Elektron ədəbiyyat və sənət portalı

Mario Benedettinin hekayəsi

Bölmə: Dünya ədəbiyyatı 21.12.2019

 

Latın Amerikası nəsrinin nəhəngləri arasında mühacir həyatı yaşamayan yazıçı çox az olar. Bəlkə də, onların hamısının yaradıcılığında xəstəhal ehtirasla kökə bağlılığın bir səbəbi də elə budur. Əslində, yazıçı təbiətən həmişə mühacirətdədi – ən azı, təxəyyülünün yaratdığı dünyaya münasibətdə. Amma bu hissi həm də cismən yaşamaq, şübhəsiz ki, yaradıcılıq üçün əlavə stimuldur. Yəqin, elə bu səbəbdəndir ki, təkcə Latın Amerikası deyil, ümumiyyətlə, dünya ədəbiyyatının əksər şedevrləri vətəndən kənarda yaranıb. Çünki yazıçı təkcə əbədi əzabkeş yox, həm də əbədi sərgərdandı...

Ötən əsrin 85-ci ilinin əvvəllərində Uruqvaya bahar gəldi. Bu təkcə təbiətə deyil, ölkənin siyasi ab-havasına gələn bir bahar idi. On ildən artıq sürən hərbi-vətəndaş diktaturasından sonra hakimiyyətə xalqın seçdikləri gəldilər. Dustaqlar türmələrdən buraxıldılar, repressiyalardan boşalan ölkəyə (əhalisinin sayı 3 milyona güclə çatan Uruqvayın yarım milyonu mühacir idi) axın başlandı. Fəhlələr, keçmiş məmurlar, ziyalılar, siyasi xadimlər... Eyni səbəbdən Amerikaya və Avropaya səpələnmiş qonşu çilili, argentinalı qardaşlarıyla birgə uruqvaylılar da vətənə döndülər. Məşhur Uruqvay yazıçısı Mario Benedetti də qəhrəmanlarıyla birlikdə həmin mühacirlərin arasındaydı.

Azərbaycanlı oxucuya yaradıcılığı çox az tanış olan Mario Benedettinin dünya ədəbiyyatındakı yerinə və mövqeyinə gəlincə, müasir realizmə şəxsi variantını təqdim edən bu sakit və təmkinli uruqvaylı öz dəst-xəttiylə, şübhəsiz ki, “yeni” Latın Amerikası romanının nüvəsini təşkil edən digər nəhəng həmqitəlilərindən xeyli fərqlənir. Mifik, intellektual nəsrin, magik realizmin, fantasmaqoriyanın fonunda onun ilk baxışdan sadə, hardasa elə bil səsi alınmış nəsri özünün ancaq adamaoxşar adamlarıyla, “köhnə dəbli” psixologizmiylə əsas yoldan kənarda uzanan cığır kimi görünə bilər. Amma əslində, Benedetti bu özünəməxsusluğu və daha effektiv üslubuyla hadisələrin ən dərin qatlarını açaraq tarixin bədii-fəlsəfi mənzərəsini yaradır ki, bu da Latın Amerikası romanının XX əsr dünya mədəniyyəti qarşısında çıxış etdiyi konsert zamanı xorda solo kimi səslənir. Bu mənada Benedetti nəsri bəlkə doğrudan da Latın Amerikası ədəbiyyatının əsas yolundan kənarda açılan cığırdı...

Mario Benedetti

TÖVBƏ

(hekayə)

