Elektron ədəbiyyat və sənət portalı

Musiqi alətlərində fəlsəfi sirlər və müalicəvi hikmətlər

Bölmə: Mədəniyyət 06.02.2016

Səfiəddin Urməvi “Şərəfiyyə” və “Musiqi pərdələri haqqında” əsərlərində rübab, ud, tənbur, ney, mizmara, surnai, çəng, şahrud, kanun kimi alətlərdə metabil, erani, təncigə, seygah və s. kimi melodiyaların səslənişini əsl fəlsəfə sirri, müalicə metodu adlandırıb. Ondan sonra Əbdülqadir Marağayi, Əbdüllətif Şirvani kimi Azərbaycan alimləri də özlərinin qədim Şərq musiqisinə həsr etdikləri elmi-fəlsəfi əsərlərində musiqi alətlərinin simlərində, dəliklərində mövcud olan gizli sirlərdən bəhs ediblər. Şərqin ensiklopedik dühaları olan Əbu Nəsr əl-Fərabi, Məhəmməd əl-Xarəzmi, Əbu Reyhan Biruni, Əbu Əli İbn Sina kimi şəxsiyyətlərin musiqiyə yanaşması da əsasən fəlsəfi və müalicəvi aspektdən olub.

Şərq elminin siması olan İbn Sina özünün “Nicat” əsərində qeyd edir: “Başınız ağrayır? Çalışın gülxanada fəvvarənin pıçıltılı səsinə qulaq asın, ora musiqiçini dəvət еdin və dütarın incə musiqisinin təsiri ilə yuxuya gеdin”. “Tibnamə” əsərində isə o, simli alətlərin mеlanxoliya və yuxusuzluğa qarşı faydalı olmasını qеyd еdir.

Orta əsrlər Şərqində iş o yerə çatmışdı ki, fəlsəfi dünyagörüşlərini inkişaf etdirib bir çox müəmmaları öyrənməkdən ötrü alimlər əsas elmlərlə bərabər musiqi təhsilinə də yiyələnirdilər.

Onuncu əsrin sonunda “İxvənüs-Səfa” (Saflıq Qardaşları) adlanan sufi filosoflarının bir qrupu musiqi, təbiət ünsürləri (hеyvanlar, bitkilər, minеrallar) və rənglər arasında uyğunluq haqqında təlim yaratdılar. Başqa filosoflar hеsab еdirdilər ki, müxtəlif alətlərdə çalınan musiqi insan şüuruna dərman bitkiləri və ətirli ədviyyələr kimi təsir еdir. Məsələn, tarda çalınan musiqi ətirli zəfəran kimi, nağara – mixək və jеnşеn, ud – pişikotu, nеy – badrəncbuyə, zurna – tünd qəhvə kimi təsir göstərir.

 

Sazın gizli fəlsəfəsi və müalicə metodu

Musiqinin bütün fəlsəfəsini, müalicə metodlarını həyata keçirən musiqi alətləri zaman –zaman deformasiyaya uğrasa da yenə də öz dərin funksiyalarını qoruyub saxlaya bildilər. Onlardan biri də sazdır. Dədə Qorquddan Aşıq Ələsgərədək irfan sistemini, milli düşüncədəki qırılmaz rabitəni qoruyan saz haqqında əfsanələrin birində deyilir:

Dərvişlərin bir adı da - “Səfide xan”dır. “Səfid” “ağ”, “xan” isə “oxuyan”, “qiraət edən” mənasında işlənir. Yəni, qaraların arasında ağları oxuyan adam. Ağ yazılar “nəffasət”dən sonra başlayır. Dini-fəlsəfi mətnlərə istinadən Adəmin bədəni yaradılandan sonra ruhun ora daxil olması çətinləşdi. Yeddi nəcasətdən yaranan bədən saf ruhun daxil olmasına mane oldu. Qan, tər, sperma və s. bu kimi yeddi nəcasət yeddi milyon pak cövhəri korlayıb onlara rəxnə vurduğundan pak ruh həmin vaxt insanın bədəninə girə bilmədi. Allah əvvəlcə ağıl məfhumundan istifadə etdi. Lakin ağıl vasitəsilə Ali ruh bədənə girə bilmədi. “Mən bunu yaratdım ki, özüm görünüm” formulu yəni, ağıl fayda verməyəndə Allah mərhəmətdən istifadə etmək istədi. Amma yenə də ruh cismə daxil ola bilmədi. Başqa vasitələr də sınandı. Amma yeni yaranan cismə daxil olmaq mümkün olmadı. Çünki cisim napak idi.

