Elektron ədəbiyyat və sənət portalı

Azərbaycanlılar sahibkar xalqdır

Bölmə: Mədəniyyət 06.02.2016

Rüstəm DASTANOĞLU

Azərbaycan xalqını şair xalq adlandırırlar. “Şair xalq” olmaqda mənfi bir şey yoxdu, şairlik çox yüksək pillədi, amma əlavə etmək lazımdı ki, xalqımız həm də sahibkar xalqdı. Bu, çox böyük dəyərdi və hər xalqda bu xüsusiyyət olmur.

IX və XI sinif şagirdləri üçün nəzərdə tutulan “İqtisadiyyatın əsasları” dərslik kitabında, ürəyimcə olan belə bir fikir var: “Xüsusi istedad qabliyyəti və bacarığı olmayan şəxslərdə sahibkar olmaq cəhdi heç vaxt baş tuta bilməz. Sahibkarlar bəşəriyyətə maddi nemətlər bolluğu gətirən islahatçılardı. Onlar bu gün ilə gələcək arasında əlaqələndirici rol oynayırlar. Sahibkar hər bir xırda şeyi görmək və ondan düzgün nəticə çıxarmaq qabliyyətinə malik olan şəxsdir”.

Bəli, sahibkarlıq yaradıcı keyfiyyətdi. Bizim neftdən də, qazdan da üstün nemətimiz torpağına, ailəsinə bağlı, işgüzar, sahibkarlıq keyfiyyətləri yüksək olan Xalqımızdı. Sahibkar aydınlığı, şəffaflığı, konkretliyi xoşlayan bir zümrədir. Onun üçün münbit şərait yaradılanda çox sürətlə ideyalarını gerçəkləşdirə bilir. Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi bizim dövlətimizin inkişafı, gələcəyi, sahibkarlığın inkişafı ilə bağlıdı.

Sahibkarlıq hansı anlamı kəsb edir? Məsələn, bir yol ideal formadadırsa, hər tərəf tikilib qurulubsa, orda sahibkara elə də ehtiyac yoxdu. Amma bir yerdə yol dağılıbsa, başqa çatışmazlıqlar varsa, orda sahibkara meydan yaranır ki, yolu çəksin, digər yerləri sahmana salıb qursun, yaratsın.

Prezidentin sahibkarlar, onların fəaliyyəti üçün şəraitin yaradılması ilə bağlı dediyi fikirləri əsas götürüb, xüsusi ilə də, neftin qiymətinin belə aşağı düşdüyü bir vaxtda bu sahəni təbliğ etmək, sahibkarlar zümrəsinin fəaliyyətinin dövlətimiz üçün nə qədər əhəmiyyətli olmasını xalqımıza çatdırmaq lazımdı.

Dünyada ən güclü dövlətlər hansılardır? Məlumdur ki, Amerika ilk sıradadır, sonra Çin, Yaponiya, Almaniya və s. gəlir.

 Onların gücü nədədi? Təbii ki, Ümumi Daxili Məhsullarının (ÜDM) həcmində. ÜDM kimlərin hesabına yaranır? Əlbəttə ki, sahibkarların fəaliyyəti hesabına. Həmin inkişaf etmiş ölkələrdə ÜDM-in hardasa 70-75 faizi əmək haqqı kimi işçilərə verilir. Bu ödəmələrdən də vergilər tutulur ki, o da dövlətin büdcəsinə köçürülür. Biz də istəyirik ki, Azərbaycanımız güclü, qüdrətli bir dövlət olsun, ÜDM-i sürətlə artsın, xalqımız daha firavan yaşasın. Azərbaycan elə böyük ölkə olmasa da, balaca da deyil. Götürək Avropanı. Avropada 49 dövlət var ki, onlardan hardasa, yalnız 12-si bizdən ərazicə və əhalisinin sayına görə daha böyükdü. Qalanlarından isə biz üstünük.

Sahibkarların fəaliyyəti televiziyada, mətbuatda davamlı olaraq təbliğ edilməlidir.

Azərbaycanın turizm sahəsində çox böyük potensiali var. Belə ki, məlum olduğu kimi, dünyada mövcud olan 11 iqlimin 9-u bizdədir, dənizimiz, gözəl dağlarımız, zəngin mətbəximiz, çox qonaqpərvər, istiqanlı, tolerant xalqımız var. Ətrafımızda istirahət məkanlarına ehtiyacı olan nəhəng Rusiya, Ukrayna xalqı, Azərbaycanı həmişə ziyarət etmək istəyən İranda yaşayan 35 milyon soydaşımız, Gürcüstanda yaşayan azərbaycanlılarımız var. Yəni, münbit şərait yarada bilsək bütün bu özəlliklərimizə görə Azərbaycana çox böyük turist axını ola bilər.

Bizdə kütləvi turizm demək olar ki, yox dərəcəsindədi. Kütləvi turizm dedikdə nə nəzərdə tutulur? Türkiyədə, elə qonşumuz Gürcüstanda Batumiyə çatmamış Kabuletidə, bəlkə də 10 kilometr dəniz boyunca görürsən ki, turist əlindən tərpənmək olmur. Sağda dəniz, çimərlik, dəniz boyunca sıralanan kafelər, restoranlar, əyləncə mərkəzləri, yolun solunda isə saysız hesabsız otellər və müvafiq obyektlər. İmkan yaradılıb ki, insanlar öz evlərini qonaq evlərinə, kiçik otellərə, kafelərə, restoranlara uyğunlaşdırsınlar, yenilərini tiksinlər.

