Elektron ədəbiyyat və sənət portalı

Ay qonşu, bu evin yiyəsi hanı?!

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 27.11.2019

 

Camal Yusifzadə

(1941)

Şair, publisist, dramaturq. Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin redaktoru. “Lənkəran nəğməsi”, “Atlılar, qanadlılar”, “Yol içində milyon seçdik”, “Payızdan gələnlər”, “Ümiddən keçən yol”, “Küləyi döymək olmaz” adlı şeir kitablarının müəllifidir.   “Dağlar arxasız olmur”, “İtil getlər”, “Kim dəli, kim ağıllı”, “Ölümü köynəkdən keçirən oğul”, “Sabaha ömür payı qazananlar” pyesləri tamaşaya quyulub.

     

Ay qonşu, bu evin yiyəsi hanı?!

(anamın xatirəsinə)

 

Uzaqdan, uzaqdan,

Çox-çox uzaqdan,

Darıxıb gəlmişəm, qaçıb gəlmişəm,

Ay qonşu, bu evin yiyəsi hanı?

 

Eyvanda çıxardım ayaqqabımı,

Açdım pəncərəni, açdım qapını,

Görmədim qonağı qarşılayanı...

Ay qonşu, bu evin yiyəsi hanı?

 

Yağış suvağını yuyur bu evin,

Külək şüşəsini döyür bu evin,

Sükut hay-küyünü qovur bu evin,

Zaman taxtasını ovur bu evin,

Ay qonşu, bu evin yiyəsi hanı?

 

Qapıda soyumuş bir əl yeri var,

Həyətdə qurumuş ayaq yeri var,

Alça ağacının sol tərəfində

Külü laxtalanmış ocaq yeri var,

Ay qonşu, bu evin yiyəsi hanı?

 

Uzaqdan gəlmişəm, ay ev yiyəsi,

Darıxıb gəlmişəm, uçub gəlmişəm,

Kül olub gəlmişəm, ay ev yiyəsi.

 

Hər dəfə,

hər dəfə, ay ev yiyəsi,

 

Qovrula-qovrula gəlib gedirəm,

Hər dəfə,

hər dəfə, ay ev yiyəsi,

Bu həyət-bacadan,

qonum-qonşudan

 

Soruşub gedirəm;

Ay qonşu, bu evin yiyəsi hanı?

 

Divar

Bir dəfə

Dəsmal olsaydın göz yaşına,

İslana bilsəydin,

Sevinə bilsəydin,

Ağlaya bilsəydin bir dəfə –

Sənə bir nağıl danışardım.

Keçərdim taqsırından,

Sənə bir nağıl danışardım;

Quca bilsəydim belini, soyuqluğunu,

Sənə bir nağıl danışardım;

Divar olmasaydın...

 

Döyülməyib ölən qapı

(Köhnə qapımıza ağı)

Bu üzündən döyəni yox,

O üzündən açanı.

Zaman qoymur

O üzündən bu üzünə keçəni.

 

O üzündə bir ev qaldı –

iki göz.

Beşcə körpə  – tifil qaldı

diri göz.

Nağılları qıpqırmızı,

Yağışları upuzun.

Sapsarıydı payızı.

Qış gecəsi –

yuxusuzdu ən azı...

Döyülməyib ölən qapı,

 

Kürəyini dirəyiblər divara;

Nəm zirzəmi,

Soyuq divar,

Ölü vaxt!

Bu üzündə dəli həsrət,

O üzündə yaşıl baxt.

Mən hələ dəli deyiləm,

Dirisən sən də hələ,

Yazıq-yazıq baxma belə...

Hələ bir az ümidlisən, deyəsən?!

(Qapıları mütləq gərək döyəsən)

Üzünü sürt üzümə  –

Göz yaşım seldi – qurut.

Zaman qəvi,

uluyur qurd!

Ver əlini –

Havalanıb çiçəklər,

Meşəsindən qaçan ağac

Yuxusunda çiçəklər.

Payız xəstəliyi

 

Məhəbbət böyük dərdmiş –

        közərərmiş

Ayrılıq araya düşəndə.

Pişik gözlərinin qarası kimi

                        gecələr böyüyərmiş,

Səsi varmış,

Sözü varmış,

Od qoymağa

Közü varmış!

Tənhalığı xoşlayırmış,

Məhəbbət böyük dərdmiş.

Payıza bənzəyirmiş –

             sapsarı yarpaqları,

             bulanıq buludları,

             uzun-uzun yolları...

 

Atamın kölgəsi 

Atamın kölgəsi evimizdə imiş.

Gün düşdü üstünə

üzünü gördüm

Sildim üz-gözünü, toz-torpağını,

Taxçada, boxçada izini gördüm.

Tanrı qismətindən

payı var imiş;

İlahi gülüşün

gözünü gördüm!

Kölgəsi yamanca kədərli idi, –

Həm nəmdi, həm ilıq,

qırış-qırışdı.

 

Atamın kölgəsi qocalmamışdı.

Atamın kölgəsi evimizdə imiş, –

Baxdım kölgəsinə –

özümü gördüm,

Adana axşamı

müqəddəs gecə

Anam yemək çəkib sağına qoydu –

Sağında atamın dizini gördüm...

Ölüləri içinizdə dəfn edin! –

İçinizdə başdaşı yox, qəbir yox,

İçinizdə heç vaxt,

Heç kim itməyəcək!

Ölüləri ruhunuza dəfn edin –

Kölgələri mütləq evə gələcək!