Bəlkə də, fırtına içindən qopmuş

Bir parça qurumuş dənizdir qaya?

 

Birdaş-birdaş illər düşür üstündən,

Kiçilir hey yaşa dolduqca qaya,

Bostandan quşları qovacaq bir gün,

Xırdaca daş qalıb bu uca qaya...