Sara Oğuz
(1944-2014)
Yаzıçı, dramaturq, Əməkdar incəsənət xadimi. AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun estetika üzrə aspiranturasını, Fransanın Avropa Beynəlxalq Jurnalist Məktəbini bitirib. Azərbaycan Dövlət İncəsənət Muzeyində baş elmi işçi, “Azərbaycan” jurnalında nəsr şöbəsinin müdiri vəzifələrində çalışıb. “Qədir ağacı”, “Tale damğası”, “Nağıl nabatı”, “Beton evdən yazılar”, “Selected Works”, “Kəpənək ömrü”, “Oğuz gözəlləməsi” kitablarının müəllifidir. “Nağılını göstər”, “Mərd körpüsü”, “Qayıt”, “Sözün sehri” pyesləri tamaşaya qoyulub. Ssenariləri əsasında “Batmış şəhərin incəsənəti”, “Nar nağılı”, “Qəsd”, “İçərişəhərin hamamları”, “Dost dosta tən gərək”, “Üfüqü ötənlər” filmləri çəkilib.
Ehtiraslı gecə
Beton evlərin boğucu istisindən qaçıb həyətdəki söyüdün kölgəsinə doluşan arvadların hamısı birdən başlarını döndərib, blokun ağzında dayanan maşına baxdılar. Maşından bəstəboy, geyimli-kecimli bir qadın düşüb, qapını saymazyana çırpdı. Bahalı donunun ətəkləri yerişinə bahəm, silkələnə-silkələnə blokun qapısından içəri keçib yox oldu. Maşın nəriltiylə yerindən qopdu, arvadların əsəblərini gərən bir səslə dönüb uzaqlaşdı. Bu səsdən ətləri ürpəşmiş arvadlar gənc qadının dalınca deyindilər.
– Boyuvu yerə soxum. Arvadların adını batıran boyuvu... – deyə söyüd budağıyla ayaqlarının milçəyini qovlayan kök qadın hirslə budağı ayağına çırpdı. Sonra – Toyuğumuzdur da... – deyib, qarnı silkələnə-silkələnə güldü. O biri arvadlar da ona qoşuldular. Hərəsi bir eyhamlı söz deyib, ləzzətlə gülüşdülər. Kənddən təzə köçüb gəlmiş ailənin gəlini qımışa-qımışa soruşdu.
– Toyuq niyə?.. Nə toyuq?
Kök arvad təzədən şaqqanaq çəkdi:
– Bilmirsən? – dedi, – Toyuq lətifəsidi də-ə..
Gəlin utana-utana:
– Yox, nə lətifədi o elə? – dedi.
Arvadlar yenə gözləri yaşaranacan gülüb, hərəsi bir tərəfdən gəlinə toyuq əhvalatını başa salmaq istədilər.
Kök arvad onların sözlərini ağzında qoyub, gəlinə üzünü tutdu:
– Ağəz – dedi, – bir kişi gəlir evinə, arvadına deyir ki, ölürəm acından. Arvad deyir, yeməyə heç nə yoxdu. Kişi soruşur, yumurta da yoxdu? Yoxdu, deyir arvad. Amma qonşunun toyuğu bu gün yumurtlayıb. Gedim onlardan gətirim? Gətir, deyir kişi. Arvad qonşudan yumurtanı alıb, qayğanaq salır. Gətirib kişinin qabağına qoyur. Kişi çörəkdən kəsib, tikəsini qayğanağa uzadanda yadına nə düşürsə, arvadından soruşur ki, bəs bilmirsən qonşunun xoruzu var, ya yox? Arvad deyir, bilmirəm. Kişi təzədən arvadı qonşuya göndərir ki, get yaxşı-yaxşı öyrən. Arvad haçandan-haçana qayıdıb gəlir və deyir ki, öyrəndim. Özlərininki yoxdu, amma qonşunun xoruzu həmişə onlardadı. Kişi qayğanağın dadına da baxmayıb tavalı-zadlı tullayır ki, mən gəzəyən toyuğun yumurtasını yeyəmmərəm.
Kök arvad gülməkdən yaşarmış gözlərini əlinin dalıyla silərək, utancaq gəlinə: – “Hindi bizim məhlənin toyuğu da budu” – dedi.
– Ay sənin kefin olsun, Səidə, – deyə altına balaca kətil qoyub oturmuş arvad üz-gözünün tərini silib, kök arvada tiringə verdi.
Kök arvad lap həvəsləndi.
