Elektron ədəbiyyat və sənət portalı

FOLKNER və HEMİNQUEY: bir münaqişənin tarixçəsi

Bölmə: Art 06.10.2023

 

Ernest Heminquey və Uilyam Folkner...

İki dahi yazıçı – Amerikanın XX əsr dünya ədəbiyyatına bəxş etdiyi iki korifey.

Onların münasibəti yetərincə sərin idi və vaxtilə ABŞ-ın Missisipi Univer­sitetində tələbələrdən birinin sualını cavab­lan­­dırar­kən Folknerin yol verdiyi xırda bir “qüsur” bu münasibəti bir qədər də sərinlətmişdi. Tələbələrdən biri ondan “ən görkəmli beş çağdaş amerikan yazıçının sırasında kimlərin adını çəkə bilə­cəyini” soruş­muş, Folknerin də cavabı belə olmuş­du: 1.Tomas Vulf. 2.Dos Passos. 3.Hemin­quey. 4.Kezer. 5.Steynbek.

Bu cavabdan sonra görüşü idarə edən müəllim sual verən tələbəyə müraciətlə: “Siz, deyəsən, mister Folknerin təvazöka­rlığını sınağa çəkirsiniz” demiş və onda Folkner öz siyahısını bu şəkildə oxumuşdu:

  1. Tomas Vulf – bu adam çox böyük cəsarət sahibi idi və əsərlərini sanki son günlərini yaşayırmış kimi yazırdı. 2. Uilyam Folkner. 3. Dos Passos. 4. Heminquey – bu adam cəsarətdən xalidir, o heç zaman nazik buz qatının üzərinə ayaq basmağa belə cürət etməyib və indiyədək elə bir söz işlətməyib ki, həmin sözün məğzini öyrənmək üçün oxucunu lüğətə baxmağa məcbur eləsin. 5. Steynbek – bir vaxtlar mən ona böyük ümidlər bəsləyirdim. İndi isə bilmirəm...

Görüş beləcə başa çatmışdı və sonra tələbə­lərdən biri (R.M.Allen) həmin görüşün tam stenoqra­mını mətbuat üçün hazırlasa da, digər tələbə onu qabaq­layaraq öz ala-yarımçıq qeyd­lərini daha tez çapa vermişdi. Beləliklə də Folknerin Amerikanın beş görkəmli yaza­rına verdiyi qiymət əsa­sın­da onları müəy­yən ardıcıllıqla sıralaması və Heminqueyin cəsarət­sizliyi barədəki məlum cavabı 1947-ci il aprelin 24-də Oksford qəzetlərinin birində dərc olunmuşdu.

Az sonra “Nyu-York herald tribun” həmin cavabı təkrar çap edir, həngamə də məhz bundan sonra başlanır. Belə ki, yazının dərc olunduğu qəzet o vaxt Kubada yaşayan Heminqueyin əlinə keçərək onu bərk hiddətləndirir. Yazıçı dərhal dostuna – general K.T.Lenhemə məktub yazıb xahiş edir ki, qoy o onun hərbi döyüş şücaətləri barədə Folkneri məlumatlandırsın.

Xahiş yerinə yetirilir – Lenhem rəhbərlik etdiyi 22-ci piyada alayının tərkibində Hemin­qu­eyin, həqiqətən də, müttəfiq qoşunla­rının Fransaya çıxarıldığı gündən başlamış 1944-cü ilin qış aylarınacan hərbi müxbir qismində iştirakı və şücaətləri barədə Folknerə müfəssəl məlumat yazaraq dostunun xidmətlərini bircə-bircə sada­layır və düz üç səhifəni tutan həmin faktların Folknerdə Hemin­queyə qarşı yanlış təsəvvürü dəyişdirəcəyinə ümid­var oldu­ğunu bildirir. Məktubdan təsirlənən Folkner yaranmış vəziyyətdən bərk peşmançılıq hissi keçirir və məsələyə aydınlıq gətirmək üçün generala bu məz­munda cavab yazır:

 

Hörmətli general Lenhem!

