1947-ci ildə “Hamısı mənim oğlum idi” pyesi səhnəyə qoyulandan dərhal sonra dünənəcən heç kimin tanımadığı jurnalist və yazıçı Artur Miller nəinki vətəni ABŞ-da, hətta bütün dünyada populyarlaşdı, qeyri-adi, özünəməxsus baxışları olan dramaturq kimi şöhrət qazandı. Bəs onu digər dramaturqlardan fərqləndirən nə idi? Seçilmiş pyeslərindən ibarət külliyyatına yazdığı ön sözündə teatr və müasir dramaturgiya ilə bağlı fikirlərini açıqlayarkən o, həm də müəyyən mənada bu sualın cavabını verir: “Dramaturq elə yazmalıdır ki, tamaşaçı onun pyeslərini sənət əsəri kimi yox, həyatın özü kimi qəbul etsin. Dramaturq gərək hələ “havada gəzən” və gerçəkdə öz əksini tapmayan, hamının mənəvi sərvətinə çevrilməyən ideyaları seçib kütləyə yaya bilsin.
...Mənim pyeslərim məhz “havada gəzən” ideyaların əksidir. Bu pyeslərlə oxuculara onların özlərinin anlamadıqları və ya anlamaq istəmədikləri həqiqətləri göstərmək istəmişəm”.
Miller dramaturgiyasının bütün Qərb aləmini bürüyən böyük şöhrəti bir daha sübut edir ki, müəllif öz pyeslərində, həqiqətən də, “havada gəzən” ideyalara ustalıqla toxunmağı bacarıb.
Bunlar nə ideyalar idi?
Əvvəlcə müəllifin ilk olaraq səhnələşdirilən “Hamısı mənim oğlum idi” pyesinə diqqət edək. Bu pyesdə hadisələr müharibə vaxtı cəbhəyə silindr başlıqları göndərən kiçik əyalət fabrikantının ailəsində cərəyan edir. Bu ailənin bütün üzvlərinin taleyi də sanki müharibənin içindədir. Hər iki oğul Amerika ordusunun əsgəri kimi döyüşüb və onlardan qırıcı-təyyarəçi olan oğul itkin düşüb. Artıq heç bir ümid işartısı olmasa belə, ana hələ də onun yolunu gözləyir. Ananın bu gözləntiləri pyesin ovqatına əlavə gərginlik və həyəcan qatır.
Ailənin başçısı Co Keller ömrü boyu varlanmaq arzusunda olub və nəhayət, müharibə ona bu imkanı yaradıb. Amma nəyin bahasına? Pyesin kulminasiyası da məhz burada açılır.
Pyesin o biri qütbündə isə Co Kellerin oğlu Kris dayanır. “Əsl kişilik cəbhədəydi” – Kris bu qənaətdədir və ətrafındakıların onun qənaətlərini bölüşmədiyini bilsə də, sonacan öz ideyalarına sadiq qalır. Atasının cinayətini biləndə tələb edir ki, özünü hüquq-mühafizə orqanlarına təslim etsin. Amma atanın da dünya və həyatla bağlı öz baxışları var: “Bu müharibədə kim havayı işləyib? Məgər kimsə qabaqcadan pulunu almamış cəbhəyə cəmi bir mərmi, ya yük maşını göndəribmi? Onlar təmiz pullar idi? Amerikada təmiz pul yoxdur”.
İnsan həyatda uğur qazanmaq üçün hansı keyfiyyətlərə malik olmalıdır? Məgər cəmiyyətdə özünə layiqli yer tapmaq üçün mütləq normalardan kənara çıxmaq, yaxud cinayət etmək lazımdır? “Hamısı mənim oğlum idi” pyesində olduğu kimi, dramaturqun bir il sonra – 1948-ci ildə səhnələşdirilən, çox güman ki, onun yaradıcılığının vizit kartı sayılan məşhur “Kommivoyajörün ölümü” pyesi də məhz bu sualların izahını axtarır.
