Tərcümə prosesi zamanı müəllifin hisslərini, ruhi vəziyyətini, müşahidələrini olduğu kimi çatdırmaq heç də asan deyil. Bunun üçün böyük lüğət ehtiyatına malik olmaq da kifayət etmir. Bəzən tərcüməçi yaratdığı mətnə daha artıq ifadəlilik, hissiyyatlılıq vermək üçün qəsdən müxtəlif üslublardan istifadə edir.
Bənzətmələrin, mübaliğələrin, müqayisələrin tərcüməsi əksər mütərcimləri öz işlərinə həddən artıq diqqətlə yanaşmağa məcbur edir. Qeyd edək ki, ekspressiyanın, yəni mətnin təsir gücünün tərcüməsi problemi təkcə təcrübəsiz yox, peşəkar mütərcimləri də çətin vəziyyətdə qoyur.
Tərcümə nəzəriyyəsinin ən maraqlı cəhətlərindən biri dilin üslub üsullarını çatdırmaqla əlaqəlidir. Amma hələ ki həmin sahə kifayət qədər işlənib-hazırlanmayıb. Bədii əsərin obrazlı informasiyasını müvafiq tərzdə çatdırmaq zərurəti ifadə vasitələrinin tərcüməsini, orijinalın tərcümədə üslub effektinin yaradılmasını öyrənmək üçün əsas cəhətdir. Amma əvvəlcə “tərcümə” anlayışının mahiyyətini müəyyənləşdirmək lazımdır.
Məlum olduğu kimi, tərcümə – ayrı-ayrı cəhətləri müxtəlif elmlərin tədqiqat hədəfi ola biləcək mürəkkəb, çoxcəhətli hadisədir. Tərcümə yaradıcı fəaliyyətin psixoloji, ədəbi, etnoqrafik və digər tərəflərini təşkil edir və eyni zamanda özündə bu və ya digər ölkənin, yaxud ölkələrin tərcümə işi tarixini əks etdirir. Belə ki, əksər dilçi mütəxəssislər tədqiqat hədəfindən asılı olaraq aşağıdakı cəhətləri fərqləndirirlər:
- psixoloji tərcüməşünaslıq (tərcümənin psixologiyası);
- ədəbi tərcüməşünaslıq (bədii və ədəbi tərcümə nəzəriyyəsi);
- etnoqrafik tərcüməşünaslıq (tarixi tərcüməşünaslıq) və s.
Nəzəriyyəçi N.F.Danovski tərcüməni hərb sənəti ilə müqayisə edərək əsərin üslub tələblərini strateji problemlər kimi təsəvvür edir. Nümunə kimi müəyyən bir sözü götürmək olar. Həmin sözün dildə bir çox mənası, çaları, sinonimi ola bilər. Tərcüməçi müxtəlif kontekstlərdə o sözün hansı sinonimindən istifadə etməli olduğunu dərk etmək üçün orijinalın üslubi quruluşuna, üslub xüsusiyyətlərinə müraciət etməlidir. Bununla da mütəxəssisdə üslub və ritorika fiqurlarının, yönlərinin seçimi üçün gözəl imkan yaranır. Məhz üslub uyğunluğu tərcüməçiyə lazımi leksikanı, qrammatik formaları və cümlə quruluşlarını seçmək üçün yeganə məhək daşı olacaq. Peşəkar tərcüməçi mətni daha mükəmməl və ifadəli etmək üçün orijinalda istifadə olunmuş müəyyən üslub üsullarının çatdırılması vasitələrindən istifadə edir. Bütün dövrlərdə tərcüməçilər qarşısında iki yol – ya orijinalın üslubunu tətbiq etməyə çalışmaq, ya da əgər bu mümkün deyilsə, tərcümədə oxşar emosional bədii təsirə malik şəxsi üslub vasitəsini yaratmaq durub. Bu prinsipi çox vaxt üslub əvəzləməsi prinsipi adlandırırlar. Yazıçı K.Çukovski bu barədə deyirdi ki, bənzətməni bənzətmə, müqayisəni müqayisə ilə yox, təbəssümü təbəssümlə, göz yaşını göz yaşı ilə və s. çatdırmaq lazımdır. Amma təcrübəsiz “söz ustaları” yadda saxlamalıdırlar ki, mətndə formadan çox, üslub funksiyasına önəm verilməlidir. Tərcüməçi öz dilində çatdırılması mümkün olmayan üslub hadisəsini ötürə, onu mətnin başqa bir yerində daha münasib parçada üslub yönümü ilə oxşar başqa bir obraz yaratmaqla “borcunu qaytara” bilər.
