Elektron ədəbiyyat və sənət portalı

Getmək istəyirsən, bəhanəsiz get

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 09.12.2019

 

Nüsrət Kəsəmənli

(1946-2003)

Şair, publisist. Respublika Komsomolu mükafatı laureatı (1982). C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru (1985) vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar İttifaqının VI, VII qurultayında İdarə Heyətinin üzvü, poeziya şurasının sədri seçilib. “Sevirsənsə”, “Gözlərimin qarası”, “Özümə bənzədiyim günlər”, “Gümüş yuxular”, “Təklikdə danışaq” adlı şeir kitablarının müəllifidir. Ssenariləri əsasında “Boş kəndlərin harayı”, “Mövzu üzrə improvizə”, “Ənbizlərin keşiyində”, “Azərbaycana səyahət” adlı sənədli, “Afroditanın qolları”, “Qarabağ əhvalatı” bədii filmləri çəkilib. 

       

Getmək istəyirsən, bəhanəsiz get 

Gətmək istəyirsən, bəhanəsiz get,

Oyatma mürgülü xatirələri.

Səsin həmin səsdir, baxışın ögey,

Gedirsən, səsin də yad olsun barı...

 

Sən dəniz qoynuna tullanmış çiçək,

Üstünə dalğalar atılacaqdır.

Saxta məhəbbətin saxta sənədtək

Nə vaxtsa üstündə tutulacaqdır.

 

Döşənib yollartək ayaqlarına

Sənə yalvarımmı?... bu mümkün deyil!

Qoymaram qəlbimtək vüqarım sına,

Alçalıb yaşamaq ömür-gün deyil.

 

Demirəm sən uca bir dağsan, əyil,

Demirəm qalıbdır əlacım sənə.

Nə səndə məhəbbət qara pul deyil,

Nə mən dilənçiyəm əl açım sənə...

 

Getmək istəyirsən... O yol, o da sən...

Bir cüt göz baxacaq arxanca sənin.

Getdinmi... Nə vaxtsa dönmək istəsən,

Tikanlı yastığa dönəcək yerin.

 

Getmək istəyirsən... Nə danış, nə din!

Yox ol uzaqlartək dumanda, çəndə...

Nəyimi sevmişdin? Deyə bilmədin,

İndisə yüz eyib görürsən məndə.

 

Getmək istəyirsən, bəhanəsiz get,

Oyatma mürgülü xatirələri.

Səsin həmin səsdir, baxışın ögey,

Gedirsən, səsin də yad olsun barı...

 

Biri vardı, biri yox...

Olan olub, keçən keçib, bəlkə də,

İndi daha kövrəlməyin yeri yox.

Ömrüm boyu belə gəlib mənimki,

Əvvəlindən biri vardı, biri yox.

 

Uzaqdaydı mən istəyən ocaqlar,

Ürəyimdən gəlib keçdi sazaqlar.

Atalıydı, analıydı uşaqlar,

Bizim evdə biri vardı, biri yox.

 

Gözlərimə doldurmuşam yağışı,

Bir köynəkdə çıxarmışam mən qışı.

Şalvar-pencək geyinirdi tay-tuşum,

Məndə isə biri vardı, biri yox.

 

Üzüm güldü, tələbəyəm deyəndə,

Sıxılırdım dost pencəyi geyəndə.

Müəllimlə dil tapa bilməyəndə,

Qiymətimin biri vardı, biri yox.

 

Qəlbim yandı ilk sevgimdən, eşqimdən,

Dara düşdüm, əl ummadım heç kimdən.

Məclislərdə can deyib can eşidən

Dostlarımdan biri vardı, biri yox.

 

Mən orduya nələr görüb getmişdim,

Ürək alıb, ürək qırıb getmişdim.

İki qıza könül verib getmişdim,

Qayıdanda biri vardı, biri yox...

 

Uzaq gəzdi əmi, dayı, bibilər,

Sözarası mənə “evlən” dedilər.

Nişan üçün iki şey istədilər,

Məndə isə biri vardı, biri yox.

 

Vaxt gələcək bu günü görəcəksən,

Çox suala gözünü döyəcəksən.

