Elektron ədəbiyyat və sənət portalı

Andrey Platonovun hekayəsi

Bölmə: Dünya ədəbiyyatı 23.11.2019

 

ƏKİNÇİ

(hekayə)

Hücum zamanı yüngül yara səbəbindən arxa cəbhənin hospitalına düşmək əsgərə sərfəli deyil. Yaxşısı budur, yerli tibb-sanitariya batalyonunda yarana bir əncam çəkəsən. Çünki hospitaldan çıxanda bir xeyli öz hərbi hissəni axtarmalısan. Axı hospitalda qaldığın müddətdə hissə çox uzağa gedib, hələ üstəlik, ola bilsin, onu harasa başqa yerə, başqa diviziyanın tərkibinə qatıblar. İndi tap görək necə tapırsan. Gecikmək də olmaz – həm döyüşlərdən xəbərin, həm də vicdanın var axı.

Bir dəfə hospitaldan öz hissəmə qayıdırdım. Bu artıq birinci yox, dördüncü dəfəydi. Amma əvvəlki hallarda biz müdafiədəki yerimizdə dururduq. Yəni hardan gəlmisən, ora da qayıt. İndi belə deyildi.

Ön xətt istiqamətinə gedirəm və hiss eləyirəm ki, azıram. Görünən yerə baxıram. Hə, məni səhv yollayıblar, hissəm ya sağda, ya da solda olmalıdı. Hələ də o yeri axtarıram.

Nəhayət, yolun kənarında yel dəyirmanı görürəm. Dəyirmandan o tərəfdə böyük kənd vardı. Amma indi yanıb külə dönüb, daha orada heç nə yoxdur. Dəyirmanın üç tərəfi salamat, qalanları zədəlidi – onları güllə yağışına tutublar, taxtalarını deşik-deşik eləyiblər, bəzilərini tamamilə külə döndəriblər. Hə, görürəm, pər havada yavaş-yavaş fırlanır. Doğrudanmı, orada dən üyüdürlər? Qəlbimə sevinc doldu. Adamlar yenə dən üyüdür, müharibə onlardan uzaq düşüb. Düşünürəm ki, deməli, əsgər tez irəli getməlidi, çünki onlar xalqa sülh və zəhmət bəxş edir.

Dəyirmanın yanında kəndlinin necə qış şumu elədiyini görürəm. Dayanıb elə bil özümdən xəbərsiz uzun-uzadı ona baxıram. Tarlada əkin işi xoşuma gəlir. Kəndli qısaboyluydu, təkdişli xışla səriştəsiz, yaxud vərdiş eləməmiş kimi yöndəmsiz şəkildə yeri şumlayırdı. Bu zaman dərhal bir uyğunsuzluq hiss etdim, əvvəl onu sezməmişdim. Xışın qabağında at yoxudu, kotansa irəli, dəyirmana sarı yön tutub yeriyir, əkirdi. Bunu görüb alətin bütün sistemini öyrənmək, yoxlamaq üçün əkinçiyə yaxınlaşdım. Ona çatanda gördüm, xışa qabaqdan bağlanan iki kəndir sonradan birləşdirilib, o tək təndir də torpağın üstüylə dəyirman binasına tərəf uzanır. Həmin kəndir xışı dartır, asta-asta çəkib aparırdı. Xışın arxasınca yaşı on beşdən artıq olmayan bir yeniyetmə gedir, dəstəkdən təkcə sol əliylə tutub, sol qolu isə qurumuş kimi sallanır.

Əkinçiyə yaxınlaşıb kimin oğlu olduğunu, harada yaşadığını soruşdum. Əkinçinin, doğrudan da, on altı yaşı təzəcə olmuşdu, bir qolu da qurumuşdu. Buna görə də əziyyətlə, ehtiyatla işləyirdi. Qorxurdu ki, diş dərinə batsa, kəndir qırıla bilər. Dəyirman əkinin yaxınlığında yerləşirdi, məsafə cəmi iyirmi sajen[1] olardı, bundan artıq şumlamağa isə etibarlı kəndir yox idi.

Maraq mənə üstün gəldiyindən yaxınlaşıb qolu qurumuş oğlanın şumlama üsulunu dərindən öyrəndim. Məsələ çox sadə, bununla yanaşı, həm də düzgünüydü. Həmin işlək kəndirin o biri ucu dəyirmanın üst daşını hərəkətə gətirən vərdənəni fırladırdı. İndi o daş aşağıdakı daşın üstünə qaldırılmışdı, boş-boşuna uğuldayırdı. Kəndirsə vərdənəyə dolanır, əkin xışını dartırdı. Elə buradaca yuxarıdakı daşın üstüylə ehtiyatla başqa bir adam da addımlayırdı. O, kəndiri açıb yerə atırdı, vərdənənin üstündəsə üç, ya da dörd dövrə kəndir qalırdı ki, xışın dartılmasına kömək etsin.

Dəyirmandakı oğlan da cavan idi, amma görkəmcə üzgün, zəif idi, elə bil ölümqabağı son möhlətini yaşayırdı.

