Elektron ədəbiyyat və sənət portalı

İllərin

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 08.11.2019

 

Firuzə Məmmədli

(1940)

Şair, tərcüməçi. “Gümüşü damla”, “Yoluma bahar düşüb”, “Sənin ömrün”, “Yetkinlik”, “Bir qarış ucalıq”, “Məni mənlə bölən dünya” adlı şeir kitablarının müəllifidir. 2002-ci ildə “Seçilmiş əsərləri” iki cilddə çap olunub. Özbək uşaq hekayələrini və Afrika nağıllarını,  M.Qorkinin və G.Kubliskinin əsərlərindən nümunələri dilimizə çevirib. 1992-ci ildə Bursada keçirilən Uluslararası şeir yarışmasında Əlişir Nəvai ödülünə, 2000-ci ildə Azərbaycan Yazıçılar Birliyinin İsa İsmayılzadə adına ədəbi  mükafatına layiq görülüb.

 

İllərin 

Birdən-birə nə düşmüşdü yadına,

Vərəqlədin keçmişini illərin?!

Saydın, seçdin, seçmələdin nə yaxşı,

Əllisini, yetmişini illərin?!

 

Bu seçdiyin ürəyincə deyilsə,

Ələ gələn gərəyincə deyilsə,

Donluq olub, çörəyincə deyilsə,

Nə gəzirsən itmişini illərin?!

 

Nəyi vardı, xəlbirlədin, ələdin,

Acısını şirininə caladın.

Çağaydımı, laylaladın, bələdin,

Daha vaxtı ötmüşünü illərin?

 

Sözgəlişi dedim bunu, incimə,

Hövüllənmə savaşına, dincinə.

At zamanın sənə düşən küncünə

Gəlmişini, getmişini illərin.

 

Nə qədər ki, yerişinlə dirisən,

Canım-gözüm, beş adamdan birisən.

Çəkmə, çəkmə... Çəkəməzsən geri sən,

Ömrü talan etmişini illərin.

 

Eh, il vardı, vaxt əlində saz idin,

Bir sarışın, bir alagöz qız idin.

Gərək onda arayaydın, gəzəydin,

Düzü əyri bitmişini illərin.

 

Karvan gedib, izi qalıb yollarda,

Zaman adda tozu qalıb yollarda.

Qaytar geri, gözü qalıb yollarda,

Qəfil yada düşmüşünü illərin.

      

Bahar ritmləri

Gün – bulud əsiri, dan yeri küskün,

Yağır, yal-yamacın çəməni yağır.

Göydən Yer üzünə kəkotu, yarpız,

Göydən Yer üzünə səməni yağır.

 

Hələ yumuludur bahar əlləri,

Qaranquş gəlməyib, dimdiyində su.

Novruz xonçasından bağ ətri gəlir,

Gəlir, gözlərində bahar yuxusu.

 

İncimi səpilir qar dənəsində?!

Bənövşə dodağı qaçır torpağın.

Gecikmiş qış baba hər dənəsində,

Elə bil mirvari saçır torpağa.

 

Üşüyür qar altda aldanmış çiçək,

Bu sazaqlı gün də nahaq deyilmiş.

Əyninə qar geyib gülən təbiət,

Aprel yalanıymış, bahar deyilmiş.

 

...Elə cilvələnir aşığın təbi,

Əli üzüləmmir saz ətəyindən.

Açır boğçasını axır ki düzlər,

Bənövşə tökülür yaz ətəyindən.

 

Sinəsi atlanan çəməndən, çöldən,

Çiçək ətri gəlir, yaz ətri gəlir.

Daha şairlərin qələmindən də

İncə, lətafətli söz ətri gəlir.

 

Ömür ritmləri

Nə yoğurub-yapdım onu,

Nə itirib, tapdım onu.

 

Qayalardan çapdım onu,

Qoy yaşatsın dağ bu ömrü.

 

Hüsnünə gözəl demədim,

Gedişinə "gəl" demədim.

"Qal" demədim, "öl" demədim,

Daşıyıram sağ bu ömrü.

 

Meyl etmədi səfərlərə,

Möhür oldu çəpərlərə.

Savaşlara, zəfərlərə,

Qaldırdım bayraq bu ömrü.

 

Daha doydurub məni də,

Susanı da, dinəni də.

Qələm istəyir tanıda

Gələcəyə şah bu ömrü.

 

Neynirəm e... tanınmağı,

Kaş olmasın danılmağı.

Bir də hərdən yanılmağı,

Olmasın, Allah, bu ömrün.

 

Durmur qanı damarında,

Olsun Tanrı amanında.

Yetmiş beşin tamamında,

Tanıdım, vallah, bu ömrü.

  

* * *

Səbrimin ətəyiylə

Gözümü sildim, yetər.

Bir ümidin yolunda

Ölüb-dirildim, yetər.

Sirdi, hikmətdi, nədi...

Öyrənib, bildim, yetər.

Daha bildiklərimi

Bəyan etmək vaxtıdır.

Yerini bilməyənlər

Özünü başda görür.

Haqqa nahaq deyənlər

Sülhü savaşda görür.

Əli gəlmir atmağa,

Günahı daşda görür.

Daşatan zamanlara

Qiyam etmək vaxtıdır.

 

Dayan, qisas adamı,

Zamanla az kəllələş.

Dəniz kimi hirsini

Qumlara yaz, kəllələş.

Bəlkə, bəxtin gətirdi,

Qəbrini qaz, kəllələş.

Doğru, dürüst, hər nə var,

Yalan etmək vaxtıdır.