Məktubunuza görə Sizə təşəkkürümü bildirirəm.

Sizin mənim ifadələrimə istinadən göstər­diyiniz misallar düzgün deyil. Heç şübhəsiz ki, siz onları yanlış çap olunduqları mənbədən oxumu­sunuz. Məsələ bunda­dır ki, mən Hemin­qu­eyin insani keyfiyyətləri barədə bir kəlmə də danışmamışam, yalnız ədəbi usta­lığından söz açmışam. Üstəlik, mən onun iki Dünya sava­şın­da və İspaniyada göstərdiyi hərbi xidmətlərdən xəbərdaram.

Aprel ayında mən ingilis dili və ədəbiy­yatı fakül­təsinin xahişinə əsasən Missisipi Univer­sitetinin altı kursu­nun hamı­sında tələbələrlə görüşüb onların ədəbiyyat və yara­dıcılıq məsələlərinə dair sualla­rını cavablandırdım. Qrupların birində Ameri­ka­nın ən məşhur yazıçılarına qiymət verməyimi xahiş etdilər. Cavabım belə oldu ki, bu əsla mümkün deyil. Fikrimcə, ümumiyyətlə, bunu heç kəs bacar­maz, amma onların israrlı xahişlərindən sonra öz müasirlərimi – biz yazmağa başlayandan adı adımla daha tez-tez yanaşı çəkilən yazıçı­ların yaradıcılığını necə qiymətləndirdiyimi açıqla­maq məcbu­­riy­yətində qaldım. Hemin­qu­eyin, Vulfun, Dos Passosun, Kolduellin adını çəkib dedim ki, məncə, biz hamımız məğlu­biy­yətə uğramışıq. Yəni o mənada ki, birimiz də Dikken­sin, Dosto­yevskinin, Balzakın, Tekkereyin və b. əldə etdiyi yüksəkliyə ucala bilməmişik. Dedim ki, ən gözəl məğlubiyyətə Vulf uğrayıb, çünki aramızda ən cəsarətlisi o çıxdı – heç zaman çəkinmədi, vecinə də almadı ki, zövqü pis, üslubu yorucu və yön­dəmsiz sayıla bilər. Həmçinin qeyd etdim ki, üsluba fikir verdiyinə görə riskdən qorxan Dos Passos ikinci yerdə dayanır. Sonra Heminqueyin adını çəkdim. Çünki bir çox başqaları kimi o da özünü təhlükəyə məruz qoymaq istəmə­yib, pis görünməkdən, uzunçuluqdan, yaxud darıxdırıcı yazmaq­dan çəkinib. Əlbəttə, bütün bunlar barədə orada daha geniş danışmışdım. Əlimdə hazır mətn olmadığından hazırlıqsız çıxış edirdim, həm də düşünürdüm ki, görüş qeyri-rəsmidir, deyilənlər də mətbuat üçün deyil.

Çıxışımın çap olunmasını yalnız Sizin məktu­bunuzdan bildim. Göstər­diyiniz misal­lardan isə belə qənaətə gəlirəm ki, mətn ciddi təhrif olunub və xeyli kəsilib-doğranıb. Buna dərindən təəssüflənirəm. Məktu­bun surətini əlavə qeydimlə birgə Heminqueyə də göndərirəm. Əmin ola bilərsiniz ki, bu yanlışlığı aradan qaldırmaq fürsəti hər hansı şəkildə əlimə düşərsə, həmin fürsətdən yararlanıb mütləq bunu edəcəyəm. Məktu­bu­nuza görə bir daha minnət­dar­lı­ğımı bildirirəm.

Hörmətlə, Uilyam Folkner

 

Bundan sonra Folkner, həqiqətən də, məktubun surətini Hemin­queyə göndərmiş, aşağıdakı qeydi də yazdığı məktuba əlavə etmişdi:

Əzizim Heminquey!

