Məmməd Oruc
(1947)
Yazıçı-publisist. M.F.Axundov adına mükafatın laureatı. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1993-cü ildən “Azərbaycan” jurnalının nəsr bölməsinə rəhbərlik edir. Ədəbi fəaliyyətə tələbəlik illərində qələmə aldığı şeirlərlə başlayıb. “Ailə səadəti”, “Yadigar mahnı”, “Leylək körfəzi” adlı bir neçə nəsr kitabının, o cümlədən “Qırmızı bantlı qoç”, “Üç gün Tayqada”, “Əzrayılla görüş”, “Oyun havası”, “Günlərin bir günündə” kimi hekayə və povestlərin, “Təbriz almaları”, “Oğulla görüş”, “Cənnətdə çevriliş” pyeslərinin müəllifidir. Silsilə hekayələri 2004-cü ildə İsi Məlikzadə adına mükafata, “Köçürülmə” romanı 2007-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb. V.Şukşinin, M.Zoşşenkonun, S.Kozlovun, V.Belovun, Natiq Rəsulzadənin əsərlərindən nümunələri dilimizə çevirib. Gülşən Lətifxanın “Azər və Aida” romanının tərcüməsinə görə 2009-cu ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” mükafatına layiq görülüb.
Üç gün tayqada
Sentyabrın son günlərində Surquta uçmağımın iki səbəbi vardı: Sibir şairi Dmitri Mizqulinin Bakıda, Azərbaycan dilində nəşr olunmuş “Şam” kitabının yüz nüsxəsini kitabın sponsoru Şahəmir Kərimova çatdırmaq və bu nəşrin Xantı Mansidə keçiriləcək təqdimat mərasimində iştirak etmək. Əlbəttə, içimdə son 50-60 ildə yüz minlərlə azərbaycanlının məskunlaşdığı bu diyarı görmək, bu yerin insanları ilə ünsiyyət qurmaq və nə isə yazmaq niyyətim də vardı. Amma uçuş ərəfəsində Dmitri Mizqulinin köməkçisi Roman İvanoviç zəng vurub bildirdi ki, Surqutda rus gömrükçüləri tirajı müsadirə edə bilər, qanunla Rusiya ərazisinə eyni kitabdan yalnız 10 nüsxə keçirməyə icazə verilir. Roman isə bildirdi ki, rus gömrükçüsünü kitabın məğzi yox, qanun maraqlandırır. Dərhal çıxış yolu da göstərdi: Surquta uçan həmyerliləriniz Sizə kömək edə bilər.
Qəfildən belə bir problemlə üzləşməyim ovqatımı korlasa da, “Şam”ın on nüsxəsini də əlavə götürdüm ki, Surquta uçanların arasında həmyerlimiz olsa, ağız açım. Amma məlum oldu ki, həmin gün – yəni sentyabrın 17-də Bakıdan Surquta uçanların hamısı azərbaycanlılardı. Mənə kömək edəsi insanı təyyarənin salonunda tapdım. Bu sarışın nərmənazik qadına niyyətimi bildirəndə, bəzilərindən fərqli olaraq razılıq verdi. Dərhal adını da söylədi:
– İlhamə!
Altısaatlıq uçuş zamanı da necə ola bilər ki, yanaşı oturduğun insanla bir-iki kəlmə kəsməyəsən?
Məlum oldu ki, İlhamə xanım 18 il qabaq, 18 yaşında Qubadan Surquta gəlin köçüb və indi Surqutda üç qız böyüdür. Bakıya gəlməkdə məqsədi də bu qızların böyüyünü – gimnastika ilə məşğul olan və artıq müəyyən uğurlar qazanan qızının taleyini Azərbaycanla, Azərbaycan idmanıyla bağlamaq olub.
Onun on beş yaşlı qızını hansısa idman məktəbinə minnətsiz götürmüşdülər və buna görə çox sevinirdi.
Mən milliyyətcə ləzgi idmançılarının Azərbaycan idman aləmində uğurlarını vurğulayanda İlhamə xanım gülümsədi:
– Mən ləzgi deyiləm ha, – dedi, – kumıkam, sizin kimi türkəm.
Hava günəşli, səma aydın olduğundan, təyyarənin aynasından yer üzü hərdən ovuc içi kimi görünürdü. Üstündən uçduğumuz nəhrin Ob çayı olduğunu kəsdirəndə bildim ki, mənzilbaşına az qalıb. Elə bu arada Surqutda hava durumu da elan olundu: 4 dərəcə.
