Kamal Abdulla
(1950)
Xalq yazıçısı, dramaturq, tərcüməçi. Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü. 1977-ci ildə Moskvada “Sintaktik paralelizm” (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə) adlı namizədlik, 1984-cü ildə Bakıda “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı doktorluq dissertasiyalarını müdafiə edib. “Ruh”, “Bir, iki, bizimki!”, “Kədərli seçmələr”, “Qəribədir, deyilmi?!”, “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox”, “Tarixsiz gündəlik”, “Labirint”, “Все мои печали”, “Nar çiçəkləri” kimi şeir və nəsr kitablarının müəllifidir. Romanları Rusiya, Fransa, Almaniya, İtaliya, Braziliya, Rumıniya, Monteneqro, Polşa, Çexiya, Yaponiya, Türkiyə və İranda nəşr edilib. Bir sıra beynəlxalq ədəbi mükafatlara layiq görülüb. Rus poeziyasından seçmə tərcümə nümunələri toplanmış “Gümüş dövrün sirləri” kitabının müəllifidir. 2006-cı ildə “Literaturnaya qazeta”nın “Zolotoy delviq” mükafatına layiq görülüb, 2007-ci ildə Rusiya Federasiyasının Puşkin medalı, 2009-cu ildə Çexiyanın “Karl Kramej” medalı və Polşanın “Böyük Xaç” kavaler ordeni ilə təltif olunub.
Kamera teatrı
O buralara hardan gəlib çıxmışdı – bunu bilən yox idi. Hamı onu bu yerlərin ən qədim sakini kimi tanıyırdı. Ağıl-nəsihət verməyi sevərdi.
Tez-tez dediyi söz bu idi: Adamdan, hətta “adın nədir?” soruşsalar, əvvəl düşünüb, sonra cavab verməlidir.
Bu, Əhməd müəllimin, belə demək mümkünsə, həyat devizi idi.
Sizif nəhəng bir daşı min bir zülmlə itələyə-itələyə dağ başına qaldıran kimi, o da burda peyda olandan sonra günləri günlərin üstünə əziyyətlə qoyub, böyük bir elmi-tədqiqat müəssisəsində sayılıb-seçilən, işini yaxşı bilən mütəxəssisə çevrilmişdi.
Çoxu onu dərin və ağıllı bir adam kimi tanıyırdı, bütün suallara cavabı vardı. Amma Əhməd müəllim həyatda ola bilməzdi ki, kiminsə sualına birdən, düşünmədən cavab versin. Düşünməyi də nanə-turşusuyla olardı.
Cavabını dəqiq bildiyi suala, hətta bir müddət gözlərini qıyıb əzab-əziyyətlə cavab axtaran adam obrazını yaratmaqdan o, xüsusi həzz alardı.
Bu zaman özünə kənardan baxmağı da unutmazdı. Budur, balacaboylu, arıq, uzun burnu o dəqiqə diqqət çəkib boyunu və arıqlığını unutduran bu ortayaşlı adam əlində tutduğu qalın şüşəli eynəyini fırlada-fırlada dərin fikrə gedib.
Ona çox ağır sual veriblər. Sual, təxminən, belədir: “Azərbaycanın paytaxtı haradır?”. Bu adamın gözləri həmsöhbətinə deyil, yana baxır. Üzünün əzələləri gərilib. Daxili həyəcanını güclə ört-basdır edib.
Ətrafda hamı nəfəsini dərib, bu ağır sualın cavabını gözləyir. Həmsöhbəti artıq sual verməyinə də, az qala, peşmandır.
Bir azda keçir, həmsöhbət artıq çıxıb getməyə bəhanə axtarır. Otaqdakılar buna imkan vermirlər.
Bütün gərginliklərin əsl kulminasiya məqamında cavab özünü daha gözlətmir.
Bu məqamı çox gözəl hiss edən Əhməd müəllimin ağzından “Bakı'” kəlməsi, nəhayət, çıxarkən xeyli sirli səslənir. Sual verənin çiynindən ağır bir yük götürülür. Ətrafdakılar “uf” deyə pıqqıldamaqlarını zorla saxlayır, Əhməd müəllimin isə gözlərinə xeyli dərində yaxşı gizlədilmiş məmnunluğun zəif əks-sədası qonur.
