Abbas Abdulla
(1940)
Şair, tərcüməçi. Əməkdar mədəniyyət işçisi. “Ata yurdu”, “Ağlı-qaralı dünya”, “Üzü dan yerinə”, “Sonsuzluğa gedən karvan” kimi şeir kitablarının müəllifidir. Əsərləri bir neçə dilə tərcümə olunub. İ.Draç, İ.Kotlyarevski, M.Rılski, T.Şevçenko, L.Ukrainka, L.Şapoval və digər Ukrayna şairlərinin əsərlərini dilimizə çevirib. Ukraynanın Maksim Rılski ədəbi mükafatına layiq görülüb.
Etiraf
Nə vaxtsa ürəyim yadımdan çıxıb,
Hardasa, kiminsə yanında qalıb.
Evə qayıtmışam, gülüm, ürəksiz
Üzümə baxmısan səssiz-səmirsiz.
Buludtək boşalıb-dolub gözlərin,
Titrək dodağında donub sözlərin:
“Beləmi əzizlər sevən-sevəni”
Bağışla məni.
Gözümü bir qızın gözündə görsən,
Bir anlıq günahı özündə gör sən –
Qoruya bilmirsən niyə sən məni?!
Geriyə qaytarmaq istəsən məni,
Amandır, amandır, dönüb mən olma!
Sən Allah, sən Allah, deyingən olma,
Tez-tez yada salma olub-keçəni,
Bağışla məni.
Bilsən ki, gedirəm, uzaqdır səfər,
Mənsiz mənli olmaq öyrən birtəhər,
Evə-eşiyə də bağlan ürəkdən.
Unuda bilsəm də mən səni hərdən,
Bir cüt qız balamı unudammaram –
Arzunu, Aydanı unudammaram.
Nolar gülərüzlə qarşıla məni,
Bu etirafımda çox gecikmişəm,
Bağışla məni...
Dağlar... insanlar
Dağlara baxıram, dağlara,
Vüqarlı, ulu dağlara.
Dağ olmaq istəyirəm,
Eh... dağ hara, mən hara?!
Dağların başında yurd salan,
dağlardan yüksəyə ucalan
dağ vüqarlı insanlar
dağ deyilmi, deyirsən?
Nə deyim, qardaş,
onu dağın özündən soraqlaş,
onda bilərsən.
Səndən, məndən dağ olarmı?
Göygöl
Gözündən nur alıb dan ulduzunun
Qoca Kəpəzimin yaşıdı Göygöl.
Bir ceyran baxışlı Gəncə qızının
Qızıl üzüyünün qaşıdı Göygöl.
Ahından yanmadı zaman Əslinin,
Bürüdü yolunu duman Əslinin,
Kərəmin oduna yanan Əslinin
Bəlkə də, gözünün yaşıdı Göygöl.
Ona bağışlanıb ətri güllərin,
Açıq süfrəsidir bizim ellərin,
Bütün dənizlərin, bütün göllərin
Qövsi-qüzeh taclı başıdı Göygöl.
Çəmənlərin nəğməsi
Baharda göyəririk...
Dünyaya sıravi əsgər kimi gəlirik –
ayaq üstə – əmrə müntəzir.
Üstümüzdən mart küləyi əsir,
qoşun-qoşun səpilirik düzlərə,
sığınırıq anamız Yerə.
Göylər pay alır göylüyümüzü,
Bəlkə də, yaşayardıq bütün ömrümüzü,
göylərə boy atardıq,
sürülər, naxırlar olmasaydı,
Birinci paxıllar olmasaydı...
Sağlıq
Bir məclisdə “sağlığıma” içdi
bir nəhs oğlu nəhs:
– Yüz əlli il ömr eləyib filankəs,
sən də yaşa o qədər.
Boşaldı qədəhlər.
Bir demədi bu nəhs oğlu nəhs,
ömrün bütün günlərini
yaşayıbmı filankəs?
Özündən başqa bir adamın qayğı yükünü
daşıyıbmı filankəs?
Yaşayıbmı, görəsən?
Kimlərdən seçilib dəst-xətti?
Hansı meyarla ölçülüb ömrünün həddi?
Rüşvətiylə hədiyyəsinin,
hörmətiylə yaltaqlığının
sərhəddi olubmu?
Sevinciylə bərabər
dərdi olubmu?
Bir məclisdə “sağlığıma” içdi
bir nəhs oğlu nəhs:
– Yüz əlli il ömr eləyib filankəs...
“NEKROLOQ”
Atamın xatirəsinə
Milyonlardan biriydim,
Qoçaq idim –
hamı kimi yox.
Qorxaq idim –
hamı kimi yox.
Ömrümü oğurladı tufanlardan biri –
neçə-neçə tufandan biri.
Yaş yalanın tufanına yandım,
Yaş yalan –
neçə-neçə yalandan biri.
Bir təbəssüm apardım özümlə
Acı bir təbəssüm.
Məni yaşayan insan!
O təbəssümdən özünü gözlə!
O təbəssüm –
neçə-neçə təbəssümdən biri.
Bir uzunsaçlının saçı
məndən qalan xatirə.
Xatirə – acı-acı,
neçə-neçə xatirədən biri.
Bir göz itirdim
saçın rəngli,
Xəzər ahəngli.
O göz –
adi gözlərdən deyildi.
Ürəyimdə bir Günəş yaşardı,
Onun hərarəti
Məni zindandan qurtardı.
O da adi Günəş deyildi.
Bunu bir mən yox,
milyonlar bilirdi.
Bir anamı çox sevirdim,
Bir də Tofiq Fikrəti.
...Oğlum daha çox sevəcək
Nazim Hikməti.
Qınamayın bizi yaradan təbiəti.