Elektron ədəbiyyat və sənət portalı

10 əsərdən 10 məşhur sitat

Bölmə: Art 13.01.2020

 

“Kitabi-Dədə Qorqud” dastanından

“Hanı dediyim bəy ərənlər?
“Dünya mənimdir” deyənlər?!
Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya!”

“Koroğlu” dastanından

“Bir atı var, Alapaça,

Aman vermir Qırat qaça.

Şeşpərinin ucu haça –

Giziroğlu Mustafa bəy.

 

Hay deyəndə haya basar,

Huy deyəndə huya basar,

Koroğlunu çaya basar –

Giziroğlu Mustafa bəy”.

Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasından

“Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,
Eşq afəti-can olduğu məşhuri-cahandır!

Sud istəmə sövdayi-qəmi-eşqdə hərgiz!
Kim, hasili-sövdayi-qəmi-eşq ziyandır!

Hər əbruyi-xəm qətlinə bir xəncəri-xunriz,
Hər zülfi-siyəh qəsdinə bir əfi ilandır!

Yaxşı görünür surəti məhvəşlərin, əmma
Yaxşı nəzər etdikdə sərəncamı yamandır!

Eşq içrə əzab olduğun ondan bilirəm kim,
Hər kimsə ki aşiqdir, işi ahü fəğandır!

Yad etmə qara gözlülərin mərdümi-çeşmin,
Mərdüm deyib aldanma kim, içdikləri qandır!

Gər dersə Füzuli ki: “Gözəllərdə vəfa var”,
Aldanma ki, şair sözü, əlbəttə, yalandır”.

 Uilyam Şekspirin “Hamlet” pyesindən 

“Olum, ya ölüm! – budur məsələ. Hansı daha şərəflidir? Düşmən qəzanın ağır vurğusuna dayanmaq və ya pisliklər seylabının coşqun dalğalarına qarşı qoyub onu qurutmaq, əzmək… Yer üzündən qaldırmaq? Ölmək, uyumaq! Bu qədər… Qəlbin  iztirablarını, yaranmışların nəsibi olan minlərlə əzabları bir yuxu ilə bitirmək!.. Belə bir son istənilməzmi? Ölmək! Uyumaq... Uyumaq? Bəlkə də, röyalar görmək? – budur məsələnin ən çətin yeri! Həyatın boranları keçdikdən sonra bu ölüm yuxusunda biz nələr görəcəyik? Budur yolun keçidini kəsdirən; budur bizi uzun həyatın sürüntülərinə məcbur edən! Buna görədir ki, fəlakət bu qədər sürəklidir”.

Cəlil Məmmədquluzadənin “Ölülər” pyesindən

İsgəndərin nitqi: “Yox, yox, o mənim işim deyil. O, igid işidir. Siztək camaatın igidi də mənimtək olar. Hələ mən heç. İndi görək siz kimsiniz? Mənim adım Kefli İsgəndərdir, bə sizin adınızı nə qoyaq? Mən dağları, daşları, quşları, fələkləri, ayları, ulduzları və dünya-aləmləri bura şahid çəkərəm və bu qızları onlara nişan verərəm, soruşaram ki, bu camaata nə ad qoymaq olar? O vədə hamısı bir səslə cavab verər: “Ölülər”. Mən cəmi millətləri bura yığıb təvəqqe edərəm ki, Şeyx Nəsrullahın hərəmxanasına tamaşa eləsinlər; o vədə bütün yer üzünün tayfaları sizi bir səslə adlandırarlar: “Ölülər!” Və bizdən sonra gələnlər illər uzunu sizi yada salıb bir səslə deyəcəklər – “Ölülər”…”

Mixail Bulqakovun “Master və Marqarita” romanından

“Ardımca, mənim oxucum! Kim sənə deyib ki, dünyada həqiqi, möhkəm, əbədi məhəbbət yoxdur? Yalançının murdar dili kəsilsin! Ardımca, mənim oxucum, yalnız mənim ardımca, mən sənə belə məhəbbəti göstərəcəyəm!”

Səməd Vurğunun “Azərbaycan” şeirindən

“El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Demək, doğma vətənimsən,

Ayrılarmı könül candan?

Azərbaycan! Azərbaycan!”

Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirindən

“Yenə o bağ olaydı, yenə yığışaraq siz

O bağa köçəydiniz.

Biz də muradımızca fələkdən kam alaydıq,

Sizə qonşu olaydıq.

Yenə o bağ olaydı, səni tez-tez görəydim,

Qələmə söz verəydim.

Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,

Yazaydım səhər-axşam.

Arzuya bax, sevgilim, tellərindən incəmi?

Söylə, ürəyincəmi?”

Alber Kamyunun “Yad” romanından

“Bu gün anam ölüb. Nə bilim, bəlkə də, dünən. Əlillər evindən teleqram vurmuşdular: “Ananız ölüb. Sabah dəfn olunacaq. Başınız sağ olsun”. Amma bu heç nə demir, bəlkə də, dünən ölüb”.

Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” roma­nından

Uzun illər keçəcək və polkovnik Aureliano Buendia divar önündə dayanıb güllələnəcəyi anı gözləyərkən atasının onu buza baxmağa apardığı həmin uzaq axşamı xatırlayacaq. Ma­kondo o vaxtlar dumduru suları dinozavr yu­murtaları kimi iri, cilalı ağ daşların arasıyla şü­tüyən çayın kənarında gildən və bambukdan tikilmiş, iyirmiyə yaxın komadan ibarət kiçik bir kənd idi. Onda dünyanın hələ lap cavan vaxtlarıydı deyə çox şeylər adsız idi və onları barmaqla göstərməli olurdular”.