Şahmar Əkbərzadə
(1941-2000)
Şair, tərcüməçi, Əməkdar jurnalist. 1990-cı ildə “Mədəniyyət” qəzetini təsis edib və ömrünün sonunadək qəzetin baş redaktoru vəzifəsində çalışıb. “Anama layla”, “Sevgi borc verilməz”, “Ona yanıram ki”, “Haqqa pəncərə” adlı dörd şeir kitabının müəllifidir.
Dağdağan
Sərhəd kənarında bitən dağdağan
Məndən məğrur idi, məndən qürurlu.
Çarpaz budağında iki sağsağan
Sevinə-sevinə yuva qururdu.
Xəbər daşıyırdı quşlar, xoş xəbər,
Hicran qovrulurdu bu hay-haraydan.
Çör-çöplər yuvada öpüşürdülər.
Biri o taydandı, biri bu taydan.
Sərhəd kənarında cavan yaşımda
Həsədim utanıb yerə girirdi.
İki quş dimdiyi ağac başında
Vətəni vətənə birləşdirirdi.
Həsrət qoxlayıram
çiçək yerinə
Dar ayaqda kömək umdum taledən,
Göydən kötək gəldi kömək yerinə.
Gözəgörünməzi harayladım mən,
Haya iblis gəldi mələk yerinə.
Uçmağa tamarzı oldu qanadım,
Qaldı ürəyimdə arzum-muradım.
Məşəqqət büründüm, zillət qurşadım,
Od-alov geyindim köynək yerinə.
Sirri yada verdi sirr sandığımız,
Zülmə zülm etmədi pir sandığımız,
Dərd oldu, qəm oldu yavanlığımız,
Yedik yalanları çörək yerinə.
Axıb Arazlandı qızıl qanımız,
Zorla qürbətləndi xanimanımız,
Yada ətir saçdı gülüstanımız,
Mən həsrət qoxladım çiçək yerinə.
Yedi içimizdən bizi fitnə-fel,
Qarışqalar qarşısında çökdü fil.
Tanrımızın sinəsindən elə bil
Qara daş asıldı ürək yerinə.
Təzə nağara
Sitəm görəcəksən ulduzlar sanı,
Bir azdan başına od ələnəcək.
Dodaqlar öpəcək qara zurnanı,
Səninsə sifətin sillələnəcək.
Hələ təpər topla, dözüm yığ hələ,
Qanları coşdurub qaynatmalısan.
Üzünə çırpılan sillələr ilə
Toya gələnləri oynatmalısan.
Bir azdan düşəcək üstünə əllər,
Səni nağaraçı yesir edəcək!
Ağrından həzz alıb süzən gözəllər
Fəryadın üstündə yallı gedəcək.
Bu alın yazındır, nə küs, nə inci,
Çırtma çatlayacaq qaşında sənin.
Dərdə bax, hamının toyu, sevinci
Qapaza dönəcək başında sənin.
Alın yazısından qaçmayıb heç kim,
Sitəmə sinə gər, qəmə qələm çək!
Yediyin sillələr, qorxma, əzizim,
Şəninə əskiklik gətirməyəcək.
Qoşa şapalağa dözəcək dərin,
Nalən musiqiyə dönəcək hökmən,
Qəm yemə, nağara, döyülənlərin
Bütün yer üzündə xoşbəxti sənsən.
Bəxtəvər başına, sillələn nə qəm,
Sillələr ömrünə nur ələyəcək.
Dərd mənim dərdimdir, sabah bilmirəm
Kimlər taleyimi sillələyəcək!
Bilinmir
Ümidini göyə tutub bu ölkə,
Yananıyla yanmayanı bilinmir.
Ahıl-cahil bir-birinə qarışıb,
Qananıyla qanmayanı bilinmir.
Yas yerində pıçhapıçdır, gülhagül,
Toy evində yanaqlardan axır sel.
Dağıl səni belə oba, belə el,
Ah-vayıyla tar-kamanı bilinmir.
Qarğa qartallardan adlayır başa,
Pələnglər baş əyir o bədzat quşa.
Necə alışmasın, yanmasın meşə,
Bülbülüylə sağsağanı bilinmir.
Quzu cəsarətdən dərs verir şirə,
Çəpiş nərildəmək öyrədir nərə.
Dırmaşmaq istəyir çoxu minbərə,
Lotusuyla rövzəxanı bilinmir.
Zəvzəklər əlindən bezikib Vətən,
Havaya söz səpir şuma dən səpən.
Nə əkin əkən var, nə naxır güdən,
Nə gözləyir baş çobanı, bilinmir.
Haqq savaşı dönüb alış-verişə,
Kasıb-kusub mat qalıbdır bu işə.
Aman Allah, döyüşə bax, döyüşə,
Satqınıyla qəhrəmanı bilinmir.
Yan, ay Şahmar, qaranlıqlar yarılmır,
Alan kimdir, satan kimdir, sorulmur.
Baxıcımız fal açmaqdan yorulmur,
Düz sözüylə ağ yalanı bilinmir.
Ona yanıram ki…
Ona yanıram ki, əsrlər boyu
Sabahı düşünüb, daşınmadıq heç.
Düşünmək haqqımız özgələrdədir,
Onu qaytarmağı düşünmədik heç.
Ona yanıram ki, öz varımızı
Özgəyə pay verib, ona əl açdıq.
Yadların dilindən tərif diləndik,
Yalançı şöhrətə-şana əl açdıq.
Ona yanıram ki, düşə bilmədi
Fəxri xiyabana neçə fəxrimiz.
“Şərəf lövhəsi”nə vurdular bizi,
Düşdü ayaqlara öz şərəfimiz.
Ona yanıram ki, iş bacarmadıq,
Sazda “gül” vurmağı bacardıq ancaq.
Bizi aldadanın boş hay-küyünə
Əla əl vurmağı bacardıq ancaq.
Ona yanıram ki, Burlaxatunun
Ruhu alovlanar, məzarı inlər,
İndi balasına layla çalammır
Analıq taxtına çıxan gəlinlər.
Ona yanıram ki, xeyiri şərdən
Ayıra bilmirik, qana bilmirik.
Mən ona yanıram, ona yanıram,
Ona yanıram ki, yana bilmirik.