Ukraynanın “Slovo prosviti” qəzeti ötən illər Ukrayna Yazıçılar Birliyinin təşəbbüsü və maddi dəstəyi ilə ukrain dilinə tərcümə edilərək Kiyevin “Друге дихання” nəşriyyatında çap olunmuş “Azadlıq” romanıyla bağlı əsərin müəllifi, Xalq yazıçısı Afaq Məsudla müsahibə dərc edib.
“Xalq azad nəfəs almaq istəyirdi...” başlığı altında dərc edilmiş müsahibə romanın yazıldığı tarixi mərhələ, həmin illər ölkədə cərəyan edən ictimai-siyasi proseslər, xalq və insan azadlığı ilə bağlı sualları əhatə edir.
Qeyd edək ki, baş redaktoru tanınmış şair, tərcüməçi Pavlo Movçan olan qəzet Ukraynanın ən qədim və nüfuzlu mətbu orqanlarındandır.
Keçid linki:
http://slovoprosvity.org/2020/01/29/narod-zakhotiv-dykhaty-vil-no/– Afaq xanım, Sizin yaradıcılığınız Ukrayna oxucularına yaxşı tanışdır. 2017-ci ildə Kiyevdə Ukrayna dilində nəşr olunan “Azadlıq” kitabınız burada böyük maraqla qarşılandı. İlk öncə, Ukrayna və ukrainlər haqqında təəssüratlarınızı, fikirlərinizi bölüşməyinizi xahiş edirik.
– Ukrayna hər zaman Azərbaycan üçün doğma məkan, ukrainlər dost, qardaş olub. Tarix boyu hər iki xalqı bir-birinə bağlayan bu doğmalıq bu gün də yaşanmaqdadır. Bu, heç bir maddi, ya siyasi marağa dayaqlanmayan, təmənnasız, əzəli bir bağlılıq, ruhi doğmalıqdır. Düşünürəm, bu doğmalığın təməlində hər iki xalqın oxşar mental keyfiyyət və xüsusiyyətləri dayanır. İlk növbədə, böyük insan sevgisi, mərhəmət, dözümlülük, mənəvilik və səmimiyyət.
– Ukrayna ədəbi tənqidçiləri “Azadlıq” romanını müzakirə edərkən, simvolizm barədə xeyli danışdılar. Simvolizim Sizin yaradıcılığınızda hansı yeri tutur? Məlumdur ki, Azərbaycan mədəniyyətində, mentallığında hər bir sözün, hərəkətin simvolik mənası var... Ukrayna oxucusu üçün də bu, olduqca maraqlı, eyni zamanda, bir qədər mürəkkəb, əsrarəngiz təsir bağışlayan məqamdır...
– Simvolizm təəssüratını, olsun ki, əsərdə təsvir olunan real həyatla paralel şəkildə, hansısa ələgəlməz, şəffaf aləmlərdə baş verən hadisə və situasiyalar yaradır. Reallığın alt qatında yatan gizli həqiqətlərin sirri də, həmin bu ərazilərdə açılır. Bu mənada, əsər, boş görüntü hesab etdiyimiz yuxularımızın şüuraltımızda yatan qədimdən-qədim, gizli həqiqətlər dəfinəsi olduğunu, bu aləmin, reallığın özü qədər, bəlkə ondan daha gerçək və həlledici olduğunu sərgiləyir.
– Romanı yazmağa Sizi nə sövq etdi?
– “Azadlıq” 90-cı illərin əvvəllərində – Azərbaycan öz müstəqilliyi uğrunda mübarizəyə qalxdığı keşməkeşli dövrlərdə yazılıb. O illər Bakının dənizkənarı bulvar tərəfində yerləşən Azadlıq meydanı Azərbaycanın döyünən ürəyinə çevrilmişdi, məmləkətin dörd bir yanından bura insanlar axışır, hər tərəfdən “Azadlıq” sədaları eşidilirdi. Bu, hədsiz təsirli bir mənzərə idi. Uzun illər sovetlər birliyinin tərkibində, sovet ideologiyası əsarətində boğulan xalq, artıq azad nəfəs almaq istəyirdi. Bütün bu hadisələrdə təbii ki, mən də iştirak edirdim, insanların günlər və həftələrlə meydanı tərk etmədiyini, soyuq gecələrlə tonqallar qalayıb, çadırlarda yatdığının şahidi olurdum. Eyni zamanda, bu izdihamlı xalq hərəkatına qatılan, lakin ölkədə nə baş verdiyini anlamayan, ora, Vətəninin dərdi, yaxud, hansısa azadlıqlar üçün yox, neçə illərdən bəri üst-üstə qalanan xırda, məişət dərdləriylə gəlib, o birilərlə bir “azadlıq!” – deyə qışqıran insan kütlələrini də görürdüm. Bu isə, tamam ayrı, sarsıdıcı bir mənzərə idi. Onda məni belə bir hiss bürüdü ki, bu adamlara baş verənlərin mənasını anlatmaq, azadlığın mahiyyətini izah etmək lazımdı. Roman belə yazıldı.
