Elektron ədəbiyyat və sənət portalı

İran yazıçısının hekayəsi

Bölmə: Dünya ədəbiyyatı 15.01.2020

 

İranın tanınmış satirik yazıçısı Xosrov Şahani 1930-cu ildə Məş­həd şəhərində anadan olub. No­vellalar və hekayələr ustası kimi tanınan Şahanini həcmcə kiçik, milli çalarlarla zəngin əsərlərinə görə “İranın Çexovu” adlandırırlar.

“Qasırğa”

Hər biri özünün spesifik xüsusiyyətləri və əlamətləri – torpağının münbitliyi, neftlə, qızılla zəngin olması, əhalisinin yoxsulluğu, dindarlığı və s. ilə tanınan əksər vilayətlərimiztək şəhərimiz də “küləkli şəhər” kimi ad çıxarmışdı.

Demək olar, hər gün səhərin gözü açılar-açılmaz şəhərin üzərində şimaldan gələn dəhşətli qasırğa hərlənirdi. Günortaya yaxın istiqamətini dəyişən külək qabağına qatdığı toz-torpağı, kağız-kuğuzu və hər cür zir-zibili sir-sifətimizə çırpırdı.

İlboyu lənətə gəlmiş qasırğa şəhərimizdə özbaşınalıq edirdi və çox güman ki, burada axırıncı kolu, ağacı canlı şəkildə görənlərin özləri artıq çoxdan canlarını tapşırıblar. Razılaşarsınız ki, belə xarabada yaşamaq elə cəhənnəmdə olmaq kimi bir şeydi.

Bir axşam evdə oturub yenə qasırğanın yatmasını gözləyirdim. Bekarçılıqdan, Tehranda yaşayan köhnə, əziz bir dostuma məktub yazmaq qərarına gəldim (dost və qohum-qardaşla məktublaşmaq bizim camaatın sevimli məşğuliyyətidir).

Məktubda yazdım ki, toz-torpaqdan göz gözü görməyən, nəfəs almağa havası olmayan şəhərdə yaşamağı heç düşmənimə də rəva bilmərəm. Lənətə gəlmiş qasırğa üzündən bir kimsə nə ətrafına baxmaq üçün gözünü, nə də bir kəlmə söz demək məqsədilə ağzını aça bilir... Yazdım və elə ertəsi gün də aparıb tindəki poçt qutusuna saldım.

Üstündən təxminən bir həftə keçdi. Yenə də qasırğanın əlinə yaxa verməməkçün evdən bayıra çıxmamışdım. Bir də gördüm ki, dostlarımdan biri bizə gəldi. Dərhal hiss etdim ki, nədənsə narahatdı, heç kefi yoxdu.

Heç “xoşgəldin” eləməyə də macal vermədi, elə kandardaca gözünü yumub ağzını açdı:

– Özüm ölüm, bu yaşa çatmışam, hələ sənin kimi quşbeyin, bivec adama rast gəlməmişəm. Budur, yenə qaxılıb oturmusan evdə, dünyadan xəbərin yoxdu!

– Nədi, yoxsa istəyirdin bu qasırğada gedib meydanın ortasında durum?

– Məndən demək, ancaq səni tutub dama basanda biləcəksən ki, meydanda durmaq yaxşıdı, yoxsa qoduqluğa atılmaq! – hirslə cavab verdi.

– Yaxşı, zarafat bir yana, de görüm, çay içəcəksən? – onun sözlərini qulaqardına vurub soruşdum.

– Əşi, cəhənnəm olun – sən də, çayın da! – dostum partladı. – Sənə min dəfə demişəm ki, dilini qarnına sox! Ağzına nə gəldi danışma! Boşboğazlıq eləmə! Yox, kimə deyirsən. İndi get, gör, sənin ucbatından şəhərdə aləm necə bir-birinə dəyib!

– Mənim ucbatımdan?