Bu, Əhməd müəllimin balaca teatrı idi. Bir aktyordan ibarət kamera teatrı. Daha doğrusu, bu teatrın bir daimi, bir də gəldi-gedər aktyoru (və ya aktyorları) vardı. Daimi aktyor o özü idi. Sual verənlər və suala yığışıb cavab gözləyənlər isə, əlbəttə ki, dəyişirdilər.
Həyat bizə öyrədir ki, dünyada əbədi heç nə yoxdur. Günlərin bir günü Əhməd müəllim öz prinsipinə dönük çıxır. Bunu ondan heç kim gözləmirdi. Gərək belə olmayaydı, amma olur. Əgər ondan soruşsaydılar ki, o məşum günü sənin üçün yenidən, olduğu kimi geriyə fırlatsaydılar, sən necə hərəkət edərdin, Əhməd müəllim öz “Kamera teatrı”nın səhnəsindən bir anlığa çıxıb belə deyərdi: “Birinci dəfə necə etmişdimsə, indi də eləcənə edərdim”.
Söhbət ondan getmir ki, “kişinin sözü bir olar”. Söhbət ondan gedir ki, Əhməd müəllim o günün həm ağrısını, həm də ləzzətini eyni hissin içində harda olmasından asılı olmayaraq bu gün də yaşayır.
…O qadını isə nə bu əhvalatdan əvvəl, nə də sonra görən olmadı. Elə bil ki, o, Əhməd müəllimi iş yoldaşlarının gözü qarşısında “ifşa” etmək üçün ora gəlmişdi. Gəlməyi ilə getməyi bir oldu. Onu gördüyündə Əhməd müəllimin özünü necə itirdiyini hamı yaxşı xatırlayır.
Gün isə pis başlamamışdı. Əsl işdən əvvəl sual-cavab “atışması” artıq ənənə halını almışdı. Sabah tezdən birinci sualın yeni cavabı çox adamın marağına səbəb oldu. Bu cavab kifayət qədər “duzlu” idi.
– Vəziyyət necədir, Əhməd müəllim? – Şöbədə bir yerdə çalışdığı iş yoldaşına nakam məhəbbəti ilə hamının ürəyini ağrıdan, saçları vaxtından əvvəl tökülməyə başlayan şişman Qanturalı ondan soruşdu.
Kamera teatrının səhnəsini işıqlandıran projektorlar yandı.
– “V”-si düşüb... – Əhməd müəllim yenə xeyli düşünəndən sonra gözlərini qıyıb cavab verdi.
İlk çaşqınlıqdan sonra qulaqları Əhməd müəllimdə olan şöbə işçiləri, nəhayət, cavabın mənasını anlayaraq rahatlıqla nəfəs alıb, başlarını tərpədə-tərpədə baxışdılar. “Cavab bax belə olar! “V” əgər düşürsə, deməli, yerdə nə qalır?! Qalır – əziyyət! Ay səni, müəllim! Fıştırığın gəlsin!”
Əhməd müəllim bu dəfə də özündən razı halda uzun burnunu dik tutub teatr səhnəsini tərk edir...
O qadın min il eyni yolu gəlirmiş kimi yarıqaranlıq, əyri-üyrü dəhliz boyu balıq suda üzən kimi əyilib-büzülərək keçib, heç kimdən bir şey soruşmadan düz Əhməd müəllimin oturduğu otağın qapısı ağzına gəldi. İçəri girib Əhməd müəllimi gözlərilə axtarıb tapdı, oturduğu masaya yanaşdı. Əhməd müəllim onu gördüyündə, hər halda, iş yoldaşlarına bu belə gəldi, rəngi ağaran kimi oldu. Naməlum qonağın ilk sözləri kifayət qədər bərkdən səsləndi:
– Buranı zorla tapdım. Başa düşmürəm, məndən niyə gizlənirsən?! Deyə bilərsənmi, məqsədin nədir?
