Musa Ələkbərli
(1950)
Şair, publisist. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. “Pərvanə” ədəbi dərnəyinin rəhbəri olub. “Şur” nəşriyyatının direktoru vəzifəsində çalışır. “Məndən şeir istə”, “Ürəyimin işığında”, “Bəlkə, bir də görüşdük”, “Gözlərim yol çəkir”, “Aydanım ay işığı”, “Gözümdə ağlayan bulud” adlı şeir kitablarının müəllifidir.
Mən belə Allaha bəndə olmuram...
Göz açdığım gündən gözüm yaşlıdı,
Ağrıdan, əzabdan gendə olmuram.
Taleyim qaranlıq, yolum daşlıdı,
Vallah düz-əməlli gündə olmuram.
Ümmanı, dəryası kükrəyir, daşır,
Bu yurdun sərvəti başından aşır.
Xəmiri qıcqırır, tabağı daşır,
Heyif, duvağında kündə olmuram.
Bir ucdan talayır, bir ucdan sökür,
Tanrı verdiyini gözümdən tökür.
İlham da buludtək üstümə çökür,
Tövrdən çıxıram, yöndə olmuram.
Dünyada hər kəsə bir cür nəf düşür,
Kimə zillət düşür, kimə kef düşür.
Cərgədə həmişə yerim səhv düşür,
Arxada oluram, öndə olmuram.
Dirilik suyundan içməyən şeirim,
Keçilməz sədləri keçməyən şeirim.
Ay dilə-dodağa köçməyən şeirim,
Sən harda olmursan, mən də olmuram.
Çinləyib üst-üstdə dərdi cəm verib,
Qisməti, ruzini, səbri kəm verib.
Mənə dirigözlü cəhənnəm verib,
Mən belə Allaha bəndə olmuram.
Lalə qiyamı
Bu yaş mənim yaşım deyil,
İlk məhəbbət yaşındayam.
O ağaran başım deyil,
Qarlı dağlar başındayam.
Bolluca bar-bəhər gəlib
Gözlərimin oxşamına.
Yaz ətirli səhər gəlib
Ömrün payız axşamına.
İnnən belə var duyanı,
Arzusuna çatıb könül.
Dərd-qəmini bu dünyanın
O tayına atıb könül.
Məni çəkir bu dərinlik,
Göz durudur, səs incədir.
Ay ürəyim, bu şirinlik,
Bu lətafət bəsincədir.
Şehləndikcə o gül dodaq
Sanki süzür bal şəhdini.
Yaxa cıran bülbülə bax,
Qanla yazır öz cəhdini.
Günəş yenə qan eləyir.
Göydən atəş ələnibdir.
Lalələr üsyan eləyir,
Çöllər qana bələnibdir.
Bu yazın işvəsi, nazı
Məni yenə öldürəcək.
Dünyanın bir gözəl qızı
Gülə tutub güldürəcək.
Mənim kimi bir çaşqını
Qınayacaq, bəlkə, hamı.
...Gözümdə lalə daşqını,
Sinəmdə lalə qiyamı!...
Özünü saz kimi kökdə saxla sən...
Alçalma kədərə, əyilmə dərdə,
Ömrün bir şəklidir xeyir də, şər də.
Zamanla aranı bu qədər açma,
Qoy qalsın arada əvvəlki pərdə.
Dünyanın iç üzü içində dursun,
Heç nəyin astarı çıxmasın üzə.
Qovsun qaranlığı gülümsəyən ay,
Ömür bağışlasın gecə-gündüzə.
Bütün gözəlliklər gözünə dolsun,
Ən zərif duyğular qoy sənin olsun.
Düz tut ürəyini uca haqqla sən,
Özünü saz kimi kökdə saxla sən.
Demə ki, çox belə, az belə getdi,
Qış vaxtsız yetişdi, yaz belə getdi.
Hardasa yollarda ləngidi qismət,
Sənə könül verən qız belə getdi.
Sevgilər yaşadın sevgidən artıq
Yaratdın, yaşatdın bir xatirəni.
Gördün ürəyinin genişliyini,
Böyütdü, ucaltdı bu istək səni.
Tez-tez bulud kimi kövrəlib dolma,
Ömründən-günündən narazı olma.
Uyuş bu qismətlə, barış baxtla sən,
Özünü saz kimi kökdə saxla sən.
* * *
Neçə dəfə yanıb-söndüm
Bu ağrılar sönənəcən.
Canımdan dərd sıfqarılıb
Bir misraya dönənəcən.
Üstümdən illər adlayıb,
Zaman dizimi qatlayıb.
Yerin ürəyi çatlayıb
Mən göylərdən enənəcən.
Dərd mənimdi, günah sənin,
Mən çəkdiyim bu ah sənin.
Bu gün yoxam, Allah, sənin
Bəndən idim dünənəcən...