– Yox, mənim! Əlbəttə, sənin!

Onun bu əsəbiliyi mənə də sirayət etdi. Görünür, doğrudan da, nəsə bir hadisə baş verib. Yoxsa o heç nədən özündən belə çıxmazdı. Ancaq digər tərəfdən də axı mən nə pis iş tuturam ki? Qasırğanın əlindən, qapı-pəncərəmi də bağlayıb sakitcə oturmuşam evimdə.

– Yaxşı, de görüm, nə olub axı? – soruşdum.

– Nə olub?! O olub ki, ostandarın müvəkkilləri bazarda tacirlərin imzasını toplayıb sənə qarşı cinayət işi qondarırlar!

– Mənə qarşı... iş? Xeyir ola, mən neyləmişəm ki?

– Nə bilim, özün fikirləş də! Beynini qurdala! Axı, ay axmaq, şəhərin havasının tozanaqlı, ya günəşli olub-olmamasından sənə nə, hə?

Elə bil qulağıma nəsə tanış sözlər dəydi. Bunları harda eşitmişəm? Bütün bunlar nə deməkdi axı?

– Yaxşı, məni nədə təqsirləndirirlər ki?

– Məlumun olsun ki, zırıltı bir petisiya hazırlanıb, sənin bütün həmşərilərin də ona ucdantutma imza atırlar. Orda deyilir ki, bizim şəhərdə heç yerli-dibli külək əsmir, sonra, canım sənə desin, ostandar cənablarının, bələdiyyə sədrinin və möhtərəm şöbə müdirlərinin daimi qayğısı sayəsində təmizlik, nizam-intizam baxımından şəhərimizin dünyada tayı-bərabəri yoxdu. Hər kim ki bunun əksini deyir, o, satqın və düşməndir. Və sənədi imzalayanların da hamısı o adamın dərhal məhkəmə məsuliyyətinə cəlb olunmasını tələb edir.

– Yəni, demək istəyirsən, şəhərin bütün sakinləri mənim cəzalandırılmağımı istəyir, hə?

– Neyləyə bilərdilər ki? Elə mən özüm də qol çəkməli oldum. Başqa əlacım yox idi.

Mən ikiəlli başımı tutub yaranmış vəziyyətdən necə çıxacağım barədə ürək ağrısıyla fikirləşməyə başladım.

– Bir yadına sal, bəlkə, hardasa, nə barədəsə ağzından bir söz-zad qaçırmısan? – dostum soruşdu.

 

– Yox! Məgər bu şəhərdə nəsə danışmaq mümkündü ki? Kişi, burda qasırğanın qorxusundan heç kəs ağzını açmağa cürət eləmir!

– Bəlkə, kiməsə məktub yazmısan, yaxud açıqça yollamısan?

– Məktub yazmaq qadağandı, bəyəm? Həmişə yazıram da, – cavab verdim. – Ancaq başa düşmürəm, mənim yazışmalarımın bu hadisələrə nə dəxli var?

Məktublarında yazmamısan ki, şəhərdə qasırğa göz açmağa imkan vermir, camaat toz-torpaqdan boğulur?

– Hə, bir məktubda dostuma yazmışdım.

– Daha sənə sözüm yoxdu. Bunu bayaqdan de də! İndi, zəhmət çək, get nə zibil qaynatmısansa, altını da özün çək. Sənin o məktubun müvafiq orqanların əlinə keçib, sonra onu ostandar cənablarına göndəriblər, özü də tələb eləyiblər ki, təcili tədbir görsün. İndi başa düşdün, niyə sənə qarşı iş açırlar?

– Yaxşı, mənə nə məsləhət görürsən? – titrək səslə soruşdum.

– Nə bilim? Özün fikirləş.

– Neyləyək, – dedim, – belə çıxır, innən belə külək əsəndə də demək lazımdır ki, əsmir. Düz başa düşdüm səni?

