SELMA LAQERLYÖF
(İsveç)
(1858–1940)
BABİL ŞAHZADƏSi
(hekayə)
Skrolukadakı balaca daxmanın pəncərəsindən içəri tutqun qış axşamı boylanırdı. Evin sahibəsi Katrinna yun əyirirdi, dizlərinin üstündə uzanmış pişiksə cəhrənin ahəstə uğultusuna uyğun yavaş-yavaş yırğalanırdı. Katrinnanın əri Yan Anderson ocağın qırağında oturmuşdu, kürəyini ocağa verib qızınırdı. Bütün günü Erik Fallın meşəsində ağac qırmışdı, indi də dincəlməyə haqqı var idi. Hətta Katrinna da onun işlə məşğul olmadığına, beşyaşlı qızıyla oynayıb-zarafatlaşdığına etiraz eləyə bilmədi.
Katrinna dərin düşüncələr içində oturmuşdu, atayla qızın nə danışdıqlarına qulaq asmırdı. Bununla belə, bir şeyə həmişə ciddi fikir verirdi. O, Yanın qızı göyçək və ağıllı adlandırmasına dözə bilmirdi, əri isə əksinə, elə hey bunu təkrar eləyirdi. Katrinna əminiydi ki, əgər Klara Qulla bu az yaşından belə düşüncəylə böyüsə, ondan fərli adam çıxmayacaq.
Yan ağlagəlməz əhvalatlar uydurmağı sevirdi. İndi isə əri ocağın yanında oturub qızına qədim vaxtlardan, aləm yaradılandan, adamlar yer üzündə görünəndən sonra nələr baş verdiyini danışırdı. O, qıza Babil qülləsi barədə tarixçəni nəql edirdi. Deməli, ümid etmək olardı ki, boş söhbətlərə keçmək üçün bəhanəsi olmayacaq.
– Hə, deməli, onlar gil daşımağa başladılar, kərpic kəsdilər, əhəng yandırdılar, qüllənin ətrafında qurğular qurdular. Həmin qurğular gün-gündən elə hey böyüyürdü.
Əlbəttə, onlar bu qülləni ucaltmaqlarının Tanrının ürəyincə olmadığını bilirdilər, amma bu barədə fikirləşmirdilər, çünki hər vəchlə göyün yeddinci qatına çatmağa, oraların necə olduğunu görməyə can atırdılar.
– Qulaq asın, ey xeyirxah adamlar, – bu zaman Tanrı onlara dedi. – Sizə axırıncı dəfə deyirəm. Əgər öz əməllərinizdən əl çəkib burdan getməsəniz, sizə bədbəxtlik göndərməli olacağam. Həm də bu elə bədbəxtlik olacaq ki, ondan yaxanızı qurtara bilməyəcəksiniz, heç bir şey sizi xilas etməyəcək.
Amma adamlar fikirləşdilər ki, Tanrı həmişəki kimi, yenə səbirli olacaq. Onlar öz bildikləri sayaq qülləni ucaldırdılar və tikili gündən-günə böyüyür, böyüyürdü.
Bu zaman Tanrı adamların dillərini qarışdırdı. Həmin günəcən onlar bir-birini başa düşürdülər, sonra hər şey bitdi.
Bənnalar “Bizə palçıq verin!” demək istəyirlər, əvəzindəsə “Tara-bara-ra!” alınırdı. Usta şəyirdləri nə etməli olduqlarını soruşmaq istəyəndə ağızlarından bu sayaq sözlər çıxırdı: “Erbe, derbe, mirbe, marbe?”
Bəli, onlar bir-birlərini başa düşmürdülər. Bənnalar əmin idilər ki, şagirdləri onları ələ salır, amma “Bəsdi, tənbəlliyin başını buraxın!” deyəndə dillərindən “Ullen, dullen, dorf!” sözləri çıxırdı. Şagirdlər bənnaların nəyə görə onlara acığı tutduğunu soruşmaq istəyəndəsə ağızlarından “Abrakadabra!” sözləri çıxırdı.
Get-gedə vəziyyət elə qarışdı ki, bir-birinin saçından yapışıb dalaşmağa başladılar.
Həmin gündən adamlar arasında dostluğa son qoyuldu, artıq kimsə qülləni ucaltmağı düşünmürdü, hərə bir tərəfə dağılmışdı.