Pyesin qəhrəmanı – bir çoxlarının Şekspirin məşhur Kral Lirinə bənzətdiyi Villi Lomen Amerikanın ticarət şirkətlərinin birində otuz ildən artıqdır kommivoyajör işləyir. Cavanlıqda – hələ canının sulu vaxtlarında o, şirkətə xeyli qazanc gətirib. Ona elə önəm verilib ki, hətta yaxın vaxtlarda şirkətin şəriklərindən biri olacağını güman edib. Amma bütün insanlar kimi vaxt onun üçün də öz hökmünü verib: Villi qocalıb və şirkət daha onun xidmətlərinə ehtiyac duymadığından küçəyə atılıb.
Villi bütün həyatı boyu bu qənaətlə yaşayır ki, “cəmiyyətdə üzdə olmaq üçün əsas şərt zahiri görkəm, şəxsi cazibədarlıqdır”. Amma zaman keçdikcə o daha aydın dərk edir ki, fəlsəfəsi gerçəkliklə uzlaşmır.
Pyesdə onun qardaşı, uğurlu iş adamı Ben Lomenin fəlsəfəsi Villinin fəlsəfəsinə qarşı qoyulub. Müəllifin təqdimatında Ben bütün həyatını “cəngəllik qanunlarıyla” yaşayıb. “Almaz sahibi olmaq üçün gərək cəngəlliyə girəsən”, – Benin qardaşına məsləhəti belə olub. Amma Villi bununla razılaşmaq istəmir və yalnız pyesin sonunda başa düşür ki, onun həyat fəlsəfəsi düzgün deyilmiş, Ben haqlı imiş: “...İndi hər şey quru hesablamayla müəyyənləşir... şəxsiyyət heç bir rol oynamır”.
“Kommivoyajörün ölümü” pyesində ideya münaqişəsi iki yol, iki həyat fəlsəfəsi – Villi və Benin fəlsəfəsi üzərində qurulur.
Artur Miller yazırdı ki, Villi Lomenin tarixçəsini özündən uydurmayıb, həyatdan götürüb. Belə insanlar bugünkü Amerikada kifayət qədərdir. Yəqin, elə bu səbəbdən də pyes səhnəyə qoyulandan sonra Amerikanın müxtəlif yerlərindən olan insanlar müəllifin yanına gələrək ona Villiylə eyni həyatı yaşadıqlarını demişdi.
Bəs XX əsrin Şekspiri, Amerika dramaturgiyasının əfsanəsi olan Artur Miller özü hansı həyatı yaşayıb?
O, 1915-ci ildə Nyu-Yorkda sahibkar ailəsində dünyaya gəlib. Millerin valideynləri – anası Avqusta və atası İsidor çox övladcanlı olublar. Nyu-Yorkun yerli sakini Avqusta oğlanları Kermit və Arturun təlim-tərbiyəsi ilə ciddi məşğul olur, müntəzəm şəkildə sinaqoqa gedir, müqəddəs ailə ocağını qoruyurdu. Polşa mühacirlərinin törəməsi olan həyat yoldaşı İsidor da ona sədaqətli ər, övladlarına əsl ata idi. Amma Böyük böhran İsidorun biznesinə də güclü zərbə vurdu. Bununla belə, ailə hər şeyə tab gətirə bildi.
Artur 1940-cı ildə Meri Qrey Sletteri ilə nikah bağladı. Ər-arvad 15 ildən artıq birlikdə yaşadı, 2 övlad böyütdü, amma sonda ayrıldılar. Və günlərin birində Artur teatr camiəsinin təşkil etdiyi ziyafətlərdən birində Merilin Monronu gördü. Merilin barda oturub şərab içirdi. Onlar bir qədər oradan-buradan danışandan sonra ayrıldılar. Səhəri gün o, rejissor Li Strasberqdən telefon nömrəsini alıb Merilinə zəng vurdu və görüş təyin etdi. Beləcə, onların təxminən bir il hamıdan gizlətdikləri eşq romanı başlandı.