İki günahım var, padre. Birinci, bilirsiz nədi? İki ildi tövbə eləmirəm, ibadətə gəlmirəm. İkincini belə qısa deyə bilmərəm, xeyli vaxt aparacaq. Amma kiməsə danışmalıyam axı. Mütləq ürəyimi boşaltmalıyam, padre. Düzü, bu sözləri nə rəfiqəyə, nə də bacıya demək olar. Sirdi. Dörd bir yandan bağlı bir sirr. Adaxlıma heç deyə bilmərəm, səbəbini indi özünüz də anlayacaqsız. Ona görə də belə qərara gəldim ki, padre Moralesdən başqa pənah yerim yoxdu. Əvvəla, siz o biri kilsədə də mənə çox diqqətli olmusuz. Bir də ona görə ki siz tövbə zamanı deyilənləri sirr kimi saxlamağa borclusuz. Yoxsa səhv eləyirəm? Hə, başa düşdüm. Həm də vicdan əzabı çəkirəm. Sizə necə deyim, padre, elə bilirəm ki, günaha batmışam, özü də bağışlanmaz günaha. İndi vaxtınız varmı? Niyə soruşdum? Əgər vaxtınız yoxdusa, mən başqa gün də gələ bilərəm. Məsələ burasındadı ki, söhbət uzun çəkəcək. Deməli, bir halda ki vaxtınız var, onda lap əvvəldən başlayım. Bilirsiz ki, mən artıq beş ildi “Ever Ready”də, həmin o kişi bərbərxanasında manikürçüyəm. Oranın müştərilərinin hamısı yaxşı adamlardı: nəcib, əsl kişi xasiyyətli. Mən adamı əlindən tanıyıram. Hamısının əli qız əli kimi zərifdi, məni başa düşürsüzmü, padre? Sahibimiz müştərilərə cızıqdan çıxmağa icazə vermir. Doğrusu, bu sarıdan mənim peşəm çox təhlükəlidi. İstədin-istəmədin müştərinin əlinə toxunmalı olursan, həm də axı mənim öz əllərim də çox zərifdi. Onda da müştərinin ağlına min cür qara-qura fikir gəlir, elə bilir, bu, sadəcə işim yox, nəsə nəvazişə oxşar bir şeydi. Xeyr, sahibimiz bu məsələdə çox ciddidi, nə qədər ki işini görüb qurtarmamısan, gözünü səndən çəkən deyil. Yoxsa başqa bərbərxanalardakı kimi... “Salon Eyibio”da əksinə, müştəriylə dilxoşluğa görə mükafatlanırsan. Elə ona görə də iş yerimi dəyişdim. Həm də nəzərə almaq lazımdı ki, “Ever Ready”ə təkcə bankirlər, rəislər, deputatlar, müşavirlər gəlmir, bəzən hətta bura nazirlər də təşrif buyururlar. Diplomatlar da ki günlərini elə burda keçirirlər. Çünki ya boş vaxtları, ya da pulları çoxdu. Hələ mən yarımdiplomatları demirəm. Yarımdiplomat deyəndə, özünü diplomat adlandırmaq istəməsə də, görürəm axı, diplomatdı. Elə mənim tarixçəm də belə birisindən başlandı. Bərbərxanada onu “mister Soerer” çağırırlar (əslində, adı Kuperdi), amma əsl adını bilən yoxdu. Biz üç nəfər olsaq da, həmişə mənim yanımda əyləşirdi. Çox mədəni adamdı. İspanca da əla danışır, amma düzdü, elə sözlər var ki, çətin tələffüz eləyir. Hərdən mənə havadan, kinodan, öz ölkəsindən, Punta-del-Estedən danışırdı, amma çox vaxt mən işləyəndə susub üzümə baxa-baxa qalırdı. Daha belə şeylərə görə əsəbiləşmirəm, illər öz işini görüb, öyrəncəliyəm. Padre, manikürçülük aktrisalıq kimi bir şeydi. Fərq bircə ondadı ki, sənin tamaşaçın yalnız bir nəfərdi. Hə, həm də səni əllə yox, gözlə alqışlayırlar. Beləcə, bir axşam mister Kuper mənə qayıdıb deyir: “Senyorita (o heç vaxt məni başqa müştərilər kimi Klaudiya çağırmırdı, çox hörmətlə “senyorita” deyirdi), yaxşı, pullu bir iş var, özü də cəmi iki şey tələb olunur: gözəllik və təmkin. Birincinin sizdə olması şəksizdi, ikinciyə gəlincə, bax bunu bilmirəm”. Azca karıxdım. Çünki bu sözlər həm