Çingiz Əlioğlu
(1944)
Şair, tərcüməçi. Əməkdar incəsənət xadimi. “Nikbinlik”, “Vağzallar...Yollar...”, “Soraqlar sevgi məni”, “Ömür ağacı”, “Alnından Ay doğan adam”, “Günəşli dayanacaqlar”, “Görüşdən ayrılığa”, “Tanrını tanı” kimi şeir kitablarının müəllifidir. Rusiyanın “Yunost” jurnalının “Yaşıl yarpaq” mükafatına layiq görülüb. A.Axmatovanın, M.Svetayevanın, S.Yeseninin, İ.Şklyarevskinin, L.Tatyaniçevanın, A.Soutollun əsərlərindən nümunələri dilimizə çevirib.
Dünya, mənnən danış görüm
Dünya, boyun bircə qarış...
Qarı dünya, qımış görüm.
Ürəyimdə yağ qalmamış,
Dünya, mənnən danış görüm.
Yolların yüyrəkdi sənin,
Yerişin küləkdi sənin.
Olanım – ürəkdi mənim,
Dünya, mənnən yarış görüm.
Niyə belə yaraqlısan,
Hansı fikir, soraqlısan,
Mən haqsızam, sən haqlısan,
Dünya, mənnən vuruş görüm.
A qırışmal, gidi dünya,
Neynədin igidi, dünya?
Mən bilmirəm, sən bilirsən...
Dünya, mənnən barış görüm.
Kimlər ki, sənin...
Kimlər ki, sənin
Al qanından içiblər,
Daha səndə işləri yox,
Təqsirindən keçiblər.
Kimlərə ki, sən
Qan uddurmusan,
Rahat yata bilərsən, –
Günahından keçiblər.
Kimlər ki, səni
Min kişidən seçiblər,
Əmin ola bilərsən,
Kəfənini biçiblər…
Hesab dərsi
Gəl bir oyun oynayaq, –
Mən çıxan, sən çıxılan.
Görək qalıq nə olur,
Kimdir evi yıxılan…
Başqa bir oyun da var, –
Mən bölünən, sən bölən!
Elə endir baltanı
Uf deməsin bu ölən…
Bəs bu necədir, səncə, –
Mən vurulan, sən vuran!
Səni qane edirmi
Hasil, söylə sən quran?!
Di gəl, atam balası,
Axır tapdım çəmini!
Üstəgəldir əlası,
Birgə dadaq cəmini…
Mənim bu həyatla öz hesabım var
Mənim bu həyatla öz hesabım var,
Bilirəm pislik nə, yaxşılıq nədir?
Yaşamaq – kiminçün oyun, əyləncə,
Mənimçün gündəlik mübarizədir.
Bilirəm dadını halal çörəyin,
Yerində deyilmiş ötkəm sözün də.
Xoşbəxtəm o vaxt ki, dosta gərəyəm,
Düz baxa bilirəm düşmən gözünə.
Bir ömür yaşaram –
narahat, çətin.
Arxamca daş atan olsa da, nə qəm.
Nəsillər rahatca keçsinlər deyə
Atılan daşlardan bir yol döşərəm!
Qarabağım – qara bağrım...
O dağlara sarı
gedən o uşaqların
toylarına çox vardı,
toy yaşına çatmadılar.
O dağlara sarı
gedən o uşaqların
ana gözü oxşayan
boylarına çox vardı hələ.
öz boylarına çatmadılar.
Nə deyib getdilər,
niyə getdilər?..
And içmişdilər
Halal südə, halal çörəyə.
And içmişdilər
ayaqlarının altındakı ana torpağa,
quma, kəsəyə,
çınqıla, daşa.
Belə müqəddəs and olan yerdə
kimdi baxan boya,
kimdi məhəl qoyan yaşa?..
Getdilər, getdilər
dağlara sarı.
Getdilər
yanar kökslərində,
odlu sinədə
qərənfil bitirməyə, gül bitirməyə.
Getdilər ulu, əbədi dağlardan
əbədi ölümsüzlük gətirməyə...
Məhəbbət düsturu
Oxşardır sevginin tarixçələri...
Yatmışdıq yuxudan ayıldıq, əlbət!
Belədir bir eşqin nəticələri
Üstəgəl ayrılıq, çıxaq məhəbbət...
Heç kimə dərs deyil, olub-olacaq...
Həzz ilə zülm edir özünə millət.
Səndən gördüklərim bunlardır ancaq
Üstəgəl məşəqqət, çıxaq mərhəmət...
Hər şeydə günahkar tək məni saydın,
Biz necə olaydıq səninlə xoşbəxt?!
Cəbrinin cavabı öncədən aydın,
Üstəgəl haqsızlıq, çıxaq ədalət!!!
Nə günə qoyurdu məni o eşqin,
Hardandı səndəki bu kin, küdurət?!
Hasilə nə qaldı, indi bax sevin...
Üstəgəl miskinlik, çıxaq əzəmət...
Dedilər sınama, sınanan haqdı,
Əzilən adamdan umma dəyanət.
Gör gəlib axırı hayana çıxdı! –
Üstəgəl xəyanət, çıxaq sədaqət...
Mən ülfət unadım, sən həsrət dedin...
Dözümə tapmadım özümdə qüdrət!
İndi bu qalığı haqq-hesab edin
Üstəgəl fəlakət, çıxaq səadət...