– Ağəz, baxtı da var boyunu yerə soxduğumun. Gündə bir paltar geyinir. Duxusunun iyindən yanından keçmək olmur. Təzə nə çıxsa, birinci onun əynindədi.
– Demə, bacı, hələ otaqlarını demirsən? Biz beş baş külfət bir otaqda qırılırıq. O, üçotaqlı evdə kef çəkir. Xəbərin var? Onunla üzbəüz qonşu evini dəyişir, – deyə arvadlardan biri maraqlandı.
– Üçotaqlını bir otağa.
– Ağəz, niyə əldən buraxırsınız? Havayıdı ki... Neçə ildi mən sizi ev axtaran görürəm. Nə əcəb dəyişmirsiniz? Kök arvad əyriburuna yanaşdı.
– Heç demə, qulağımızın dibində. Bizim kişi danışığı da kəsmişdi. Qanunla da dəyişmək asandı. Çünki onlar iki nəfərdi, biz beş baş.
– Bəs noldu? – kök arvad səbirsizlikdən tövşüdü.
– Nə olasıdı? Bu toyuğun üzündən baş tutmadı. Axır məqama çatanda bizim kişi fikrini dəyişdi.
Arvadlardan biri maraqdan partlayaraq: – “Necə, niyə ki?” – deyə soruşdu.
Əyriburun fəxrlə dilləndi:
– Kişim dedi ki, mən arvadımı Afanın qapı qonşusu eliyəmmərəm.
– E-ey, – saçı xınadan qıpqırmızı yanan arvadın hövsələsi daraldı. – Adamın özündən asılıdı. Canında olmasa, üzbəüz qonşu olmayıb, istəyir bir evin içində olsun. Eləməyən eləməyəcək.
Söz əyriburun arvadın xoşuna gəlmədi. Bir az kinayə, bir az da vüqarla saçı qırmızı arvada, – qoymadı da-a... – deyib mənalı-mənalı arvadlara baxdı.
Saçı qırmızı arvad ürəyində əyriburun arvada “kül başına” elədi. Onun ərini qonşudan gələn yumurtanın qayğanağını tullayan kişiyə oxşatdı:
“Kimə lazımsan, ay idbar?” – deyə fikirləşdi.
Utancaq gəlinsə: “Vallah, mən gəldiyim altı aydı, bircə bu oğlanı gəlib-gedən görürəm. Qapıqonşuyuq. Onlara gələn olanda, elə bilirəm bizə gəlirlər. Bilirsiniz də evlər necə tikilib. Hər nə olsa, eşidilir” – dedi.
Arvadlar bir-birinin sözünü kəsə-kəsə gəlinin üstünə düşdülər.
“A-az, bunu köhnə həyətdən tanıyırıq, e-ey”.
“Bu binada hamı köhnədən qonşu olub. Köhnə həyətimizi söküb burdan ev veriblər bizə”.
“Keçmiş vaxtından tanıyırıq bunu. Gözümüzün qabağında böyüyüb. Sən onu bizə tanıdırsan?”
Qırmızısaç arvad onların qalmaqalını kəsib:
– Niyə balam, pis qız idi? Anası işdə olardı, o isə körpə-körpə qardaşlarına baxardı, – dedi. Sonra köksünü ötürüb, – indi öz uşaqlarını da atıb, – deyə tutuldu.
– Ağəz, doğrudan a-a.., bunun uşaqları hanı? Çoxdandı yoxa çıxıblar?.. – kök arvad canlandı.
Saçı qırmızı arvad qəmli-qəmli:
– Harda olasıdılar? İnternatda. Atalı-analı yetimdilər, – dedi.
Utancaq gəlin:
– Mənim heç xəbərim yoxdu. Uşaqları da varmış? – deyə maraqlandı.
– Bəs nə? Bəxtəvərin iki uşağı var. Özü də oğul... Allah bilmir kimə nə verir. Qurban olum kəramətinə, ey Tanrı... – deyib kök arvad saat kəfkiritək yırğalandı. – E-e-e-yh – eləyib köksünü ötürdü.
Arvadların arasına sükut çökdü. Heç kəs uşaq arzusu ilə qocalan kök arvada ürəklərindəki “Allaha asi olma” sözünü deyəmmədi. Utancaq gəlin sükutu pozdu. Yavaşca qırmızısaç arvaddan soruşdu:
– Bəs nə əcəb atasına verməyib?
– Əşşi, atası əyyaşın biridi, – qırmızısaç arvad əlini yellədi.
Əyriburun arvad:
– Olmayıb neyləsin? Belə arvadın əlindən içkiyə də qurşanarsan, bəd əmələ də, – dedi.