İlhamə xanım ona verdiyim on kitabı gömrük nəzarətindən keçirib mənə təqdim edəndə mobil telefonunu da söylədi və dedi ki, Surqutda gözəllik salonunda işləyir, böyük adamların xanımları ilə durub-oturur, əli çox yerlərə çatır, problem olsa, köməyini əsirgəməz…
Amma daha nə problem ola bilərdi ki? Telefonla vədələşdiyimiz kimi Nefteyuqanskidə yaşayan qələm dostum həm Rusiya, həm də Azərbaycan Yazıçılar İttifaqının üzvü Knyaz Qoçaq məni qarşıladı. Özü də tək yox, Surqutda yaşayan böyük qardaşı Balaşirinlə birlikdə.
Yeri gəlmişkən Knyazgil 11 qardaşdılar. Ortancıl – Qruzin mənim sinif yoldaşım idi. Bacılarının sayını bilmirəm, amma onu bilirəm ki, qardaşlar hamısı – Vahidi çıxmaq şərtilə – Sibirin müxtəlif şəhərlərində məskunlaşıblar. Axı nəyə görə? Bir parça çörəkdən ötrümü? Bu sual bir qələm sahibi kimi məni həmişə düşündürüb və düşündürür.
Dmitri Aleksandroviçin bizi Xantı-Mansiy aparmaq üçün Surquta göndərdiyi maşına əyləşəndə gFündüz saat bir idi və mən fikirləşirdim ki, Xantı-Mansiyə çatana qədər Sibirin, oxuduğum kitablara əsasən, xəyalımda canlandırdığım mənzərələrinə tamaşa edə biləcəyəm. Beş saata yaxın yol getməli idik və açığını deyim ki, bu yol məni tez bezdirdi; eynilə bir-birinə bənzəyən meşələrə, ağaclara nə qədər baxmaq olar? Knyaz isə susmaq bilmirdi. Sualları Bakı ilə bağlı idi. Daha doğrusu, Azərbaycanın ədəbi həyatı ilə. Aradabir vətəndaşı olduğu diyarın uğurlarından da söz salırdı. İftixarla deyirdi ki, Rusiyanın xam neftinin 60 faizini onun vətəndaşı olduğu Yuqra diyarı verir.
Yol nişanlarından bilirdim ki, artıq mənzilbaşına yaxınlaşırıq, amma hələ bir dənə də olsun neft buruğu gözümə dəyməmişdi. Bunun səbəbi ilə maraqlananda Knyaz:
– Burda hələ bütün quyular fontanla işləyir, – dedi, – buruğa ehtiyac yoxdur.
Sibirin necə zəngin neft yatağı olduğunu, əlbəttə, bilirdim və onu da bilirdim ki, Sibir neftinin kəşfi azərbaycanlı geoloq Fərman Salmanovun adı ilə bağlıdır. Mərhum qələm dostum Səyavuş Sərxanlının bu əfsanəvi neftçi haqqında kitabını isə hələ ötən yüzilliyin 80-ci illərində oxumuşdum. Söz Fərman Salmanovdan düşəndə Knyaz iftixarla dedi:
– Xanti-Mansidə yalnız bir nəfərə abidə qoyulub – o da Fərman Salmanova.
Və Knyaz dərhal bir məqamı da vurğuladı:
– Bu yaxınlarda Surqutda da Fərman Salmanova abidə qoyulub, – dedi, – özü də Leyla Əliyevanın təşəbbüsü ilə…
Mən bu barədə məlumatlı olduğumu bildirəndə Knyaz razılıqla:
– Söhbət abidədən getmir, – dedi, – bu, həm də Yuqra Muxtar dairəsində yaşayan yüz minlərlə azərbaycanlıya diqqətin təcəssümüdür.
İrtış çayının Ob nəhrinə qarışdığı məkandakı təpəliklərdə salınmış Xantı-Mansi kənardan mənə Mingəçeviri xatırlatdı. Amma şəhərə daxil olanda elə bir nizamla rastlaşdım ki, mənə elə gəldi, zümrüd təpəliklərdə örnək olaraq dünənin, bu günün yox, sabahın – gələcəyin şəhərini salıblar.
Fikrimi açıqlayanda Knyaz yenə də iftixarla dilləndi:
– Qadam, bu binaların da çoxunu bizimkilər tikib.
– Bizimkilər? Yəni kim?
– Bizim iş adamları… tədbirə gələcəklər, yəqin ki…
Küçədən keçən, harasa tələsən adamlara nəzər yetirirdim və hiss eləyirdim ki, əksəriyyəti bizimkilərdi, aradabir yastı sifətləri, qıyıq gözləri ilə diqqət çəkən xantılar, mansılar da gözə dəyirdi.