Yan hekayəsində bu yerə çatıb Katrinnaya baxdı. Cəhrənin səsi kəsilmişdi. Ona elə gəldi, Katrinna da, pişik də yuxuya gedib. Yan bu dəfə sözünə astaca davam elədi:
– Babildə həmin qülləni ucaldanlar arasında hökmdarla xanımı və onların balaca qızı da var idi. Həmin gündən şahzadə qız da elə qəribə danışırdı ki, onu nə ata-anası, nə başqa bir kəs başa düşürdü.
Buna görə də hökmdarla arvadı artıq onu sarayda saxlamaq istəmədilər, gözlərinin qabağından uzaq elədilər. Qız tək-tənha yola düzəlməli oldu.
O, işıqlı dünyada dolaşa-dolaşa qəlbində çox böyük dərd daşıyırdı. Axı başına nə gələcəyini bilmirdi. Əgər görsəydilər, ayılar və canavarlar balaca şahzadəni bir göz qırpımında parçalaya bilərdi.
Amma qız elə balaca, elə sevimli idi ki, onu incitməyə bir adamın da ürəyi gəlməzdi. Əksinə, kimə rast gəlirdisə, hamı qıza yaxınlaşıb salamlaşırdı, əl verirdi, hara getdiyini soruşurdu. Qız cavab verirdi, amma kimsə bir söz başa düşmürdü, buna görə də ona marağını itirirdi.
O elə gözəl, elə sevimliydi ki, bir qəsrə, yaxud ağa evinə yaxınlaşmağa bənd idi, qapılar üzünə öz-özünə açılırdı. Amma ağzını açıb öz qəribə dilində danışanda qız dərhal başa düşürdü ki, təzədən sərgərdanlığına davam etməli olacaq.
Nəhayət, o, dünyadakı bütün çarlıqları, ölkələri dolaşandan sonra bir axşam qalın meşəyə düşdü, sıx ağacların arasından keçib balaca bir daxma gördü. Daxma o qədər balacaydı ki, qız onun qapısından içəri güclə keçə bildi. Şahzadə qız dilləndi:
– Hər vaxtınız xeyir!
İçəridə oturan qadın ip əyirirdi, əri də kürəyini ocağa verib qızınırdı. Onlar qonağı görüb dedilər:
– Axşamın xeyir!
Balaca şahzadə buradakıların onu anladıqlarını görüb çox sevindi. Amma elə ehtiyatlı idi ki, məsələnin nə yerdə olduğunu onlara dərhal demədi.
– Bu yer necə adlanır? – qız soruşdu.
– Skorluka, – ev sahibləri dərhal cavab verdilər.
Şahzadə qız əmin oldu ki, onu burda doğrudan da anlayırlar. Bu dəfə lap çox sevindi, amma bir də yoxlamağı qərara aldı.
– Bəs bu evdə danışılan dilin adı nədi?
– Vörmlənd dili, – ev sahibi cavab verdi.
Bu zaman şahzadə yaxın gəlib onu da öz evlərində saxlamaqlarını xahiş etdi. Axı bütün işıqlı dünyada onu yalnız burada anlayırdılar!
Amma üzünü ocağa sarı tutanda ev sahibləri gördülər ki, bu, Babil şahzadəsidi. Odur ki “çətin bura sənin xoşuna gəlsin” dedilər. Həm də dedilər ki, ətrafdakılar hamısı vörmlənd dilində danışır, bəyəndiyi hər bir evdə məskunlaşa bilər.
Şahzadə qız razılaşmadı:
– Yox, – dedi, – bilirəm ki, mənə lazım olan yerə gəlmişəm. Elə burada qalacağam. Çünki bu evdən xeyir götürə bilərəm.
... Balaca Klara Qulla nəfəsini udub sakitcə atasına qulaq asır və gözləri heyrətdən böyüyürdü. Yan hekayəsini bitirəndə qız elə bil bu evi ilk dəfə görürmüş kimi ətrafa boylandı:
– Hə, nə olar, qoy hələlik hər şey olduğu kimi qalsın, – nəhayət, qız dilləndi. – Sən sadəcə mənə böyüməyə imkan ver. Onsuz da gəldiyim yerə qayıdacağam.
Yanın sifəti təəccübdən dəyişdi. Amma ən pisi bu idi ki, Katrinna düz məqamında oyanıb söhbətin sonunu eşitmişdi. Ərinə:
– Sənə belə də lazımdı! – dedi. – Uşağın beynini daha onun qeyri-adi qız olması fikriylə doldurmarsan!
Tərcümə edən: Nəriman Əbdülrəhmanlı