Əgər fəaliyyətə yeni başlayan mütərcimin müxtəlif tərcümələri, yaxud tərcüməni orijinalla müqayisə etmək təcrübəsi yoxdursa, bu zaman müəyyən mətnlərə münasibəti birmənalı olacaq və onu çoxsaylı feili bağlama şəkilləri, cürbəcür morfemlər, eyhamlar qorxudacaq. Nəticədə tərcüməçi və tərcümə uğursuzluğa düçar olacaq. Digər tərəfdən insan tərcüməçi işinin çətinliyini və vacibliyini dərk edəndə, bu barədə mülahizə yürütməyə və müqayisə etməyə alışanda mətn mütərcimin yaradıcılıq məhsuluna çevrilir, onun şəxsi fikirləri, hissləri, sarsıntıları ilə yüklənir. Əslində, burada bir pis niyyət də yoxdur. Heç birinci variantda da pis niyyət axtarmağa dəyməz. Sadəcə müəllif haradasa arxa planda əriyib yoxa çıxır. Hər iki halda bir məsələni yadda saxlamaq lazımdır ki, əgər tərcümədə hər şey yerində deyilsə, məhz mütərcim günahkardır, çünki mətnin üslub cəhətlərinə məhz o cavabdehdir.
Əksər tərcüməçilərin mətni “yaxşı və asan oxunan” etmək istəyi, təəssüf ki, ölgün, ütülü “tərcümə dili”nin yaranmasına gətirib çıxarır. Məgər başqa cür mümkün deyil? Tərcümədə orijinalın üslub xüsusiyyətlərini saxlamaq olarmı? Əlbəttə, olar. Tərcümənin taleyi və mütərcimin nüfuzu məhz əksər oxucuların münasibətindən və rəyindən asılıdır. Oxunan əsərin doğurduğu müxtəlif hisslər müsbət və mənfi ola bilər. Belə çıxır ki, müəllif mətninin bütün xüsusiyyətlərini çatdırmağa çalışmaqla (özünün anlayışı ölçüsündə və mümkün olan hüdudlarda) tərcümə etmək qeyri-mümkündür. Oxucu kütləsinin istəyi, tərcümənin üslubuna, frazeologiyasına və leksikasına olan tələbləri mütləq tərcüməçini müəllif fikrini dönə-dönə pozmağa məcbur edir.
Əsərin obraz yükünü daşıyan üslubi üsulların tərcüməsi müxtəlif dillərin üslubi sistemlərinin milli xüsusiyyətləri səbəbindən tərcüməçilər üçün çətinlik yaradır. Bütün linqvistlər tərcümədə orijinalın, obrazın saxlanılmasının zəruriliyini qeyd edir və haqlı olaraq hesab edirlər ki, tərcüməçi hər şeydən əvvəl üslubun özünü yox, funksiyasını yenidən yaratmağa çalışmalıdır. Nitqin üslub fiqurlarını, müqayisələri, mübaliğələri, bənzətmələri, atalar sözlərini və s. çatdıran zaman tərcüməçi hər dəfə bir məsələni həll etməlidir: onların əsasını təşkil edən obrazı saxlamaq, yaxud tərcümədə onları başqaları ilə əvəz etmək.