O napaklığın divarlarını dəlib cismə keçmək mümkün deyildi. Bu zaman Həzrəti Cəbrayıl saz olub Adəmin qucağına düşdü. Mikayıl yəni, təbiəti idarə edən icraçı mələk onun telləri, mizrabı - quruluşu oldu. İsrafil isə onun səsi oldu. Burada iki mələk yerini dəyişir. Əzrayıl onun pəncəsi olur. Can alan kimi də, vurur can verir. İsrafil də onun səsinə döndü. Elə ilk səs pərvazlanan kimi Ali ruh insanın bədəninə daxil olaraq onun həyat cövhərinə çevrildi. O murdarlığı görmədi. İnsan məstlik sayəsində o divarları dələ bilər. Füzuli dediyi kimi, öylə sərməstəm ki, idrak etməzəm dünya nədir.

Bektaşi-ərənlərin “telli Quran” dedikləri sazın bətnində qərar tutan gizli cövhər onu artıq neçə əsrlərdi ki, kainatın ali düşüncə sistemi olan təsəvvüfün əsas təbliğatçılarından birinə çevirib. Yuxarıda irfan əhlinə istinadən söylədiyimiz hekayə də onun mistik gücünü özündə əks etdirir.

Sazda qərar tutan başqa bir gizlin isə onun həyat enerjisinin mənbəyi funksiyasını daşımasıdır. Qədim Şərq təbabətində musiqi ilə müalicədən söhbət açılan zaman ilk ağla gələn musiqi aləti saz olur. Deyilənlərə görə, sazda ifa еdilən musiqi sinir sistеmini tonuslaşdırır, insanı gümrah еdir, əhval-ruhiyyəni təmkinləşdirir, mübariz ruh yaradır. Mеlanxoliyada olanda və ruh düşgünlüyünə uğradıqda, həmçinin bədbinliyə qapandıqda sazı dinləmək insan üçün çox faydalıdır.

Həmçinin sazda çalınan musiqi baş ağrısı, yuxusuzluq, əsəb və əzələ spazmalarını aradan qaldırır. Bu alətdə ifa еdilən mеlodiyalar insanda sakitlik, fəlsəfi əhval-ruhiyyə yaradır.

 

Neyin fəlsəfi sirri və müalicə metodu

 

Neyə ən gözəl qiyməti verib, onu “bütün ayrılıqların şikayətçisi” hesab edən Mövlanə elə “mənzum Quran”adlanan “Məsnəvi”sinə də ney haqqında hekayətlə başlayır. Öz cövhərindən, var olduğunun məna qatından ayrılan bir zərrənin şikayətini neyin dili ilə səsləndirir. Buradan çıxan nəticə budur ki, qamışdan neyə doğru gedilən yol, cahildən kamilə doğru gedilən yolun əksidir.

Ney kimi hər dəmdə bəzmi-vəslini
                                yad eylərəm
Ta nəfəs vardır, quru cismimdə
                                fəryad eylərəm.

                                             (Füzuli)

Mövlanədə insanı neyə bənzətmək istəyi bir neçə yerdə müşahidə olunur. Ney insana, neyə üfürülən nəfəs isə Allahın Adəmə nəfəsindən üflədiyi ruha bənzədilir.

İrfan alimi, dərviş-ozan Fəxrəddin Salim neyin fəryadı ilə insan ruhunun fəryadı arasındakı əlaqəni bu cür izah edir:

“İnsan da doğulanda ney kimi fəryad eləyir. Ürfan və təsəvvvüf deyir ki, insan bir zamanlar Haqqın dərgahında “səri-kuyində vəhdətdə idi. Hər yer ona cənnət, hər şey Allahın ona vəsl olan camalından ibarət idi. İnsan doğularkən ilk olaraq onu dərk edir ki, artıq o cənnət yoxdur. Əvəzində müvəqqəti sürgün olan həyat var.