Kök arvad sözə qarışdı:
– Hərdən gəlib, bir dava qayırıb gedir.
Əyriburun arvad üz-gözünü büzüşdürdü:
– Arsızdı da-a... onun nəyiynən dava eliyirsən? Nəyəəə lazımdı o da-a, deyən gərək.
Qırmızısaç arvad etiraz elədi:
– Əşşi, o köhnənin davakarıydı. Afa qırxlı gəlindi, döymürdü?
Əyriburun arvad:
– Döyməsin, bacı? Yadından çıxıb, nə üstə döyürdü köhnə məhlədə? Həyətin ortasında basmarlayıb ona nələr demirdi? Gəzməyin üstə döyürdü, da-a, – dedi.
Qırmızısaç arvad:
– Ay Suğra, nə vaxt gördünüz onu bir yerə gedən, o vaxtlar? Bu adam işə getmirdi, dükana-bazara getmirdi. Körpə-körpə uşaqları, qardaşları da bir yandan. Gecə-gündüz o həyətin içində deyildi? Gözümüzün qabağında deyildi? Əsgi yumaqda, xörək bişirməkdə. Başını daramağa macal tapmırdı bu adam.
Kök arvad:
– Babal yumuram, yenə bir şey bilməsə, kişi arvadını həyətin ortasına salıb öynə başı döyməzdi. Qonum-qonşu arasında o cür ağız-burnunu söyməzdi, – dedi.
Utancaq gəlin aranı sakitləşdirmək istədi:
– Vallah, neçə vaxtdı qonşuyuq, telefonları xarab olanda gəlib bizdən zəng də eləyir, amma bu işin yiyəsi olduğunu bilmirdim. Elə bilirdim elə bu oğlandı onun yoldaşı...
– Qorxma, bir də gördün ərə də getdi. Az qala bir ildi ki, keçib bu gədənin yaxasına. Gecə-gündüz bir yerdədilər, – deyə kök arvad yırğalandı.
– Gəzəyən quş yuva bağlamaz, bacı... – əyriburun arvad qonşusunu arxayın salmaq istədi.
Arvadlardan biri:
– Heç görmüsüz o yolun yiyəsindən arvad ola? – dedi.
Əyriburun arvad:
– O vərdişdi, bacı. O, evlər dağıdıb ki... – utancaq gəlinə dönüb, – qoyma, a-az, onu evə. Cavansan, hələ qanmırsan. Telefon bəhanəsiylə gəlib-gedib ərini yoldan çıxardar. Kişi tayfası.., kişi tayfası sünək it kimi...
Qırmızısaç arvad onun sözünü ağzında qoydu.
– Heç utanmırsan, ay arvad? Cavan uşağa şey öyrədirsən. Afa bu vaxta kimi hansınızın ərinə kəm baxıb?
– Ba-a-y, mən niyə utanıram? İndiki gədənin atası həftə səkkiz, mən doqquz gəlib onu Afanın yanından çıxardıb aparmır ki, gül kimi gəlinini evdə qoyub bunun dizinin dibindən çıxmırsan?..
Utancaq gəlin üstünə çirkli qab suyu atılmış kimi çimçəşdi. Həyətə düşdüyünə peşman oldu. “Su gələn vaxtdı” bəhanəsiylə arvadların gimgəsindən aralanıb, liftin düyməsini basdı. Lift gələnəcən əyriburun arvadın “onlarınkı şirin olur, bacı” sözlərini də eşitdi. O, liftdəcə qət elədi ki, Afanın ayağını evlərindən kəsəcək. Aradan bir neçə gün keçəndən sonra qapı döyüləndə gəlin gözlükdən baxıb gördü ki, Afadı. Qapını açıb, ağzını doldurdu desin ki, telefonumuz xarabdı.
– Sizdə kardiamindən-zaddan yoxdur? – deyə Afa soruşdu.
Gəlin onun kağız kimi ağarmış bənizini, titrəyən əllərini görüb, hər şeyi unutdu. İçəri çağırdı. Qutuları eşələyib, ürək dərmanı axtardı.
– Nanə cövhəri var, – dedi.
– Eybi yoxdu, ver.
Afa dərmanı içib bir az ara verəndən sonra, – çox sağ ol! – deyib ayağa durdu. Qəmli-qəmli qapıya getdi. Gəlin özünü saxlaya bilməyib soruşdu:
– Bəlkə, bir şey-zad olub?
Afa sözə bəndmiş kimi hönkürdü.
