Elektron ədəbiyyat və sənət portalı

Axşam tramvayında

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 06.10.2023

 

Vaqif Bayatlı Odər

(1949)

Şair, tərcüməçi. “Xəzər” dünya ədəbiyyatı dərgisinin yaradıcısı. “Tənha ulduz altında”, “Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır”, “Ən gülməli ölü”, “Yupyumru bir eşq ilə” adlı şeir kitablarının müəllifidir. A.Axmatova, M.Svetayeva, Y.Yevtuşenko, A.Voznesenski, R.Börns və digər şairlərin əsərlərini dilimizə çevirib. Rusiyanın “Molodaya qvardiya” nəşriyyatında nəşr edilən “Sıçrayış” kitabına görə Gürcüstan Nazirlər Sovetinin “Vladimir Mayakovski mükafatı”na layiq görülüb.

 

Axşam tramvayında

Qucağında uşaq bir qəmli ata

yuxlaya-yuxlaya bir qəm ayında

gedirdi bir axşam tramvayında.

 

Söykəyib üzünü soyuq şüşəyə

Üşüyə-üşüyə

Atanın üzünə baxırdı uşaq.

 

O yuxulu üzü görəndən sonra

O sevgili uşaq, o çiçək uşaq

heç zaman, heç yerdə ağlamayacaq.

 

Dar gündə, xoş gündə yarıyan mələk,

Ata yuxusunu qoruyan mələk

Uşağın üzündə görükdü yenə.

 

Çox-çox uzaqdakı evin-eşiyin,

həyətin, bacanın, itin-pişiyin

sədaqət mələyi, sevgi mələyi

uşağın üzündə görükdü yenə.

 

Atalar yorulub vaxtsız yatanda,

Divansız yatanda, taxtsız yatanda,

Başının üstündə ulduz yatanda,

Qəmin uşaqları ayıq olarlar.

 

Eləcə, eləcə

bir qaya yanında, bir daş dibində

bir çiçək ayılar bir gecəyarı,

baxar göyə görər

bu göy üzünün

yatıb qayaları, yatıb dağları.

 

O balaca çiçək

qoruyurmuştək

qaya yuxusunu, dağ yuxusunu,

yummaz gözlərini səhərə kimi.

 

Qardaşımın üzü köməyim olsun 

Dilərəm tanrıdan,

Qəlbə dəyməyən,

Uduzub yorulan, udub doymayan,

ağlaya-ağlaya top-top oynayan

qardaşımın üzü köməyim olsun.

 

Nə qədər top vurar dəyər dirəyə,

Yaxşılıq eləyər – dəyər ürəyə.

Belə bəxti olan çətin kiriyə,

O da ağlamasın, bəs kim ağlasın?!

 

Dərd gəldi, qəlbini bağlamaz kişi,

Yaş gəldi gözündə saxlamaz kişi,

Çox nahaq deyiblər: ağlamaz kişi,

Kişi də insandı, könlü, gözü var.

 

Ağla demirəm ki, hər kəlməbaşı,

Dərd olur, söz olur, ağrıdır daşı,

Üzündən xəbərsiz qovur göz yaşı,

Dörd yanın kişiysə, utanma qardaş!

 

Dilərəm tanrıdan,

Qəlbə dəyməyən,

Uduzub yorulan, udub doymayan,

ağlaya-ağlaya top-top oynayan

qardaşımın üzü köməyim olsun...

 

Mən zalım adamam, kamança

Qardaşım ağaclar, bacım çiçəklər.

Bir də söz tutdu sizi,

söz tutdu, sevda qurutdu.

Üz tutub yüyürməyin mənə sarı,

bağlanıb gözümün yaş qapaqları.

 

Dünyanın bəla qapıları,

qala qapıları, daş qapıları,

yetim qapıları, boş qapıları

bağlanıb könlümə, bağlanıb,

bağlanıb gözümün yaş qapaqları.

 

Mən söz balasıyam, zalım tifili,

sürüşüb alnımdan Allahın əli,

daha sən də,

sən də ağladammazsan məni,

mən zalım adamam, kamança.

 

Dünyada dərd qalmayacaq 

Dünyada dərd qalmayacaq,

Bütün dərdlərin çarəsi

böyüyəcək uşaqlarla.

 

Böyüyəcək, böyüyəcək...

Başımız açılacaq

dünyanın hay-küyündən,

Uşaqlar tabutları alacaq

böyüklərin çiynindən.

 

Yaz mövsümləri, payız sonları

dünyada söz qalmayacaq –

gözlərimiz danışacaq.

 

Bu dünyanın aynaları

biri qocaltmayacaq,

bizim nə yaşımız var?!

 

Bir söz deməmiş çəkilib getməyəcək

gecənin qaranlıqları.

Çoxdan, lap çoxdan

unutduğun bir dost olacaq

uzaqlarda qaralan ağac.

 

Bir də bir kimsəni sevməyəcəyəm

Hər gün bir sevdaya düşüb inləyən

Bu dəli könlümə yanıram, dostlar.

Bir də sevda nədi, bilməyəcəyəm,

Bir də bir kimsəni sevməyəcəyəm.

 

Bir də bu dünyada eşqdən yazmağa,

Gecələr azmağa daha halım yox.

Bu xan oğlanlara, xanım qızlara

Qara sevda nədi, bir sualım yox...

 

Getdi gözlərimdən bir dəvə kini,

Getdi qollarımdan küçə davası.

Bahar ağaclardan çəkilən kimi

Çəkildi başımdan sevgi havası.

 

Könlüm dəliliyi unutdu çoxdan,

Axır ki, ağlımın səsinə uydum.

Qonur gözlərimdə yorğunluq – haqdan,

Doydum küçələrdən, yollardan  doydum.

 

Bir də sevda nədi, bilməyəcəyəm,

Bir də  bir kimsəni sevməyəcəyəm.

 

Bir də min il sonra dirilsəm...

Ölsəm,

bir də min il sonra dirilsəm,

bu dünyada hər şeyin sonunu bilsəm?!

 

...Bir çölün düzündə

qarağat koluyla qalsam baş-başa,

o kol da

kolluğundan çıxıb dönsə qardaşa,

nə sorsam, nə desəm, cavab yerinə

tikanlı üzünü sürtsə üzümə,

bir dəniz də gəlsə, üzündə gəmi,

hey sürtsəm üzümü divarlarına,

uzanıb qollarım, bitib qollarım

dönsə bir qayığın avarlarına,

sular qollarımı yuduqca yusa,

saçlarım yosuntək axdıqca axsa,

bir cüt mələk kimi,

bir cüt ay kimi

bir qızla bir oğlan buluddan çıxsa...

 

Ölsəm, ölsəm,

bir də min il sonra dirilsəm,

bu dünyada hər şeyin sonunu bilsəm!