Elektron ədəbiyyat və sənət portalı

Hər şeyin bir sonu var...

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 06.11.2019

 

Arif Abdullazadə

(1940-2002)

Şair, nasir, ədəbiyyatşünas alim. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi, Müasir Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifələrində çalışıb. 1977-ci ildə “Azərbaycan poeziyasında yaradıcılıq üslubları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. İlk bədii əsəri 1957-ci ildə dərc olunub. “Arzular”, “Könüllərin dünyası”, “Hər yerdə, hər zaman”, “Ana dünyamız”, “Vseqda i vsyudu” (Moskva, 1976), “Bəxtimizin kitabı”, “Sevin Azərbaycanı”, “Səninlə sənsiz”, “Svet Abşerona” (Moskva, 1986) kitablarının, həmçinin “Bir ovuc torpaq”, “Duyum”, “İşıq zolağı”, “Qanlı yaddaş”, “Sınaq kürəsi” romanlarının, “Aqillər” və “Evlərin axşamları” pyeslərinin müəllifidir.

 

Hər şeyin bir sonu var...

Ölümdən qorxmuram, yox,

dünyanın birdən-birə

qulağımda donacaq sükutundan qorxuram,

nəğmələrin, sözlərin

ömrümün sahilinə

səpələnib mənsiz qalan həyatından qorxuram.

 

Ölümdən qorxmuram, yox,

dilimin lap ucunda sönən

və bir də heç vaxt yana

heç vaxt yana bilməyəcək hərarətdən qorxuram,

məndə yarımçıq qalan,

başqa ömrə calanan,

saçlarının ətrinə,

bir də ömür xətrinə

işığından qaçdığım,

qovuşa bilmədiyim səadətdən qorxuram

 

Ölümdən niyə qorxum?

Günəş adlı ən ilahi dünyanı,

gözlərimdə donduracaq lal zülmətdən qorxuram,

adı işıq, özü dünya, kainat,

bir də onsuz gözlərimi yandıracaq o həsrətdən qorxuram.

Yox, ölümdən qorxmuram,

inadın, dəyanətin,

qürurun, dönməzliyin ölümündən qorxuram.

  

Bu yaz necə gəldi...

Bu yaz necə gəldi,

necə qurtardı,

axı hələ dünən, dünən bahardı,

ümidi vardı,

gülü-çiçəyi,

nə qədər xatirə köynəyi vardı

ürəyimizdə.

Ümidlə, çiçəklə, xatirələrlə

dünyada “beş günlük” xoşbəxtdik biz də.

Bu yay necə gəldi,

necə qurtardı,

 

axı hələ dünən, elə bil dünən

çöllər çəmənlikdi, bağlar nübardı,

dənizi vardı, səması vardı,

suyunu içməyə,

üzüb keçməyə,

buz bulaqları, gölləri vardı,

qoynunda bir gündə

ömür sürməli ayları vardı,

illəri vardı...

Bu payız bu yaya bənzəməsə də,

bilmədik o nə vaxt, o necə gəldi,

necə qurtardı,

günəşdən qüruba,

yerdən göyədək

hər tərəf bardı,

yenə son bahardı.

Qızıl bağçaları,

dolu qucağı,

bulaqlar başında,

tala daşında

hələ də, hələ də yeri qaralan

nə qədər xatirə ocağı vardı.

Ümidin son səsi, son közərtisi

hələ yaşardı...

Bu qış necə gəldi, necə başladı,

bu qış meyvələri, xatirələri

xəstə yarpaqları yaman daşladı.

Bu qışın qoynunda  günlər itəcək,

aylar itəcək,

Bu qış necə gəldi,

nə vaxt bitəcək?!

 

Zamanların acığına

Zamanlarda anlar var ki,

zamanlardan güc alır,

zamanlarda günlər var ki,

aylar var ki,

zamanlardan öc alır,

zamanlarla əlbəyaxa,

zamanlarla əl-ələ

zamanlara ucalır zamanlar.

Zindanlara salınan sözlər

azad olsunlar,

dara çəkilən səslər, nəğmələr

azad olunur,

qaranlığa məhkum gözlər,

yad yollara düşən izlər

azad, azad olunur

zamanların acığına.

Daş atılan səhnələrə

gül atılır,

gözlərinin aynasında nifrət donan

baxışlarla

kül atılır,

zamanların səhfəsindən

necə ucuz şöhrətli,

necə dadlı sərvətli

il atılır, ay atılır,

gün atılır

zamanların acığına.

Motsart mavi nəğməsiylə

al günəşi yuxusundan oyadır,

nəsimilər dərisinə qayıdır,

səssiz, izsiz, lal ehkamlar

devrilir,

Bursa Nazim şərəfinə çevrilir,

zülmətlərdə əriyir kölgəsi

günəşə ox atanların,

üzünü dünyaya tutur

Van Qoqun günəbaxanları,

brunolar əsr-əsr yana-yana

tonqallardan boylanır,

Yer kürəsi açıq-aşkar fırlanır

zamanların acığına.

Nə qədər ki, mavi, bəyaz hisslərin

qollarını qaraldacaq buxovlar,

nə qədər ki,

yersiz gəldi, yerli qaç var,

insanlığın sərhəddinin keşiyində

dayanacaq insanlar,

zamanlardan öz alacaq zamanlar.

Əllərimiz uzanacaq,

Səslərimiz səs anacaq, söz anacaq

Tarixlərin ən əlçatmaz uzağından

Zamanların acığına.

zamanların acığına

zaman-zaman tonqallarda yana-yana,

nizələrdə bişə-bişə

zamanlara qəh-qəh çəkib güldük biz,

zamanların acığına

bu dünyaya gəldik biz!