Elektron ədəbiyyat və sənət portalı

Sığındım

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 28.11.2019

 

Davud Nəsib

(1942-2003)

 

Şair, publisist. “Gözüm səni axtarır”, “Dağlar danışsaydı”, “Məhəbbət yolları”, “Ürək sözsüz danışır”, “Ümid qatarı”, “Ocaq daşları”, “Əsrin laylası”, “Dünya bir körpüdür”, “Karvan gedir” adlı şeir kitablarının müəllifidir. Macar şairi M.Radnotinin şeirlərini dilimizə çevirib.

      

Sığındım

Xain gözlər geniş qəlbə oxdular,

Vay varlıdan, yenə aclar toxdular.

Bəziləri qar-çovğundan qorxdular,

Titrəsəm də bir az qışa sığındım.

 

İlk məhəbbət, son məhəbbət təmizdi,

Xatirimdə xatirəsi bir izdir.

Ötən günlər bu günlərdən əzizdir, –

Xatirəyə, mən yaddaşa sığındım.

 

Çoxlarına təmənnasız yarıdım,

Bu yollarda deyən o söz... qarıdım.

Mən həyatda ata qəbri aradım,

Qəbristanda ana daşa sığındım.

 

İnanmadım hər söhbətə, hər sözə,

Can atmadım görünməyə hər gözə.

Nəvə günü, baba günü möcüzə, –

İllər keçdi, ömrə-yaşa sığındım.

 

Neçə yurdu, el-obanı dolaşdım,

Mərd uğrunda namərdlərlə savaşdım.

Haqq axtarıb, dərə keçdim, dağ aşdım;

Büdrəyəndə yaşıl döşə sığındım!

 

Kədər mənə, mən kədərə bələdəm,

Qəm-qüssəmi doğma, əziz elədim.

Mən Davudam, xasiyyətim belədi, –

Nə qohuma, nə yoldaşa sığındım.

 

Qalmayıb

Gec açılan tez solub,

Güldə təpər qalmayıb.

Sinəm kədərlə dolub,

Sevincə yer qalmayıb.

 

Qəm kədərə calanıb,

Aran, arana həsrət.

Dağ üstə dağ qalanıb,

Dağlar borana həsrət.

 

Deyən yoxdur bəs nədən

Dünya yaman qarışır?

Niyə qabaqda gedən

Niyə dalda danışır?

 

Dəli könül, ağlama,

Yaş bəbəkdə sozalıb.

Yada ümid bağlama,

Dosta inam azalıb.

 

Sellərin axışına

Dözməyib, daş göyərir.

Mərdin şax baxışına

Namərdin gözü dəyir.

 

Saçların qırov-qar ki...

Duman alıb, çən alıb.

Bircə təsəllim var ki,

Nə yaxşı ürəyimdə

Torpağın odu qalıb.

  

Hər şeydən qabaq...

İnsanam həmişə, hər vaxt, hər anda,

Gözümdə gecəni mən dan etmişəm.

Ən yaxşı şeirimi bir dost yolunda

Vaxtında yazmayıb qurban etmişəm.

 

Görən, hansı haya-haraya gedir,

Bu şose yolları, dəmir yolları?

Özü də bilməyir haraya gedir,

Qoşulub qatara ömür yolları.

 

Hərdən düşünməyib, fikrə dalmayıb,

Unudub həyatda dərin qatları,

Bəzən özümüzdən asılı olmayıb

Mənasız sürürük köhlən atları.

 

Hər şeyin, hər kəsin öz yeri varmış,

Yersiz qayğıları çəkmişəm, düzü...

Hələ doğulmamış, heç yaranmamış

İçimdə öldürüb, boğmuşam sizi.

 

Övladdır şairə, doğmadır, əziz,

...Görünür hardasa mən koram, karam;

Ölən şeirlərim, bağışlayın siz,

Bu ağır itkiyə mən günahkaram.

 

Bircə təsəllim var:

Çiynimdə bir dağ

Torpağa bağlıyam, yerə bağlıyam;

Həyatda şairdən, şeirdən qabaq,

Axı, mən insanam, insan oğluyam.

 

Bir qız ağlayır

Qılınctək qınından sıyrılır gecə,

Nə vaxt ki, gün kimi məhəbbət batır.

Hər insan qəlbində sakit, gizlicə

Qıvrıla-qıvrıla bir sevgi yatır.

 

Elə bil çay kimi quruyuruq biz,

Sevgisiz, dünyadan yarımayırıq.

Dünyanı alovdan qoruyuruq biz,

Lakin məhəbbəti qorumayırıq.

 

…Doğranır ürəkdən o, dilim-dilim,

Eşqi sinəsini yarır, dağlayır.

Nə qədər uzatsam, çatmayır əlim,

Deyirəm yad kimi: bir qız ağlayır.

 

Onun qəlbindədir gizlidir yaşı,

Baxır, köks ötürür damla yerinə.

Dumanlar içində itsə də başı,

Sadiqdir o gözəl yenə ərinə.

 

Od yanır gözlərin zil qarasında,

Quruyub göz yaşı, silməyir o qız.

Qalıbdır od ilə su arasında:

Yansınmı? Sönsünmü? Bilməyir o qız.

 

Çatlayıb dodağı, quruyub dili,

Qovrulur məhəbbət ocağında o.

Onu elə tutub hicranın əli, –

Çırpınır quş kimi qucağında o.

 

Nəmli gözlərini gizli silir ki,

Görüb deməsinlər: bir qız ağlayır.

O, bəlkə, bilməyir, elə bilir ki,

Eşqə, məhəbbətə yalqız ağlayır.

 

Deyirlər, tutulur sevənin gözü,

Sinədə bir ürək coşur, çağlayır.

Qoymur ağlamağa kişilik bizi,

Ağlayır, hardasa bir qız ağlayır.