Missiya
və ya Andrey Tarkovski bizlərə nələri demək istəyirdi
Yaşar
Dünya kinosunda böyük rejissorlar çoxdur. Bu vizual sənətin dühaları da var: Sergey Eyzenşteyn, Çarli Çaplin, İnqmar Berqman, Federiko Fellini ... Amma bir rejissor da var ki, o, sənətkarlıqla yanaşı, həm də əlavə bir missiyanın, belə demək olarsa, kinoda peyğəmbərlik missiyasının daşıyıcısı oldu. Bu, rejissor Andrey Arsenyeviç Tarkovskidir.
Onun həyatı ilə yaradıcılığı nəinki bir-birini tamamlayır, sanki daban-dabana izləyirdi. O yalnız özünü, öz həyatını lentə alırdı. Yaşadıqlarını və nə qədər qəribə olsa da, həm də... yaşayacaqlarını. Bu mənada son filminin “Qurbanlıq” olması heç də təsadüf deyil və əgər təsadüfdürsə belə, ilahi təsadüfdür. Deyilənə görə, bu filmi tamamlayan rejissor hələ bundan sonra da çəkəcəyi filmləri, ideyaları haqqında həvəslə danışarmış. Amma artıq gec idi, “Qurbanlıq” sənətkar yaradıcılığının sənətkar taleyinə hökmünü vermişdi.
Əsərin baş qəhrəmanı professor dünyanı Qiyamətdən xilas etmək üçün özünü qurban verməlidi. Film balaca bir uşağın qoca professora ünvanladığı sualla bitir: “Əzəl başdan söz vardı. Niyə belə?” Və yenidən sondan əvvələ qayıdış. Yenidən dairə qapanır – Tarkovskinin, demək olar, bütün filmlərində olduğu kimi.
“Stalker”in son kadrı – şikəst qız uşağı atanın çiynində oturub.
“Solyaris”in son kadrı – eynən ikonalarda olduğu kimi: oğul atanın qarşısında diz çöküb...
Rejissor filmlərinə sıxdığı, yaxud yığdığı Zamanı bəşəriləşdirir, ilahiləşdirir, nəinki öz dünyasını, həm də öz kainatını yaradır. Bu mənada Tarkovskinın filmləri haradasa təkcə bu dünyalıq deyil, hədd-sədd tanımayan hüdudsuzluğa, sonsuzluğa hesablanmış, bütün kainatı öz ünvanına çevirə bilmək qüdrətində olan sənət ismarıclarıdır. Bu filmlərdə kosmosla xaosun sərhədləri itir, onlar ümumi bir vəhdət təşkil edir və bütün bu mənzərə ilahi həqiqətin axtarışına xidmət edir.
Andrey Tarkovski mənim rejissorumdur. Çünki bir tamaşaçı kimi mənə onun qədər əzab verən ikinci rejissor yoxdur. Çünki onun öz filmlərində nəyi demək, nəyi anlatmaq istədiklərini mən yalnız şüurumla deyil, həm də ürəyimlə qavrayıram. Mən onu yalnız dərk etmirəm, həm də hiss edirəm. Məncə, sənətdə “zirvə” adlandırdığımız məqam da elə budu. Və buradan o yana açılan yol İlahinin dərkinə aparır.
Tarkovskinin, demək olar, bütün filmlərində qəribə bır xiffət havası var. “İvanın uşaqlığı” – uşaqlığın xiffəti, “Stalker” – ömür boyu can atdığın və heç vaxt çata bilməyəcəyin harmoniyanın xiffəti, “Ayna” – itirdiklərinin, keçmişdə qalan günlərinin, valideynlərinin xiffəti, “Solyaris” – nəinki dünyanın, bu yer üzünün, hətta bütün kainatın xiffəti.
Nəhayət, “Xiffət”in özü. Tarkovski bu filmi vətəndən uzaqlarda, İtaliyada çəkdi. Olsun ki, sənətkarı cismən öldürən də elə bu xiffət oldu. Bəli, əsl sənətkar ağac kimidi: kökündən qopdusa, yaşaya bilməyəcək. Andrey Tarkovski iyirmi ildə ona cəmi beş film çəkmək imkanı verən, onu senzuranın qayçısı altında işləməyə məhkum edən vətənini dəlicəsinə sevirdi. Rusiyanın meşələri, çölləri, ümumiyyətlə, bütün təbiəti onu özünə çəkirdi. Hətta İtaliyada və İsveçdə çəkdiyi son iki filmində də rejissorun gözü sanki intuisiya ilə öz Rusiyasını axtarır. Bəli, onu xiffət öldürdü... Əsl sənətkar vətəndən kənarda yaşaya bilməz. Tarkovski də yaşaya bilmədi. Doğrudanmı, yaşaya bilmədi?..
Əslində, Tarkovskinin bütün qəhrəmanları bu dünyaya İlahi missiya ilə gələn seçilmiş insanlardı. Elə onun özü kimi.