Elektron ədəbiyyat və sənət portalı

XIX əsrin 10 ən məşhur romanı

Bölmə: Art 30.11.2019
 

Lev Tolstoy“Anna Karenina

Ərli qadın Anna Karenina və zabit Vronskinin faciəvi sevgisindən bəhs edən romanda yazıçı Rusiya patriarxal həyat tərzinin burjuaziyanın təzyiqi altında necə dağıldığını təsvir edir. Peterburq və Moskvanın odövrkü mühiti, adət-ənənələri əsərdə böyük ustalıqla qələmə alınıb.

 

Lev Tolstoy“Hərb sülh”

Roman-epopeya 1812-ci il müharibəsi zamanı rus xalqının keçirdiyi yaşantılardan, mənəvi iztirablardan bəhs edir. Əsərdə 550-dən artıq tarixi və yazıçı təxəyyülünün yaratdığı personaj iştirak edir. Daxili təbəddülatların məngənəsində sıxılan, həqiqət axtarışında olan bu obrazlar əsərə canlılıq gətirir.

 

Qustav Flober“Madam Bovari”

Romanın baş qəhrəmanı olan Emma Bovari həkim arvadıdır. O, əyalət həyatının cansıxıcılığından və yeknəsəqliyindən xilas olmaq üçün yad kişilərlə yaxın əlaqələr yaratmaqla öz xoşbəxtliyini ailəsindən kənarda axtarır. Romanın mövzusu kifayət qədər sadə olsa da, onun həqiqi dəyəri üslub və detalların məharətlə təqdim olunmasındadır. Flober hər əsərini ideal səviyyəyə çatdırmaq üçün sözləri zərgər dəqiqliyi ilə seçirdi və onu digər yazıçılardan fərqləndirən də məhz yazıya qarşı bu həssaslıq idi.

 

Mark Tven“Heklberri Finnin macəraları”

Zənci Cimə qoşularaq qəddar atasından qaçan Heklberri Finn Missisipi çayı ilə macəra dolu uzun yol qət edir. Bir qədər sonra onlara qoşulan Hersoq və Kral ayamalı tüfeylilər Cimi qul kimi satırlar. Ardınca Hek və ona qoşulan Tom Soyer Cimi azad etmək üçün plan qururlar. Hek bu işə ciddi yanaşsa da, Tom sadəcə maraq üzündən ona yardımçı olur. Çünki o artıq sahibəsinin Cimə azadlıq verdiyindən xəbərdardır.

 

Corc Eliot“Midlmarç”

Midlmarç – ətrafında və daxilində hadisələrin cərəyan etdiyi bir əyalət şəhərciyidir. Roman müəllifin iradəsiylə yaşayan xeyli sayda personajlarla zəngindir: vasvası və riyakar Keysobon və Doreteya Bruk, istedadlı alim və həkim Lidqeyt və meşşan qadın Rozamonda Vinsi, ikiüzlü bankir Bulstrod, keşiş Ferbater, istedadlı və yoxsul Uill Ladislav və xeyli sayda başqaları. Uğursuz nikahlar və xoşbəxt ailələr, şübhəli yollarla var-dövlət sahibi olmaq və miras uğrunda çəkişmələr, siyasi iddialar və şəxsi intriqalar əsərdə bir-birini əvəz edir. Midlmarç – insan xislətinin naqis tərəflərinin faş olunduğu bir şəhərcikdir.

 

Herman Melvill“Mobi Dik”

Herman Melvillin “Mobi Dik” romanı XIX əsr Amerika ədəbiyyatının şah əsəri hesab olunur. Roman janrının çərçivələrini aşan bu nadir əsər Ağ balinanın təqib olunmasından bəhs edir. Çox maraqlı süjet, dənizin və insan xarakterlərinin parlaq təsviri, fəlsəfi ümumiləşdirmələr və digər məziyyətlərə görə roman haqlı olaraq dünya nəsrinin incilərindən biri kimi qəbul olunur.

 

Çarlz Dikkens“Böyük ümidlər”

Dikkensin son əsərlərindən olan “Böyük ümidlər” romanında uşaqlıqda Pip adıyla çağırılan gənc Filip Pirripin həyat hekayəsindən bəhs olunur. Naməlum himayədarının polis tərəfindən təqib olunduğunu biləndə gəncin məhəbbət, rifah, karyera arzuları alt-üst olur. Onun inamına görə, qana bulaşmış, cinayətlə möhürlənmiş pullar heç vaxt insana xoşbəxtlik gətirə bilməz. Və bir də belə xoşbəxtlik axı kimə lazımdır?

 

Fyodor Dostoyevski“Cinayət cəza”

Romandakı hadisələr beynində qətl ideyası baş qaldıran Rodion Raskolnikovun ətrafında cərəyan edir. Raskolnikov çox kasıbdır – nəinki universitetdəki təhsil haqqını ödəməyə, yaşamağa belə imkanı yoxdur. Anası və bacısı da imkansızdır. Rodiona məlum olur ki, ailəyə dayaq durmaq üçün bacısı (Dunya Raskolnikova) sevmədiyi pullu bir adama ərə getməyə razılıq verib. O artıq dözə bilmir və imkanlı bir qadını öldürərək qatilə çevrilir.

 

Fyodor Dostoyevski“Karamazov qardaşları”

İvan, Aleksey, Dmitri Karamazovlar bütün əsər boyu varlığın ilkin səbəbləri və son məqsədləri haqqında dərin fəlsəfi mühakimə yürüdürlər. Qardaşlar Tanrıya və ruhun əbədiliyinə müxtəlif cür yanaşır və öz seçimlərini edirlər. Roman dünya ədəbiyyatında xristianlıq düşüncəsinin təsvirinin ən dərin örnəklərindən sayılır.

 

Ceyn Ostin“Emma”

İmkanlı mülkədarın qızı olan Emma böyük xəyallarla yaşayır. Başqalarına şəxsi həyatını qurmaqda yardımçı olan qız bununla öz həyatına da rəngarənglik qatdığını düşünür. Heç zaman ərə getməyəcəyinə qəti əmin olan Emma rəfiqələri və tanışları üçün elçi qismində iştirakdan zövq alır. Amma bir gün anlayır ki, həyat gözlənilməzliklərlə doludur.