Məmməd İsmayıl
(1939)
Şair, publisist. “Ana əlləri”, “Dünyaya baxıram”, “Axşamlar, səhərlər”, “Söz vaxtına çəkər”, “Qoymayın dünyanı adiləşməyə”, “Baxtıma düşən gün”, “Hələ yaşamağa dəyər”, “Döyüş, qələbə”, “Dünya bizim evimizdir”, “Aman təklik əlindən”, “Ümiddən asılan qılınclar” kimi iyirmidən artıq şeir kitabının müəllifidir. “Söz vaxtına çəkər” və Moskvada çap olunmuş “Zyorna speloqo qranata” kitablarına görə Respublika Komsomolu mükafatına, “Yerlə göy arasında” kitabına görə Ostrovski adına Ümumittifaq mükafata layiq görülüb.
Ağacdələn, döy qapımı, döy görüm
Yol azıbsan bu payızın çәnindә,
Ağacdәlәn, ağlın azıb sәnin dә,
Dәn gәzirsәn saçlarımın dәnindә,
Atamoğlu, az qapımı döy görüm.
Bu cığırı bu qara kim bürüyüb?
Burda kimin yanan qәlbi kiriyib?
Hәyәtini qara yellәr kürüyüb,
Başımıza nәlәr gәlir qoy görüm.
Haçanacan gözlәmәyә gәlmisәn?
Yoxsa mәnә söz demәyә gәlmisәn?
Ya borcunu istәmәyә gәlmisәn? –
Öz dilindә ünvanımı söy görüm.
Mәn dünyaya ata, ana borcuyam,
Ünvanım var, bu ünvana borcluyam.
Bir canım var, bircә cana borcluyam,
Özgә nәyә, taraq-taraq say görüm.
Bulaq kimi batan bәxti açılmaz,
Hәr igidin, atam, bәxti açılmaz...
Hәlә yatır, yatan bәxtim açılmaz,
Yatmışların yuxusuna qıy görüm.
Eldәn ayrı ömür olmaz, gün olmaz,
Eli sevәn ürәklәrdә kin olmaz.
Nәdәn Araz arzularım çin olmaz,
Haçanacan yuxularda çay görüm?
Avand işim nәhsә düşüb, deyәsәn,
Vaxt mәnimlә bәhsә düşüb, deyәsәn,
Qulaqlarım sәsә düşüb, deyәsәn,
Şimşәk çaxsın, guruldasın göy görüm.
Yavaş-yavaş çürümәdә taxta, bax.
O taxtada ovxam olan vaxta bax.
İnad olub nә döyürsәn baxta-baxt, –
Açılmayan düyünlәri düy görüm.
Elә yanır döyüşlәrin yanğısı,
Nә tәsәlli söndürәcәk, nә dә su.
Mәnim qapım yer üzünün qapısı,
Ağacdәlәn, döy qapımı, döy görüm,
Başımıza nәlәr gәlir, qoy görüm...
Gizli məhəbbət
Dağların başına düşən qardımı,
Dumandan xəbərsiz, çəndən xəbərsiz?!
Sinəmi göynədən intizardımı,
Qəlbimdən xəbərsiz, məndən xəbərsiz?
Qırdım öz əhdimi mən bilə-bilə,
Haqqın var, yanımdan keç gülə-gülə,
Əriyim oduna qoy gilə-gilə,
Mən səni sevmişəm səndən xəbərsiz.
Gör mənim qismətim nələr-nələrmiş,
Sən uzaq saydığın yaxın gələrmiş?!
Sən demə, dağlara qar ələnərmiş,
Dumandan xəbərsiz, çəndən xəbərsiz.
Vətən seçilməz
Dostu bu dünyada seçib taparlar,
Dost-düşmәn seçilәr, Vәtәn seçilmәz.
Qayanı yonarlar, dağı çaparlar,
Dağ-qaya kiçilәr, Vәtәn kiçilmәz.
Keçәr taleyindәn, ömründәn keçәr.
Qovuşmaz karvana, yovuşmaz köçә.
Köçsә, qürbәt eldә qәlbinә köçәr,
Ağır elli-günlü Vәtәn köçülmәz.
Ürәyin Vәtәnin önündә zәrrә,
Andını dәyişmәz şöhrәtlә, zәrlә.
Vәtәnin yolunda candan keçәrlәr,
Keçilmәz qaladır,Vәtәn keçilmәz.
Göylәri uludur, Günәşi uca,
Yerlәri gözünü, könlünü açar.
Ağacı böyüyüb kökündәn qaçar,
Ha qaçar, kökündәn ayrıla bilmәz.
Dost-düşmәn seçilәr, Vәtәn seçilmәz.
Dağ-qaya kiçilәr, Vәtәn kiçilmәz.
Keçilmәz qaladır,Vәtәn keçilmәz.
Hələ yaşamağa dəyər bir az da
Meşә cığırları dönüb bir çaya,
Torpaq yağışlardan bәhrәlәnibdir,
Necә gözәl olub tәbiәt, Allah,
Quru kötüklәr dә pöhrәlәnibdir!
Gәzmәk istәyirәm dünyanı yazda,
Hardasa, hardasa mәni duyan var,
Hәlә yaşamağa dәyәr bir az da.
Tәkliyi keçmişә ötürmәliydim,
Ömrümә bir yoldaş götürmәliydim.
Bacım arzudaydı,
anam murazda,
Hardasa, hardasa mәni sevәn var,
Hәlә yaşamağa dәyәr bir az da.
Yollar eniş-yoxuş, bәlәn-bәlәndi.
Yollar min ildir ki, gedib gәlәndi.
Tәzәydi, köhnәydi, nәydi, bilmәdim,
Talada cığırlar qafiyәlәndi...
Dünәn Bethoveni çaldılar sazda,
Hardasa, hardasa bizi duyan var,
Hәlә yaşamağa dәyәr bir az da.
Mәnim bir gecikmiş mәhәbbәtim var,
Dönüb nağıllaşan hәqiqәtim var.
Sәni sәslәyirәm, ay ev yiyәsi,
Sәsimә sәs versin o tayda kim var.
Dodaqlarda donan bir busә kimi,
Harda görünüb ki, sönә arzular.
Qıvrıla-qıvrıla bir gürzә kimi
Әsrin ovsununa yatıb Araz da,
Dünyanın işini nә bilmәk olar.
Hәlә yaşamağa dәyәr bir az da,
Hәlә yaşamağa dәyәr bir az da.
Heyif cavanlıq çağından
Ovçunun fikri ovladı,
Nəyim varsa buxovladı,
Arxama düşüb qovladı
Mən qaçdıqca qabağından.
Bu yolda itsin, itməsin,
Əkdi, ümidi bitməsin?
Nə söz qaldı eşitməsin
İşvəli yar dodağından.
Gözü dünyadan su içməz,
Kəsən kəsməz, biçən biçməz.
Qocalığın sözü keçməz,
Heyif cavanlıq çağından...
Canı canıma yer verə,
Əsər etdi, əsər verə.
Bəlkə, rüzgar xəbər verə
Yaxınından, uzağından.
Könül viranələr yurdu,
Boş-boşuna xəyal qurdu,
Nə olsun ki, bəxt umurdu
Qarlı qışın sazağından...