Avropanın üç, beş ulduzlu hotellərindən əsla geri qalmayan “Yuqra” hotelində bizi Dmitri Mizqulin özü qarşıladı və çox keçmədi ki, yerli şairlər, yazıçılar da məclisə toplaşdılar və axşamdan xeyli keçənəcən sürən ziyafət, əslində poeziya gecəsinə çevrildi. Və “Yuqra” hotelində “Şam”ın qeyri-rəsmi təqdimatı başlandı.
Xalq yazıçısı Çingiz Abdullayevin, Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadənin avtoqraflı kitablarını Dimaya təqdim edəndə isə təsirləndi, uzun bir nitqlə ürəyini boşaltdı və məlum oldu ki, cavanlığının bir neçə ilini Azərbaycanda yaşayan bu rus şairi çağdaş Azərbaycan ədəbiyyatına kifayət qədər bələddi və onlarca Azərbaycan yazıçısının yaradıcılığını izləyir.
Bu görüşə sonradan qatılan və dərhal da öz şuxluğu ilə məclisi ələ alan azərbaycanlı iş adamı Teyfur Heybətov isə söz verdi ki, sabah şəhərin mərkəzi kitabxanasında “Şam”ın rəsmi təqdimatı başlayana qədər məni Xantı-Mansi şəhəri ilə tanış edəcək.
“Yuqra” hotelində mənə də, Knyaza da ayrıca nömrə ayırmışdılar. Amma Knyaz xahiş etdi ki, bir otaqda qalaq, mənə deyiləsi bir kitablıq sözü var.
Nə qədər yorğun olsam da, qəlbini sındırmadım. Onsuz da kövrəlmişdi. Bilirdim ki, beş ildir Azərbaycana gəlmir. Bunun səbəbləri də, təxminən, bir eloğlu kimi mənə məlum idi. Əlbəttə, təxminən. Kim kimin ürəyindən xəbər tuta bilər ki?
Əlbəttə, Knyazın maddi sıxıntısı yoxdur. İşgüzar olduğundan, Yuqranın bütün qəzetləri ilə əlaqə saxlayır, hamısından qonorar alır və üstəlik də, bu vilayətdəki azərbaycanlı iş adamları Knyaza bu diyarda əli qələm tutan yeganə azərbaycanlı kimi xüsusi rəğbət bəsləyirlər. Və mən bunu hər addımda duyurdum və hiss eləyirdim ki, əsas şərt Knyazın rus dilində yaza bilməsi ilə bağlı deyil, necə yazması ilə bağlıdır.
Bizi yuxudan Teyfur Heybətovun telefon zəngi oyatdı. Şəhərlə tanışlığa Fərman Salmanovun abidəsini ziyarətlə başladıq. Postamentinə təzə çiçəklər düzülmüşdü. Görünür, bizdən azacıq qabaq abidəni ziyarət etmişdilər:
– Hər gün belədi, – Teyfur dedi, – elə gün olmur ki, bu abidənin ziyarətinə insan gəlməsin, milliyyətindən asılı olmayaraq, burda hamı onun xatirəsini əziz tutur. Əslində, bu şəhər özü onun abidəsidir.
Sözün bu yerində Anarın, Azərbaycan ictimai-siyasi, ədəbi həyatının son yüz ilini əhatə edən “Yaşamaq hüququ” kitabı yadıma düşdü və bir daha bu qənaətə gəldim ki, bu YAZIda Anarın dünya şöhrətli azərbaycanlılar sırasında Fərman Salmanovdan ayrıca bəhs etməsi təsadüfi deyil.
Görünür, Teyfur maşını ona görə asta sürürdü ki, mən onun sevimli şəhərinin mənzərələrini gözlərimə, xəyalıma köçürüm, Knyaz isə yeni özülü qoyulmuş bir sıra tikililəri nişan verib iftixarla deyirdi ki, bunları Teyfur tikir.
Yuqrada mamont sümükləri tapıldığını bilirdim, amma bilmirdim ki, Xantı-Mansinin ən mənzərəli guşəsində mamontların bu torpaqlardakı həyatını əks etdirən təbii qoruq yaradılıb. Çoxdan nəsli kəsilmiş filə bənzər bu heyvanın həyat tərzi təsvirə gətirilib.
Qoruğa çatmamış, Teyfur maşını asfaltdan çıxarıb torpaq yola saldı və bir daha biz yeni tikili ilə üz-üzə qaldıq. Bu binanın inşasında ağacdan başqa, heç bir tikinti materialı işlədilməmişdi, hətta mismar da.