– Səhərəcən evə gəlməyib, – dedi. – Pərviz gəlməyib. Çimir eliyəmməmişəm. Maşınların səsinə qulaq asmışam. Hər maşın dayananda elə bilmişəm odu.
– Fikir eləmə, – dedi gəlin.
– Səhər açılandan zəng eləmədiyim dostu-tanışı qalmayıb. Evlərinə zəng eliyəmmirəm. Dostlarına zəng elətdirirəm, yoxdu deyirlər.
Afa yenə gözünün qorasını tökdü. Gəlin bilmədi nə desin. Afa: “Bağışla, narahat elədim”, – deyib getdi.
Gəlin fikirləşdi ki, gərək şərbət eləyib ona verəydim. Bu hiss özündən asılı olmayaraq bütün günü onu narahat elədi. Bir qulağı Afagilin qapısında oldu. Heç bir səs eşitmədiyindən, nigarançılığı daha da artdı. Axırda dözməyib, bişirdiyi xörəkdən bir qab çəkib, Afanın qapısını döydü. Afa ayaqlarını sürütləyə-sürütləyə gəlib qapını açdı. Həmişə bəzəkli-düzəkli gördüyü Afanın ağlamaqdan üz-gözü şişib kömbəyə dönmüşdü. Səsi dəyişilmişdi, tutulmuşdu. Büründüyü xalatda çox məğmun, yazıq görkəmi vardı.
– Nə əziyyət çəkmisən? – dedi.
– Nə əziyyət? Əziyyəti-zadı yoxdu. Gördüm səsin gəlmir, nigaran qaldım. İndi necəsən?
– Yaxşıyam, – dedi, – fikir vermə.
– Bizi qorxutmuşdun, – deyə gəlin gülümsədi.
– Əşşi, mənim canım it canıdı. Dözmədiyim şey yoxdu. – Afa öz qarasına deyindi. – Mən görən günləri Allah düşmənimə də göstərməsin.
Gəlin:
– Gərək ərindən çıxmayaydın, – dedi. Dediyinə də peşman oldu.
– Necə çıxmayaydım. O salmadı məni bu azara? Qırx günlük gəlindim, basdı döydü ki, istədiyin var, məndən çiyrənirsən. Döyə-döyə beynimə yeritdi ki, məni istəmirsən. İki uşaq anası da oldum, gündə salıb həyətin ortasında döydü məni. Lotu yanına gedirsən, dedi. Ay dadi-bidad, ümumi həyətdi, ayağını yan basanda bilirlər. Mən nə vaxt getdim, hara getdim? Niyə gedirəm?.. Axır, sözün qısası, onu da döyə-döyə beynimə saldı. Günlərin bir günü dedim ki, belə yaşamaqdansa, ölüm yaxşıdı. Qoy birdəfəlik öldürsün məni. Bir getdim veyilləndim, iki getdim... – Afa gəlinin gözlərinin alacalandığını görüb dedi: – Sən elə bilirsən, öldürdü məni? Kəsdi, doğradı?.. Yo-o-x. Döyməyi də tərk elədi. Bircə hərdən içib gəlir, zar-zar ağlayırdı. Bir kərə əl-ayağıma düşüb yalvardı ki, özümdə olub təqsir. Mən, dedi, həmişə qorxurdum ki, belə iş olar. Ona görə də döyüb gözünün odunu almaq istəyirdim. İndi, dedi, anam-bacım ol, amma evdən getmə. Mən, dedi, səni çox istəyirəm. Nəfəsin gəlməsə, bu evdə yaşayammaram. Afa sözünə ara verib fikrə getdi. Sonra gəlinə, – inanırsan, – dedi, – o vaxtacan evdən çıxıb getmək ağlıma da gəlməmişdi. Onun bu sözündən sonra tüpürdüm hər şeyə. Nəyimə lazımdı, dedim, bu axmaq. Uşaqları dişimə alıb yollandım anamgilə. Sonra evləri sökdülər. Bura köçdük. Evi də verdilər bir yerdə. Kəbin vardı axı bu yaxınlaracan. Ayırmırdılar ha... Hər dəfə məhkəmə zalında burnunun suyunu axıdıb möhlət alırdı məhkəmədən. Evdən-zaddan da qovlamışdım. Yenə gəlib dara-bara salıb gedirdi. Pərviz gələni ayağı yığışıb. Bir dəfə Pərviz onu bir xub çırpıb. Odu-budu sorağı gəlmir. İçkidən başı ayılmır, deyirlər.