Ertəsi gün mülki geyimdə iki nəfər gəlib məni ostandarın yanına apardı.

Ostandar cənabları masanın yuxarı başında oturmuşdu, hər iki tərəfində “əyanları” – polis, jandarm idarələrinin, ədliyyə, maliyyə, maarif, poçt və teleqraf şöbələrinin rəisləri öz yerlərini tutmuşdular. Digər idarələrin rəhbərləri də burada, onlardan bir qədər aralı əyləşmişdilər... Həmçinin şəhərin ən mötəbər sakinlərinin də iştirakı təmin edilmişdi. Otaqda milçək uçsaydı, vızıltısı eşidilərdi.

Ostandar cənabları əlinin işarəsiylə məni yanına çağırdı, əda ilə qovluqdan bir vərəq çıxarıb mənə uzatdı.

– Al bu məktubu, ucadan oxu! – əmr elədi.

Dərhal öz xəttimi tanıdım – bir neçə gün əvvəl dostuma göndərdiyim məktub idi. Onun müvafiq orqanların əlinə necə və hardan keçdiyi bu günə kimi də mənimçün sirri-xuda olaraq qalır. Mən titrək səslə oxumağa başladım və nəhayət, məktubun bu yerinə çatdım: “Bu şəhərdə yaşamağı heç düşmənimə də rəva bilmərəm. Lənətə gəlmiş qasırğa üzündən bir kimsə nə ətrafına baxmaq üçün gözünü, nə də bir kəlmə söz demək məqsədilə ağzını aça bilir”.

 

Elə bu zaman ostandar cənabları yerindən sıçrayıb dəli kimi bağırmağa başladı:

– Bura bax, filan-filanın oğlu, cavab ver görək, indicə bu məktubu bərkdən oxuyan kim idi, hə?

– Bəndeyi-həqirinizdi, – cavab verdim.

– Ay yaramaz, bəs onda nə cürətlə iddia eləmisən ki, guya bu şəhərdə heç kim ağzını aça bilmir?

– Bağışlayın, ağa.

– Necə yəni “bağışlayın”?! Hələ bir de görüm ki, qarşında öz həmşərilərini görürsən, ya korsan, görmürsən?

– Görürəm, ağa.

– Belədisə, axmaq gədə, onda hansı ağılla götürüb yazmısan ki, bu şəhərdə heç kəsin cürəti çatmır gözlərini açsın?

– Bağışlayın, ağa, bir qələtdi eləmişəm.

– Yaxşı, indi də, zəhmət olmasa, de, de bilək də, bura küləkli yerdi?

– Xeyr, ağa... ancaq...

– Nə “ancaq?”

Pəncərədən eşiyə baxdım. Küçədən küləyin dəhşətli vıyıltı səsi gəlir, toz-dumandan göz gözü görmürdü. Amma bu vaxt gözüm hirsindən uzun bığlarının ucunu gəmirən polis rəisinə sataşdı.

– Həə... dinsənə, nə “ancaq”?

– Heç nə, ağa.

– Nə deyirsən, küləklidir, ya deyil?

– Deyil, ağa.

– Bəs onda niyə yazmısan ki, bizdə həmişə küləklər tüğyan eləyir?

– Bağışlayın, bir də heç vaxt heç kimə məktub yazmaram, cənab... Bu dəfəlik keçin günahımdan, bağışlayın məni.

– Nə?! Hamımıza böhtan atdığın, xidmətlərimizi yerə vurduğun, rəisin gözündə hörmətimizi qara qəpiklik elədiyin, deməli, heç nədi ki, hələ bir bağışlanmağını da istəyirsən?

Otaqdakılar da başlarını marionet kuklalar kimi yellətməklə ostandar cənablarının sözlərini təsdiq etdilər.

– Bu xəritəni görürsən? – ostandar qısa, piyli boynunu divardan asılmış xəritəyə tərəf döndərdi.