Bu ağlasığmaz səfehliyə görə bərk təəssüf­lə­ni­rəm. Mən, sadəcə, universitetdəki çıxışıma görə iki yüz əlli dollar pul qazanmışam. Çıxış qeyri-rəsmi idi, özü də mətbuat üçün nəzərdə tutulmamışdı, yoxsa çapdan öncə yazıya hökmən baxardım. Uzun illər ərzində bir şeyə qəti əmin olmuşam ki, adamın dili başına bəladır və bizim aramızdakı müsibətlər də dilə gətir­diyimiz sözlərin, etdiyi­miz çıxışların ucbatındandır. Düşünürdüm ki, mən artıq bu axmaq çərənçilik vərdişini tərgitmişəm. Qoy bu mənə sonuncu dərs olsun. Çox ümidvaram ki, bu Sizin üçün ciddi əhəmiyyət kəsb etməyəcək. Yox, əgər bunun zərrə qədər də önəmi varsa, onda səmimi üzrxah­lığımı öz Folknerinizdən lütfən qəbul edin.

Oksford, Missisipi. 29 iyun 1947

Heminqueylə aralarında yaranmış xoşa­gəl­məz müna­sibətə bu şəkildə aydınlıq gətirilsə və ilk baxışda narazılı­ğın aradan qalxması təsəvvürü yaransa da, qeyd edək ki, ümumiyyətlə, Missisipi Universitetindəki görüşdə Folknerin beş Amerika yazıçısı ilə əlaqədar söylədiyi fikirlər xeyli müd­dət ayrı-ayrı ədəbi auditoriya­ların müzakirə mövzusuna çevrilmiş, müxtəlif xarakterli mübahisələrə səbəb olmuşdu. Səkkiz il sonra – 1955-ci ildə tənqidçi və jurnalist H.Brayta verdiyi müsahibədə Folkner həmin hadisəni belə xatırlayırdı:

Məsələ belə olmuşdu. Məndən xahiş etmiş­dilər ki, çağdaş yazarla­rı­mız­dan ən yaxşı saydığım beş nəfəri ardıcıl­lıqla düzüm. Mən Vulfun, Hemin­queyin, Dos Passosun, Kolduellin və öz adımı çəkdim. Vulfu birinci, özümü ikinci sıraya qoydum. Sonuncu yeri Heminqueyə verdim. Dedim ki, biz hamımız uğursuzlarıq  – aramızda heç kim kamillik zirvəsinin arzuolunan ucalığına yetişə bilməyib. Və adını çəkdiyim sənətkarları onların mümkün olmayanı əldə etmək cəhdlərində uğradıqları məğlubiyyətlərə əsasən qiymətlən­dirdim. İnanıram ki, Vulf mümkün olmayana yaxınlaşmağa hamıdan çox can atıb, bəşər övladının bütün təcrübəsini ədəbiyyatın varlığında təcəssüm etdirməyə cəhd göstərib. Belə düşünürəm ki, Vulfdan sonra bu işdə ən çox tər tökən özüm olmuşam. Heminqueyi isə o səbəbdən axırıncı yerə layiq bildim ki, o, həmişə yaxşı bələd olduğu sərhədlər daxilində qalmağa üstünlük verir – bunu çox ustalıqla etsə də, mümkün olma­yanı əldə etməyə heç vaxt can atmır...

Həmin ilin avqustunda Yaponiyanın Naqano şəhə­rində keçirilən Amerika ədəbiyyatı üzrə yay semi­narında iştirakı zamanı Folkner ona Tomas Vulfla bağlı verilən sualın cavabında yenə köhnə mövzuya qayıtmalı olmuşdu:

Vulfun məğlubiyyəti – məğlubiyyətlərin ən parlağı idi. Sonra mənimki gəlir, üçüncü yeri Dos Passosun məğ­lu­biyyətinə verirəm. Heminqueyə isə yalnız bir səbəbə görə – özünü ötüb-keçməyə, özünü üstələməyə heç zaman cəhd göstərmədiyinə görə həmişə axırıncı yeri ayırıram...