Lazım olanda, onlara elə də böyük olmayan kreditlər verilib. Turistlər kütləvi şəkildə - dənizin yaxınlığında elə də baha olmayan qonaq evlərində, üçulduzlu, dördulduzlu mehmanxanalarda məskunlaşırlar. Digər ölkələrdən gələnlərlə, yerli əhali ilə ünsiyyət qurur, fikir mübadiləsi aparır, turlar üçün ayrılmış avtobuslarla tarixi yerləri ziyarət edirlər. Və növbəti il həmin yerə bir də gəlir, həmçinin bu məkanı digərlərinə təbliğ edir.

Vergi orqanları, digər təşkilatlar həmin qonaq evlərinin, kafelərin, restoranların sahiblərini sıxışdırmır, əksinə onlara sevgi ilə, vergiödəyicisi kimi münasibət bəsləyirlər. Yəni bu məsələdə ümumi dövlət mənafeyi nəzərə alınır, daha ayrı-ayrı şəxslərin, yaxud qurumların mənafeyi yox. Dövlətin mənafeyi də ondan ibarətdi ki, ölkəyə daha çox turist cəlb olunsun və onlar valyuta gətirsinlər. Bu valyutalar hesabına milli məzənnə stabilləşir, turistin hesabına büdcəyə daxilolmalar artır.

Bizdə çox gözəl, yüksək səviyyəli 5 ulduzlu mehmanxanalar inşa edilib. Əlbəttə, belə mehmanxanaların da öz müştəriləri var, amma yalnız bu növ mehmanxanalarla turizmi kütləviləşdirmək olmaz. Bizdə kütləvi turizm üçün saysız - hesabsız səfalı məkanlar var. Məsələn Novxanıdan keçib dənizə çatanda, balaca bir dairə var, düz ordan başlayaraq Sumqayıt istiqamətində uzun yol uzanır – sağ tərəf dəniz, çimərlik, çimərlikdən sonra dəniz boyunca düz Sumqayıta kimi saysız hesbsız kafe, restoranlar, yolun sağında isə yenə kafe, restoranlar, tək-tük mehmanxanalar, çoxlu gözəl villalar, bağ evləri var. Bircə o qalır ki, bütün bu olanlar bir-biriylə əlaqəli şəkildə iş qursun, müəyyən koordinasiya islahatları aparılsın. Bu zaman turistlər üçün əlverişli, rahat şərait yaratmaq olar. Bu, həmin kafe, restoran sahiblərinin də ürəyincə olar. Bağ sahiblərinə lazım gələrsə müəyyən həcmdə kreditlər vermək lazımdı ki, buranı qonaq evlərinə, kiçik mehmanxanalara uyğunlaşdıra bilsinlər. Həm özləri qazanc əldə etsinlər, həm yeni iş yerləri açsınlar, ən əsası isə dövlətə vergi ödəsinlər.

Kənd təsərrüfatı sahəsində də çox böyük potensialımız var. Belə ki, münbit torpaqlarımız, münasib iqlimimiz, ən başlıcası işgüzar, zəhmətkeş xalqımız var.

Həlli vacib məsələlərdən biri də odur ki, gərək bu sahədə çalışanların alın tərləri bahasına ərsəyə gətirdikləri məhsulu satmaq problemləri olmasın. Yaxşı olardı ki, hər yerdə məhsulların tədarükü mərkəzləri yaradılsın, kəndli – fermerlərin becərdikləri məhsullar münasib qiymətə onlardan alınsın, əvvəlcədən avanslar verilsin, məhsullar yüksək səviyyədə qablaşdırılıb, Azərbaycan brendi adı altında xarici bazalara çıxarılsın. Bu məsələ həllini tapsa kənd təsərrüfatı məhsullarının istehsalı xeyli artar.

Xaricdə yaşayan biznesmen soydaşlarımızı da dəvət bilərik ki, gəlib dədə- baba torpaqlarına yatırımlar etsinlər. Əgər onlar üçün münbit şərait yaradılarsa, məmnuniyyətlə qısa müddət ərzində, böyük yatırımlar edərlər.

Müvafiq sturukturlar bidirirlər ki, ölkədə sahibkarlıqla məşğul olan 662 min şirkət və fiziki şəxs var. Bizneslə məşğul olan subyektlərin sayını, onlar üçün daha yaxşı şərait yaratmaqla, hətta milyona çatdırmaq olar. Bu isə dövlət büdcəsinə əlavə milyardlarla ölçülən daxilolmalar deməkdir.

Bəxti gətirmiş xalqlardanıq ki, Tanrı bizə belə münbit, barlı-bəhərli torpaqlar bəxş edib. Qalır yalnız bu imkanlardan səmərəli istifadə etmək. Necə deyərlər, səndən hərəkət, məndən bərəkət.