Zəlimxan Yaqub
(1950-2016)
Xalq şairi. Əməkdar incəsənət xadimi. Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifəsində çalışıb. “Şair harayı”, “Vətən yaraları”, “Sizi qınamıram”, “Şair harayı”, “Ziyarətin qəbul olsun”, “Od aldığım ocaqlar”, “Böyük ömrün dastanı”, “Mən bir dağ çayıyam”, “Əbədiyyət dastanı”, “Peyğəmbər”, “Qayıdaq əvvəlki xatirələrə”, “Gözlərimin nurudu doğulduğum bu torpaq”, “Özün basdırdığın ağaca söykən” kimi otuzdan artıq şeir kitabının müəllifidir. Azərbaycan Respublikasının “Şöhrət”, Gürcüstan Respublikasının “Şərəf” ordeni ilə təltif edilib. 2009-cu ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının “Türk dünyasına hizmət” mükafatına layiq görülüb.
Bu dünyanın hər üzünü görmüşəm
Mənim yaşım uşaq yaşı deyil ki –
Hər ağacın meyvəsini dərmişəm.
Allah mənə nə veribsə əzəldən,
Mən də onu bu dünyaya vermişəm.
Baxmamışam şeytanların sözünə,
Düz baxmışam həqiqətin gözünə.
Ömrüm boyu sevənlərin üzünə,
Ürəyimi süfrə kimi sərmişəm.
Bu yollarda kim ayılan, kim yatan,
Arzulara kim çatmayan, kim çatan.
Nə ölənəm, nə itənəm, nə batan,
Qızıl sözdən qızıl divar hörmüşəm.
Çox sonalar uçurmuşam gölümdən,
Alov çıxır içərimdən, çölümdən.
Qorxum yoxdu ayrılıqdan, ölümdən,
Bu dünyanın hər üzünü görmüşəm.
Görəsən
Ömrün axırına nə qalıb, görən,
Ömrü ömür kimi sürəcəyəmmi?
Ətirli çöllərin çıxıb qoynuna,
Yazda çiçəkləri dərəcəyəmmi?
Dünyaya dağılan şeirlərimi,
Ucalıb dağ olan şeirlərimi,
Təzəcə doğulan şeirlərimi,
Qəlbin süfrəsinə sərəcəyəmmi?
Qalmayıb dizimdə taqətim, heyim,
Susub birdəfəlik kamanım, neyim.
Bu gün-sabahlıqdı, bəlkə, taleyim,
Görəsən, sabahı görəcəyəmmi?
Şair
Demək, halalına haramlıq qatıb,
Tutduğu zirvədən enirsə şair,
Demək, ortalıqda şeytan işi var,
Kor qalan ocaqtək sönürsə şair.
Səsi dağdan gəlir, arandan gəlir,
Sədası İrandan, Turandan gəlir,
Mayası Ayədən, Qurandan gəlir,
Yenilməz zamanı yenirsə şair.
Ruhu olmayanın tərpənməz tükü,
Ürəyi olanın sevgidir yükü.
Dərin bir keçmişə bağlıdı kökü,
Ürəkdə heykələ dönürsə şair.
Saflığı dağların dümağ qarıdı,
Yönü düzə sarı, haqqa sarıdı.
Dediyi Allahın kəlamlarıdı,
Peyğəmbər dilində dinirsə şair.
Portret
Mən bir dağ çayıyam, dağ bulağıyam,
Mənim çoxalmağım, azalmağım var.
Gəlir bu bağların təbiətindən,
Coşub-daşmağım var, sozalmağım var.
Sözdən öz ömrümə bir heykəl yonub,
Gözəllik önündə heyrətdən donub,
Arıtək çiçəkdən-çiçəyə qonub,
Dədə ocağından köz almağım var.
Suyam – damla-damla daşdan çıxmışam,
Gözəm, göz yaşıyam, yaşdan çıxmışam.
Bir qarlı, boranlı qışdan çıxmışam,
Təzə çiçəklənib yaz olmağım var.
Duyğular bağında güllər bitirib,
Bir ömrün içində min ömür sürüb,
Şairtək əlinə qələm götürüb,
Aşıqtək sinəmə saz almağım var.
Bənzər xəyalımız uçan quşlara,
Tarix qiymət verər uca başlara.
Ulu qayalara, qızıl daşlara,
Qədim əlifbatək yazılmağım var.
Axar su
Göy üzündə buludları silkələr,
Dağ döşündən dərələrə axar su.
Şeh içində çimizdirər gülləri,
Zirvələrdən çökəklərə baxar su.
Qış gələndə əl-ayağı dondurar,
Yaz gələndə ümid nuru yandırar.
Qayaların inadını sındırar,
Damla-damla göz yaşını sıxar su.
Ruhu pakdı, təmizlərdən təmizdi,
Adı bizə əzizlərdən əzizdi.
Hara baxsan çaydı, göldü, dənizdi,
Yer altından yer üzünə çıxar su.
Gələn gedir bu dünyada qalan yox,
Sular kimi boşalan yox, dolan yox.
Dağ desə ki, məndən güclü olan yox,
Güc eləsə dağları da yıxar su.
Nəğməsidir hər açılan yarpağın,
Dərmanıdır hər bağçanın, hər bağın.
Ay Zəlimxan, şah damarı torpağın,
Axar sudu, axar sudu, axar su.
Allah kimi
Bulud kimi qar-yağışla doluyam,
Göylər qədər dərdim-ahım var mənim.
Zaman kimi dərdsiz, qəmsiz, kədərsiz,
Nə axşamım, nə sabahım var mənim.
Ərənlərin badəsini içmişəm,
Haqq yolunda tükü tükdən seçmişəm.
Qıl körpüdən gülə-gülə keçmişəm,
Yoxa çıxıb nə günahım var mənim.
Yamanlara tərs açılan şillədir,
Naqislərin ürəyinə güllədir.
Yaxşılara ucalıqdır, pillədir,
Qələm adlı bir silahım var mənim.
Çəkinmədim nə düşməndən, nə dostdan,
Dərsim aldım Mövlanadan, Yunusdan.
Haqdan gəldi oxuduğum bu dastan,
İlham adlı bir pənahım var mənim.
Ağac dindir, kaman bağla, saz yarat,
Hər pərdədə işvə, qəmzə, naz yarat.
Dedi, oğlum, ürəyincə yaz, yarat,
Allah kimi uca şahım var mənim.