Elektron ədəbiyyat və sənət portalı

Vətən

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 13.12.2019

 

Sabir Rüstəmxanlı

(1946)

Xalq şairi, ictimai xadim. “Tanımaq istəsən”, “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Zaman məndən keçir” kimi onlarla şeir kitabının, “Bütövlük”, “Didərginlər”, “Cavad xan”, “Orxonla görüş” poemalarının, “Atamın ruhu”, “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm Zirvəsi (Cavad xan)”, “Difai Fədailəri”, “Sunami” romanlarının müəllifidir. Ssenariləri əsasında “Baba Dağ”, “Cavad xan” filmləri çəkilib. A.Mitskeviçin şeir və poemalarını dilimizə çevirib.

 

 

Vətən

Bir əlçim buluddu,

Bir ömür umuddu,

Bir içim sudu,

Yandıqca odlanan ocaqdı,

Daddıqca dadlanan arzudu.

Bir dərə bahar leysanıdı,

21 Azərin qanıdı,

Cavad xanın qətl yeridi,

Sabirin “Fəxriyyə” şeiridi,

Dağları dumanda itən –

Vətən... Vətən...

 

Hadinin şeir bazarıdı,

Füzulinin dağıdılmış məzarıdı.

Taleyin ələnən ələyidi.

Durna lələyidi,

Araz hörüyündən

kəməndə düşmüş Sevildi.

 

“Ənəlhəq” harayıdı,

Ələsgərin sazıdı,

Qədim əlyazmasıdı –

Dahilər boylanır sətirlərindən

Vətən... Vətən!...

 

Şimşəklər çinartək sancılıb yerə,

Düşmənin gözünə dirsəkdi hər dağ.

Babalar atını sürüb gedibdi,

Qalalar boylanıb qalıbdı ancaq.

 

Oğlu – Şah İsmayıl Xətai adlı

Ağ atlı oğlan var, atı qanadlı.

Bir də Suraxanı atəşgahı var,

Bir də Misri qılınc, bir də Çənlibel:

Bir də “Heydərbaba” – yazılmış bir dil...

Torpağı ot deyil, kişi göyərdən

Vətən... Vətən!..

 

Sağ ol, ana dilim

Yollarım sınandı yad ölkələrdə,

Neçə yad dodaqda səsləndi adım.

Sağ ol, ana dilim, məni heç yerdə

Köməksiz qoymadın, yalqız qoymadın.

 

Barmağım altında düymə fırlanır,

Londonla, Parislə yanaşı Bakı…

Doğma sözlər üçün darıxan hanı?

Deyin qoy dinləsin: “Danışır Bakı!”

 

Danışır, açılır ömrün baharı,

Dünyaya mən onun qoynundan uçdum.

Mənim ürəyimin antenaları

Gözəl Azərbaycan dilinə tuşdu.

 

Döyüşdə qılınctək sıyrıldı qından,

Başımın üstündə bayrağım oldu.

Torpağım ikiyə bölünən zaman

Bu dil bölünməyən torpağım oldu.

 

Utansın tarixə dəllallıq edən,

Tarix qapısına açar sözlər var.

Pərdəni qaldırsan, beş-on kəlmədən

Qondarma cildlər tar-mar olar.

 

Bu dildə sevincim, qəmim, kədərim

Təzə ümidlərə açılan səhər.

Bu dilin reaktiv təyyarələri

Araz sərhəddini qıran kəlmələr.

 

İpək nəğmələrim gülləbatmazdı,

Qolunu qandalla bağlamaq olmaz.

Bu taydan o taya arxayın keçən,

O taydan bu taya arxayın keçən

Dilin sənədini yoxlamaq olmaz,

Sevginin yolunu saxlamaq olmaz!

 

Sağ ol, ana dilim, ana öyüdüm,

Füzuli eşqindən divanə dilim.

Ürəyim başına nəfəs dərmədən

Fırlanıb kül olan pərvanə dilim.

 

Hanı xanım çaylar, hanı bəy göllər,

Dillərdə cücərən yurdun izidir.

Yüz yol yaralanmış doğma kəlmələr

Xalqımın döyüşlər xəritəsidir.

 

Ala dağ, Qara dağ…di seç, di ayır,

Dağları basılmaz ordum sanmışam.

Harda bircə kəlmə sözüm yaşayır,

Oranı halalca yurdum sanmışam.

 

Üstünə yüyürdü Quran dilləri,

Peyğəmbər dilləri, qanun dilləri…

 

Qapılar dalında qoydular səni,

Haqq dedin, dabandan soydular səni,

Ancaq məhv olmadın, anam, can dilim,

Ordular sarsıdan qəhrəman dilim!

 

Ömrüm qırılmazdı, yol qırılsa da,

Səninlə həmişə mən üzüağam.

Bədənim torpağa tapşırılsa da,

Ruhumu mən sənə tapşıracağam

 

O torpaq bizləri götürməyəcək

Üzümə dağların nəfəsi dəyir,

Alışır, danışır, yanır, inləyir.

Torpağa qayıtmaq asan iş deyil,

Bu zülmü bir qərar bitirməyəcək,

O torpaq bizləri götürməyəcək!

 

Vətən dağlarında daş olanındı,

Göyündə qanadlı quş olanındı,

Sinəsin açmağa xış olanındı,

Ağac ək, toxum səp, yetirməyəcək,

O torpaq bizləri götürməyəcək!

 

Nə vaxt söz səpmişəm söz göyərdibdi,

Çaşıb köz səpmişəm köz göyərdibdi,

Əyri əkdiyimi düz göyərdibdi,

Get, dərdini ovut, başına əl çək,

O torpaq bizləri götürməyəcək!

 

Hər daş qulağında dilini atdın,

Hər ev divarında əlini atdın,

Özün ölməkdənsə ölünü atdın,

Nə qədər istəsən ağla, haray çək,

O torpaq bizləri götürməyəcək!

 

Bircə yol qorxudan sıyrılmadınsa,

Hər daşa, ağaca sarılmadınsa,

Vətəni qaldırıb qırılmadınsa,

Ruhun da o yurda dönməsin gərək,

O torpaq bizləri götürməyəcək!

 

Bəlkə, qulu olaq, nökəri olaq,

Bəlkə, Tərtər olaq, Həkəri olaq,

Namusun haqq-hesab çəkəni olaq,

Yoxsa hər dönüşlə soyumaz ürək,

O torpaq bizləri götürməyəcək!

 

Bu Vətən dərsləri üsullanmadan,

Gözündə hər daşı qızıllanmadan,

Hərə öz içində qüsullanmadan,

Üz tutub, yalvarıb tövbə etməsək,

Bu torpaq bizləri götürməyəcək!