МEŞA SELİMOVİÇ
(1910-1982)
Bosniya nasiri, XX əsr serb-xorvat ədəbiyyatının görkəmli nümayəndələrindən olan Meşa Selimoviç Tuzla şəhərində doğulub, Belqrad Universitetinin fəlsəfə fakültəsində təhsil alıb, Tuzla Mülki Məktəbinin professoru kimi çalışıb. Müharibə illərində partizan hərəkatının iştirakçısı olub, müharibədən sonra isə Sarayevoda Ali Pedaqoji Məktəbin professoru, “Bosnafilm” kinostudiyasının direktoru, Yuqoslaviya Yazıçılar İttifaqının sədri olub.
M.Selimoviç yaradıcılığa 40 yaşlarında başlayıb. “Birinci dəstə” (1950), “Yad torpaq” (1961) hekayələr toplusu, “Duman və Ay işığı” (1965), “Dərviş və ölüm” (1966), “Qala” (1970), “Ada” (1974), “Dairə” (1984) romanları onu ədəbi aləmdə məşhurlaşdırıb. O, eyni zamanda “Xatirələr” (1976) kitabının və çoxsaylı esselərin müəllifidir.
M.Selimoviç 1967-ci ildə “Dərviş və ölüm” romanına görə Neqoşa, Qoran və “NİN” jurnalı mükafatlarına layiq görülüb.
QAYIQÇI
(hekayə)
Səhərə yaxın kölgələr Semberi düzənliyində solğunlaşıb bənövşəyi rəngə çaldı. Kəndin yaxınlığındakı meşəlik hələ də yuxuluydu, qaranlığa bürünmüşdü, sanki ayılmaq istəmirdi.
Qamışlıqda nazik, çəhrayı rəngli ayaqları olan bir vağ dayanıb xırda, girdə, sanki oyuncaq gözlərini gündoğanda alışıb-yanan, qıpqırmızı tozla dolu səmaya zilləmişdi.
Qəfildən gözqamaşdırıcı parıltısı ilə düzənliyin kənarı üzərində Günəş peyda oldu.
Meyvə bağındakı evin damını örtən kirəmitlər qıpqırmızı rəngə çaldı.
İki əl pəncərənin taxtasını açdı və içəriyə səhərin sevinci doldu.
Ağır, əyri sünbüllərdə, yoncanın ləçəklərində şeh damcıları parıldadı, lalə alışıb-yandı, torağayın nəğməsi eşidildi. Vəhşi ördək çölün üzəriylə alçaqdan qanad çala-çala keçib-getdi.
Papağını arxaya vermiş partizanın saçı sarımtıl, yetişmiş buğda rəngindəydi. O, ətrafa baxmadan irəliləyirdi, fikirli, qaşqabaqlı halda iri addımlarla Cura babanın evinə yaxınlaşırdı.
Ahıllaşmış, saç-saqqalı ağarmış, yanaqları gündən yanmış qoca onu mehribanlıqla qarşıladı.
– Çayı keçmək istəyirəm, – oğlan salamlaşandan sonra dilləndi.
– Səni ora kim keçirəcək?
– Əlbəttə sən.
– Allah haqqı, keçirə bilmərəm.
Əsgər çantasından üzərində ağ, iri cizgilər olan zərf çıxardı.
– Mühüm məlumat çatdırmalıyam. Ordu qərargahından arayışım da var.
– Onda olar. Amma o biri sahildə qiyamçılar peyda olub. Tez-tez gözə dəyirlər. Rastına çıxsa – işin bitdi. Belə! Mən qayıq sürməyə qorxuram.
– Onda mən tək keçərəm.
– Sənə də məsləhət görməzdim.
– Keçməliyəm.
– Keçməməlisən.
Qoca parçda isti süd, bir tikə çörək gətirdi və oğlan sarımtıl talaşaların içindəki kötüyün üstündə əyləşib sakitcə süddən içməyə başladı.
– Evə də baş çəkmək istəyirəm, – oğlan fikirli halda dilləndi. – Heç olmasa, üzlərini görərdim. Arvadımı bu yaz Yasenovatsa aparıblar, bu yaxınlarda da eşitdim ki, uşağım xəstələnib. Amma hələ sağ-salamatdı. Hə, həm də...
– Ah, qardaşım, – qoca ona şəfqət dolu baxışlarla nəzər saldı. – Səni başa düşürəm. Görürəm ki, getməlisən. Amma ehtiyatı əldən buraxma. Ətrafa yaxşı-yaxşı bax. Qayıq körfəzdədi, üstü şax-şəvəllə örtülüb. Yola çıxanda bir qədər kənara meyillən, meşəylə get, birbaşa körpüyə yan almağı ağlına belə gətirmə. Eh, oğlum, görürsən də necə təhlükəlidi. Amma getməsən, daha yaxşı olar. Allah eləməsin, səni görsələr...