Tərcümənin üslubu mütərcim üçün önəmlidir – bunsuz gözəl və mükəmməl çevirmə mümkün deyil. Orijinalın tərcüməsinin keyfiyyəti mütərcimin üslub vahidlərinin mənasını hansı bacarıqla çatdırmasından asılıdır. Qanunauyğun haldır ki, ədəbiyyatşünaslar, kulturoloqlar və filosoflar üçün başlıca və daha maraqlı nüanslar bədii tərcümə, bədii nitqin tərcüməsi ilə əlaqədardır. Təsir vasitələrinə bənzətmələr, metonimlər, müqayisələr, allüziyalar, sitatlar, hikmətli sözlər, atalar sözləri və zərb-məsəllər daxildir. Tərcümə zamanı mütərcim üçün ən çox çətinlik yaradan üslubun mübaliğə, bənzətmə, müqayisə, atalar sözləri, zərb-məsəllər kimi nitq fiqurlarıdır. Əlbəttə, tərcüməçi onlara fikir vermədən də mətnləri çevirə bilər, amma nəticədə ortaya “quru tərcümə” çıxacaq.
Üslub vahidlərinin çatdırılması tərcümənin ən mühüm vəzifələrindəndir. Bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Tərcümənin cavab verməli olduğu tələblər, yəni tərcümə dilində bu cür mətnləri xarakterizə edən normativ qaydalar mövcuddur. Həmin tələblərə aşağıdakıları aid etmək olar:
- məna uyğunluğu: tərcümənin üslubundan və yönündən asılı olaraq mütərcim çevrilən mətnin həmişə orijinalın həqiqi mənasını əks etdirməsinə çalışmalıdır. Məna uyğunluğu özündə üslub dəqiqliyini, oxşarlığı və tamlığı birləşdirir;
- savadlılıq: bu tələb özündə mətnin Azərbaycan və xarici dilin ümumi normalarına uyğun olmasını ehtiva edir. Bir qayda olaraq, üslubi, qrammatik və orfoqrafik səhvlərin istisnası nəzərdə tutulur;
- leksik və üslub uyğunluğu: orijinaldakı terminlərin ekvivalentlərinin düzgün seçimi, qısaldılmış sözlərin və baş hərfləri yazılan söz birləşmələrinin oxşarlarının axtarışı nəzərdə tutulur.
Tərcümə edilən mətnin ümumi üslubu və orijinalın üslubu qavrayışda bir-birindən fərqlənməməlidir. Texniki tərcümələr üçün ifadələrin dəqiqliyi, emosional, dəbdəbəli sözlərin olmaması, sadə cümlə quruluşu və hissiyyatsızlıq xarakterikdir.
Həm şifahi, həm də yazılı tərcümə kifayət qədər çətin və çoxcəhətlidir. Tərcümə təkcə mətndə bir dilin başqa dillə əvəz edilməsi deyil. Tərcümədə müxtəlif mədəniyyətlər, şəxsiyyətlər, inkişaf səviyyələri, ənənələr və quruluşlar toqquşur. Mütərcimin əsas vəzifəsi həmişə tərcümənin bütün çətinliklərini yadda saxlamaq, müəllif fikrini mümkün qədər dəqiq ifadə etmək, onun müxtəlif bədii üsullarını çatdırmağı unutmamaqdır. Qeyd olunduğu kimi, bu çətinliklərin dərk edilməsi tərcüməçinin peşəkar fəaliyyətində uğura doğru atdığı addımdır. Tərcüməçinin öz qüvvəsinə inamı əminliyə, malik olduğu bilik isə yoxlamaya, yaxud təkmilləşməyə ehtiyac duyulmayan donuq ehkama çevrilməməlidir. Yadda saxlamaq lazımdır ki, tərcümə hər şeydən əvvəl, çətin, yorucu, məsuliyyətli işdir, təkcə hərtərəfli bilik və yaradıcı münasibət yox, həm də müəllif fikrini daha aydın çatdırmaq üçün böyük istək tələb edir. Bununla belə, qeyd edək ki, mətnin tam şəkildə çatdırılması, demək olar, mümkün deyil. Bu mənada bədii tərcümə, bir növ, orijinalın variasiyasını başqa dilin ifadə vasitələri ilə canlandırmaq cəhdi kimi başa düşülməlidir.