Merilinlə Miller 1956-cı ildə toy etdilər. Yeri gəlmişkən, Merilin bu toyun yəhudi adət-ənənələriylə keçirilməsini arzulayaraq hətta iudaizmi qəbul etdi. Onların münasibətlərində ilk çat Merilinin onun təsadüfən stolun üzərində qoyduğu qeydləri görərkən yarandı. Burada Miller qeyd etmişdi ki, Merilin öz dəlisovluğu ilə ona birinci arvadını xatırladır. Merilin bundan bərk incimişdi.
Toydan sonra xanımının roman həddinə çatmayan ani eşq macəraları barədə qulağına söz-söhbətlər çatsa da, Miller ondan şübhələnmirdi. Bir gün isə o, yadından çıxmış qəlyanını götürmək üçün evə qayıdanda Merilini məşhur aktyor İv Montanın... ağuşunda gördü.
Millerin üçüncü və sonuncu xanımı isə fotoqraf İnqe Morat oldu.
Qərbin ən nüfuzlu teatrşünasları Artur Miller dramaturgiyasını XX əsrin böyük sənət hadisəsi hesab edirlər. Miller yaradıcılığı, demək olar, bütün teatr araşdırmalarının baş mövzularındandır, hətta onun tələbəlik illərində Miçiqan Universitetinin divarları arasında yazdığı təxminən 8 pyesi də tədqiq olunur.
Millerin, demək olar, bütün pyeslərinin qəhrəmanları, əsasən, həyatda öz yerini tapa bilməyən, təsadüfdənmi, ya zərurətdənmi taleyin istehzasına tuş gəlmiş insanlardır. Bir pyesində isə dramaturq bu ideyanı tam çılpaqlığı ilə açır. Həmin pyes “Bəxti gətirən adam” adlanır. Bu pyesdə tale, qəzavü-qədər antik yunan dramaturgiyasında, o cümlədən bizim böyük Mirzə Fətəli Axundzadənin əsərlərində olduğu kimi ön plana çıxır. Bu pyesdə, demək olar, heç kimin bəxti gətirmir, özü də qəzavü-qədər səbəbindən. Esterin atası qoca Folk maşın altına düşür, Deyvidin xeyirxahı Den Dibbl bütün var-dövlətindən olur, Qus, Cey Bi və Şorinin şəxsi həyatı, qəhrəmanın qardaşı Eymosun isə karyerası alınmır. Bəli, Deyvidin atası Pet ilə Bell xalanı da bəxti gətirməyənlər sırasına qatmaq olar. Yalnız Deyvid Bivz qarşımızda bəxtəvərlik mücəssəməsi kimidir: onun əli nəyə dəyirsə, sözün hər mənasında qızıla çevrilir.
İlk baxışdan elə görünə bilər ki, adama bundan artıq nə lazımdır? Amma Deyvidə “lənətə gəlmiş bir sual” əzab verir. Niyə axı bəxt həmişə məhz onun üzünə gülür? Bəlkə, bir gün bu bəxtin üzü gülməkdən doydu? Onda necə, hər şey məhv olacaq? Stanislavski demişkən, “əgər tüfəng divardan asılıbsa, gec-tez açılmalıdır” axı.
Deyvidə elə gəlir ki, onun arvadı ölü uşaq doğacaq, onun samurlarının hamısı gəbərəcək və o, müflis olacaq. Qisas anı nə vaxtsa baş verməlidir! Amma hər şey yaxşı – tipik amerikan heppi-endiylə yekunlaşır ki, əslində, belə də olmalıydı. Çünki Deyvid Bivz, həqiqətən də, yaxşı adamdır və o, layiq olduğunu alır.