– Ümid edək ki, görməyəcəklər.
Oğlan sanki bu sözləri elə-belə, düşünüb-daşınmadan deyirdi. Sonra qocayla sağollaşıb çaya tərəf getdi.
Qoca bir xeyli onun arxasınca baxdı. Əsgər meşəlikdə gözdən itəndən sonra baltanı götürüb anbar üçün odun hazırlamağa başladı.
“Nə qədər ki hava yaxşıdı, çayı keçmək lazımdı, – qoca özünə təskinlik verdi. – Bugün-sabah hər şey düzələr”.
Amma əsgəri fikrindən döndərə bilmədi.
“Necə olacaq? Görəsən, çayı keçə biləcəkmi?..”
Nəvəsi şehli çəməndə inəkləri otarırdı.
– Niyə doyunca yatmamısan? – qoca ondan soruşdu.
Amma nəvəsi onu çox məşğul eləmədi. Qoca ağarmış bığını bura-bura fikrən oğlanın arxasınca gedirdi.
“Bu dəqiqə Lukanın evinin yanındadı, indi sahilə yan alır. Eh, nə durmusan, – özünə tənə etdi. – Gün keçir”.
Ürəyinə şübhə doldu.
“Bu da getdi. İnad etdi ki, getməliyəm. Düzdü, getməyinə getməlisən, ancaq necə gedəcəksən? Məktub çatdırmalıdı! Nə olsun ki, çatdırmalısan! Bəyəm məktub gözləyə bilməzdi? Amma mən, Allah haqqı, belə etməzdim”.
Gərək əsgəri bərk-bərk tutub buraxmazdı. Amma faydası yox idi.
Qəlbindəki narahatlıq get-gedə artırdı.
“Eh, baba, heç nə anlamırsan. Yaxşı, məktub gözləyə bilər, bəs xəstə uşaq?”
“Ah, qardaş, bu nə dərddir. Bəlkə, o biri sahilə keçə bilməyəcək”.
Qoca narahatlıqla çaya baxır, sümükləri görünən sinəsini qaşıyır, qara rəngli qəlyanını doldurub yandırır, havaya acı tüstü buraxırdı.
“Çıxıb getdi! İndi, yəqin, artıq qayığın yanındadı”.
– Ey, Milisa! – qoca qəfildən nəvəsini səslədi. – Nənənə de, tez qayıdacağam. İş dalınca getməliyəm.
O, baltanı yerə atdı, enli kənarları olan şlyapasını başına qoyub çaya tərəf tələsdi.
Qoca sahilə çatıb çayın geniş, bərq vuran səthini nəzərdən keçirdi, heç nə görməyib körfəzə sarı əyildi. Kiçik körfəzin dayaz, sakit sularında, sıx ağaclar arasında dayanmış əsgəri gördü. Əsgər tüfəngini çiynindən asmışdı, dizlərinəcən lilə girib qayığı itələyirdi. Amma qayıq ağır idi, burnu ağac köklərinə və palçığa dirəndiyindən tərpənmirdi. Adama elə gəlirdi ki, əsgər onu, ümumiyyətlə, yerindən tərpədə bilməyəcək. Oğlan alnının tərini sildi, qayığın ətrafına dolanıb onu ürəkdən söydü. Amma bu da kömək eləmədi.
– Dart! Burnundan dart, – qoca hirslə qışqırdı. – Nə heykəl kimi dayanmısan? Gözlə!
Qoca diklə aşağı enməyə başladı. Az sonra qayığa yaxınlaşdı.
– Belə! Bax, görürsən?
– Sağ ol, Cura baba.
– Gördün ki, bacarmırsan? Otur görüm. Burda, ortada otur. Avarı götür.
Əsgər çaşqın halda ona baxırdı.
– Nədi, bacarmırsan? Bəs çayı necə keçmək istəyirdin?
Qoca şalvarının balağını qatladı, şlyapasını gözlərinin üstünə endirdi, qayığı irəli verib içinə atıldı, burun tərəfindəki ensiz oturacaqda əyləşdi. O, güclü əlləriylə avarlardan bərk-bərk yapışıb ayaqlarını məhəccərə dirədi.
– Sən də mənimlə gedirsən? – əsgər ürəklənib soruşdu.
– Gedirəm? Görürsən ki, gedirəm. Amma atəş açmağa başlasalar, kim bilir, nə olacaq. Uşaq oğlandı, yoxsa qız?
– Oğlandı.
Qoca üzbəüz sahildəki qalın palıd meşəliyinə baxa-baxa var gücüylə avarı çəkməyə başladı.
1947
Tərcümə edən: Nəriman Əbdülrəhmanlı