Vaqif Aslan
(1950)
Şair, publisist. “Ruhlarla söhbət”, “Oğuz elinə salam”, “Qanımdan rəng alan gül” və digər şeir kitablarının müəllifidir. 2009-cu ildə dörd cildlik “Seçilmiş əsərləri” işıq üzü görüb. Pol Verlenin “Gözəl nəğmələr” silsiləsini, Öjen Dabinin “Tətil”, Erve Bazenin “Rədd olsun şapkalar” əsərlərini fransız dilindən, Mustay Kərimin “Ay tutulan gecə”, Slavomir Mrojekin “Xoşbəxt hadisə” pyeslərini rus dilindən tərcümə edib.
Mənim əzizim
Mənim gördüyüm şey, mənim əzizim!
Bir gün xeyir olur, bir gün şər olur.
Toplayıb çıxıram, vurub bölürəm ...
Gecəm gündüzümə bərabər olur.
Gülüşüm süzülür gün işığından,
Sevincim göz yaşım qədərindədir.
Rəng aldım rənglərin qarışığından,
Olanım, olmazım çox dərindədir.
Çoxun çox, azın az tarazlığında
Gün dönür, Ay dönür, ulduzlar dönür.
Çəkir bir-birini qaranlıq, işıq,
Sönənlər yandıqca yananlar sönür.
Bərabər yaranıb hər şeyə hər şey,
Təndir ağlımıza hissimiz bizim.
Bu dünya nə qədər bizimkidirsə,
O qədər bizimki deyil, əzizim.
Bir bütöv yaranır iki yarıdan,
Bir yarı mənəmsə, bir yarı sənsən.
Bugünkü məlumsan, sabahkı məchul ...
Hər necə olsan da, özünə tənsən.
İnsan balası
Atın balasından daha gözəlsən,
Amma ki, at kimi kişnəməyin var,
İnsan balası.
İtin balasından daha gözəlsən,
Di gəl ki, it kimi dişləməyin var,
İnsan balası.
Gah cılğı ağılsan, gah cılğı hissən,
Mələksən, şeytansan, cinsən, iblissən.
Yaxşıdan yaxşısan, pisdən də pissən
İnsan balası!
Onsuz da gözəldir, balalar bütün,
Səndən uzaq olsun bəlalar bütün!
İnsan balası!
İt dəftəri
Bir it gördüm Bakıda
xaltasında nömrəsi.
Kəmərindən sallanan
baltasında nömrəsi.
Pultla qısqadırdılar,
o da cumub qapırdı.
Rayondan gələnləri
burunlayıb tapırdı.
İt məni görən kimi
qıcartdı dişlərini...
Tərgitmir şəhərdə də
itlər vərdişlərini.
“Ham-ham!” edib üstümə
atıldı birdən-birə...
Nə Allaha inandı,
nə ocağa, nə pirə.
Bir it gördüm Bakıda,
nə dedimsə, “ham!” dedi.
Rəis məni öldürər,
Səndən almasam dedi.
Dedim: – Allahın olsun!
Məni dəftərə yazma!
Dedi: – Şəkili qardaş,
yağlı dilinə basma.
Baxdım, gördüm, bu işlər
dərindədir, dərində.
Şəkiyə üz çevirdim,
adım it dəftərində.
Səhər-səhər
Bəyaz gül açmışdı bu səhər donun ...
Nə gözəl açırmış gül səhər-səhər.
Qoy sürtüm üzümü gülünə onun!
Titrəsin ahımdan tül səhər-səhər.
Mənim gözlərimdə düz-dünya bəyaz ...
Səndən gözəl yoxdur, məndən kefi saz...
Min-min yaza dəyər bu səhərki yaz!
Gül görüb, açılıb dil səhər-səhər.
Bəyaz köynək üstə qırmızı düymə...
Deyir: Qan salarsan, dur, mənə dəymə!
Gülə əl uzatma, çəmənə dəymə!
Yıxıl, qabağımda öl səhər-səhər!
Yaralı məhəbbət
Bala, o ağaca balta vurma sən!
Onda gəncliyim var, hərarətim var.
Bala, o ağaca balta vurma sən!
Onda bir yaralı məhəbbətim var.
Mən də cavan idim, mən də sevirdim,
Sevgimin şahidi o oldu ancaq.
İlk görüş yerimdir, bala, ilk görüş
Onun kölgəsinin düşdüyü torpaq.
Toyumuz çalındı bu ağac altda,
Qovduq uzaqlara qəmi, kədəri.
Biz xoşbəxt adlandıq bütün elatda,
O günlər qayıtmaz, qayıtmaz geri.
Bir gün bu dünyaya göz açdın, bala,
Asıldı beşiyin bax, bu ağacdan.
Bir gün xəstə anan getdi zavala,
Əbədi ayrıldı, ax, bu ağacdan.
Ananın ətrini, bala, ay bala,
Bir səndən alıram, bir də ki, ondan.
Dilbilməz baltanı bir yana tulla,
Əl çək birdəfəlik, gəl bu oyundan.
Getməyib sinəmin sızıltıları,
Dinlə dilə gələn bu göz yaşımı.
Sən onu kəsincə, bala, ay bala,
Gəl kəs birdəfəlik mənim başımı.
Bala, o ağaca balta vurma sən,
Onda gəncliyim var, hərarətim var.
Bala, o ağaca balta vurma sən,
Onda bir yaralı məhəbbətim var...