– Romanı “Azadlıq” adlandırmaqla bu anlayışa, sanki hansısa məxsusi mənalar vermisiniz…
– Bilirsiniz, azadlıq – alt qatında xeyli sayda anlaşılmaz sirlər və mətləblər yatan, yarıqaranlıq dəhlizlər və döngələrlə dolu, müəyyən mənada Kainatın özü qədər ələgəlməz, mistik məfhumdur. İstər ona insan hüquq və azadlıqları prizmasından, istər xalq azadlığı, yaxud fərdin daxili azadlığı prizmasından yanaşanda belə. Mən özüm də bunu romanı yazmağa başlayanda anladım. Yəni burada mətləb və nəticə daha dərindədir. Söhbət xalqın, millətin təyinatçısı olan Fərdin daxili azadlığından gedir – fizioloji varlıq olaraq, öz bədəninin vəziyyətindən asılı olan, hər an xəstələnməyə, zamanla qocalmağa, sonda ölümə məhkum olan fərdin daxili azadlıq hissindən gedir... Və həmin bu fərdin, hətta öz yorğan-döşəyində, sanki bir kimsənin müdaxilə edə bilməyəcəyi intim, səssiz yuxularında belə azad olmadığı, ayrı sözlə desək, taleyinə yazılmış sirli alın yazısının icrasından yuxularında belə, bircə addım kənara çıxa bilmədiyi qaçılmaz həqiqət kimi ortaya çıxırsa, belə olan halda hansı azadlıqlardan danışmaq olar? Eyni mənzərə ilə “azadlığ”ın digər aspektlərində də üzləşməli oldum. Yəni mətləbin dərininə vardıqca, hər kəsin və hər şeyin – insanların, ölkələrin, xalqların, ümumiyyətlə bütün yaradılanların bir-birindən, hansı mənadasa asılı, yaxud, bir-biriylə necəsə bağlı olduğunun, bu asılılıqlar və bağlılıqlar dolu kip yaşam strukturunda azadlığı harada və necə axtarmağın acı həqiqəti ilə qarşılaşdım.
– Simvolizmdən söz düşmüşkən, “Azadlıq” romanı Ukrayna oxucusuna təqdim olunduğu dövrdə ölkəmiz əsərinizdə təsvir olunan həmin mərhələni yaşayırdı, sanki əsərdə Ukraynada baş verənlər təsvir olunurdu. Dediyim odur ki, Sizin “Azadlıq” romanınız Ukraynanın mürəkkəb durumunda bir çoxlarımıza mənəvi dayaq oldu. Bəlkə, burada da bir rəmzi məna var. “Azadlıq” Ukraynaya məhz ölkənin bu kitaba ehtiyac duyduğu dövrdə gəlib çatdı? Bu barədə nə deyə bilərsiniz?
– Ümumiyyətlə, bu gün ətrafımızda baş verənlər, yəni real aləmlə, romanda təsvir olunan həmin irreal, incə aləmlər arasındakı sərhədlərin tədricən şəffaflaşdığı, bu prosesin, getdikcə, özünü daha qabarıq şəkildə biruzə verdiyi hiss olunur. Sanki həyatımız, baş verən hadisələr, həm də necəsə, bizim bilmədiyimiz, anlamaq iqtidarında olmadığımız, hansısa ayrı mənalar və əhəmiyyətlər kəsb etməyə başlayır. Məsələn, deyirsiniz, “Azadlıq” romanı, sanki Ukraynada baş verənləri əks etdirir, kitabın, məhz bu dönəmdə Ukraynaya yol açmasını rəmzi mənalarla əlaqələndirirsiniz. Eyni fikir Gürcüstanda, Rusiyada, eləcə də roman tərcümə, yaxud nəşr olunduğu digər ölkələrdə də səsləndirilir. Burada, sözsüz ki, mistik məqamlar və səbəblər var. İlk baxışda, səbəblərdən ən üzdə olanı budur ki, əsərdə təsvir olunanlar tarix boyu dünyanın bir çox ölkələrində yaşanıb və bu gün də yaşanmaqdadır. Yer üzündə elə bir xalq yoxdur ki, azad cəmiyyət, demokratik dəyərlər, azadlıq idealları və daha hansısa azadlıqlar uğrunda mübarizəyə qalxmasınlar. Yəni bu, min illərlə belə olub, düşünürəm, belə də olacaq. Görünən budur ki, uğrunda ölümə gediləsi İnsanlıq hər zaman azadlığa – ən ali həyat neməti, İnsanlıq Haqqı kimi can atıblar. Və məsələyə bir qədər dərindən yanaşanda, yəni xalqı, toplumu təmsil edən Fərdin daxili azadlıq məsələsinin mahiyyətinə varanda, özünü, hansısa izaholunmaz, dərkedilməz həqiqətlərin astanasında hiss edirsən, bu məsələyə hər hansı aydınlıq gətirməyin – Kainatı, onun sərhədlərini təsəvvürə gətirmək qədər mümkünsüz bir iş olduğunu, bunun, bəlkə də, ruhun dərkedilmə sirri qədər insanlığa yasaq edildiyini anlayırsan.