komplimentə oxşayırdı, həm də oxşamırdı. Elə bil mənə belə dedi: “Siz gözəlçəsiz, amma bunun mənə nə xeyri”. Aydın məsələdi ki, bu məqamda mənim üçün əsas məsələ fürsəti əldən verməmək idi – təbii ki, əgər söhbət qanuni və abırlı işdən gedirsə. Görürsünüzmü, padre, mən sizin nəsihətləri qulaqardına vurmamışam. Qayıdıb dedim ki, dilimə yiyəlik eləyə bilib-bilmədiyimi qoy sahibimizdən soruşub öyrənsin. Cavab verdi ki, artıq soruşub, amma bilmək istərdi – mən özüm özüm barədə nə fikirdəyəm. Məsələnin qəlizliyinə bir bax. Söhbət böyük ehtiyat tələb edən çox məxfi bir işdən gedirdi. Mənə siyasətdən xeyli sual verdi. Təsəvvür edirsizmi, padre, mənim kimi birisi hara, siyasi suallar hara? Nə bilim, marksizm və demokratiyadan, azadlıqlardan, başqa-başqa məsələlərdən. Mənim belə şeylərdən o qədər də başım çıxmır. Amma o, deyəsən, razı qaldı, ona görə də mənə öz idarəsində görüş təyin etdi. Və məsləhət gördü: “Bu haqda heç kimə deməyin, senyorita”. Deməli, mən bu söhbəti hətta sahibimə də danışa bilməzdim. Təsəvvür edirdim ki, hər şey casus kinolarındakı kimi olacaq: həyəcanlı, qorxulu. Amma hər şey çox sadə oldu. Hər halda, ilk əvvəl beləydi. İşim senyorlardan, əsasən də əcnəbi senyorlardan gah biriylə, gah da o biriylə hardasa oturub ondan bəzi məlumatları qoparmaqdan ibarət idi. Elə bir böyük şey də yox, sadəcə, onların ailələri barədə məlumat. İlk həmlədən mister Kuperə nə lazımıydısa, hamısını öyrəndim. Nə çətin işdi ki. Əvəzində mənə xeyli pul verdi. Üç ayda beş, ya altı tapşırıq yerinə yetirdim. İşimin də adı şam yeməyinə getmək, rəqs etmək və məlumat qoparmaq idi, vəssalam. Adaxlım üçün nəsə bir izahat icad eləməliydim. Odur ki mister Kuperin icazəsiylə ona dedim ki, əcnəbi turistlərə xidmət göstərən agentlikdə işə düzəlmişəm. Bilmirəm, hansı yollarla, amma mister Kuper məni çox rahat bir işlə təmin etmişi. Hər tapşırığa görə mən bərbərxanada qazandığımdan xeyli artıq alırdım. Amma bərbərxanadakı işimi də atmamışdım. Tək ona görə yox ki bu günün sabahı da vardı, həm də ona görə ki, mister Kuper özü belə məsləhət bilmişdi. Kubalıya ilişənəcən hər şey yağ kimi gedirdi. Elə əvvəlindən ürəyimə damdı ki, nəsə bu dəfə haqq-hesab başqa cürdü. Bir axşam mister Kuper məni öz idarəsinə dəvət edib məsələnin nə yerdə olduğunu aydınlaşdıranacan sərasər iki saat danışdı. Əvvəlcə mənə Kastro və tərəfdarları barədə izahat verdi, onların azad dünya üçün hansı təhlükələr yaratdığından bəhs etdi. Dedi, bu kommunistlər ki var, ən murdar məxluqlardı, onlar Rusiyaya yollamaq üçün övladları analardan ayırır, kommunist olmayanları da bir nəfər kimi divara dayayıb güllələyirlər. Təbii ki, ona eşitdiklərimdən dəhşətə gəldiyimi dedim. Susdu. Diqqətlə mənə baxıb soruşdu: “Əvvəlcədən çox-çox üzr istəyirəm, senyorita, amma bu dəfə daha ciddi bir tapşırığı sizə etibar etməyimin nə dərəcədə mümkünlüyünü öyrənmək üçün bir məsələni aydınlaşdırmalıyam. Siz bakirəsiz?” Elə belə də soruşdu, padre, elə belə də soruşdu: “Mister Kuper, axı...” Onda o, çox nəzakətlə, xətrimə dəymədən başa saldı ki, bu suala cavab verməyə də bilərəm, amma bu halda, aydın məsələdi ki, o, pulu əvvəlkilərdən artıq olacaq bu təzə işi mənə tapşıra