MEYHYU
Çox insanın taleyi yaxın ətrafında kimlərin olması ilə müəyyənləşir. Taleyin onlara birgə yazdığı yazını nəinki itaətlə, hətta könüllü qəbul eləyirlər. Onlar öz relsləri üzəriylə şütüdüklərinə görə hərəkətindən razı qalan qatarlara, küçə yollarıyla ora-bura yön alıb qəflətən istədiyi istiqamətə çıxan balaca avtomobillərə bənzəyirlər. Mənim belə insanlara hörmətim var. Onlar yaxşı vətəndaş, yaxşı ər və yaxşı atadılar. Fikrimcə, necə deyərlər, nadir nüsxəli insanlar daha maraqlıdırlar. Onlar həyatı öz əllərinə alıb istədikləri kimi yaşamağı bacarırlar.
Ola bilsin, iradə azadlığı adlı şey bizlərə, ümumiyyətlə, verilməyib, amma onun illüziyası həmişə təsəvvürümüzdədir. Yolayrıcında bizlərə elə gəlir ki, sağa, yaxud sola getmək öz ixtiyarımızdadı, seçimdən sonra isə ağlımıza da gəlmir ki, bizləri bura bütün dünya tarixinin keçdiyi yol gətirib.
Mən ömrüm boyu Meyhyudan maraqlı insana rast gəlməmişəm. Detroytdan olan bu insan bacarıqlı və parlaq karyeralı vəkil idi. Otuz beş yaşının arxasında böyük və səmərəli təcrübə dayanırdı. Maddi cəhətdən özünü təmin etmiş və çox parlaq gələcəyin astanasında dayanmışdı. Ağıllı, dürüst və yaraşıqlıydı. İqtisadi və siyasi mühitdə görkəmli fiqur olması üçün hər cür zəmin var idi.
Bir axşam o, dostlarıyla öz klubunda oturmuşdu. Azca içkiliydilər, İtaliyadan yenicə qayıtmış dostlardan biri Kapridə gördüyü evdən danışırdı. Bu ev Neapol körfəzinin üstündəki təpədəydi, ətrafı yaşıllığa qərq olmuşdu. Meyhyu Aralıq dənizinin ən gözəl adasının gözəlliklərinin təsvirinə diqqətlə qulaq asıb dedi:
– Əla səslənir. O ev satılır?
– İtaliyada hər şey satılır.
– Gəl onlara teleqram vurub qiymət təklif eləyək.
– Zəhmət olmasa, icazə ver soruşum görək, Kapridə ev sənin nəyinə lazımdı?
Meyhyu cavabında:
– Mən orada yaşayacam, – dedi.
O, teleqraf blanklarının ardınca adam yollayıb doldurdu və göndərdi. Bir neçə saatdan sonra cavab gəldi. Təklif qəbul olunmuşdu.
Meyhyu dürüst insan idi və açıqca deyirdi ki, ayıq vəziyyətdə dünyasında belə dəlilik eləməzdi. Amma ayılandan sonra elədiyinə peşman-filan da olmadı. Onun nə tez özündən çıxmağı, nə də həddən ziyadə çılğınlığı vardı. Həm də çox inadcıl insan idi – hərəkətini səfehlik kimi qəbul eləsəydin belə, özünü sındırmamaq üçün dediyindən dönən deyildi. Bu məsələdə də qəbul elədiyi qərarı dəyişməyi lazım bilmədi. Var-dövlət dalınca qaçanlardan deyildi, amma yaxşı yaşamaq üçün kifayət qədər pulu vardı. Ağlına belə bir fikir gəldi ki, Tanrının verdiyi ömür payını mənasız insanların cılız dava-dalaşlarını çözməyə, xərcləməyə dəyməz. Ölçülü, biçili heç bir planı yox idi, sadəcə, artıq ondan ötrü bütün mənasını itirmiş bu öyrəşdiyi həyatdan uzaqlaşmaq istədi.
Dostları, yəqin, güman eləyirdilər ki, Meyhyu havalanıb. Məncə, dostları onu yolundan döndərmək üçün hər şey edərdilər. O, işlərini qaydasına saldı, mebellərinin üstünü bağlatdırdı və yola düzəldi.
Kapri mavi dənizin yuduğu məsum sərt qayalıqlardı, amma üzümlüklərin təzə-tər yaşıllığı bu sərtliyi yumşaldır. Kapri nəvazişli, təmkinli və xoşüzlü bir adadı. Meyhyunun yaşamaq üçün belə gözəl yer seçməsi, doğrusu, məni heyrətləndirirdi. Çünki gözəlliyə onun qədər biganə olan insana rast gəlməmişdim. Onun orada nə axtardığı mənə aydın deyildi – xoşbəxtlik, azadlıq, yoxsa sadəcə bayram ovqatı? Bilmirəm. Amma dəqiq bilirəm ki, o axtardığını tapdı. Bütün hisslər üçün çox cazibəli olan dünyanın bu gözəl guşəsində o yalnız mənəviyyatını yemləməklə məşğul idi. Məsələ burasındadır ki, Kapridə tarixi olmayan bir daş belə yoxdur və Tiberiya imperatorunun kölgəsi daim bu yerin üstündədir. Meyhyu. Neapol körfəzinə açılan pəncərələrindən Vezuvinin mərhəmətli köksünü, rəngdən-rəngə düşən işıqları, romalıların və yunanların əcdalarını yada salan yüzlərlə yeri görürdü. Keçmiş bütünlüklə onun düşüncələrinə hakim kəsilmişdi. Əvvəllər heç vaxt xaricdə olmamışdı və indi burada ilk dəfə gördüyü hər şey onu həyəcanlandırır, yaradıcı təxəyyülünü oyadırdı. Meyhyu iş-güc adamıydı. Bir müddət sonra nəsə tarixi bir əsər yazmaq istədi. Mövzular üzərində bir xeyli seçim elədi və nəhayət, Roma imperiyasının ikinci yüzilliyində dayandı. Bu dövr çox az öyrənilmişdi və o, müasir dövrlə səsləşən məsələləri qabartmaq istəyirdi.