– Romanda Heydər Əliyevin hakimiyyətə gəlişinə qədərki dövr təsvir edilir. Bu, dövlətçiliyə qarşı təhlükələrin yarandığı taleyüklü, tarixi bir mərhələ idi. Ukrayna da eyni yolu keçdi. Sizcə, Ukrayna oxucusu “Azadlıq” romanında dövlətçiliyə qarşı yönələn təhlükələrin aradan qaldırılmasını, ölkəsinin inkişaf yoluna qədəm qoymasını təmin edəcək impulslar tapa bilərmi?
– Roman ilk baxışda tarixi əsər təsiri bağışlayır. Onu belə də səciyyələndirmək olar. Ötən əsrin 80-ci illərinin ortalarında Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, öz müstəqilliyi uğrunda ayağa qalxan xalq kütlələri, Bakının mərkəzində yerləşən Azadlıq meydanında baş verənlər – savadsızlığı və təcrübəsizliyi ucbatından ölkəni uçuruma sürükləyən oyuncaq hökumət, səriştəsiz dövlət təmsilçilərinin xalqın gözü qarşısında sərgilədiyi tragikomik olaylar və sair və ilaxır. Roman – insan azadlığı, ictimai-siyasi, sosial azadlıqlar problemi, meydan hərəkatı və sair baxımından bu gün dünyanın bir çox ölkələrində baş verənlərlə səsləşməyə davam edir, bu səbəbdən də hər yerdə maraqla qarşılanır. Janr etibariləsə bu, psixoloji-mistik dramdır, yəni “azadlıq” deyilən məfhumun, az qala toxma səviyyəsində araşdırılmasıdır. Dövlətçiliyə qarşı təhlükələrin aradan qaldırılmasına gəlincə, düşünürəm, əsər bu baxımdan da kifayət qədər impulsivdir. Yeri gəlmişkən, romanın birinci fəslində təsvir olunanlar, obraz və situasiyalar o dövrün reallığını əks etdirir. Bu fəsildə sovetlər birliyinin buxovlarından yenicə azad olmuş sahibsiz ölkəni, hakimiyyəti ələ keçirən, dövlət, dövlətçilik məfhumundan bixəbər bir dəstə adamın xalqın başına gətirdiyi müsibətlər təsvir edilir və bu gündən keçmişə nəzər salanda, həmin o həlledici dönəm Heydər Əliyevin Azərbaycana qayıdışı ilə ölkəsini, xalqını dərin və çıxılmaz uçurumdan xilas etdiyi danılmaz tarixi həqiqət kimi ortaya çıxır.
– Məlumdur ki, Azərbaycan Qərblə Şərqin arasında yerləşir. Azərbaycanlılar özlərini Şərq, yoxsa Qərb mədəniyyətinin bir hissəsi hesab edirlər?
– Azərbaycanın qədim və zəngin mədəniyyəti var. Bu yazılı tarix bizim eranın birinci minilliyinin sonlarından – qədim Dədə Qorqud dastanıyla başlayır, dünya fikir xəzinəsinə misilsiz töhfələr vermiş Əfzələddin Xaqani, Nizami Gəncəvi, bu il 650 illik yubileyi Ukraynada da qeyd edilən İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və digər söz dahilərilə davam edir. Bəstəkarlarımız Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Vaqif Mustafayev, əsərləri dünya muzeylərində saxlanan rəssamlarımız – Səttar Bəhlulzadə, Cavad Mircavadov, Toğrul Nərimanbəyov … yeni siyahını sonsuza qədər uzatmaq olar. Fikir, duyğu və düşüncə arealı ilə dünya mədəniyyəti tarixinə yeniliklər gətirmiş dahilərimiz çoxdur. Və bu belə müxtəlif çalarlı zəngin mədəniyyəti nə Qərbə, nə də bütünlüklə Şərqə aid etmək düzgün olar. Bu, ümumbəşəri dəyərlərdir. Bizim muğamat bu gün dünyanın hər bucağında Amerikada, Avropada heyrət doğurur.
– Ukrayna oxucularınıza nə arzulardınız?
– İlk növbədə, fərd və millət olaraq özünü dərk etməyi, müstəqilliyi qoruyub saxlamağı, dünyaya hər zaman açıq olmağı, haqqa, ədalətə aparan yolu tezliklə arayıb- tapmağı və ona çatmağı.
– Müsahibəyə görə təşəkkür edirəm.
Kiyev, Marina Qonçaruk