Otaqda 4-5 adam var idi, havadan isə dava-dalaş qoxusu gəlirdi. Kimsə özünü işlə məşğul olan adam kimi göstərsə də, nəfəsini kəsib bu çağrılmamış qonağı dinləməyə başladı. Kimsə də, eləcənə açıq dinlədi. Əhməd müəllimin çaşqınlığını isə onlar verilmiş suala cavabın həmişə olduğu kimi gecikməsi ilə deyil, əksinə, suala cavabın tələsik verilməsilə müəyyən etdilər. Kamera teatrında, sanki istirahət saatı başlamışdı. Yox, teatrı, sadəcə unutmuşdular. Əhməd müəllim təəccübdən gözləri böyümüş halda haman qalınşüşəli eynəyini birtəhər gözünə taxdı və yazıq-yazıq bu çağrılmamış qonağa baxaraq, az qala, birnəfəsə cavab verdi:
– Heç bir məqsədim yoxdur. Mən səndən niyə gizlənim ki?! Mən səndən qətiyyən gizlənmirəm. Çox axtardım səni o zaman, hara yox oldun, bilinmədi. Ancaq yuxuma girirdin. Hər şey birdən baş verdi. Mənim nə günahım?!
“Ancaq yuxuma girirdin” sözlərini eşidən Qanturalı gözünü qaldırıb otağın o biri başında oturan Selcan xanıma baxdı. Selcan xanımın yanaqları allandı.
– Elədi. – Qadın “mənim nə günahım?” sözlərinə cavab verirdi. – Mən nə deyirəm ki?! Göz yumub-açınca… Olsun. Neyləmək olardı?! Bu işlər elə belə də olur. Səninlə nə zaman görüşə bilərik? – Qadın ətrafına gözucu nəzər atıb səsini azacıq qısdı.
– Harda istərsən, orda görüşək. Nə zaman desən, mən hazıram. O da burdadır? – Əhməd müəllim, ürəyi şiddətlə vursa da, pıçıltıyla soruşdu.
Qadın başı ilə “hə” dedi. Əhməd müəllim yazıq bir görkəm aldı, başını aşağı salıb həyəcanlı vaxtlarında olan kimi əlindəki eynəklə oynamağa başladı. Sonra Qadın yaxınlıqdakı çayxanada görüş barədə vədələşib Əhməd müəllimə çoxmənalı bir baxış atdı, yəni, “Bax, yersiz bir hərəkət eləməyi beynindən çıxart, at! Gördün ki, mən səni yerin deşiyindən də olsa, taparam. Heç hara yox ola bilməzsən.” Daha sonra təşəxxüslə dönüb otaqdan çıxdı. Əhməd müəllim iş gününün sonuna qədər bir adamla kəlmə kəsmədi. İş yoldaşları da onun bu acı halını nəzərə alıb, qəribə qonaq barədə heç nə soruşmadılar.
…Qadın müəssisənin qapısından çıxıb üzbəüzdəki balaca bağçaya tərəf yönəldi. Gedə-gedə düşünürdü ki, onun bu qədər vaxtdan sonra gəlib axtardığını tapmağı hansısa ali bir ədalətin təzahürüdür, başqa şey deyil. Sən axtarırsansa, sən tapırsan. Başqa cür ola bilməz. Bağçada qadını bir ortayaşlı kişi gözləyirdi.
– Nə oldu? Görə bildin? – Kişi soruşdu.
– Gördüm. – Qadın dodağının ucu ilə cavab verdi.
Kişi rahatlıqla köksünü ötürdü. İkisi də, bağçanın dibində bir ağaclıq vardı, gedib o ağaclığın altındakı çayxanada bir stolun ətrafında oturdular.
– Nə dedi? Təəccüb elədi? – Kişi maraqla soruşdu.
– Yox… Nəyə təəccüb edəcəkdi ki?!
– Bizim onu tapmağımıza deyirəm…təəccüb etmədi?!
– Yox, təəccüb etmədi. O özü yaxşı bilir vəziyyəti… – Qadın üsulluca Kişiyə belə bir cavab verdi.
Kişi ətrafına boylanıb çayçını axtardı.
