Böyükxan Pərviz
(1951-2007)
Şair, publisist. Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb, M.F.Axundov adına Opera və Balet teatrında işləyib. “Günahım səni sevməkdir” adlı şeir kitabının müəllifidir.
Fələkdən qabaq
Bizim göbəyimiz belə kəsilib,
Qəmə bürünmüşük bələkdən qabaq.
Anamız qorxudub, hər ağlayanda,
Cini tanımışıq mələkdən qabaq.
Torpaqdan duymadıq gülün ətrini,
Dostdan uca tutduq yadın xətrini.
Od oğlu, bilmədik odun qədrini,
Söndü ocağımız küləkdən qabaq.
Bu da bir ömürdü, axırı yoxdu
Papağı gedənin abırı yoxdu.
A bala, fələyin taqsırı yoxdu,
Biz elə beləydik, fələkdən qabaq.
Dərd
Harda qaçıb gizlənirəm,
soraq-soraqnan gəlir.
Dərd bizə qonaq gələndə,
arvad-uşaqnan gəlir.
Hər sözümə dodaq büzür,
dediyimi bəyənmir.
O, mənim özümü yeyir,
yediyimi bəyənmir.
Əlini uzatma mənə,
canım sənə sadağa.
Dərdim körpə uşaq kimi,
getməz özgə qucağa.
Əllərimə yazılmış şeir
Ay əllərim, sizin ilə
Bir qıza çiçək almadım.
Kimsəyə əl uzatmadım,
Kimsədən çörək almadım.
Yorulmadıq, nə mən, nə siz,
Ömür sürdük sutək təmiz.
Qabar oldu bəzəyiniz,
Bir özgə bəzək almadım.
İşlədiniz, otaq aldım,
Geyim aldım, yataq aldım.
Şaxta düşdü, papaq aldım,
Sizə bir əlcək almadım.
Sıxıntı
Bu dünyanın dərdlərini,
çəkirəm qəmim kimi,
Harda belə gəmi batıb,
mənim bu gəmim kimi?..
Vallah, beşikdən düşənnən,
ağır şərt tapır məni.
Köhnə dost itirir məni,
Təzə dərd tapır məni.
Nə bəxtimdə kişilik var,
Nə həyatımda qadın,
Belə…
nə yada salmağa bir Gün,
Nə unutmağa adım…
Niyə belədi?
Bu yurd sahibsiz bağ boyda,
Əldə gəzir yumaq boyda.
Onsuz da dərdi dağ boyda,
Azarı niyə belədi?
Zəhmi çox, Kiçik çillənin,
Sayı yox, dəyən şillənin.
Goruna and içilənin
Məzarı niyə belədi?
Qızıl həsəd çəkir misə,
Fərq yoxdu yaxşıyla pisə.
Xalqın gözü tərəzisə,
Bazarı niyə belədi?
Qəbirin içində yazılmış şeir
Uzanmışam boş otaqda,
nə məktub var, nə zəng səsi.
Elə bil ki, hamı köçüb,
mən dünyanın gözətçisi.
Üzü qibləyə tərəfəm,
ümidim bu küçəyədi.
Eh, bir az zəhər olseydi,
gör qramı neçəyədi?
Burnuma gül iyi gəlir,
əklilmi, güldən bağlanıb?
Ay qapımı döyən, kimsən?
açginən, çöldən bağlanıb…
Məndən sonra
Elə bilmə çiçəklərin, güllərin,
Mənsiz boynu büküləcək, əzizim.
Qismət olsa, adım dildə, dodaqda,
Orda-burda çəkiləcək, əzizim.
Ümid olma nə ömürə, nə baxta,
Əcəl baxmır nə xəstəyə, nə vaxta.
Məndən sonra bu yatdığım otaqda,
Bir çarpayı söküləcək, əzizim.
Dünyadı da, ağlatmaqdı peşəsi,
Üzü bərkdi, çiliklənməz şüşəsi.
Bir tərəfdən qırılacaq meşəsi,
Bir tərəfdən əkiləcək, əzizim.
Orda bir gəlin ağlayır
Orda bir gəlin ağlayır,
Yarasını soruşmayın,
Saçları tamam ağarıb,
Qarasını soruşmayın.
Aman, necə də kövrəkdi?
Gözəldi, yenə göyçəkdi.
Örtdüyü qara örpəkdi,
Xarasını soruşmayın.
O qızların xası idi,
Dərdə, qəmə asi idi,
Armudun yaxşısı idi,
Sonrasını soruşmayın…