Yan van Eyk (1390–1441) Erkən Niderland təsviri sənət məktəbinin ən tanınmış nümayəndəsi olan Yan van Eyk yağlı boyalarla işləməyin ustası hesab olunur. Yaradıcılığında yeniliklərə üstünlük verən sənətkar İntibah dövrünün əksər rəssamları üçün örnək olub. |
|
Leonardo da Vinçi (1452–1519) Florensiyalı rəssam, alim və nəzəriyyəçi Leonardo da Vinçi İntibah dövrünün ən parlaq nümayəndəsi kimi qəbul olunur. |
|
Rafael Santi (1483–1520) Əsasən, dini mövzulara müraciət edən Rafael rəssamlığa 16 yaşında çəkdiyi “Həvvanın yaradılışı” əsəriylə başlayıb. O, Avropa klassik təsviri sənətinin əsasını qoyub. |
|
Piter Paul Rubens (1577–1640) Barokko üslubunun ən məşhur nümayəndələrindən olan Rubens öz istedadını təsviri sənətin, demək olar ki, bütün janrlarında sınayıb. Rəssamın fırçasından çıxan tarixi portretlər, qobelenlər, kitaba illüstrasiyalar, heykəltəraşlıq eskizləri, xeyli sayda digər sənət inciləri bu gün də bəşəriyyəti heyran edir. Qeyd edək ki, flamand rəssamlıq məktəbinin Rubensin yaradıcılığına böyük təsiri olub. |
|
Rembrandt van Reyn (1606–1669) Təsviri sənətdə realizmin dahilərindən hesab olunan niderlandlı rəssam xeyli sayda tarixi, kütləvi və fərdi portretləri, natürmortları, əsasən də avtoportretləri ilə məşhurdur. Onun qravürləri dövrünün rəssamları tərəfindən hədsiz maraqla qarşılanıb. |
|
Uilyam Törner (1775–1851) Təsviri sənət tarixinin ən böyük peyzaj ustası sayılan rəssamın ilk əsərləri hələ 15 yaşında London Kral Akademiyasında sərgiyə qoyulub. Onun yağlı boya və akvarellə işlənmiş rəsmləri dövrünün rəssamlarına böyük təsir göstərib. Müasirləri arasında böyük nüfuz sahibi olan Törner yaşlı nəsil rəssamlara dərin rəğbət bəsləyirdi. |
|
Klod Mone (1840–1926) Fransız impressionizminin banisi olan rəssam əsərlərində işıq elementlərinin fərqli təsvirlərini böyük məharətlə verirdi. Monenin ardıcılları sırasında Berta Morizo, Edqar Deqa, Eduarda Vyuar və başqalarının adların çəkmək olar. |
|
Vinsent van Qoq (1853–1890) Van Qoq, bəlkə də, bütün zamanların ən məşəqqətli həyat yaşamış rəssamıdır. Həyatını intiharla yekunlaşdırmış Vinsent van Qoqun əsərlərinin məziyyətini sözlə ifadə etmək çətindir. Çünki insanın bu rəsmlərin seyrindən sonra keçirdiyi hisslər fərqli olur. Burada hər şey seyrçinin qavrayışından, hissiyyatından, emosionallığından asılıdır. |
|
Pablo Pikasso (1881–1973) Təsviri sənətdə analitik və sintetik kubizmin əsas örnəklərindən sayılan şedevrlərini yaratmaqla yanaşı, Pikasso heykəltəraşlıq və dizayn sahəsində də xeyli uğurlara imza atıb. Onun hadisəyə çevrilən rəsmləri faktik olaraq təsviri sənətdə yeni mərhələ yaratdı. Bu işlərin XX əsr rəssamlarına böyük təsiri oldu. |
|
Salvador Dali (1904–1989) Rəssam, heykəltəraş, filosof, rejissor Salvador Dali ispan təsviri sənət məktəbinin və sürrealizmin ən parlaq nümayəndələrindən hesab olunur. Onun yuxuyla gerçəkliyin, reallıqla irreallığın təsvirini təqdim edən rəsmlərinin izahı bu gün də sirr kimi qalmaqdadır. |