Nə qədər qəribə səslənsə də, bu qadını və bu kişini Əhməd müəllimlə birləşdirən xətt Əhməd müəllimin indi yaşadığı dünyanın coğrafi sərhədlərinə sığmırdı. Xətt gedib-gedib hansısa bir nöqtədə mil kimi üzüyuxarı qalxırdı. Göylərin yeddi qatından keçirdi. Sonra da buralardan, hətta ulduz şəklində görünməyən, uzaqlığı xəyala belə gəlməyən bir planetə doğru səmt alırdı. Bir göz qırpımında da ünvanına çatırdı. İndi bu balaca çayxanada üzbəüz əyləşib, saçları buruq çayçı oğlanın nə zaman çayla gələcəyini gözləyən qadınla kişini elə bu xətt idi ki, gətirib bu dünyaya çıxarmışdı. Zamanları az idi. Buradakı işlərini başa çatdırıb, həmən xətlə geri qayıtmalıydılar. Özü də hökmən Əhməd müəllimlə bir yerdə geri qayıtmalıydılar. Yoxsa, bu iki nəfər havasızlıqda olan kimi, boğulub-boğulub məhv olmağa məhkum idilər.
Buruqsaç oğlan əlində çay podnosu gəldi. İşgüzar tövrlə stəkan-nəlbəkini, balaca çayniki, ləbləbini, kişmişi, şokoladı, limonu podnosdan bir-bir götürüb stolun üstünə düzdü. İki stəkan-nəlbəki əvəzinə, nədənsə, üçünü qoydu. Qonaqlar dinməz-söyləməz çay içməyə başladılar.
Əhməd müəllim bağçanın o biri başında görünəndə Qadın Kişiyə başı ilə yüngülcə bir işarə verdi.
– Odur? – Kişi, az qala, gözləri ilə soruşdu.
– Özüdür ki, var. – Qadın da eyni şəkildə sakitcə cavab verdi.
Əhməd müəllim ürəyi sıxıla-sıxıla onlara yaxınlaşdı və üzündə yarıməzlum, yarınaçar bir ifadə, dinib-danışmadan, salamsız-kəlamsız keçib stolun arxasında o da oturdu. Oturan kimi qalınşüşə eynəyini qəhvəyi zolaqlı boz pencəyinin döş cibindən çıxarıb əlində oynada-oynada ora-burasına baxmağa başladı. Elə diqqətlə eynəyə baxırdı ki, elə bil bundan vacib işi yox idi.
Qonaqlar Əhməd müəllimin bu cür “oyun oynamağından” belə hiss etdilər ki, o, vaxtı uzatmaq istəyir. Qadın təəssüflə Kişiyə baxdı. “Bu yenə aradan çıxmaq istəməsin?!”
– Bax, sənin bizimlə yenə gizlənpaç oynamaq niyyətin varsa… – Qadın üzünü Əhməd müəllimə tutub çox ciddi şəkildə sözünə davam etmək istəyirdi ki, Kişi onun dediklərini sərt bir şəkildə qəfildən yarıda kəsdi:
– Biz sənə nə qədər deməliyik eyni sözləri? – Kişi qərara gəldi ki, söhbəti o özü davam etməlidir. – Sən bizimlə oyun oynayırsan??
Suallar beləcə kəskin şəkildə qoyulsalar da, suala bağlı Kamera teatrı hələ də pərdələrini açmırdı. Əhməd müəllim özünün yaratdığı o balaca teatrı bu dəfə unutmuşdu. Əhməd müəllim heç bir oyun oynamadan, üzünə, az qala, şapalaq kimi dəyən bu suallara bir an belə düşünmədən, əzbərçi uşaqlar kimi tələsik cavab verməyə başladı:
– Mən oyun oynamıram. Siz mənə nə deyirsiniz, nə demirsiniz, mənə bunun dəxli yoxdur. Məni nə üçün izləyirsiniz? Məndən nə istəyirsiniz? Mən qərarımı qəbul etmişəm. Mən ora qayıtmaq istəmirəm. Başa düşürsünüz? İstəmirəm! – Əhməd müəllim, nəhayət, əlində oynatdığı qalınşüşəli eynəyini qatlayıb stolun üstünə qoydu. Səsini ucaltdığı üçün özündən narazı qaldı.