Kitablar toplamağa başladı və qısa bir zamanda nəhəng kitabxana sahibi oldu. Vəkillik fəaliyyəti dövründə o, sürətli oxunu özünə vərdiş eləmişdi. Beləliklə, işə başladı.
Əvvəl-əvvəl axşamları daha çox meydandakı qəlyanaltıxanada rəssam və yazıçıların əhatəsində olardı. Sonra iş başını elə qatdı ki, bu mühitdən uzaqlaşmalı oldu. Bu sakit, isti dənizdə üzməyi, kəkilli üzümlüklərdə lap uzaqlaracan gəzməyi xoşlayırdı. Amma vaxtını kitablara həsr eləməyə başlayanda gəzməkdən də, üzməkdən də imtina etdi. O, Detroytda olduğundan daha çox, daha canfəşanlıqla işləyirdi. Günortalar işə başlayıb hər səhər Kapridən Neapola üzən bərənin fit səsi ona saatın beş olduğunu və yatmaq vaxtını çoxdan ötürdüyünü xəbər eləyənəcən gecə-gündüz bilmirdi.
Mövzu gün-gündən onun qarşısında bütün dolğunluğu və əhəmiyyəti ilə açılırdı. Və artıq xəyalən onu ötən əsrin nəhəng tarixçiləriylə yanaşı qoyacaq bu işin bəhrəsini görürdü. İllər ötdükcə insanlardan daha da uzaqlaşırdı. Onu yalnız bir partiya şahmat oynamağa şirnikləndirməklə, yaxud kiminləsə mübahisə etmək adıyla evdən çıxara bilərdin. O, intellektualların mübahisəsindən həzz alırdı. Artıq çox mütaliəliydi. Özü də təkcə tarixi yox, fəlsəfəni, təbiət elmlərini də dərindən mənimsəmişdi. Maraqlı bir natiq olmuşdu: çevik düşüncəli, məntiqli, hazırcavab idi. Amma əvvəlki kimi xeyirxah və təmkinli insan olaraq qalmışdı. Aydın məsələdi ki, qələbə hamı kimi ona da hədsiz məmnunluq gətirirdi, amma rəqibinin qürurunu nəzərə alıb içinin sevincini üzə çıxarmırdı.
Bu adaya əzələli, qədd-qamətli bədənlə, qapqara, şəvə kimi saç-saqqalla gəlmişdi. Get-gedə dərisi təravətini itirib soluxdu, arıqladı və zəif düşdü. Qəribədi, bir vaxtlar, bəlkə də, dünyanın ən ayıq insanı, məsləkcə ən qatı materialistlərdən olan Meyhyu indi bədəninə nifrət eləyirdi, ona yalnız ruhun əmrlərini yerinə yetirməli olan kobud bir alət kimi baxırdı. İşini davam etdirməsinə nə yorğunluq, nə də xəstəlik mane ola bilərdi. Düz on dörd il nəfəs dərmədən işlədi. O, min qovluq araşdırdı, fəsillərə ayırıb onlardan bəhrələndi. Öz mövzusunu dərinliyinəcən araşdırdı və nəhayət, hazırlıq mərhələsini yekunlaşdırdı. Elə yenicə yazmağa başlamaq üçün masa arxasına keçmişdi ki, canını tapşırdı.
Bəli, bədəni ona qarşı hörmətsizlik edən bu materialistdən qisasını belə aldı.
Topladığı nəhəng bilgiləri də özüylə apardı. Həmin o məsum arzusu – adını Qibbon[1] və Mommzenlə[2] yanaşı görmək arzusu da ürəyində qaldı. İndi onu yalnız dostları xatırlayır və təəssüf ki, onların da sayı ildən-ilə azalır. Dünya üçün isə o, sağlığında olduğu kimi bu gün də naməlum bir insan olaraq qalır.
Amma, hər halda, fikrimcə, o, xoşbəxt həyat yaşadı. Çünki ömrünün mənzərəsi mükəmməl və gözəldi. O istədiyini elədi və görməyi arzuladığı sahil artıq gözünə dəyəndə qumuna ayaq basmadan çıxıb getdi.
Tərcümə edən: Yaşar
[1] Qibbon – Edvard Qibbon (1737–1784) – Roma tarixini araşdıran məşhur ingilis tarixçisi
[2] Mommzen – Teodor Mommzen (1817–1903) – Roma tarixini araşdıran məşhur alman tarixçisi, Nobel mükafatı laureatı