Təəccübündən nitqi tutulmuş gəlin, haçandan-haçana özünə gəlib soruşdu:
– İstəyib getməmişdin, bəyəm?
– Onda istək-zad bilmirdim. Anam vermişdi, mən getmişdim. Elçi gələndən sonra görmüşdüm mürdəşirin üzünü. On yeddi yaşım vardı mən gedəndə. Elə bilirdim elə-belə də olan şeydi. Başımı aşağı salıb oturmuşdum evdə. Mən Pərvizə qədər istək nə olan şeydi bilməmişəm.
– Bəs istəmədiyin adamlarla... – Gəlin utanıb sözünün dalını demədi. Naqolaylığını gizlətmək üçün öskürdü. Amma Afa onun nə soruşmaq istədiyini başa düşdü və Afanın dedikləri gəlini lərzəyə gətirdi.
Afa:
– İstəmədiyin adam milçək kimi şeydi. Milçək qondu, o toxundu, fərqi yoxdu, – dedi.
Gəlin bu an fikirləşdi ki, həyət arvadlarının dediyində nə isə bir həqiqət var. Yoxsa istəmədiyin adamdan boğularsan, tıncıxarsan. Nə bilim, daha nələr, nələr. Amma vecinə olmaya?..
Afa birdən kövrəlib ağlamsındı.
– Pərviznən də qoymurlar, – deyib içini çəkə-çəkə burnunu sildi.
Gəlin:
– Yaxşı, özünü ələ al, – deyə onu sakitləşdirməyə çalışdı.
– Qoy ürəyimi boşaldım. Bir insana dərdini deyəmmirsən. Elə bilirsən, bilmirəm, qonşular məndən nə deyir? Hamısını bilirəm. Onlara nə var? At özgənin, can özgənin. Sür ki, sürəsən. De ki, deyəsən. Pərvizin dədəsi gəlib hədələyir ki, qəssab baltasıyla səni doğrayacam bir də onu qapıdan qoysan. Mayor qaynı var. O dəfə Pərviz Semaşkoda yatanda yanına getdiyim yerdə yaxalayıb mənə deyir ki, bir də onun yanına gəlsən, səni bu xəstəxananın həyətindəcə öldürtdürəcəyəm. Deyirəm, dünya dərəbəyilikdi elə. Gücnən mən Pərvizin yanına gəlirəm? Dedi, vallah, ikinizi də qoduqluğa basacam.
Afa yaylığı gözlərinə basıb, qərib-qərib hönkürdü. Gəlin çiyinlərinə dağ çökmüş kimi oturub, onu ovutmağa çalışdı.
Afa:
– Dəymə, – dedi. – Qoy ağlayım, yoxsa boğuluram. Arvadı da üzünə salıb oturur. Getmir ki, getmir. İnsan nə qədər düşük olarmış?!
– Uşaqları var? – gəlin soruşdu.
– Yox, dedi Afa, – o, məndən yaxşı adamdı. İstəmədiyi adama yaxın düşməz. Məndən ayırmaq üçün qohumlarına evləndiriblər.
– Nə işləyir?
– Heç nə. Atasının yanında qəssab.
– Müşkül məsələdi, gəlin ayağa durdu, – fikir eləmə, axırı xeyir olar, – deyib, qapıya sarı getdi.
Axşamtərəfi Afanın sevinc fəryadlarından, quştək qaqqıldamasından gəlin bildi ki, Pərviz qayıdıb. Gəlin vanna otağında yır-yığış edəndə su, qaz kəmərləri keçən şaxtadan Pərvizin səsini eşitdi. O, Afaya nə dedisə, gəlin öz-özünə ev tikənləri yamanladı. Mətbəxə keçib dərin fikrə qərq oldu. Pərvizin dediklərini gəlinə özgə adam danışsaydı, ürəyi bulanardı. Uzaqbaşı, inanmazdı. Ancaq öz qulağıyla eşidəndə heyrətləndi. Belə sözlərin bu qədər məhəbbət, bağlılıq ifadə edəcəyinə təəccübləndi. İndiyə qədər hiss etmədiyi, ağlına belə gəlmədiyi nəvaziş girdabının, həsrət uçurumunun olduğunu anladı. Sanki onun qarşısında birdən-birə daim qaynayıb-qarışan, haldan-hala düşən ilkin yer kürəsi kimi bir dünya açılmışdı və bu dünya önündən o, heyranlıq, qorxu, bir az da həsədlə geri çəkilmişdi.
Həmin gecə Afanın qapısının çırpılmasından blokun yarısı səksənib yuxudan ayılmışdı. Pədərvayı kişi Afanın qapısının ağzında bar-bar bağırırdı.
