Vahid Əziz
(1945)
Xalq şairi, 1991-1997-ci illərdə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin katibi olub. “Mən küləyi görürəm”, “Aylı pəncərə”, “İllərin baharı”, “Əllərimin kölgəsi”, “Dözmək olmur” kimi şeir kitablarının müəllifidir. Aqostinyo Nettonun “Azadlıq nəğmələri” şeirlər silsiləsini dilimizə çevirib.
Daha yerdə gəzmək olmur...
Dağ başında qar üstünə qar gələr,
Gileylənmək zirvələrə ar gələr,
Hər nə geysəm vücuduma dar gələr,
Bu darlığa dözmək olmur, ƏZİZİM...
Əzəl gündən dünya yalan dünyadı,
Baha satan, ucuz alan dünyadı,
Arzuları nakam qalan dünyadı,
Dağılanı düzmək olmur, ƏZİZİM...
Kaş ki, dünya zalımlığın ataydı,
Qəlbim bir an istəyinə çataydı.
Yaşamağım göz yaşımdı, haraydı...
Göz yaşında üzmək olmur, ƏZİZİM...
Dalğalara yalvarmaqdan bezmişəm,
Hönkürməkdən, ağlamaqdan bezmişəm,
Səndən ayrı yaşamaqdan bezmişəm,
El-obadan bezmək olmur, ƏZİZİM...
Heç bilməzdim daşım belə ağırdı,
Bəxtim belə biçarədi, fağırdı,
Gedəcəyəm, göylər məni cağırdı.
Daha yerdə gəzmək olmur, ƏZİZİM...
Bağışla məni, vətən...
Oğulluq etmədim sənə, bağışla,
Vətən, günahımdan keç, keçə bilsən.
Bütün boyaları yudu yağışlar –
Gəl, ağı qaradan seç, seçə bilsən.
Gör, nələr əkmişdim, nələr göyərdi?
Gör, kimlər ömrümün barını dərdi?
Hər yanda boy atıb tikan cücərdi –
İndi bu “zəmini” biç, biçə bilsən.
Yad mənəm! Özgələr qədir biləndi!
Namərdlik üstünə hardan ələndi?
Dilim də, ağlım da Tanrı verəndi –
Bir qurtum zəhərəm, iç, içə bilsən.
İllərlə qapımı döyən olmadı,
Körpətək hönkürdüm – öyən olmadı,
Heç yanda sözümü deyən olmadı –
Necə dayaq durdu küt, gicə – bilsən?!
Nə var ki, mənsiz də dözə bilərsən,
Azmıdır dünyada didərgin gəzən?
Yurdundan uzaqda gözəl gün gəzən –
Nə çoxdur qürbətdə yol, küçə – bilsən?
Hara üz tutacam, indi nə fərqi?
Gileyim xalıtək yolları sərdi,
Torpaqdan ayrıldım – dizim titrədi –
İndi, Vahid Əziz, köç, köçə bilsən?!
Vətən, günahımdan keç, keçə bilsən...
İnanma...
Bir zamanlar ləngiyəndə bircə an,
Dönə-dönə səslənərdi: “Yubanma!”,
Söylənərdi: “Nə intizar, nə hicran?”
Mənə inan, ayrılığa inanma!”.
Oxuyardı: “Sənə ümid bağlaram,
Təkcə səni ürəyimdə saxlaram,
Unudulsam, elə sellər ağlaram –
Bu cür dəli leysan yağa, inanma!”.
Ovsunladı bir sehrli gülüşnən,
Atıb getdi saçımdakı gümüşnən,
Tox oldusa bir ötəri görüşnən –
Yalvarsan da, qayıtmağa inanma.
Xatırlayıb yalan andlar içəni,
Varaqladım o yağmurlu gecəni;
Görməyincə yar könlünnən keçəni –
Ürəyində saxlamağa inanma...
Kimə çatdı bəslədiyin güllərin,
Nə bilərsən həsrətisən kimlərin?
Qəfil gəlib, oxşadığın əllərin
Gözlərini bağlamağa inanma...
Oxşamır...
Səsi elə həzin gəlir;
Amma kamana oxşamır,
Nədən deyib, nədən dinir? –
Kömək umana oxşamır.
Şumda oldum öküz tayı,
Bu üz bizim, o üz – tayı,
Yaxşılığın əkiz tayı,
Yaman-yamana oxşamır.
Odlananın canı yanar,
Külə dönər damar-damar,
Dövran – kimə desən yanar,
Mənə yanana oxşamır.
Günəş gətirər sabahı,
Doğmuş üfüq hələ zahı!
Qalma burda, söz sərrafı –
Sənin yuvana oxşamır.
Qırmaz onu qorxu-hədə,
Aşiq qəfəsə düşsə də,
Ürək həvəsə düşsə də,
Könül cavana oxşamır.
Qeydimə qaldığın nədi?
Nə verdin, aldığın nədi?
A dünya, çaldığın nədi? –
Köhnə havana oxşamır...