bilməyəcək. Nə gizlədim, axır vaxtlar pula yaman öyrənmişəm. Bir tərəfdən də hər şey indi elə bahalaşıb ki, heç nəyə pul çatdırmaq olmur. Kimə də olmasa, sizə yaxşı məlumdu ki, mən qız deyiləm, padre, çünki yanınıza tövbəyə gələndə hər şeyi danışmışam. Amma o işi təkcə adaxlımla görmüşəm. Əlbəttə, bilirəm ki, bu heç də günahı yumur, amma, yəqin, siz də razılaşarsız ki, əgər o işi yad bir adamla görsəydim, daha böyük günaha batmış olardım. Odur ki mister Kuperdi, kimdi ona qayıdıb dedim: “Qulaq asın, senyor, əslində, bu məsələni sizə açıb-ağartmalı deyildim, amma mən qızam. Bu nə hoqqadı, özünüzdən çıxarırsız?” Düzdü, padre, yalan işlətdim, amma axı o sizin kimi rahib deyil, deməli, sirr qorumaq məsuliyyəti də yoxdu. Üstəlik, casus filmlərində həmişə belə söhbətləri lentə yazırlar. Amma siz rahiblər yazmırsız. Hər halda, mən belə olduğuna əminəm. Yox, yox, padre, qəti narahat deyiləm. Elə-belə, sözgəlişi dedim. Elə ki bildi qızam, sevindiyindən az qala uçacaqdı. Onda mənə işin, daha doğrusu, özüm üçün iş hesab etdiyimin məğzini izah etməyə başladı. Deməli, məsələ beləydi. Kuba səfirliyində çalışan bir yaxşı adam, aydın məsələdi ki, ölkəsinə görə əzab çəkirdi, amma özünü kommunistlərin girovuna çevrilmiş kimi hiss elədiyindən həyatını dəyişməyə cürəti çatmırdı. Yazıq qorxurdu ki, onu öldürərlər. Sonradan bildim ki, o, şifrləyicidi. Mister Kuper mənə dedi ki, onlar bu adamı xilas etmək istəyirlər. (Düzünə qalsa, “onlar” deyəndə kimləri nəzərdə tutduğu mənə indi də məlum deyil.) Mister Kuper də istəyirdi ki, mən bu işdə onlara kömək olum. Hansı yolla? Nə az, nə çox, həmin o gənci yoldan çıxarmalıydım. Ona görə də qız olmağım vacib idi ki, şübhələnməsin, məni bu işin peşəkarı kimi qəbul eləməsin. “Demokratiyaya və xristian dünyasına xidmət yolunda hər adamın özünəməxsus silahı var, – mister Kuper sözünün əvvəlini belə gətirdi. – Sizdə də bu silah gözəlliyinizdi. Gözəlliyiniz sizin ən güclü silahınız və ən güclü məntiqinizdi”. Yenə hiss elədim ki, bu sözlər də həm komplimentə oxşayır, həm də oxşamır. Hər halda, onun dedikləri müəyyən mənada mənim özüm üçün də maraqlı idi. Padre, sizə ürəyimi aça bilərəm. Bəli, bilirəm ki, mənə tək gözəllik verilməyib, həm də, necə deyim, elə bil məhəbbət üçün doğulmuşam. Amma sizin kimi Tanrıya yox, bəndəyə sevgi üçün, hansını ki siz möminlər şəhvani hiss adlandırırsız. Hətta artıq deyə bilərəm. Hərdən mənə elə gəlir ki, xəmirim bu hissdən yoğrulub. Yaman narahat oluram. Bu narahatlıqdan xilas olmağın bir yolu da həmin hisslərə mənəvi məna verməkdi. Mister Kuperin məndən xahişi nə idi? Mən yüksək insani və əxlaqi məqsədlərə xidmət edən (əlbəttə, əgər ayıq başla baxsan, günah sayılan) bir işi görməliydim. Beşcə dəqiqə fikirləşib razılaşdım. Yox, padre, mənim lap əvvəldə sizi agah etdiyim həmin o ikinci günah bu deyil. Bilmirəm siz necə fikirləşirsiz, amma mən bunu günah saymıram, padre. Yadımdadı, hələ o biri kilsədə həmişə deyərdiz ki, insan özünü böyük amallar uğrunda qurban verməyə hazır olmalıdı – xristian əxlaqının müdafiəsi, kommunizmlə və (mən ki əla xatırlayıram!) başqa iblisanə əməllərlə mübarizə yolunda... Mən də özümü qurban verdim. Deməli, bu, günah