– Adə, sən yenə bunun yanına gəldin? Adə, sən nə görməmiş adamsan? Biz də bundan görmüşük. Ta bu cür yox da...
– Ağa, elə eləmə ki, üzünə qayıdım. – Pərvizin səsi titrədi.
– Adə, qayıtmaq da-a necə olur? Yoxsa bayıra basacaqsan məni?
– Ağa, vallah, bu saat baltanı götürüb kəsərəm barmaqlarımı, ataram qabağına!
– Ağəz, demədim açıl bunun yaxasından?..
– Mənnən danış, ağa!
– Düş qabağıma, mürtəd oğlu, mürtəd... Arvadı küncdə qoyub, hörə gedir məəmçün.
– Mənim arvadım burdadı, ağa! – oğlanın isitməli-qızdırmalı səsi hıçqırıb qırıldı.
– Adə, ayağı sürüşkəndən arvad olar?
Bu sözdən sonra qapının dalında cormalaşma, boğuşma səsi eşidildi. Afanın qışqırığı bloku başına götürdü. Qapı açıldı. Bar-bar bağıran kişi nəriltiylə bayıra atıldı. Qonşular biləmmədi. Kişi özümü atıldı, yoxsa oğlumu onu atdı. Qapı elə çırpıldı ki, tökülən malanın səsi belə bütün mərtəbələrdə eşidildi. Kişi: “Tfu sənin zatına” – deyib tüpürdü. Pillələrdən az qala qaça-qaça aşağı düşdü. Qonşular deyinib-deyinib təzədən yatdılar.
Bu əhvalatdan sonra Afagildən bir neçə gün cınqır da çıxmadı. Təkcə bir dəfə qonşu gəlin Pərvizin getdiyini və Afanın onun dalınca qaçdığını gördü. Bir azdan qayıdıb gəldilər. Birinci mərtəbədəncə Afanın qəhqəhələri bloku doldurdu. Qonşu gəlini qapının qabağını yuyan görüb, sevincək ona xəbər verdi ki, Pərviz mənə uşaqlarımı qaytarıb. Balacanı lap çox istəyir. Nəvazişkar uşaq olduğundan, pişik deyir ona.
Gəlin gülümsədi.
– Sənə dedim ki, hər şey yaxşı olacaq, – dedi.
– Allah ağzından eşitsin!
Amma bu şadyanalıq uzun sürmədi. Pərviz yenə bir ara yoxa çıxdı. Bu arada Afanın dabanları daha pilləkənlərə noxud tökmədi. Uşaqlar həvəssiz-həvəssiz pillələri çıxıb-düşdülər. Bir gecə isə Afanın qapısına tökülən təpiklərin səsindən qonşular yenə durub, yerlərinin içində oturdular.
Pərviz qapını itələyib sındırmaq istəyir, “aç, aç” deyə bağırırdı.
– Afa, aç deyirəm sənə! Aç, gəlib səni doğrayacam. Yekə tikəni qulağın boyda eliyəcəm! Aç, öydəkinin də, sənin də meyidini salacam! Aç, Afa! Elə eləmə ki, gecənin bu yarısı gedib qonşunun balkonundan düşüb gəlim. Onsuz da səni öldürəcəm... Aaaç! Burnunu kəsib qulağına tikəcəm. Aç deyirəm sənə! Afa, açmasan, damdan düşüb gələcəm, – bir-iki təpik də qapıya vurub, təpəsi aşağı pilləkənlərdən düşdü. Bir neçə dəqiqə keçməmiş, qayıdıb pilləkənləri ildırım sürətiylə qalxdı. Qapıya bir neçə təpik ilişdirdi.
– A-aç, səni görüm al qanına xırman olasan! – o, daha hədələmirdi. Qarı kimi vayxıra-vayxıra qarğayırdı. – Aç, səni görüm qıc olasan! Soğan qabığı kimi soyulasan! İşıq üzünə həsrət qalasan, Afa! Afaa!.. – ona edilən haqsızlıqdan səsi boğazında köməcləşib boğuldu. Sonra sürüşüb qapının dabanına düşdü. Bir an səssizlik çökdü. Deyəsən, qulağını qapıya dirəyib dinşəyirdi. Birdən onun səsindən yerin içində oturan qonşular diksindilər.