Millerin bir tragik kimi yaradıcılığının təhlili üçün “Qiymət” pyesi xüsusi imkanlar açır. Bu pyes gerçəklər və illüziyalar, həqiqət və yalan, insanın bu dünyada yaşayışının hansı məqsəd daşıması və bir də ən əsası – doğmalar arasında əlaqələrin itməsi haqqındadır.
Hadisələr bir neçə il əvvəl Frans qardaşlarının atalarının öldüyü köhnə evdə cərəyan edir. Balaca qardaşın, polis Viktorun qənaətincə, atanın axırına yoxsulluq çıxıb. Gəncliyində atasına qulluq etməklə Viktor öz gələcəyini ona qurban verib. O, çox qabiliyyətli bir gənc olsa da, imkansızlıq ucbatından təhsilini davam etdirə bilməyib. Viktor evdəki əşyalara qiymət qoymaq üçün əntiq mağazasının qiymətləndiricisi Solomon Qreqorini bura dəvət edir. Böyük qardaş həkim Uolter də gəlir. Elə “çək-çevir” də onda başlayır. Uolter və Viktor öz həyatlarını “tərəziyə qoyub” hansının daha ağır gəldiyi, hansı “qiymətə” olduğu sualına bir-bir cavab istəyirlər. Əsərin kompozisiyasını da elə bu müəyyənləşdirir. Mebelin qiyməti ilə insan əməllərinin qiyməti paralel üzə çıxır.
Bu həyat yürüşündə kim birinci olubsa, onun qiyməti də çoxdur. Deyəsən, finişə birinci Uolter çatıb, bu yürüşün qalibi də məhz odur. Amma bu qələbə nəyin bahasına başa gəlib? Onun psixikası pozulduğundan xəstəxanaya düşüb, ailəsi dağılıb.
Bəs Viktor, “oyundankənar” mərhəmət mücəssəməsi olan bu insan necə, xoşbəxtdirmi? Onun da taleyi zədəlidir. Belə ki, təhsil ala bilmədiyindən o bütün ömrü boyu istəmədiyi işlə məşğuldur, adam kimi yaşamaq istəyən arvadının üzünə baxa bilmir.
Frans qardaşları bundan sonra çətin bir-birini anlayalar – aradan çox sular axıb...
Bu psixoloji dramdan dörd il sonra – 1972-ci ildə Artur Miller bir qədər fərqli – “Dünyanın yaranışı və başqa-başqa işlər” pyesini yazır. Müəllif özü bu pyesin janrını müəyyənləşdirməsə də, ənənəvi Miller mövzusu – seçim, günah və məsuliyyət hissi – əsərdə öz əksini tapır.
Pyesdə doqquz iştirakçı var: Tanrı, Lüsifer, Adəm, Həvva, üç mələk – təbib Rafail, ölüm mələyi Əzrail, mərhəmət mələyi Hemuil, Qabil və Habil. Pyes başlayan kimi aydın olur ki, Miller öz diliylə (daha doğrusu, qəhrəmanlarının diliylə) Əhdi-ətiqin ilk dörd fəslini təqdim edir. Yeri gəlmişkən, müəllifin bu müqəddəs yazıya olan istehzalı münasibəti dərhal üzə çıxır. “Dünyanın yaranışı”nda nəinki Lüsifer, ilk bəndələr, mələklər, hətta Tanrı özü də gülüş obyektinə çevrilir; məsələn, Tanrı bəyan edir ki, o, əvvəlcə hansısa bir işi görür və yalnız bundan sonra nə etdiyi barədə düşünür. İnsanın yaranışına gəlincə, bu, olsa-olsa, onun eksperimentidir. O, əvvəlcə şimpanzeni yaratdı və gördü ki, gildən bir az qalıb. Odur ki insanı da... yaratmaq lazım gəldi.