Naqano seminarında üslubla bağlı verilən sualın cavabında Folkner Heminquey haqqında fikrini bu şəkildə davam etdirmişdi:

Heminquey kimi yazıçılar nadir hallarda doğu­lur­lar. Yaradıcı instinkti, yaxud ağıllı və müdrik müəl­lim­lə­rinin məsləhətləri sayəsində o anlamışdı ki, öz çevik üslu­buna və dəyişməz prinsiplərinə sadiq qalmaqla daha çox şeyə nail ola bilər. Heminquey üslubçuluğu deyil, elə yazmağı öyrənib ki, müəllimləri oxuyub desin­lər: bax bu, doğru üsuldur. Həmişə də özünə sadiq qalıb. Bəlkə də, düz eləyib, çünki yazdığı kitablar çox yaxşıdır. Digər yazı­çı­lar, məsələn, Vulf, yaxud mən Hemin­queyə xas olan instinktə, yaxşı məsləhətçiyə, buna bənzər digər vasitələrə malik deyilik. Biz insan ömrünün hər anı­nın təkrarsız­lığını, günəşin hər şüasını çatdır­maq üçün bacardığımız hər şeyi səhifəyə pərçim­ləməyə çalış­m­ışıq. Buna görə ağır yazırıq və bizi oxumaq çətindir. Bu, qətiyyən o demək deyil ki buna şüurlu şəkildə can atmışıq, yox, sadəcə, başqa cür yazmağı bacarmamışıq...

1955-ci ilin sentyabrında Parisdə müsahibə verdiyi fransız jurnalisti Sinti Qrenye eyni sualla yazı­çıya müraciət etmiş və Folknerin cavabında yenə eyni fikirlər səslənmişdi. 1957-ci ilin fevralından başlayaraq Folk­ne­rin il ərzində Virciniya Universitetində apardığı məşğələlər zamanı mövzu hələ də “qüvvədə” qalırdı və auditoriyalarda müxtəlif şəkil­lərdə qoyulan eyni sualın müqabilində yazıçı hər dəfə köhnə məsələyə qayıt­mağa məcbur olur, vaxtilə söylədiyi fikirləri təkrar izah edirdi. Nəhayət, məşğələlərin birində: “Mən bilirəm ki, siz Vulfu çox yüksək qiymətləndirirsiniz”, – deyə ona müraciət edən tələbəyə yazıçının cavabı belə olmuşdu:

Bilirsinizmi, bütün bunlara səbəb çox illər öncə təsadüfən ağzımdan çıxan bir söz olub. Məsələ bundadır ki, mənim Vulfa xüsusi rəğbətim yoxdur. Deyim, hər şey necə baş verdi? Xeyli qabaqlar hansısa gecədə çağdaş yazarlar barədə fikrimi soruş­muşdular, mən də demiş­dim ki, bu haqda mülahizə yürütmək çətindir. Cavab onları qane etmədi, təəccüblə soruşdular ki, filankəslər barədə doğrudanmı heç bir fikrim yoxdur? Sonra da həmin filankəslərin adlarını sadaladılar: Vulf, Dos Passos, Erskin Kolduell, Hemin­quey, bir də Folkner, yəni mən özüm. Dedim, elədirsə, onda mən onları bu cür düzərdim: Vulf, Folkner, Dos Passos, Kolduell, Heminquey – bax hər şey burdan baş alıb getdi və indi mən iyirmi ildir bu məsələni izah etməklə məşğulam...

