Elektron ədəbiyyat və sənət portalı

Çiynimdə tabut gəzirəm

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 25.12.2019

 

Zakir Fəxri

(1948)

Şair, tərcüməçi. “Xatirə çiçəyi”, “Bir ömrün tarixi”, “Qalmaz belə, qalmaz dünya”, “Yaza və yoza bilmədiyim yuxu”, “Rekviyem”, “Qaranlıqdan aydınlığa”, “Qara Məlik, Qara Qəzənfər və mən” kimi poetik məcmuələrin, “Dustaqxanadan dustaqxanaya” romanının, həmçinin dünya ədəbiyyatından çevirmələrin toplandığı “Bəşəri poeziya” kitabının müəllifidir. Şeirləri rus, ingilis, italyan, türk və özbək dillərinə tərcümə olunub. “Qalmaz belə, qalmaz dünya” kitabı 2009-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” mükafatına layiq görülüb.

 

Çiynimdə tabut gəzirəm 

Alışdım tək daşımağa,

Çiynimdə yük daşımağa.

Yer yox bir tük daşımağa –

Çiynimdə tabut gəzirəm.

 

Dolaşıram dağı-daşı,

Nə zər, nə yaqut gəzirəm.

Düyün-düyün yollarımı

Aça-aça oxuyan, bir

Kökdən düşmüş ud gəzirəm –

Çiynimdə tabut gəzirəm.

 

Gəzirəm dörd bir tərəfi,

Bilmirəm, yolum haradı?

Çəkir məni sirr tərəfi…

Ölümü gördüm, deyəsən,

Görəsən, ölüm haradı?

 

Suyuna dodaq dəyməmiş,

Köksünə ayaq dəyməmiş,

Sinəsinə ox dəyməmiş

Gözdən uzaq yurd gəzirəm –

Çiynimdə tabut gəzirəm.

 

Dörd yana meydan sulayan,

Səsi ruhumu dalayan,

Axirət deyib ulayan

Yalqız qalmış Qurd gəzirəm –

Çiynimdə tabut gəzirəm.

 

Balalar çiçək doğulur,

Gül doğulur balalar.

Balalar göyçək doğulur.

…qul doğulur balalar.

  

Torpaqdan altun doğulur,

Daşlardan yaqut doğulur.

Nədənsə şair doğulan,

Çiynində tabut doğulur.

 

Çox göynətdi ürək məni,

Dərdsiz ürəyə qurd düşər…

Silkələmə, fələk, məni –

Çiynimdəki tabut düşər!..

 

Axirət

Bir səhər yuxudan durarsan, qardaş,

Bilməzsən səhərdi,

ya axşamçağı…

Axar suların da

yolu dəyişib,

Görərsən əriyib Himalay dağı…

Yolların da sağı,

solu dəyişib,

Suların altında qalıb qəbirlər,

Sular da qəbrinin üstündən axır…

Ruhun da göylərdən

qəbrinə baxır…

Baxarsan, elə hey

gözün axtarar…

Amma görərsən ki,

Nə bir inni-cinni,

nə bir can qalıb.

Nə bəla, nə xəta,

nə də qan qalıb...

Sularda ovulub,

əriyib hər şey,

Nə səs, nə bir səda,

…kiriyib hər şey.

Daşlar ağac olub,

ağaclar da daş…

Sən özün-özündə

batmısan, qardaş!

Nə nar ağacları,

nə əncir, üzüm,

Nə alma, nə püstə,

nə badam qalıb.

Dünyanı su basıb,

dünya bir ada,

Bu kiçik adada

tək Adəm qalıb…

 

Adanın köksündə sevgi çatları…

Nə Həvva görünür, nə övladları…

 

Dupduru sular da bulandı…

Tikdiyin qalanın özülü uçdu,

Daşı-daş üstünə qalandı, Xalıq!

Bilirdin dünyanın axırı puçdu,

Bilirdin ki, dünya yalandı, Xalıq!

 

Dəyərlər əridi, bir-bir aşındı,

Var-dövlətin torba-torba daşındı.

Daşınanlar öz torpağın, daşındı,

Baxanda gözlərin sulandı, Xalıq!

 

Yüz yol sinənə vur, yaxanı yırt da,

Öz içindən yeyər meyvəni qurd da…

Gör nələr yaşandı qurduğun yurdda,

Sağdan da, soldan da talandı, Xalıq!

 

Qocalıq yetişdi, nəfəs təntidi,

Dövran ömür biçən bir kərəntidi…

Xoş gün, xoş güzəran bir görüntüdü,

Düz yolun son ucu dalandı, Xalıq!

 

Zakir Fəxri, var üstündə yarışdı,

Nəfslər milçəktək bala darışdı...

Halal, haram bir qazanda qarışdı,

Dupduru sular da bulandı, Xalıq!

 

Xoş gəldin, dərdim, xoş gəldin!

Göylərin yeddi qatından,

Qəriblərin ovqatından.

Qəmlərimin çatından

Keçib, sinəmə tuş gəldin,

Xoş gəldin, dərdim, xoş gəldin!

 

Yelkən oldun, üzdü gəmim,

Çiçəklədi qüssəm, qəmim.

Tumurcuqladı qələmim.

Qaşsız baxtıma qaş gəldin,

Xoş gəldin, dərdim, xoş gəldin!

 

Sənsiz dünyam həzin düşdü,

Hər günümə hüzn düşdü.

Döndün, odun, közün düşdü.

Boş ruhuma savaş gəldin,

Xoş gəldin, dərdim, xoş gəldin!

 

Üz tutdum Söz dərgahına,

Od üçün köz dərgahına…

Nədənsə öz dərgahına

Qayıdıb əliboş gəldin,

Xoş gəldin, dərdim, xoş gəldin!

 

Gözündən yüz bulaq oydum,

İçdikcə demədim doydum…

Mizan tərəziyə qoydum.

Sevgimlə baş-başa gəldin,

Xoş gəldin, dərdim, xoş gəldin!

 

Qalmaz belə, qalmaz dünya        

Bığ yeri tәrlәyәn igid,

Girәvә һәrlәyәn igid.

İçindә çәrlәyәn igid,

Qalmaz belә, qalmaz dünya.

 

Sığınar bir xәlvәt döşә,

Qorxar baxtı bәndә düşә.

Boynunu bükmə, bənövşə,

Qalmaz belә, qalmaz dünya.

 

Könül verməzlər şər vaxtı,

Arxanca bir qərib baxdı..

Qara qızın qara baxtı

Qalmaz belə, qalmaz dünya.

 

Övladların çıxdı naşı,

Qəm yükünü özün daşı.

Axma anamın göz yaşı,

Qalmaz belə, qalmaz dünya.

 

Başında xoş sevda dəmi,

Ocağında hicran qəmi.

Ağlama “Yanıq Kərəmi”,

Qalmaz belə, qalmaz dünya.