– Sən bunu başa düşürsən ki, nə müddətdir, sən uzun bir yuxunun içindəsən? Başa düşürsən ki, sən bu yuxunun içində azmısan? – Kişinin sualları yenə də şapalaq kimi şaqqıldayırdı.
– Bizi də bu yuxunun içində azdırmısan… – Qadının səsi bir az yuxulu kimi gəldi. – Sən ayılmalısan. Ayılıb bizi azad etməlisən. Biz sənin yuxundan özümüz çıxa bilmirik.
– Mən heç kimə, heç nə borclu deyiləm. Mən heç nə etməməliyəm. Günah sizin özünüzdədi.
Gərək gəlib mənim yuxuma girməyəydiniz. Sizin orda, özü də ikinizin bir yerdə nə işiniz vardı?! Görürsünüz, bu suala heç birinizin cavabı yoxdur.
Qadınla Kişi, həqiqətən, Əhməd müəllimin yuxusunda idilər. Əslinə baxsan, Əhməd müəllimin bütün həyatı artıq bir böyük yuxudan ibarət idi. Elə iş yerinin yanında yerləşən balaca bağçada ağaclar altındakı bu çayxana da yuxunun içində idi, aralarındakı söhbət də yuxuda baş verirdi. İş yeri, iş yoldaşları, Kamera teatrı, hər şey yuxunun içində idi. Əhməd müəllim bu yuxudan ayılmaq istəmirdi. Qəribə idi, amma beləydi. İndi üzbəüzündə oturub ləzzətlə çay içən bu Qadınla Kişinin mənsub olduqları, onun özünün də doğulub boya-başa çatdığı o uzaq dünya ilə Əhməd müəllimi bu gün heç nə bağlamırdı. Ağacların xışıldayan yarpaqları, günəşin istidən yandırması və küləyin adamları quş kimi uçurması, göydən yerə qucaq-qucaq, lopa-lopa yağan qar, ən əsası isə iş yerindəki yoldaşlarının ona səmimi münasibəti, bilmədikləri hər məsələ barədə sual vermələri, ehtiramla ondan cavab gözləmələri… bütün bunlar Əhməd müəllimi üç ildi ki, yuxuya gedib-gəldiyi bu yeni dünyasına bərk-bərk bağlayıb durmuşdu. O biri, doğulduğu dünyanı Əhməd müəllim gördüyü bu yuxunun içində hərdən xatırlayanda qanı bərk qaralırdı, artıq o dünyanı Əhməd müəllim heç sevmirdi, adını da belə qoymuşdu: “yarpaqları xışıldamayan dünya”. İndi “yarpaqları xışıldamayan dünyadan”, əslində isə o dünyadan deyil, onun yuxusunun içindən gələn bu iki nəfər onu vaxtilə həsrətində olduğu və nəhayət, qovuşduğu yeni, əziz dünyasından ayırmaq istəyirlər.
– Mən sizi buraxsam, bu yuxu dağılar. Mən sizi yuxunun içində bunu istəməyə-istəməyə saxlamışam. Özünüz düşünün, siz burada mənim nəyimə lazımsınız?! – Əhməd müəllim fikirli-fikirli danışırdı. – Mən istəmirəm yuxu dağılsın. Bilirsiz, burada iki üstəgəl iki … beş edir.
Başqa dünyalarda iki üstəgəl iki dörd edirdi. Əhməd müəllimə elə gəldi ki, sonuncu dəlil çağrılmamış qonaqlar üçün kifayət dərəcədə gözlənilməz və inandırıcı olmalıdır.
Qonaqlar ona inanmadılar.
Söhbət xeyli uzansa da bir nəticə vermədi. Səhər tezdən elə buradaca görüşmək barədə razılaşıb ayrıldılar. Əhməd müəllim iş yerinə qayıtdı. Vicdan əzabı onun qəlbini əzirdi.
– Əhməd müəllim gəldi! Əhməd müəllim, Əhməd müəllim!.. – Onu görcək şöbə işçiləri hərəsi bir tərəfdən sevincək olub çığırışdılar. Görünür, burdakılar onun üçün darıxa bilirdilər. Bunun özü nəyə desən dəyərdi.