Tezliklə xış dəyirmana yaxın gəldi, qolu qurumuş oğlan kəndiri açdı, qoşqu dəyirmana sarı süründü, xışsa torpağın içində dayandı.

Çəlimsiz oğlan dəyirmandan çıxdı, arxasınca kəndirin o biri ucunu sürüyüb gətirdi. Sonra əkinçiylə köməkləşib xışı çıxardılar, onu təzədən qoşmaq, yeni şırım açmaq üçün onu geri, əkinin o başına sürdülər. Bu vaxt mən də onlara kömək etdim.

Xəstə oğlan xışı bağlayandan sonra yenə öz işinin dalınca dəyirmana getdi və bir azdan hər şey təzədən başlandı.

Bu zaman xışın dəstəyindən özüm yapışdım, qolu qurumuş oğlansa arxamca gələ-gələ dincini alırdı.

***

Məlum oldu ki, onlar torpağı gələn ilə dirrik üçün yumşaldırlar. Almanlar bu kənddəki yararlı adamların hamısını aparmışdılar, burada yalnız işə qabil olmayan, bir də yemək istəyən azyaşlı uşaqlar, yaşlanıb əldən düşmüş qocalar, qarılar qalmışdı. Qolu qurumuş oğlanı almanlar şikəst olduğuna görə aparmamışdılar, dəyirmandakı oğlanasa dəyməmişdilər ki, qoy elə burada ölsün. Həmin oğlan əvvəllər vərəmli deyildi, buradakı almanların ona tapşırdıqları işlərin çoxluğundan  canı üzülmüş, həm də möhkəm soyuqlamışdı, bütün günü acqarına işləyib təhqirlərə dözə-dözə vərəmləmişdi.

– Büsbütün yandırılmış kəndimizdə cəmi iki nəfər işçiyik, – qolu qurumuş oğlan mənə dedi. – Biz hələ işə tab gətirə bilirik, o birilərinsə qolunun qüvvəsi yoxdu, balaca uşaqlardı. Qocaların da çoxunun yaşı yetmişi keçib. Buna görə də ikilikdə hamı üçün əkin şumlayırıq, burda tərəvəz əkəcəyik.

– Sizdən yemək gözləyən neçə adam var? – qolu qurumuş oğlandan soruşdum.

– Çox az, cəmi qırx üç nəfər, – oğlan məlumat verdi. – Kaş yayacan tab gətirə biləydik… Amma tab gətirəcəyik. Bizə buğda payı ayırıblar. Əkini qurtaran kimi diyircəklərin üstündə araba düzəldəcəyik, işimiz asanlaşacaq, daha gücümüz qalmayıb, mənim qolum, onun sinəsi ağrıyır… Anbardan buğda gətirməliyik, burdan otuz kilometr o yandadı.

– Doğrudanmı, atlardan, ya da mal-qaradan salamat qalanı yoxdu? – qolu qurumuş oğlandan soruşdum.

Bu dəfə ona diqqətlə baxanda nəsə gözümə yaşlı göründü, amma, əslində, yeniyetməydi. Gözləri dupduru, məsum idi, bədəni hələ kişiləşməmişdi, yaşına uyğun olmayan şəkildə ağır düşüncələrə dalmışdı, baxışlarında azca da sevinc işartısı yox idi.

– Yoxdu, – dedi. – Mal-qaranı almanlar yedilər, atlar onların işlərində tələf oldular, axırıncı beş atla cins madyanı da özləriylə apardılar.

– Doğrudanmı tab gətirəcəksiniz? – soruşdum.

– Nəfəsimiz hələ ki üstümüzdədi, – qolu qurumuş oğlan dedi. – Özün də görürsən ki, ikicə nəfərik, bir də külək köməyimizə çatır, yoxsa xışa qoşmaq üçün on-on beş adam lazımdı, onları hardan tapaq! Yolda kimsə almanların əlindən qaça bilsə, bura gələcək. Yazda böyük əkinə başlayacağıq, işlər çoxalacaq… Düzdü, bizim qocalar çox əldən düşüblər, gücləri qalmayıb, amma başları yerindədi…

– Bu əkin üsulunu sizə kim öyrədib? – soruşdum.

– Bizim Kondrat Yefimoviç adlı bir babamız var, bütün kainatdan baş çıxarır. Hər şeyi o bizə öyrətdi. Ona qulaq assan, ölməzsən. İndi bizim sədrimiz odur, mənsə müaviniyəm.

Mənim əsgər kimi ləngiməyə vaxtım və icazəm yox idi. Söhbət də elə bir şeydi ki, söz sözü çəkir. Qolu qurumuş oğlandan tez ayrıldığıma təəssüflənsəm də, əlacım yox idi, getməliydim. Bu qısa görüşdə mən xalqımızın qardaşlığını hiss etdim, onunla öpüşüb ayrıldım. Bəli, o, əkinçi, mən əsgərəm. O, insanları yedizdirir, mənsə onu qəddar almandan qoruyuram. Deməli, əkinçiylə biz eyni işi görürük.

Tərcümə edən: N.ƏBDÜLRƏHMANLI

 

[1] Sajen – 2,134 metrə bərabər uzunluq ölçüsü