İlk baxışda sanki əlavə şərhə ehtiyac qalmasa da, oxucunun diqqətini gözdən yayınmış bir neçə ştrixə yönəltmək, hər halda, vacibdir. Belə ki, Folk­nerin özünün də etiraf etdiyi kimi, “ağızdan təsadüfən çıxmış bir kəlmə söz” bu haqda söhbət açılan sonrakı bütün müzakirə və görüşlərdə müəyyən təhriflə təqdim olunub. Ən qəribəsi də odur ki, eyni sualla onu təngə gətirən tələbələrin, tənqidçi və jurnalistlərin heç biri bunun fərqinə varmayıb. Söhbət ondan gedir ki, əslində, ən yaxşı beş Amerika yazarının siyahısında Hemin­queyin adı heç də sonuncu – beşinci yerdə deyil, ən azı dördüncü yerdə çəkilib, daha doğrusu, tələbənin sualını cavablayarkən Folkner adları əvvəlcə (yəni ilk dəfə) aşağıdakı ardıcıllıqla düzmüşdü:

  1. Tomas Vulf. 2. Dos Passos. 3. Heminquey. 4. Kezer. 5. Steynbek.

Siyahının ikinci variantına keçməz­dən əvvəl qeyd edilməlidir ki, burada adı çəkilən Uilla Kezer (1873–1947) Folknerin çox bəyəndiyi qadın yazarlardan biri olsa da, görüşün stenoqramını hazır­lamış R.M.Allenin şəha­dətinə görə, Folkner siyahıda Kezerin yox, Kolduellin adını çəkib. Görünür, bu qeyri-səhihlik Alleni qabaq­layaraq öz natamam qeyd­lə­rini tez-tələsik çapa verən digər tələbənin həvəskarlığı üzündən baş verib. Çünki siyahıdan söz açılan sonrakı görüşlərdə (Folkne­rin çıxış və söhbət­lə­rin­də, həmçinin məktublarında), bir qayda olaraq, məhz Kol­du­ellin adı çəkilir, Kezer isə bircə dəfə də xatır­lanmır. Bütün bunları nəzərə aldıqda belə nəticə çıxır ki, əslində, Folk­nerin başıbəlalı sıralaması ilk düzü­lüşdə bu cür olub:

  1. Tomas Vulf. 2. Dos Passos. 3. Heminquey. 4. Kolduell. 5. Steynbek.

Lakin yaddan çıxarmayaq ki, görüşdə iştirak edən müəllim sual verən tələbəyə: “Deyəsən, siz mister Folk­ne­rin təvazökarlığını sınağa çəkirsiniz?” – deyə səslənən isimlər arasında yazıçının adının olmamasına işarət etdikdə Folkner öz siyahısına əl gəzdirərək bu şəkildə təqdim etmişdi:

  1. Tomas Vulf. 2. Folkner. 3. Dos Passos. 4. Hemin­quey. 5.Steynbek.

Siyahıları tutuşduranda aşkar görünür ki, Hemin­queyin adını Folkner əvvəl üçüncü sırada çəkib; yalnız öz adı ortaya çıxandan və ikinci sıraya qoyulan­dan sonra Dos Passos üçüncü, Heminquey dördüncü sıraya keçib. Burası bəlli. Ziddiyyət doğuran məqam budur ki, belədə Kolduellin adı yoxdur; bu ada yer qalmır. Halbuki stenoqramın müəllifi siyahıda Kezerin yox, Kolduellin adının çəkildiyini iddia edir. Əslində, Folkner özü də general Lenhemə yazdığı üzrxahlıq məktu­bun­da Kolduellin adını xatırladır.