deyil, əminəm. Yox, xahiş edirəm, indi sözümü kəsməyəsiz, padre, icazə verin, əhvalatın axırına çıxım. Həmin gəncə köməyim Kastronun səfirliyindən çıxıb sığınacaq istəməsi üçün onu yola gətirməkdən ibarət olmalıydı. Bunun üçün də elə etməliydim ki, o mənə vurulsun. Hər halda, mənə belə demişdilər. Amma sonra məsələ bir az başqa cür oldu. Bir məsələdə mister Kuper heç yaxşı hərəkət eləmədi. O, kubalının evli olduğunu məndən gizlətmişdi. Diqqət edin, padre, bu, məsələni xeyli qəlizləşdirir. Yox, bu da elə bir günah deyil. Amma hər halda, o, məsələnin bu tərəfi ilə bağlı məni məlumatlandırmalıydı. Düz deyil? Mən qısa eləyəcəm. Bəli, o mənə vuruldu. Dəlicəsinə. Biz onun uruqvaylı dostlarından birinin mənzilində görüşüb (hə, padre, biz görüşürdük) sevişəndən sonra (əlbəttə, biz sevişirdik, padre) qol-boyun uzananda mənə elə gözəl sözlər deyirdi ki. Məni elə güllərə, bitkilərə bənzədirdi ki, adlarını nə o vaxt eşitmişdim, nə də indi yadıma sala bilirəm. Eduardo (adı Eduardodu) mənə olan məhəbbətindən az qala havalanmışdı, siyasətdən danışmağa həvəsi nə gəzirdi. Axır ki, bir gün dilləndi. Öyrənib biləndə ki o öz işini atmaq istəmir, hələ desən, əksinə, kastroizmin, “divara dayamaların”, nə bilim nələrin qatı tərəfdarıdı, bu zaman mənim heyrətimi təsəvvür edirsizmi, padre. Demə, o, kommunizmdən yox, öz arvadından canını qurtarmaq istəyirmiş. Səhərisi gedib mister Kuperə belə də çatdırdım. O da mənə izah elədi ki, guya Eduardo mənə etibar eləmədiyindən belə danışır. Amma əmin idim ki, o məndən iynə ucu boyda belə özünə təhlükə görmür. Yalnız ona qarşı istəyimi, ehtirasımı görürdü, özü də kefin istəyən qədər! Bağışlayın, padre, amma təhlükə – qətiyyən. Deməli, mister Kuper məni inandıra bilmədi. Eduardo hərdən susub tavana baxa-baxa qalardı, bir o qədər də özünə qapılmazdı, çünki əlləri elə hey bədənimdə gəzərdi. Elə yumşaq əlləri vardı ki. Etiraf edim ki, bu iş xoşuma gəlirdi, amma mister Kuperin məndən nə istədiyini anlamırdım. Şənbə günü mənzilə əvvəl mən gəldim (açar ikimizdə də var), Eduardo həmişə mənə qarşı diqqətli olsa da, bu dəfə nəsə gəlib çıxmaq bilmirdi. Vədələşdiyimiz vaxtdan iki saat gec gəldi. Yaman həyəcanlıydı, rəngi də ağarmışdı. Əvvəlcə nə hadisə baş verdiyini mənə demək istəmədi. “İşimdə bir-iki əngəl vardı”, – dedi. Sonra uzandıq. Həmin gün o işi də elə bil candərdi gördü. Az sonra hər şeyi mənə danışdı. Deməli, “On səkkiz iyul” xiyabanıyla tək-təkinə getdiyi yerdə qəflətən eşidib ki, Yaquaron küçəsinin ayrıcındakı səkidə dayanan maşından onu səsləyirlər. Yaxınlaşanda görüb ki, maşında iki nəfər var. Biri salam-kəlamsız soruşub ki, onlarla əməkdaşlıq etmək istəyirmi. Məsələylə maraqlanıb: “Siz kimsiz axı?” – “Biz elə bizik, vəssalam”. Həmin adamın cavabı belə olub, ardınca da ona bir qalaq pul göstərib. Eduardo deyir ki, beş min dollar olardı, hamısı da yüzlük. “Əgər bizə işləsən, sənə bir bu qədər də çatacaq”. Eduardo deyir ki, əvəzində onların ondan nə istədiklərini soruşmaqla səhvə yol verib. “Şifrələr”, – cavab bu olub. Eduardo da qayıdıb ki, heç vaxt – nə bu, nə də başqa pula... Onda bayaqdan ağzını açmayan o birisi cibindən şəkil çıxarıb. Şəkil mənlə