– Görürəm, ağa.

– Necə bilirsən, bu nə xəritədi belə?

– Məncə, bu, şəhərimizin xəritəsidi.

– Ona diqqətlə bax, de ki, orda, kənarlarda nə görürsən?

– Kənarlarda şam ağacları, küknar ağacları və başqa bitkilərin şəkli var.

– Bəs bütün bunların nə demək olduğunu necə, bilmirsən?

– Xeyr... Axı bunu hardan bilim, ağa?

– Bu, salacağımız meşə zolaqlarının xəritəsidi. Bunlar qasırğanın qarşısını almaq üçündü. Başa düşdün, sarsaq?

– Bəli, ağa, başa düşdüm.

– Madam ki hər şeyi belə gözəl başa düşürsən, onda o məktubu niyə yazırdın?

– Axmaqlığımdan, ağa. Mən onu meşə zolağı planı işlənməmişdən qabaq yazmışdım.

Ostandar cənabları qabağıma bir ağ vərəq və qələm qoydu.

– Götür yaz! – əmr elədi. – “Şəhərimiz ostandar cənablarının və digər məsul şəxslərin daimi qayğısı sayəsində, – ostandar cənabları diktə eləməyə başladı, – Yer kürəsinin ən təmiz, ən gözəl şəhərinə çevrilib. Adıçəkilən cənabların səyləri nəticəsində şəhərin ətrafında meşə zolaqları salınıb və xüsusi yeltutan tunellər çəkilib. Ona görə də bu tərəflərdə həzin bahar nəsimindən başqa, nəinki qasırğa, heç adicə külək də əsmir”.

– Yazdın?

– Bəli, ağa.

– Qol çək!

– Baş üstə, ağa!

– İndi isə bütün bu cənabların və həmşərilərinin qarşısında mənimlə birlikdə ucadan təkrar elə: “Rədd olsun satqınlar və mənfur muzdlular!”

– Rədd olsun satqınlar və mənfur muzdlular!

– Yaşasın şəhərimizin əsl hamiləri və başbilənləri!

– ...əsl hamiləri və başbilənləri!

Daha sonra ostandar cənabları üzünü iclasın katibinə tutub yığıncağın qərarını diktə elədi: “Müttəhimin məlum məktubu qəsdən yazmaqda məqsədinin şəhərimizin həqiqi hamilərini səlahiyyətli orqanların gözündən salmaq olduğunu hal şahidləri qarşısında etiraf etdiyini nəzərə alaraq, qərəzli böhtana görə məsuliyyət haqqında qanunun 247966-cı maddəsinin on ikinci paraqrafının “b” bəndinə müvafiq olaraq... lakin, bununla belə, müttəhimin səmimi etiraflarını nəzərə alan və ona qarşı son dərəcə mərhəmət göstərən cənab hakimlər qərara alır: “Müttəhim altı ay ərzində gündə üç dəfə – hər dəfəsi bir saat olmaqla – şəhərin mərkəzi meydanında – “Rədd olsun satqınlar!” şüarını ucadan səsləndirməlidir”.

Bütün ümidlərim puç oldu. Qəhər məni boğdu, nə ağzımdan bir kəlmə söz çıxdı, nə də gözümdən bir damla yaş. Məhkəmə heyəti, ardınca da mən məhkəmə icraçısının müşayiəti ilə salonu tərk etdik.

Küçəyə çıxan kimi elə bir toz-torpaq burulğanına düşdük ki, bir-birimizi gözdən itirdik. Külək vıyıldayır, hətta deyərdim, uğuldayır, göz açmağa imkan vermirdi. Buna məhəl qoymayıb var gücümlə bağırmaq istəyirdim: “Ağayi ostandar, möhtərəm hakimlər! Əgər bu, qasırğa deyilsə, onda bəs nədi?”

Tərcümə edən: Bəhlul SEYFƏDDİNOĞLU