Tofiq Abdin
(1941-2014)
Şair, publisist. Əməkdar mədəniyyət işçisi. “Qobustan” sənət toplusunda, Azərbaycan Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı dərgisində çalışıb. “Nəğməli gecələr”, “Sahilsiz dünya”, “Şəhərimiz ayaq açır”, “Ata sevgisi”, “Poeziya”, “İstanbul notları” adli şeir və publisistik kitabların müəllifidir.
***
Hara gedir bu məmləkət, görəsən,
gedir şellənə-şellənə
qarşıdan bir bəla gəlir,
aman, yellənə-yellənə
adamları adamlıqdan çıxıbdı
boyunbağı körpüləri taxıbdı
öz əliylə öz evini yıxıbdı
yollarını daş-kəsək yox
sular tutub,
sular sellənə-sellənə
sözlərinə heç bir məhəl qoyan yox
təklənibdi bir kimsədən həyan yox
tikənindən dağıdanı daha çox
danışmağa dili də var
eşitmirlər,
qalıb dillənə-dillənə
yaman uzun sürdü bu alış-veriş
zamana sığmayır bu vaxtsız gərdiş
xeyrə yozulmayır bu gediş-gəliş
bizsə qalmışıq ortada,
hələ küllənə-küllənə
küçələri gül-çiçəyə bürünür
adamları yaşamır ki, sürünür
kimsə bilmir sabah necə görünür
gözlər ora millənib,
qalıb millənə-millənə...
***
...bəlkə, bir daha şeir yazmadım
yazmamağımın min bir nədəni var,
bəlkə,
min birdən də çox.
minindən biri:
bu dünyadan gedəndə
onları tapşıra biləcəyim
kimsəm yox!!!
ömrün bu çağına gəlib çıxdım ki,
məni ağlayanlar ağlamasınlar
uzanan günlərin içindən çıxıb
açıq gözlərimi bağlamasınlar
Allah sevgidənmi yaşatdı məni
yoxsa, bu cəzamı,
dostdan, tanışdan
ayırıb
bir ayrı dünyada oyatdı məni,
oyanıb dünyanı yuxulu gördüm
gözümü açmamış
iməkləməmiş
bu qoca dünyanı yıxılı gördüm...
buludundan qorxdum, çayından qorxdum
başımın üstündə fır-fır fırlanan
qarğışından qorxdum, vayından qorxdum,
məni sevənlərin sayı azaldı
mənə nə oldusa
döz, dur dedilər
sənin alın yazın bütün olanlar...
bu yazı mənimlə ölsəydi barı,
rahat yaşayardı mənsiz qalanlar...
***
bu qorxu o tindəymiş,
həmən qarşıma çıxdı.
çıxıb bir yad gözündən
həmən içimə axdı.
mən necə görməmişəm,
mən necə kor olmuşam,
bu yaşda bu qorxunu
içimə doldurmuşam.
ha çapala, ha vuruş
ata bilmərəm onu
heç belə gözləmirdim
mən ömrümün sonunu.
yazıq ömrümə yazıq
məni güdürmüş bu şər.
atalar düz deyibmiş:
qorxan gözə çöp düşər.
***
Öləndən sonra,
çox demirəm,
bir azacıq üşüyə bilsəydim
qışda
canım bir azcıq isinsəydi
yayda
öləndən sonra darıxmaya bilsəydim
o tənhalıqda
ah... bir oyana bilsəydim
hər sabah
oyandığım kimi Dan üzü
gəlib öpə bilsəydim
balalarımın üzündən
ruhum bir duman olub
keçsəydi Muğan düzündən
oyana bilsəydim
bir daha ölməzdim, düşünürəm...