Eduardo görüş evindən çıxan yerdə çəkilib. Mənzildən yox, fahişəxanadan çıxan yerdə (çünki ilk iki görüşümüz belə yerlərdən birində olmuşdu). “Əgər inad eləsən, bizə köməklik göstərməsən, bunu arvadına yollayacağıq. Yaxşısı budu, bir az fikirləş”. Bu vaxt biri maşından düşüb küncdə banan satan qadına tərəf gedib, üç dənəsini alıb qayıdıb. Bananın birini Eduardoya uzadanda o elə həyəcanlıymış ki, alıb. Onda həmin adam deyib: “Biz bu dost münasibətlərin nümayişinin də şəklini çəkdik”. “Niyə?” – Eduardo soruşub. “Sənin hökumətinə göndərmək üçün. Qoy görsünlər ki, sən bizdən bananı necə məmnunluqla alırsan”. Ardınca onu maşına oturdub həmin bir qalaq dolları cibinə basandan sonra buraxıblar. Ona görə də gecikmişdi. Başa düşdüm ki, bu məsələdə məndən qəti şübhələnmir. Yazıq hardan biləydi ki, bu əməliyyatda mənim də az-çox iştirakım olub. Bundan sonra nə edəcəyimi soruşanda dedi ki, pulları səfirliyə təhvil verib hər şeyi açıb danışacaq. “Bəs arvadın?” – “Cəhənnəm olsun!” Üzr istəyirəm, padre, amma o belə də dedi. Nə gizlədim, onun bu sözlərindən ləzzət aldım. Sonra çıxıb getdim. Şənbə olsa da, fikirləşdim ki, mister Kuper, yəqin, indi öz idarəsindədir. Odur ki taksiylə birbaşa ora yollandım. Hə, işdəydi. Eduardodan eşitdiklərimi danışanda mənə elə gəldi ki, onun hər şeydən xəbəri var... Yaxşı deyil, mister Kuper, sizin məni belə oynatmağa haqqınız yoxdu. İnanın ki, heç vaxt özümü belə pis hiss eləməmişəm. Bir tərəfdən bu gəncin kommunist olmağı öz yerində, həm də deyim ki, əqidəsinə xilaf çıxana qəti oxşamır, o biri tərəfdən mənim də belə bir şantaja çəkilməyim qəbulolunmazdı. Dilimdən “şantaj” sözü çıxanacan mister Kuperin üzündən təbəssüm çəkilmirdi, amma bu sözdən sonra sifəti tamam dəyişdi. Bu vaxtacan özünü yüksək nəzakətlə aparan həmin insan ingiliscə nəsə mızıldandı, ardınca da bağırdı: “Səfeh olma!” Gözlərimin necə bərəldiyini bir görəydiz. Çünki ondan bu kobudluğu gözləmirdim. Amma ondan ötrü daha mən adda adam yox idi: “Rahat ola bilərsiz, siz daha mənimlə işləməyəcəksiz. Bilirsiz niyə? Çünki qədərindən də artıq səfehsiz. Amma hər halda, ümid edirəm, sizin bu boş başınız sirr saxlamağın nə olduğunu hələ də yadırğamayıb. Kəlmə kəsmək olmaz, heç kimlə, aydındı? Heç kimlə. Əgər ağzınızı boş qoysaz – bunu öyrənmək bizim üçün çətin deyil – onda özünüzdən küsün”. Mən ağladım, padre, özümü saxlaya bilmədim, ağladım, amma o adam daşdanıydı, büsbütün daşdan. Elə bilirsiz, göz yaşlarım onu yumşaltdı? Qəti. Bir az da hirslə əlavə etdi: “O axmağa gəlincə, bir də onunla görüşə belə cəhd etməyin! İcazə vermirəm, aydındı? Bu da sizin pulunuz”. Həmişəki kimi yenə qarşımda bir qalaq pul gördüm, bu dəfə bəlkə bir az da artıq idi. Amma pulu almadım. Bacarmadım. Stolun üstə qoyub çıxdım. Bax ötən şənbə başıma gələn budu, padre. Amma mən elə hey ağlayıram, ötənləri xatırlayıram. Görürsüzmü? Nə qədər təhqiramizdi. Bəli, Eduardodan xoşum gəlir. Amma mən onu daha görməyəcəm. Doğrusu, heç özüm də  bilmirəm buna dözə biləcəyəmmi? Bu da mənim ikinci günahım – günah olmasına şəkk eləsəm də. Üzümə deyin, padre Morales, kommunistə, özü də evli kommunistə vurulmaq bağışlanmaz günahdı?

Tərcümə edən:   Yaşar