Elektron ədəbiyyat və sənət portalı

Kolumbiyanın yeni səfiri Tərcümə Mərkəzində

Bölmə: Xəbər 06.11.2019

 

Kolumbiyanın Azərbaycan Respublikasında akkreditə olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri, cənab Luis Antonio Dimate Dövlət Tərcümə Mərkəzində olub.

Görüş zamanı Azərbaycan–Kolumbiya ədəbi əlaqələri üzrə Mərkəzlə Kolumbiya səfirliyinin birgə əməkdaşlığı, ərsəyə gətirilmiş layihələr – Kolumbiyada işıq üzü görmüş, Azərbaycan və ispan şairlərinin əsərlərinin toplandığı “İyirmi şeir” kitabı, nəşrə dair Milli Elmlər Akademiyasında keçirilmiş geniş təqdimat mərasimi, Azərbaycan dilinə tərcümə edilərək ölkədə nəşr olunmuş  “Əvvəl dəniz vardı...” adlı Kolumbiya poeziyası toplusu, dahi Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin yaradıcılığı ilə bağlı Kolumbiyanın keçmiş müvəqqəti işlər vəkili, xanım Marta Galindonun təşəbbüsü ilə keçirilmiş yaradıcılıq gecəsi və digər bu kimi tədbirlərlə bağlı təəssüratlar bölüşdürülüb.

Daha sonra Kolumbiya–Azərbaycan ədəbiyyat və mədəniyyətlərarası əməkdaşlığa dair perspektiv layihələr, Azərbaycan ədəbiyyatının Latın Amerikası ölkələrində yayımı məsələləri müzakirə edilib.

Səfir Luis Antonio Dimate Dövlət Tərcümə Mərkəzi ilə uğurlu əməkdaşlıqdan duyduğu məmnunluğunu ifadə edərək bu səpkili layihələrin bundan sonra da, daha geniş şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşün sonunda səfir Qabriel Qarsia Markesin ispan dilində “Polkovnikə məktub yoxdur” kitabını Mərkəzin rəhbəri Afaq Məsuda təqdim edib.