– Kimdi içəridəki? Kimdi, adını de.! De, qanını içəcəm! Bu saat... – yel kimi üzüaşağı götürüldü. Həyətdə navalça danqıldadı. Onun sürtünə-sürtünə navalçaya dırmaşdığı eşidildi. Bir mərtəbə boyu çıxmamış navalçaqarışıq gurultuyla yerə gəldi. Hansı eyvandasa deyindilər. Yenə blokda Pərvizin tövşüyü eşidildi. Qapının ağzına çatıb, – Pişik! – dedi. – Pişik, məni eşidirsən? Səsini çıxart, Pişik! De görüm, içəridə adam var? – nəfəsini udub qulaq asdı. Heç nə eşitməyib, bilə-bilə ölümə gedən adam təki təmkin və kədər dolu səslə bir də çağırdı.
– Pişik, səsini çıxart, qorxma! Məni istəyirsən, Pişik? Məni istəyirsənsə, səsini çıxart! Qorxma, səni özümlə aparacam! – bir müddət lal-dinməz qapının qabağında əlləri sallana, kürəkləri əyilə qaldı. Qayıdıb daş kimi asılmış ayaqlarını ata-ata pilləkənləri düşdü. Qonşular uzun müddət yuxuya gedəmmədilər. Hərə ağlından bir şey keçirdi. Ayrı vaxt olsaydı, durub acıqlanardılar. Lap qovardılar gecənin bu vaxtı aləmi başına götürmüş adamı. Bu gecə isə heç kəs dinmədi. Təzəcə gözlərinə yuxu gəlirdi ki, Pərvizin yenə səsi gəldi. Qapıya çatıb: – Afa, – dedi. Səsi boğazına bıçaq dəymiş mal səsi kimi xırıldadı. – Bax, gedib havamı alıb, hirsimi soyudub gəlmişəm. Qorxma, heç nə eliyən döyüləm sənə. Zornan adam özünü istədəmməz. Mən səni məcbur eləmirəm. Aç qapını! Anamın ölmüşü haqqı, köynəyimi götürüb gedəcəm. Sənə çırtma da dəyməyəcək. Aç! – bilmək olmurdu ağlayırdımı, yoxsa boğulurdumu?
– Köynəyimi geyib, çıxıb gedəcəm!
Qonşular bir müddət onun qurdalanmasını, boğuq-boğuq nəfəs almasını eşitdilər. Bir azdan pilləkənin məhəccərinə toxuna-toxuna çıxıb getdi.
Sabahı günorta radələrində gəlingilin qapısı döyüldü. Gəlin qapını açıb, Afanı dipdiri, sapsağlam qabağında görəndə özünü itirdi.
Afa:
– Sən bilmirsən, mənim telefonumun məftillərini kim qırıb? – deyə soruşdu.
Gəlin özünə gəlib, ağzını açmağa macal tapmamış gördü ki, Pərviz Afagildən əlində zənbil çıxıb, günah işləmiş uşaqlar təki divara qısıla-qısıla sivişib aşağı düşdü. Pilləkənin altında görünməz olan kimi Afaya: – Tez ol, gəl! – dedi. Gəlinin matı-qutu qurudu. Afanın üzünə döyükə-döyükə qaldı. Afa gəlinin cavabını gözləyəmməyib, – sən Allah, görürsən, bir gün evdən çıxan kimi, telefonumu qırım-qırım eləyiblər. Belə də müsibət olar? – deyə-deyə aşağı düşdü.
Səhəri yenə Afa zəngi basıb gəlingilə gəldi.
– Sən demə, Pərviz imiş məftilləri qıran. Pilləkəndə boynuna aldı ki, gəldim gördüm yoxsan, acığımdan telefonu qırıb getdim, – deyə güldü.
Gəlin:
– Sən evdə yoxsanmış? – dedi.
– Anamgilə getmişdim.
– Bəs Pərviz səni hardan tapdı?
– Anamgildən. Səhərə yaxın bir də gördüm gəlir... – gəlinin təhərini görüb şübhələndi. – Necə bəyəm?
– Bəs, sənin gecəki əhvalatdan xəbərin yoxdu?
– Necə? Nolub ki?
Gəlin danışdıqca, Afa təşvişə düşdü.
– Deyirəm axı. Dili söz tutmurdu gələndə. Dedim nolub? Qohum-əqrəbayla qırğın olub, atamdan tamam üzülüşmüşəm daha, özüm də bərk azarlamışam, dedi. Titrəmə-əsmə içindəydi.
Gəlin danışdıqca, Afanın çöhrəsi açıldı, sonra gözləri yaşardı. Pərvizin qat qarı kimi qarğış tökməsini eşidəndə Afanın gözlərindən lobya boyda yaşlar gəldi. “O, məni istəyir. Kişi istəməsə, dünyasında qarğamaz”, – deyib hönkürdü.