– Əhməd müəllimin üzünə kədərli bir təbəssüm qondu. Beynində bayaq çayxanadakı söhbəti götür-qoy edirdi. Düşünürdü, ölçürdü, biçirdi. Bununla belə, o keçib yerinə əyləşəndən sonra otaqdakıları bir-bir gözdən keçirib “buyurun, mən qulluğunuzda hazıram” deyə onların nə deyəcəklərini, əslində yağdıracaqları sualları gözlədi. Gözlərinin dibinə yenə həmişəki mərhəmət dolu ifadə çökdü. Oyun başlayırdı. Elə birinci sualdan sonra Əhməd müəllim Kamera teatrının işıqlarını yandırdı və keçib səhnəyə çıxdı. Sağına-soluna göz gəzdirib, camaata baş əydi və gözləmə pozası alıb dayandı.
– Əhməd müəllim, insan eyni vaxtda iki adamı sevə bilər? – Birinci sual bu oldu.
İşin axırı olduğundan hamının kefi bir az kök idi və sualı verən Selcan xanım Əhməd müəllimin bu dəfə də cavab üçün dərin fikrə getdiyini, gözlərini qıyaraq xəyala daldığını görüb oxun hədəfə dəydiyini zənn etdi, sualın cavabını maraqla gözləyən yoldaşlarına gizlicə göz vurdu.
Bu gün Əhməd müəllim yanına gələn o naməlum qadın qonağı ilə müəmmalı şəkildə çıxıb getdiyindən işdə az olmuşdu, işin axırına ancaq gəlib çıxmışdı, ona görə də sual-cavab məqamının həmişəki ləzzətini doyunca çıxarmaq imkanı xeyli aşağı idi. Vaxt bütün suallara çatmayacaqdı. Bir az əvvəl otaqdakılar hansı sualları verəcəklərini öz aralarında müəyyən etmişdilər. Selcan xanımın hazırladığı sual birinci səslənəcəkdi. Sualı verdikdən sonra Selcan xanım üzbəüzündəki şişman Qanturalının diqqətli baxışından gözlərini qaçırdı.
Əhməd müəllim Kamera teatrının səhnəsinə çıxıb dərindən nəfəs aldı. Sonralar Samirə adlı bir qız “O, cavab verməzdən əvvəl dərindən bir ah çəkdi…” deyəcəkdi. Deyəcəkdi və qəfildən hönkürtü ilə zülüm-zülüm ağlayacaqdı. Hamı əvvəllərdə olan kimi mənalı-mənalı baxışsa da heç kimin bu zaman dodağı belə qaçmayacaqdı.
Deməli, Əhməd müəllim kamera teatrının səhnəsinə çıxıb dərindən ah çəkdi. Qaşları düyünləndi. Bugünkü cavab, sonralar bunu da hamı boynuna aldı ki, Əhməd müəllimin şah rolu idi. Əhməd müəllimi tanımaq olmurdu. O, elə bil bir başqa dünyadan qaçıb bura gəlmişdi. Geriyə isə qayıtmaq istəmirdi. Səsi ilə, tonu ilə, ədası ilə yarpaqları xışıldayan dünyanın cazibəsindən danışırdı. Əhməd müəllim vidalaşırdı elə bil. Təkcə otaqdakılarla deyil, bu dünya ilə, iki üstəgəl ikinin beş elədiyi bu qəribə dünya ilə vidalaşırdı. Nəhayət, Əhməd müəllim susdu. Ani sükutdan sonra:
– Sağ ol, Əhməd müəllim! – Bu sözlər kiminsə düz ürəyinin içindən qopub gəldi.