– Bu, mənim axırıncı layihəmdi, – Teyfur dedi, – hamam olacaq…
Soruşdum:
– Fin hamamı?
– Yox, rus hamamı, açıq havada çəlləklər də qoyulacaq.
Knyaz da müdaxilə etdi:
– İndi hamının evində hamam var, yəni, bu, xeyir verəcək?
– Söhbət xeyirdən getmir, hamam mədəniyyət, sağlamlıq rəmzidi, – Teyfur dedi və mən də astadan məşhur bayatının bir beytini xatırladım: “Tikmirəm, özüm qalam, tikirəm izim qala.” Knyaz da sözümə qüvvət verdi: əsas iz qoymaqdı, iz cığıra çevrilir, sonra da yola…
Meşədən çıxan yolla İrtışın, sahilinə ala-bəzək qayıqlar pərçimlənmiş, bəyaz qumlu körfəzlərindən birinə gəldik. “Mersedes”in sükanı arxasından düşən Teyfur başqa bir “Mersedes”in sükanı arxasına keçdi. Göyərtədəki uzunboğaz çəkmələr, balıqçı toru, çeşidli spininqlər Teyfurun ovçuluğundan xəbər verirdi.
Qayıq sürət götürüb körfəzdən aralananda və İrtışın ləpəli, dalğalı qoynuna atılanda Xantı-Mansi, dağ yamacına sərilmiş bir əlvan xalça kimi diqqətimi çəkdi. Qarşıdan gələn qayıqlardakı insanlar yaxınlığımızdan keçəndə bizə əl eləyirdilər, ehtiramlarını bildirirdilər.
– Bu şəhərdə hamı bir-birini tanıyır, – Teyfur dedi, – nə əhalisi var ki, heç yüz min də deyil.
İrtışın Oba qovuşduğu sulara yaxınlaşanda Teyfur motoru söndürdü:
– Ürəyinizdə arzu tutun, – dedi, – burda tutulan arzu çin olur…
…Və mən İrtışın Oba qovuşduğu yerdə, bu azman nəhrə baxa-baxa ömrümün ən kədərli bir anını yaşadım, ürəyimdə tutmağa arzu tapmadım…
Hava soyuq idi. Qayığın termometrindəki şkala sıfır dərəcənin üstündə titrəyirdi. Teyfur:
– Qızışmaq lazımdı, – dedi və qayığın sükanını mənə verdi.
Əlbəttə, bir gün qabaq ağlıma da gəlməzdi ki, Ob çayında motorlu qayıq sürərəm.
Teyfur qayığın hansı küncündənsə çıxartdığı butulkadan üç çapma stəkana araq süzdü:
– Tut arağıdı, Qusardan göndəriblər, – dedi və hərəmizə bir dilim də pendir kəsdi, – bunu da Qusardan yollayıblar, – dedi, – keçi pendiridi.
Mənim duruxduğumu görən Knyaz dilləndi:
– İçmək burda həyat tərzidi, – dedi, – amma hamı ölçünü bilir.
Teyfur qayıqda mənə bir kitab da bağışladı. Dünya şöhrətli bestsellər yazıçı Robin Şarmanın ingilis dilindən ruscaya çevrilmiş “Sən öləndə kim ağlayacaq?” kitabını. Və dedi ki, o, bu kitabın Azərbaycanda çap olunmasını istəyir. Qayıqdaca kitaba göz gəzdirəndə, mənə elə gəldi ki, “İncil”i vərəqləyirəm. İnsanda özünə inam, həyata sevgi aşılayan bu kitaba Teyfurun niyə bağlandığını tam kəsdirə bilmədim, amma hiss elədim ki, onun bu yerlərdə ən böyük arxası özünə inam duyğusudur.
“Şam”ın şəhərin mərkəzi kitabxanasında keçirilən təntənəli təqdimatında da o, parlaq çıxış elədi. “Şam”a ön söz yazmış Çingiz Abdullayevdən sitat gətirərək kitabı xalqlar arasında sındırılmış körpülərin bərpası kimi dəyərləndirdi.
“Şam”ın Azərbaycan dilinə tərcüməsində məndən az zəhmət çəkməmiş Knyaz Qoçaq isə öz çıxışına Vaqif Yusiflinin “Şam” kitabı haqqında “25-ci qəzet”də çap olunmuş resenziyasını cümlə-cümlə oxuyub, cümlə-cümlə rus dilinə sinxron tərcümə etməklə başladı.