Amma pyesin sonunda çox şey dəyişir. Bibliyaya görə, qətl törədilməlidir və deməli, qəhrəmanın ölümüylə səhnədə janr dəyişərək faciə ilə əvəzlənməlidir. Beləliklə, Qabilin Habili öldürməsindən sonra son altı səhifədə müəllif kinayəsi yox olur. Tanrı ilə Lüsifer arasında intellektual mübarizə davam etsə də, pyesin tonu dəyişir. Çox güman ki, Miller bununla belə demək istəyir: ali qüvvələr bir-biriylə o qədər məşğuldurlar ki, başları bir-birinə o qədər qarışıb ki, insanı düşünmək hayında deyillər. İnsan isə onları mərhəmətə çağırır (Adəmin son replikası). Və aydın olur ki, nəticədə fars tragediya ilə əvəz edildi. Yeri gəlmişkən, dünya dramaturgiyasında farsın tragediyaya keçidi çox nadir hallarda təzahür edir.
“Ağır sınaq” pyesində isə Miller “Kommivoyajörün ölümü”ndə başladığı mövzunu davam etdirərək daha da dərinləşdirir. Yəni əgər bu gün müasir Amerikanı cəngəllik qanunları idarə edirsə, bunun kökünü harada axtarmaq lazımdır? Bu məqamda dramaturq keçmişə nəzər salır.
Miller ABŞ tarixini araşdırarkən 1692-ci ildə Seylem şəhərində baş vermiş çox məşhur faciəvi tarixçəyə istinad edir. Bu faciə Amerika qitəsində ilk məskən salanların həyatında baş verir. Qeyd edək ki, bu pyes dünyanın müxtəlif teatrlarında ayrı-ayrı adlarla səhnələşdirilib: “Seylem məhkəməsi”, “Əcinnə ovu”, “Seylem cadugərləri”… “Ağır sınaq” dramının mərkəzində Con və Elizabet Proktorların taleləri dayanır. Bir vaxtlar Con Proktorun məşuqəsi və evinin qulluqçusu olmuş hiyləgər, yalançı və riyakar Abiqayl, Seylemin digər sakinləri ilə bərabər, Conun arvadı Elizabeti də iblislə əlaqədə ittiham edir. Qız ümid edir ki, əgər Elizabet edam olunarsa, Con onunla evlənəcək. Amma əslində, Abiqayl özü də qurbandır – təmiz insanlara şər atmaqla onların torpaqlarına, var-dövlətlərinə sahib çıxmaq istəyənlərin əlində bir alətdir.
Hələlik müttəhimlər kürsüsündən kənarda qalan Con Proktor günahsız insanlara ölüm hökmü kəsilməsiylə barışa bilmir. Con cəsarətlə onların müdafiəsinə qalxır və bununla da özünə “quyu qazır”. Şər-böhtanın hədəfinə tuş gələn Con da canını xilas etmək üçün gərək iblislə əlaqədə olduğunu “etiraf etsin”. Amma belə bir etiraf günahsız günahkarlara qarşı satqınlıq olardı. O öz əqidəsinə qarşı getməkdənsə, ölümü üstün tutur.
“Ağır sınaq”da Miller hər bir insanın qəhrəmanlığa qadir olduğunu təsdiq edir. Xalqın içindən çıxmış Con Proktor sonda az qala sınsa da, vicdanı buna yol vermir. O, insan ləyaqətinin, vicdanının, məsuliyyətinin rəmzi kimi çıxış edir. Dramaturq qeyd edir ki, hətta həyatın bahasına olsa belə, gərək bu idealları qoruyasan.
Amma bu pyesdə dramaturqun qarşıya qoyduğu əsas məsələ Seylem faciəsinə gətirib çıxaran səbəbləri araşdırmaqdır.
Necə oldu ki, tamah məqsədi güdən bir dəstə insan Seylemin ən layiqli vətəndaşları üzərində bu hökmü həyata keçirə bildi? Miller pyesə yazdığı son şərhində həmin sualın cavabını verir. İzah edir ki, bu məsələdə günah hər şeydən əvvəl şəhər sakinlərinin özlərində olub.
