Elektron ədəbiyyat və sənət portalı

Sənsiz darıxmışam

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 05.12.2019

 

Vaqif İbrahim

(1945-1983) 

Şair, publisist. SSRİ-Bolqarıstan “Drujba” jurnalı redaksiya heyətinin üzvü olub. “Bu torpaqda doğulanlar”, “Ömür balladası”, “Dünyanın keşiyində”, “Mehribanlıq işığı”, “Taleyimə yazılanlar”, “Vaxtla üz-üzə” və digər kitabların müəllifidir. M.Qorki adına Ümumittifaq mükafata layiq görülüb.

 

Sənsiz  darıxmışam

Şəhər evlərinə sığışmıram  mən,

Beton divarları, de, necə sevim?

Çoxdandır yanına yığışmıram mən,

Bağışla sən məni, ay ata evim.

 

Yoruldun sən mənə “gəl”, “gəl” deməkdən,

Tükəndi söhbətin, qurudu arxın.

Arxamca boylanıb yol gözləməkdən,

Gözün nurdan düşdü,

söndü çırağın...

Gəlir uşaqlığım, gəlir yadına,

Necə oxşayardım çəmən telini.

Səsləyib yoruldun,

saldın yanına

Bacandan yüksələn tüstü əlini.

 

Bilirəm, əlini məndən üzərək

Küsüb oturmusan daş üstündə sən.

Məni görən kimi, sandım uşaqtək

Sevincdən üstümə yüyürəcəksən...

 

Sənsiz darıxmışam, darıxmışam mən,

Hasarın boyuma sanki biçilib.

Mən qoyub getdiyim o ev deyilsən,

Bir az sınıxmısan,

Boyun kiçilib...

 

Üfürüb sobanı nəfəsimlə mən,

Çoxdan oxşamıram tüstü telini.

Odunlar istidən bişən, ləhləyən,

İt kimi çıxartmır alov dilini.

 

Qəlbimdə həmişə doğmadır yerin,

Səninlə könlümə bir qürur gəlib.

Silinib toz basmış pəncərələrin,

Elə bil gözünə işıq, nur gəlib.

 

Dəyişib səmtini zaman da sanki,

Salıb öz yolunu indi yanından.

Bacadan yüksələn tüstü deyil ki,

Çəkdiyin həsrətdi çıxır canından.

 

Cavabdehəm

Ömrüm qürub eləyən

Minlərin, milyonların

Ömrünün davamıdır.

Bu şərəfli bir ömrə

Dünyada cavabdehəm.

Adım,

Mənə ən yaxın

bir insanın adıdır,

Bu ada cavabdehəm...

Özümə cavabdehəm.

Ömrümdən düşüb qalan

İzimə cavabdehəm...

Narahatam hər zaman.

Ömrümün üfüqündən boylanan 

Qara gözlü, gülər üzlü

Bir qıza cavabdehəm.

O, yadıma düşəndə

Qəlbim sərinlik içir...

İnsanam, bəli, insan!

Bu dünyanın taleyi

Gəlib əlimdən keçir...

Buna görə dünyaya

Bəli, mən cavabdehəm.

 

Bəşərin sabahına

İndidən cavabdehəm.

Düşünürəm anbaan:

Taleyim də özümə

əgər tapşırılmasa,

Özümü insan sana

 

bilərəm nə haqla mən?

İnsanam, əsl İnsan!

Dünyanın taleyinə

Cavabdeh olmaqla mən!!!

      

Səni  düşünürəm

Gecə...

səni düşünürəm,

gecəm –

ovcumda sıxdığım kağız kimi

əzik, qırışıq...

Küçəyə _

pəncərəmdən,

ürəyimə –

uzaq-uzaq  xatirələrdən

düşür işıq...

       

Həyat ağacı

Həyat nəhəng,

Qocaman ağacdır,

bizik barı.

Qəbirlər bu ağacın

xəzan vurmuş-tökülmüş

sapsarı yarpaqları.

 

İçərişəhər 

Axşamüstü

daş hasarlar arasında iri gözdür.

Daş kirpiklər arasında

parıldayan qara gözdür.

 

Yaşamaq eşqi 

Qəbiristanlıq...

Sinif otağı kimi sakit.

Elə bil kimsə sual verib,

dinc qoymayıb dilini:

– Kim yaşamaq istəyir?

Hamı əlini qaldırıb,

başdaşına dönmüş əlini...