Selcan xanımın sualı səslənəndən sonra gülməli bir cavab gözləyənlərin ümidi puça çıxmışdı. Əhməd müəllim öz kamera teatrında hər tərəfdən üstünə düşən gur projektor işığı altında səhnənin düz ortasında qərar tutub verdiyi cavabı sağa-sola baş endirməklə tamamlayırdı. Hamını ciddi şəkildə düşünməyə vadar edən o cavab isə, təxminən, bu sözlərdən ibarət idi:
– Eyni zamanda iki dünyada yaşamaq olarmı? Həm olar, həm də yox. Bir ürək eyni zamanda həm sevinc içində, həm də sonsuz qüssə ilə döyünə bilərmi? Həm döyünə bilər, həm də yox. Soruşursan ki, eyni vaxtda iki adamı sevmək olar, ya olmaz?! Niyə də olmasın, sevməyinə sevmək olar. Amma bir məsələ var. Eyni zaman ərzində iki və daha çox adamla görüşən qadınlara biz nə deyirik? Fahişə deyirik. O biri tərəfdən, biriylə görüşəndən sonra başqası ilə görüşənə fahişə demək olarmı? Olmaz! Ola bilər ki, bir qadın həyatı boyu iki adamla görüşsün, amma eyni vaxtda. Bu adam fahişədir. Ola da bilər ki, həyatı boyu yüz adamla görüşsün, amma bir-birindən sonra – bu, bir başqa məsələdir. Ürək nədir? Ürək bir quşdur, bir budaqdan o biri budağa qonur. Amma əvvəl bir budaqda olur, sonra o birinə qonur. İkisinə eyni zamanda – mümkün deyil. Ağır olan isə bilirsiz nədir? Hər sonra qonduğu budaqda əvvəlki budağı yaddan çıxardığını, beləliklə, nəhayət, rahatlıq tapdığını düşünən, amma bunun belə olmadığını yəqin bilən ürəklər var. Biçarə ürəklərdir.
Otağa sükut çökdü.”Sağ ol, Əhməd müəllim!” nidası da elə bu sükutdan sonra kiminsə ürəyinin ən dərin yerindən qopdu. Elə bil bu ürəkdən həmən sözlə bir yerdə qara bir tikən kolu da ağır-ağır çıxıb gəldi.
Bu axşam alınmadı.Əhməd müəllımin həmişəkindən xeyli təbii şəkildə rola girməsi belə, otaqdakıları şənləndirmədi. Hamı kamera teatrında deyilənləri ciddi qəbul edərək beynində nəyisə saf-çürük eləməyə başladı. Ən maraqlısı isə bu oldu ki, gözlənilməz bir halda Selcan xanım əməlli-başlı pərt oldu. Pörtmüş halda heç kimlə sağollaşmadan çıxıb getdi. Hamı buna diqqət etdi və adamlar altdan-altdan Qanturalını süzdülər. O isə dönüb qızın arxasınca belə baxmadı. Samirə gedib alnını otaqdakı yeganə pərdəsiz pəncərəyə yapışdırdı, nəfəs verib pəncərəni nəfəsinin isti buğuna bürüdü:
– Qar yağır… – dedi.
Sabahı gün Əhməd müəllimi işdə görən olmadı. Kim idisə xəbər gətirdi ki, səhər tezdən onu qarşı tərəfdəki bağçanın çayxanasında bir qadın və bir kişi ilə bir yerdə, açıq havada çay içərkən görüb. Lopa-lopa yağan qar onları üç nəhəng heykələ döndəribmiş. Bundan sonra Əhməd müəllimi bir daha “gördüm” deyən olmur. Doğrudan da, Əhməd müəllim necə ki buralarda nagahan peyda olmuşdu, o cür də günlərin bir günü qeyb olub gedir.
…Xətt sehrli xalça kimi yer üzündən ağlasığmaz sürətlə uzaqlaşmağındaydı. Xəttin üstündə bir qadın və iki kişi vardı. Kişilərdən biri qadınla eyni istiqamətə baxırdı – xəttin üz tutub getdiyi istiqamətə. O biri Kişi isə gözlərini əks istiqamətdən ayıra bilmirdi. Onun baxışları gəldiyi yerə – geriyə zillənmişdi. Orada getdikcə kiçilərək işıqlı nöqtəyə dönməkdə olan bir ulduz vardı. Nəhayət, bu ulduz kiçilib-kiçilib vaxtilə kamera teatrının səhnəsinə düşən işıq zərrəsi boyda oldu. İşiq zərrəsi artıq çox-çox uzaqlarda qalırdı və bir an sonra gözdən tamamən itəcəkdi ki, Kişi üzünü o işıq zərrəsindən çöndərib, səfər yoldaşlarının baxdığı səmtə o da baxmağa başladı.