Səyavuş Sərxanlı
(1942-2005)
Şair, publisist, tərcüməçi. “Qayıt”, “Dünya sevənlərindir”, “Anamın səsi gəlir”, “Yormaz bu yollar məni”, “Mənim nərgizli dünyam”, “Duz-çörək” kimi şeir kitablarının müəllifidir. Əsərləri bir neçə dilə tərcümə olunub. Ümumittifaq N.Ostrovski mükafatı laureatıdır. M.Çarinovun şeir və poemalarını dilimizə çevirib.
Duz-çörək
Babalar illərlə odlu ürəklə
Bu nemət yolunda candan keçiblər.
İnsan tanınıbdı duzla-çörəklə,
Ən böyük andı da ona içiblər!
Sınayar, tanıdar yüz dostu, yarı,
O daim ömürlə-günlə qoşadır.
Duz-çörək
insanın ürək meyarı,
Duz-çörək
insanın məhək daşıdır.
Telli sünbüllərin əzizliyini
Şehini bal kimi içəndə gördüm.
Dünyanın ən böyük təmizliyini
Zəmi qırağından keçəndə gördüm.
Onun qulluğunda durmaq çətindi,
Ona soyuq ürək daş olmalı, daş.
Yer Günəş başına dolanmır indi,
Duz-çörək başına dolanır, qardaş!
Bir ulu gözəllik gətirin yada –
Özgə hansı adla gül açar ürək:
İnsan üç dünyadan bezmir dünyada –
Vətən, ata-ana,
Bir də duz-çörək!
Sənsiz soyuq dəyir gecələrimə
Daha hər çağırışı dinləyəmmirəm,
Ağzım yaman yerdə dirənib dağa.
Sənsiz ürəyimə söz deyəmmirəm,
Başlayır özünü yumruqlamağa.
Karvan səsidimi yenə yüksələn –
Ağ varaq önündə bir səhra kimi.
Sənsiz bir dəvəyəm, ərəbi ölən –
Qalmışam səhrada müqəvva kimi.
Durum necə girim, necə, yerimə?
Olan-qalanı da qəm ayaqlayır.
Sənsiz soyuq dəyir gecələrimə.
Bulud yatağında ay sayıqlayır...
Dostlara rekviyem
Allah amanında...
Yaxşı yol sizə,
Ey arxa çevirib gedən dostlarım!
Ötüb, dil-dil ötüb, indi kiməsə
Ey təzə nəğmələr ötən dostlarım!
Ey halal süfrənin nurunu danıb,
Harama hər şeyi satan, əzizlər,
Qəhrəman olmamış
Qərəman sanıb,
Özünü heçliyə atan, əzizlər.
Məəttəl qalıram düşəndə yada –
Niyə böyüdükcə kiçildiniz siz?
Sağlıq dediyiniz büllür badədə
Kimin göz yaşını içirsiniz siz?!
Nə cür unutdunuz... yaşayıb ölmək –
Addan-sannan ötrü ölmək deyil ki?
Bir də... beş-üç qızın xoşuna gəlmək,
Beş-üç ağlı dazın xoşuna gəlmək,
Beş-üç kəmavazın xoşuna gəlmək,
Lap min yaramazın xoşuna gəlmək –
Bir xalqın xoşuna gəlmək deyil ki!
Hələ kefiniz kök,
Halınız xoşdur,
Hərəniz bir ciyər parası kimi,
Haçan qayıtsanız, yeriniz boşdur
sinəmdə bir güllə yarası kimi!..
***
Ömür bir aləmdir, qayğı min aləm.
Qayğıdan don biçək düzə, dağa da.
Di gəl, başqaları küsməz deyirəm,
Bir az gün ağlasaq özümüzə də.
Bir az gün ağlasaq – dünya dağılmaz,
Eldə yetim qalan işıqlara da.
Sübhəcən gözlərə qanlar sağılmaz,
Bir az gün ağlasaq aşıqlara da.
Bir az gün ağlasaq varaqlara da,
Şam kimi əriyən qələmə də biz;
Gecəyə göz olan çıraqlara da,
Söz adlı bu yazıq aləmə də biz...
Bir az gün ağlasaq ötən çağlara,
Bir az gün ağlasaq qeyrətimizə –
Bu düşmən deyilən qalar ağlara,
Yad əli ömründə qalxmazdı bizə.
Bir az gün ağlayaq – diz çökürəm mən,
Qoruyaq millətin körpələrini;
Onları göz üstə saxlasın vətən –
Bu gündən sabaha körpülərini...