Təbii ki, Folknerin öz adı beşliyə daxil ediləndə kiminsə adı ixtisara düşməliydi və siya­hıdan göründüyü kimi, bu, Kolduelldir. Amma Folknerin generala məktu­bundan o da məlum olur ki, ixtisara düşən Kolduell yox, Steynbekdir. Çünki məktubda məhz Steyn­bekin adı çəkilməyib. Bu barədə Folknerə yalnız bir dəfə xatırla­dılıb: 1955-ci ildə Yaponiyada, Mətbuat Klubunda müsahibə verərkən yazıçıları onların məğlu­biy­yət­lərinə görə sıraladığı siyahıda Folkner Steynbekin adını çəkməyəndə “Demək, Siz bu sıradan Steyn­beki çıxarırsınız?” sualı səslən­mişdi, Folknerin də cavabı belə olmuşdu: “Bəli, çıxarıram. Steyn­bek əsl yazıçı deyil, olsa-olsa, yalnız report­yor­dur, qəzetçidir...”

Beləliklə, adı siyahıdan çıxarılan yazarın Steyn­bek olduğu təsdiqlənir. Yəni öz adı siyahıya əlavə edil­dikdə Folkner oradan məhz Steynbeki çıxarıbmış. Amma istənilən halda bu, Missisipi Universitetindəki görüşdən sonra baş verə bilərdi və elə də olub. Çünki həmin görüşdə Folkner nəinki Steynbekin adını çəkmiş, həm də adını çəkdiyi digər yazıçılarla bərabər, onun barəsində də açıqla­ma vermişdi: “Bir vaxtlar mən ona böyük ümidlər bəsləyirdim. İndi isə bilmirəm”.

Nəhayət, bütün bu göstərilənləri ümumiləş­di­rən­də aşa­ğı­dakı mənzərə alınır. Ən görkəmli beş yazarın adını ilkin olaraq tələbələr özləri müəyyən edib, Folkner isə sadəcə həmin yazıçıları onların öz yaradıcılıq­la­rında uğradıqları məğlubiyyətlərə görə sıralamalı olub. Əvvəlcə yalnız adları sıralamaqla kifayətlənib, öz adı da siyahıya daxil ediləndə adıçəkilən hər bir yazıçı, o cümlədən Steynbek haqqında qısa açıqlama verib. Mətbuata çıxarılan yazıda da məhz beş yazarın – Vulfun, Folknerin, Dos Passosun, Hemin­queyin, bir də Steynbekin adı gedib. Yazının qəzetdə dərcindən Folk­ner yalnız general Lenhemin məktubundan sonra xəbər tutub və generala cavabında Steynbeki Kol­du­el­lə əvəzləyib (görünür, yadında bu cür qalıbmış, ya da sonradan belə qərara gəlib ki, həmin siyahıya Kolduell Steyn­bekdən daha çox layiqdir). Hər halda, sonrakı siyahılarda Steynbekin yox, məhz Kolduellin adı çəkilib.

P.S. Diqqəti ilk baxışda adi görünəcək bu məsələyə cəlb etməyi o səbəbdən vacib saydıq ki, adları hallanan yazıçılar barədə Folk­nerin nə fikirdə olması və onları necə qiymətlən­dirməsi, hər halda, təsadüfi deyildi (yazıçı özü bunu təsadüf adlandırsa da), əks təqdirdə bu qədər səs-küyə səbəb olub bu dərəcədə maraq doğurmazdı. Qəribəsi odur ki, bütün hallarda əsas diqqət nəyə görəsə məhz Heminqueyin siyahıda sonuncu sıraya qoyulmasına yönəl­dilib (əslində isə heç bir variantda onun adı axırıncı deyil). Bunun əvəzində dolaşıqlıq yaradan digər detallara aydınlıq gətirilə bilərdi. Əgər audito­ri­yalarda, yaxud müsahibə və söhbətlərdə bu ştrixlərlə bağlı yazıçıya müvafiq suallar ünvanlan­saydı, heç şübhəsiz, daha maraqlı nüanslar ortaya çıxardı. Bu isə həqiqətən iki dahi yazıçını – FolknerHeminqueyi üz-üzə qoymaq, adi bir münaqişəni lüzumsuz yerə qabartmaq kimi mənasız cəhdlərdən  faydalı olardı.

Hazırladı: Mahir N. Qarayev