Elektron ədəbiyyat və sənət portalı

13 fevral

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 21.11.2019

 

Ələkbər Salahzadə

(1941-2013)

Şair, tərcüməçi, dramaturq. Əməkdar incəsənət xadimi. “Beş yarpaq”, “Od heykəli, “Gözlər baxır dünyaya”, “Xatirə çiçəyi”, “Yerimiz bir, göyümüz bir”, “Od odası”, “Yanıltmaclı əlifba” kitablarının müəllifidir. “Kölgədən qorxan”, “Yayın qış gecələri” və “Nağaraçı naxırçı” pyesləri tamaşaya qoyulub. Əsərləri bir neçə dilə tərcümə olunub. L.Stern, A.Tarkovski, P.Svirka, A.Platonov, A.Sofranov və M.Selimoviçin əsərlərindən nümunələri dilimizə çevirib.

 

13 fevral

13 ildən çox olar,

13 fevral – gözlərimdə qaradı,

həm də nədənsə qarlı;

çiynində bir nənə keçir,

çarşablardan qaradır qar,

mən qıraqda bir uşaq,

qırıq bir sözə bəndəm

13 fevral...

 

13 ildən çox olar –

kəndimizdən bir qarının keçdiyi.

Nənəm də yox,

elə belə qarıydı.

çarşablardan qar qaraydı,

ağır-ağır yağırdı qar...

 

13 ildən çox olar,

13 fevral çiynində

o nənəni aparar,

aparar, aparar,

amma dəfn edə bilməz,

bir il sonra yenə

başqa 13 fevral alar çiyninə:

çarşablardan qaradır qar,

ağır-ağır yağırdı qar...

mən qıraqda bir uşaq,

qırıq bir sözə bəndəm.

 

Kibrit çöpləri

Gəzə-gəzə cibləri

uzanıb qutuda kibrit çöpləri;

qəhvəyi papaqları

uyudulmuş od, yatırılmış od,

qurudulmuş od...

Yuxuları alov-alov qızarmada.

 

Yatır Prometeyin dinc əsgərləri

qaranlıq kazarmada.

Darısqaldır yerləri,

qarışıqdı yuxuları.

Uyuyur qalaq-qalaq

kazarma divarında

başı üstə sürütlənmək qorxuları...

 

... Açıldı qapı,

keçdi Prometeyin gənc bir əsgəri –

acı bir papiros açdı gözünü!

 

Söndü

Prometeyin bir əsgəri də –

bir ev isindi...

 

Öldü

Prometeyin bir əsgəri də –

bir tonqal qan kimi fışqırdı çöldə!

 

Ulu Prometeyin gənc əsgərləri

oda bürünə-bürünə,

ölə-ölə

Prometey babanın yadigarını

 

Nağıl 

Bir at keçdi,

nallarında od, keçdi.

Bəlkə,

Qıratdı, keçdi!

 

Daş yolu çala-çala,

ayaqları

səs dolu qönçə kimi

açıla-açıla

bir at keçdi.

 

Arada su

çala-çala şappıldadı,

bir at keçdi –

daş sükutu çala-çala.

Qaranlıqda

bu nə əsr, bu nə sirdi?!

 

Bir gecəni yara-yara,

ayaqları

nal qapaqlı nalə kimi

açıla-açıla,

daş sükutu çala-çala

bir at keçdi.

Bəlkə,

Qıratdı, keçdi?!.

 

Mötərizə nağılı

O yaşadı öz aləmi,

öz iqlimi içində.

O yaşadı bir rəng kimi

öz qələmi içində.

O yaşadı mötərizə içində!

 

Səhər –

mötərizə açıldı.

Axşam –

qapandı mötərizə.

 

Gördü, eşitdi – susdu;

mötərizə dodaqların bir-birinə

yapışmağı möcüzə.

 

Sağ mötərizə,

Sol mötərizə.

Sağdan çəkəri oldu,

soldan qorxdu.

O elə bil

mötərizə arasında

qorxu dolu qoruqdu...

 

Yeri orta, yurdu orta,

öləcəyi gün

ölmək istərdi günorta.

 

Qorunmaqçün soyuqdan

geyinərdi, bəlkə də,  

üç qat, beş qat mötərizə.

 

Bir gün tabut gərək oldu –

mötərizə açıldı.

Qapadılar tabutu –

bağlandı mötərizə.

 

Hesab kitablarında

ona abidə kimi

saxlandı mötərizə!..