Gəlin yenə yanından ağrılı-sadaxlı bir dünya gəlib-keçdiyini duydu. Qüssədən harasa qaçıb getmək istədi. Axşam toranlığında özünə yer tapammadı. Gecələri canlı saata dönüb işlədi. Açılan səhərdən nəsə gözlədi. Ömrü ona çapıb gedən at kimi gəldi. Yaxşı ki, bir neçə gündən sonra bu hiss səngidi. Əzaları yavaş-yavaş yuxuya gedib rahatlandı. Günləri yenə ucsuz-bucaqsız kələfəbənzər ömür düzümünə calandı. Gəlin ərinə nə Afanın telefonu kimin qırdığını soruşmağından danışdı, nə də ürəyinə çökən xiffətdən.
Qonşular həmin gecənin səksəkəsini yaddan çıxartmamış, yenə gecələrin birində Afanın qapısına dəyən çəkmələrin səsindən ayıldılar.
– Aç qapını, milisyadı.
İçəridən səs gəlmədi.
– Aç qapını, Afa! Mənəm mayordu. Gözlükdən bax. Tanıdın məni? Aç qapını, güdmüşəm. İkiniz də burdasız. Sənnən işim yoxdu. O qoduqnandı. Aç, o məə lazımdır.
Yenə içəridən səs gəlmədi.
– A-az, açsana! Bəlkə, burda ölüb-eliyən var? Sındıraq deyirsən, qapını? Gət, əə, lomu bəri...
İçəridən Afanın ölüvay səsi gəldi: – O yoxdu burda.
– Sənnən işim yoxdu, dedim.
Bu an Pərviz qapını şaqqıltıyla açıb, bayıra çıxdı.
– Əzrayıl adama bir olar, bu qədər yox, Həsən! – dedi.
– Düş qabağıma, düş. Sənnən ayrı yerdə danışacam... Həsən onun pencəyinin boynundan tutub pilləkənləri düşürtdü. Afa qapını açıb, ayaqyalın onların dalınca cumdu. Uşaqlar qapının ağzında mələşdilər. Afa qayıdıb köynəkcək uşaqları qoltuğuna vurub, pilləkən aşağı səkdi. Qonşular həyətdən maşın qapılarının səsini, Pərvizin nəsə dediyini eşitdilər.
– Yekə adamlarsız, onu niyə itələyirsiniz? – deyən Afanın səsi avazıyan səhərin sükutunda qəribə əzəmətlə səsləndi.
Maşının qapıları örtüldü və motorun səsi uşaq ağlaşmasına, “məni aparmasanız, özümü maşının altına atacam” deyən Afanın çığırtısına qarışdı.
– Çıx get! Sənnən işim yoxdu, dedim sənə!
– Məni aparmasanız, uşaqları təkərin altına atacam! – Afa dişi canavar təki əngini qıcadı. Əllərini açıb maşının üstünə sərildi.
– Bu küçükləri hara aparırsan bəs?
– Qoy sənin bacın onlardan bircəciyini doğsun...
Yenə maşının qapıları açıldı. Uşaqların səsini, Afanın diş qıcırtısını, kişilərin donqultusunu içinə alıb, evin başından dönüb uzaqlaşdı. Üzü bazara açılan ağ səhərin şirin yuxusu qonşuların gözünü tutdu. Neçə gündü yuxu görməyən qonşu gəlin də yuxuya getdi. Lakin röyada Afanı gördü. Gördü ki, Afa həyətin ortasında çıl-çılpaq uzanıb. Üstünə də qara-qara milçəklər daranıb. Arvadlı-kişili bir dəstə adam onun dövrəsində durub baxır, baxırlar. Afa isə əlini tərpədib heç milçəyini də qovlamır. “Milçək səni dağıtdı ki”, – deyə, gəlin ha çağırdısa, Afadan səs gəlmədi. Gəlin yaxına gəlib gördü ki, Afa çoxdan ölüb. Üzünə baxanda gördü ki, bu, özüdü. Uzanıb dinməz-söyləməz baxan kişilərin, arvadların ortalığında. Üstündə də bircə dənə qara milçək gəzib-gəzib o yana uçur, bu yana uçur. Ha istədi əlini qaldırıb, milçəyini qovlasın, qolu qalxmadı. Ətrafındakılara: “Vaxtında milçəyinizi qovlayın!” desin, heyi çatmadı.