Vaxt gələcək sən özün deyəcəksən,

Deyəcəksən: “biri vardı, biri yox!”

 

Daha nağıllara inanmıram mən

Çapıb öz atını Ağatlı getdi,

Atları şimşəkdən qanadlı getdi,

Uşaq yaddaşımı qanatdı getdi,

Daha nağıllara inanmıram mən.

 

Nənəmin inamı, dərdli nağıllar,

Namərdə aldatdı mərdi nağıllar,

Bizi yuxulara verdi nağıllar,

Daha nağıllara inanmıram mən.

 

Uşaq ovutmağa bir noğul idi,

Sözlərdə yaşayan bir ağıl idi,

Yaxşı adamlar da bir nağıl idi,

Daha nağıllara inanmıram mən...

 

“Sim-sim”i sözlə yox, zorla açdılar,

Tilsimi min cürə yolla açdılar,

Him-cimi möhürlü qolla açdılar,

Daha nağıllara inanmıram mən.

 

Fatmalar ayağı kəndirdə qalmır,

Xəmrimiz küt gedir, təndirdə qalmır,

Qarğalar tülküyə daha aldanmır,

Daha nağıllara inanmıram mən.

 

Acı həqiqətlər bal dadır indi,

Arısı olmayan bal satır indi,

Keçəli saçlılar aldadır indi,

Daha nağıllara inanmıram mən.

 

Elə yuxularda atlar kişnədi,

Divləri qazana saldım, bişmədi,

Gözlədim göylərdən alma düşmədi,

Daha nağıllara inanmıram mən!..

 

Bir sevda ağlayır içimdə mənim

Gəl dedim, köksümə yaralı düşdü,

Əl açdım, əllərim aralı düşdü,

Ona bu ağ dünya qaralı düşdü,

Bir sevda ağlayır içimdə mənim.

 

Qədri bilinmədi, ömrü qırıldı,

Həsrət boyun bükdü, hicran yoruldu,

O hər gün incidi, hər gün vuruldu,

Bir sevda ağlayır içimdə mənim.

 

Min gül solduranlar, min gül dərdilər,

Yüngül çiçəkləri, yüngül dərdilər,

Mən ürək açanda baxıb gördülər,

Bir sevda ağlayır içimdə mənim...

 

Dünəni bükülü xatirəsinə,

Vurğundur bu günü xatirəsinə,

Qısılıb mürgülü xatirəsinə

Bir sevda ağlayır içimdə mənim...

 

Bacara bilmədim özüm-özümlə,

Dil tapa bilmədi işim sözümlə,

Mənim fəryadımla, mənim gözümlə

Bir sevda ağlayır içimdə mənim.

 

Mənəm daş daşıyan o məhəbbətə,

İtmiş qaş daşıyam o məhəbbətə,

Özüm başdaşıyam o məhəbbətə,

Bir sevda ağlayır içimdə mənim...

 

Gec oldu qədrini mən biləndə də,

Sevinci yaşayıb, qəm böləndə də,

Üzümə baxmayın, mən güləndə də,

Bir sevda ağlayır içimdə mənim...

 

Yumul, bənövşəm, yumul

Hava yaman sazaqdı,

Günəş səndən uzaqdı.

Bir ac quzu mələyib

Sənə boylandı, baxdı,

Yumul, bənövşəm, yumul.

 

Çəmənlərə iz düşür,

Bir deyil ki, yüz düşür.

Niyə sənin payızın

Hər çiçəkdən tez düşür?

Yumul, bənövşəm, yumul.

 

Göydə bulud görünür,

Bulud qara bürünür.

O dağda bir duman var,

Sənə tərəf sürünür,

Yumul, bənövşəm, yumul.

 

Qalarsan baxa-baxa,

Kağız gül səndən baha.

Arı yaman çoxalıb,

Gülü də sancır daha,

Yumul, bənövşəm, yumul.

 

Yum gözünü, çən görmə,

Vaxtsız gələn qəm görmə.

Dünya yaman qarışıb,

Mən görəni sən görmə,

Yumul, bənövşəm, yumul.