Tahir Aslanlı
(1951-1995)
Şair, publisist. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyətinin Rusiyada təmsilçisi, həmçinin “Drujba” Millətlərarası Ədəbiyyat və Sənət jurnalının Moskvadakı müşaviri olub. Həyatının son illərində Azərbaycan Respublikasının Rusiyadakı səfirliyində çalışıb. Azərbaycan və rus dillərində şeirlər yazıb. “Günəşə uzanan illər” (Bakı, 1980), “Başımın üstündə bir ovuc torpaq” (Moskva, 1986), “Dilimizin düyünü” (Bakı, 1989), “Ürəyimdəki kölgə” (Frankfurt, 1991) kitablarının müəllifidir. Əsərləri ingilis, alman, fransız, macar, ərəb və fars dillərinə tərcümə edilib.
Burda doğulmuşam...
Gəldim kəndimizə üç-dörd günlüyə;
Cavanlar üzümə qınayır məni.
Yamaclar tanımır, bağlar tanımır,
Qocalar sonradan tanıyır məni.
Yollar uzaq düşüb, tale qarışıq;
Mənə nə olursa, vaxtında olur.
Bəzən vaxt tapmıram. Gizli deyil ki,
Gəlmək istəməyən vaxtım da olur.
İndi darıxmışam, ərklə gəlmişəm;
Nədir bu lal sükut? Bir söz desənə.
Niyə tanımırsan, a doğma kəndim,
Bəlkə, pasportumu göstərim sənə?..
Ağlaya bilməyən kişilər də var
Bəzən tutmaq olmur, qaytarmaq olmur
Taleyə, ömürə atılan daşı.
Ürək dəmir deyil, ürək daş deyil,
Göz də Günəş deyil qurutsun yaşı.
Dərmanla həmişə saxlamaq olmur,
Çəkib çıxardırlar ağrıyan dişi.
Hətta daşların da dağlayanı var,
Axı kim deyir ki, ağlamaz kişi?!
Taleyin dartılmış yayından çıxıb,
İlindən, günündən, ayından çıxıb,
Vətəndən uzaqda, eldən uzaqda,
Bir ovuc torpağa, bir içim suya,
Çiçəyə, günəşə, yağışa həsrət
Ağlayan kişilər yaşayır hələ...
Vaxtsız ölümlərin vaxtı çatanda,
Bəxtsiz yetimlərin bəxti yatanda,
Kədər qərar tutsa sevinc atında,
O atı yerindən qoparan olmaz,
O atı mənzilə aparan olmaz.
O atın, mənzilin həndəvərindən
Bir az asta keçin, bir az yan keçin.
Yaddan çıxarın ki, ağlamaz kişi:
O yiyəsiz ata, başsız mənzilə,
Ağla gilə-gilə, yan için-için...
...Amma, ağlamaq da şücaət deyil
Tarlada, dənizdə, toyda, biçində,
Şimalda, cənubda, Yer kürəsində.
Bu qədər sevincin, dərdin içində.
Gah yalqız otaqda, gah da yol üstə,
Ağlamaq istəyən, yanmaq istəyən,
Ağlaya bilməyən kişilər də var...
Təbrizdən məktub
İllər keçib gedir nəsillər kimi,
Köhnə yaralarım sağalan deyil.
Vətən torpağına səpilən dərdim
Qoşunla, orduyla yığılan deyil.
Dilimin üstündə qalıb sözlərim,
Payız yarpağıtək saralan mənəm.
Hələ vurulmayıb yerə dizlərim.
Hələ döyüşən mən, qırılan mənəm.
Mənim haqq səsimi, haqq istəyimi
Qadağan əsərtək yığışdırdılar.
Patrona sığmayan güllə kimiydim,
Bölüb iki yerə sığışdırdılar.
Qırıldı qəlbimin bir sarı simi,
Analar nə qədər saçını yolsun?!
“Olana çarə yox” – dərd olan kimi,
“Keçənə güzəşt” də cinayət olsun!
Yanmaq öyrənmişik astadan, pəsdən,
Millətin quruca adı qalıbdır.
Vətənin qədrini bilməyən kəsdən
Qəhrəman olmayıb, qorxaq olubdur.
Tuşlanıb üstümə qapqara bir daş –
Qoymaram o mənim dizimə dəyə.
Dar gündə köməyə yetməyən qardaş,
Gələr mey içməyə, kabab yeməyə.
Paslı qılınclar da yırtacaq qını;
Bürünür Təbrizi vuruş havası.
Arazdan bu tayda millət qırğını,
Arazdan o tayda pambıq davası.
Bir yanda göz yaşı, bir yanda çalğı,
Xeyri şər kürkünə soxmaq çətindir.
Özgə buyruğuyla bölünən xalqı
Təzədən bir yerə yığmaq çətindir.
Çıxart məni yadından
Orda səni haraylayan tapılmaz,
Səsin çatmaz bir kimsəyə o evdən.
O oğlan da daha hissə qapılmaz,
Başqa yerdə xumarlanar bir kefdən...
O vaxt mənə təsəlli də sən idin,
O illərin üzü bir az qaraydı.
Onda sənin rəqibin də yox idi,
Gəlib mənim qabağımda duraydı.
İndi yayın atılmağa ox gəzər,
Tapılmasa, heç ummaram gədadan.
Görüb məni üz çevirmək... çox gözəl,
Çıxart görüm, çıxart məni yadından.
Eşitmişəm oğlun olsa, oğluna
Ad verildi, bəlkə, mənim adımdan.
Qüruruna, inadına baxma heç,
Çıxart görüm, çıxart məni yadından,
Kirpiklərim məhəbbətlə qırpınıb,
Gözlərimə qırmızılıq gətirdin...
Sudan çıxan balıq kimi çırpınıb,
Geri dönmək ümidini itirdin.
Zaman keçib dəyişmişəm özüm də,
Vaxt yetişib ürəyindən köçürəm.
Başqa sevgi axtarıram özümdə,
Başqa qızın ürəyindən keçirəm.
Nəyə lazım bu ehtiram, bu hörmət,
Görürsən ki, tamam ayrı yolum var.
Axı səndə nə Leylilik məhəbbət,
Nə də mənim Məcnun olmaq halım var.
Sənə məlum alovum da, gözüm də.
Qalammadım söhbətində, sözündə,
Ancaq bizi tanıyanlar deyir ki,
Ayrılığın lap birinci günündən,
Bu misranın yazıldığı vaxtadək.
Gizli-gizli alışırsan odumdan.
Mən ki sənə özgə idim, yad idim,
Çıxart görüm, çıxart məni yadından...