Şərəf və ləyaqət hisslərinə sədaqət, satqınlığın bütün təzahürlərinə qarşı amansızlıq kimi insani keyfiyyətlər dramaturqu daim düşündürüb.
“Körpüdən görüntü” pyesində isə müəllif bu mövzunun daha dərin qatlarını açmağa müvəffəq olub.
Bu pyesin qəhrəmanları da adi insanlardır. Amma bu dəfə hadisələr müasir dövrdə cərəyan edir. Hadisələrin mərkəzində İtaliyadan Amerikaya pul qazanmaq məqsədilə gəlmiş ucuz işçi qüvvəsinin – mühacirlərin həyatının təsviri dayanır. Miller pyesində bu insanların taleyinə işıq tutur.
Limanda yükvuran işləyən Eddi Karbonenin uşaqlıqdan öz qızı kimi saxlayıb böyütdüyü Ketrin on yeddi yaşında gözəllər gözəlinə çevrilib. Eddi öz vicdanına hesabat vermədən bu qıza vurulub. Amma Ketrin bir az pul qazanmaq məqsədilə qardaşı Markoyla Amerikaya gəlmiş gənc italiyalı Rodolfoya ərə gedir. Bu zaman Eddi qısqanclıq zəminində satqınlığa əl atır. O bu iki italiyalının yerini miqrasiya idarəsinə nişan verir. Və vicdanı, qeyrəti, insani dəyərləri hər şeydən üstün tutan Marko sonda Eddini qətlə yetirir.
Eddinin bütün keçmiş dostları da, ömrü boyu bir yerdə işlədiyi insanlar da Markonun tərəfini tutur. Onlar Eddinin bu hərəkətinə heç cür bəraət qazandıra bilməyərək ondan üz döndərirlər. “Körpüdən görüntü”yə maksimal gərginlik gətirmək, təsvir olunan hadisələri ümumiləşdirmək, onlara haradasa zamansızlıq ovqatı vermək üçün Miller bu pyesi antraktsız, birpərdəli edib. Bununla o istəyib ki, tamaşaçıları qəhrəmanlarını, xüsusən Eddini bürümüş “ehtirasların” izaholunmazlığına inandıra bilsin. Bütün pyes vəkil Alferinin dilindən nəql olunur. Hadisələrin gedişinə fasilə verərkən Alferi bu tarixçəni şərh edərək tamaşaçıların diqqətini qəhrəmanların yaşadıqları daxili psixoloji münaqişələrə yönəldir. Pyesin prozaik mətni tez-tez ağ şeirlə əvəzlənir.
ABŞ-da və Avropada tənqidçilər, o cümlədən ictimaiyyət bu pyesdə qoyulan kəskin sosial problemləri müəllifə bağışlamaq istəmirdilər. Odur ki Miller istər-istəməz pyesi dəyişdirmək məcburiyyətində qaldı.
Birinci variantda onu daha çox satqınlığın gətirdiyi bəlalar düşündürmüşdüsə, ikinci variantda artıq müəllif süjeti sevgi melodramı üzərində qurur. Melodramatik elementlərin çoxluğu isə pyesi haradasa bədiilik və bütövlükdən məhrum etdi.
Ən böyük dəyişikliyə məruz qalan Eddi obrazı oldu. Bununla da bütün pyesin traktovkası dəyişdi. Artıq yeni variantda Miller Eddinin satqınlığına bəraət qazandırırdı. Yəni elə şərait yarana bilər ki, insan istər-istəməz insani yoldan dönməyə məcbur olar.
Artur Miller bir neçə nəsr əsərinin də müəllifidir. Amma əlbəttə ki, o bütün dünyada məhz pyesləri ilə tanınır.
Yaşar