İsa İsmayılzadə
(1941-1997)
Şair, tərcüməçi. “Ulduz” jurnalı redaksiyasında şöbə müdiri (1968-1981), “Azərbaycan” jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində çalışıb. “Ulduzların ad günü”, “İşıqlı yarpaqlar”, “Torpaq nəğməsi”, “Ömrümdən keçən qatar”, “Salam, Yer kürəsi”, “Anamla söhbət”, “Yelləncəkdə yellənən külək”, “Bir ömürlük gecə” kimi onlarla şeir kitabının müəllifidir. K.Simonovun, Y.Yevtuşenkonun şeirlərindən nümunələri dilimizə çevirib.
Güllələr demədi...
Getdilər. Getdilər fit çala-çala,
Getdilər atları çimizdirməyə –
Bizi aparmadılar,
Qulançar yığmağa, moruq dərməyə
Bizi aparmadılar.
Yalvarıb-yalvarıb dil tökəndə biz,
onlar üstümüzə od ələdilər,
qışqırıb-təpinib, hədələdilər:
“Hələ uşaqsınız… nə yaşınız var…”
Bir gün xəbər gəldi: dava başlanıb…
Onlar əsgərliyə çağırıldılar.
Nə tütək çaldılar, nə fit çaldılar,
fikirli oldular, ağır oldular…
Yola salanlara qoşulanda biz
yalvarıb-yalvarıb, dil tökdü onlar:
“Gəlməyin, qayıdın… geri qayıdın…
Qayıdın atları çimizdirməyə,
Qulançar yığmağa, moruq dərməyə”.
Biz getdik atları çimizdirməyə,
qulançar yığmağa, moruq yeməyə,
düşüb arxamızca gəldi uşaqlar,
Dilimiz gəlmədi bir söz deməyə.
Onların yoxluğu düşdü araya,
Oyunlar, “məclislər” qaldı yarımçıq.
Toylar da seyrəldi, toyxanalar da,
aşıq da havanı çaldı yarımçıq –
Kəndimiz yamanca uralanmışdı,
hərdən korun-korun yanırdı ocaq.
Bir ağzıgöyçək də qaralanmışdı:
“Deyəsən, gedənlər qayıtmayacaq” –
Mərmilər, güllələr fit çala-çala
Hey böyür-başından ötdü onların.
Kətmən vura-vura, ot çala-çala
baxdıq yollara.
Getdilər, getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var…
Xatirə
İşıqlar təzəcə yanmışdı kənddə,
Dedin ki, yanında yer saxlayarsan,
qaçıb gələcəyəm kinoya mən də.
Cığırlar, səkilər əl-ələ tutub,
sürünüb gedirdi kluba sarı.
Aramızda düşüb qaldı o axşam
hər gün aşdığımız bir kənd hasarı.
Bir vaxt on beş yaşlı gur həvəsimiz
yamaca dırmaşdı, dərəyə endi.
Sol yanım boş qalıb elə o gündən,
Hey dolub-boşalıb elə o gündən.
Bir səs tanıyırdım səsinə oxşar,
Bir söz tanıyırdım –
umu-küsünə oxşar,
hansı döngədəsə yoxa çıxdılar.
İndi otuz yaşlı gur nəfəsim var,
indi on beş yaşlı sərt həvəsim var.
Sol tərəfdə ürək, sağda – xəyalın,
arada – boşluq.
Mən isə yenə də sizə qoşulub,
çıxıram yollara ayağıyalın…
Həsrət
Sən qanadlı xəbər kimi,
yad qapını açan gündən –
Həsrətinlə yaşayıram bir otaqda,
həsrətinlə yaşayıram bir torpaqda,
bir dünyada.
Qatarlarda, təyyarələrdə, gəmilərdə
sənəd kimi öz yanımla
gəzdirirəm həsrətini.
Ora-bura sürüməkdən
bezdirirəm həsrətini.
İstəyirəm, azdıram mən həsrətini
alqış dolu salonlarda –
bacarmıram.
İstəyirəm, azdıram mən həsrətini
dalanlarda,
döngələrdə,
izdihamlı küçələrdə –
bacarmıram.
Həsrətinə gücüm çatmır, sənə – əlim,
İstəyirəm, həsrətini
Meşələrə, dənizlərə atıb gəlim –
Bacarmıram.
Həsrətinə gücüm çatmır, sənə – əlim.
Süfrəmdəki çörək deyil, həsrətindir,
sinəmdəki ürək deyil, həsrətindir
hey döyünən.
Ürəyimin başını mən
ovuduram bir uşaqtək.
Səndən qalan xatirələri,
olub-qopan həsrətini
ürəyimin qabağına atıram mən
oyuncaqtək,
öz başımı qatıram mən
bir uşaqtək.
Həsrətini içirəm mən,
həsrətini çəkirəm mən.
Nə yaxşı ki, həsrətin var!..
Həsrətinlə yaşayıram bir otaqda,
həsrətinlə yaşayıram bir torpaqda,
bir dünyada,
Yaşayıram,
yaşayıram,
yaşadıram həsrətini.
Adsız şeir
Saxlayım saatımı, söndürüm işığımı –
Heyfim gəlir saata da,
işığa da,
özümə də,
qaranlığa da.
Əl çəkin,
dodaqlarım bağlı qalsın
nənəmin qapısı kimi.
Gözlərim durulsun,
əllərim fikrə gestin.
Susum, susum
bir namərdin qəsdi kimi.
Sahildə qumları,
göydə ulduzları,
yerdə adamları,
nadanları
saymaq istəyirəm.
Canınız yanırsa mənə,
əl çəkin yaxamdan, əl çəkin:
bir mühasib çağırın,
ya da ağıllı bir maşın –
hesablasın görək
nə qədər yalan udmuşam,
nə qədər qəzəb,
neçə arzuma başsağlığı verilməyib,
nələr keçib könlümdən, yuxumdan…