“Şam”ın sponsoru Şahəmir Kərimov öz çıxışında etiraf etdi ki, o, hələ də kitabın müəllifi ilə şəxsən tanış deyil. Amma bu xəbər heyrət yox, alqışlara səbəb oldu.
Məşhur xantı şairi Andrey Tarxanov, Dmitri Mizqulin haqqında monoqrafiya yazmış filologiya elmləri doktoru Aleksandr Semyanov, Yuqra azərbaycanlıları “Birlik” cəmiyyətinin sədri Valeh Adıgözəlbəyov bu ədəbi hadisə ilə bağlı yaddaqalan, gurultulu alqışlarla qarşılanan çıxışlar etdilər.
Yuqra muxtar dairəsinin müxtəlif şəhərlərindən gəlmiş qəzetlərin və telekanalların müxbirləri isə ən solaxay sualı mənə ünvanladılar:
– Rusiya Federasiyasında minlərlə şair var. Dmitri Aleksandroviç hansı məziyyəti ilə seçilir ki, tərcümə üçün onun yaradıcılığına müraciət etmisiniz?
Yəqin ki, Knyaz dərhal işə qarışmasaydı, mən bu sualın altından çıxa bilməzdim. O, bu sualın cavabına diplomatsayağı – o qədər uzaqdan başladı ki, elə incə mətləblərə toxundu ki, bu da ağzına qədər dolmuş zalın alqışları ilə nəticələndi.
Dmitri Mizqulin özü də sərt bir sualla üzləşdi:
– Sizin soyadınız tatar soyadıdır. Özünüz rus şairi. Bu necə olur?
Amma olduqca hazırcavab Dmitri Aleksandroviç bu sualı zarafata saldı: hansı rusun keçmişini qurdalasan, axırı gedib Qızıl Ordaya çıxacaq.
Sən demə, xantı şairəsi Mariya Voldinanın mənə xüsusi rəğbət göstərməsi, dönə-dönə mənimlə şəkil çəkdirməsi, nə qədər qəribə olsa da, atam Kazımın adı ilə bağlı imiş. Sən demə, Tundrada xantıların yaşadığı ən böyük ərazi Kazım adlanır. Xantı ədəbiyyatının banisi və canlı klassiki Yeremey Aypin də Kazım bölgəsindəndir. Yeri gəlmişkən, təqdimatdan öncə knyazla Muxtar Dairə Qubernatorluğunda mötəbər vəzifə tutan Y.Aypini də beş-on dəqiqəliyə ziyarət etdik. Vaxtilə, yaşıdım olan Yeremeyin “Çay Yanvar ayında” və “Parisli qadın” hekayələrini Azərbaycan dilinə tərcümə etmişdim və o zaman Yeremey məni Yuqraya dəvət etmişdi.
Xudahafizləşəndə soruşdu ki, Yuqrada nə qədər qalmaq fikrindəyəm? Mən hələ dəqiq bir qərara gəlmədiyimi bildirdim.
Gülümsədi.
– Bir yerdə otursaq, pis olmazdı, – dedi, – hələ mən içə bilirəm.
“Şam”ın hava qaraldıqda başa çatan təqdimatından sonra şəhərdə yaşayan azərbaycanlıların, demək olar ki, hamısı bizi qonaq aparmaq istəyirdilər. Amma Dmitri Mizqulin yenə zarafatla hamını qabaqladı, – mən öz qonaqlarımı heç kimə etibar edə bilmərəm, – dedi.
Göy üzünün buludları çəkilmiş, hava tamam soyumuşdu:
– Qar havasıdı, – Knyaz dedi, – yağsa, Tayqanın qarını da görərdin.
Mən təəccüblə soruşdum:
– Bəyəm bura Tayqadı?
Knyaz isə, deyəsən, elə zənn etdi ki, mən onunla zarafat eləyirəm. Amma, sən demə, doğrudan, bu yerlər Tayqa imiş. Bakıdan çıxanda mənə elə gəlirdi ki, Tayqada mütləq maral sürüləri, xantı çobanları görəcəyəm, yoluma yanıbalalı ayı çıxacaq… Amma hara çöndümsə mənə, mənim xalqıma, millətimə böyük maraq göstərən insanlarla qarşılaşdım. Moskvaya uçmaq istədiyimi Knyaza bildirəndə doluxsundu:
– Qadam, nə tez, – dedi, – axı sən, deyəsən, Baykalı da görmək istəyirdin. Könlündən Tundra keçirdi.
– Qalsın gələn dəfəyə, – dedim, – deyəsən, mən bu yerlərə çox gəlib-gedəcəyəm…