Bu həyat insana ayrılıqdan başqa heç nə vəd etmir. O ayrılığın adı Allahdan qopmadır. İnsan bir zamanlar var olduğu vüsal məclisindən qopduğu üçün ağlayır. Amma elə ki, zaman keçir, o, böyüyür, böyüdükcə unudur, unutduqca bu fani məkana daha çox bağlanır”.

Nеyin batinlərindən danışarkən onun müalicəvi xüsusiyyətlərindən də söhbət açmaq lazımdır: Ney əsəbləri sakitləşdirir, gərginliyi və yorğunluğu alır və yaxşı yuxu gətirir. Əksər hallarda, insanda sеvinc, sakitlik yaradır, təbiətdən həzz almasına yardımçı olur.

Orta əsr filosofları musiqi, tibb, astronomiya üçlüyünün sintezində, onların yaratdığı vahid harmoniyada musiqi ilə müalicənin üsullarını hər zaman çatdırmağa həvəsli olublar. Sufi mütəsəvvifləri isə “musiqi mərifət sahibləri üçün ruhun qidası olması və insanın kamilləşməsi mövqeyindən islami zəmində özünə daha böyük dəyər qazanmışdır” deyərək, bu ilahi sənətin zirvəsini göstəriblər. Bu düşüncə çərçivəsində Mövləvilik başda olmaqla bir çox təsəvvüf cərəyanları musiqidən xüsusi təlim kimi istifadə edib, hətta dəyərli musiqi əsərlərinin yaranmasına səbəb olublar.

Osmanlı imperiyası dönəmində yetişən musiqi xadimləri və nəzəriyyəçiləri Səfiyyəddin Urməvi və Əbdülqadir Marağayi türk musiqisi və muğamlarının insan temperamentləri, millətlər, rənglər, bürclər, təqvimlər və bəzi xəstəliklər üzərindəki təsirləri istiqamətində təsnif etmişdilər. Türk musiqi nəzəriyyələrinin əks olunduğu “ədvar “ kitablarında da musiqinin tiblə əlaqəsi və onun vasitəsilə müalicə üsullarından bəhs olunur. Məsələn, Süleymanın dövründə saray həkimi Musa Hamun sultana həsr etdiyi diş xəstəliklərinin müalicəsinə aid əsərində bu xəstəliklərin musiqi ilə müalicəsini, həmçinin, uşaqların axşamlar musiqi ilə yatırılması və bunun da öz növbəsində onların əxlaqının formalaşmasında əsas ünsürlərdən biri olmasından bəhs edib. Bundan başqa şair-həkim olan Həsən Şüuri “Tədilül Əmzicə” adlı əsərinin “Musiqi məqamı” fəslində səslə müalicə mövzusunu çox gözəl işləyib.

İslam mədəniyyət tarixində musiqi ilə müalicə olunan şəfa ocaqlarının sayı çox olub. Onlardan bir neçəsi ilə tanış olaq: Nurəddin Zəngi xəstaxanası (Şam 1154), Amasya bimarxanasi (1308), Gövhər Nəsibə Tibbi Mədrəsəsi və s.

Muğamların bürc qarşılıqları:

Rast: qoç, ünsür - atəş

İraq : buğa, ünsür- torpaq.

İsfahan : əkizlər, ünsür- hava

Zərəfkənd: xərçəng, ünsür- atəş

Rahab: tərəzi, ünsür- atəş

Hicaz : oxatan, torpaq

Üşşaq: balıq, ünsür - su.

Musiqi ilə astronomiya elmləri arasındakı qarşılıqlı əlaqədən bəhs edən alimlər (daha doğrusu, orta əsr İslam-Şərq alimləri) bürclərlə muğamların uyğunluq məsələsinə də toxunublar. Onlar bəzi bürclərlə muğamların eyni təbiətə malik olmasını da vurğulayıblar.

Muğamların (şöbələrin, təsniflərin) xəstəliklərlə əlaqələndirilməsi

Rast: iflic xəstəliklərinin sağalmasına;

İraq: yüksək hərarətə, sətəlcəm və titrəməyə kömək edir;

İsfahan: soyuqdəymə, halsızlıq, yaddaşın gücləndirilməsi.

Rahab: baş ağrıları, ürək çırpıntıları və qan azlığı (eləcə də digər qan xəstəlikləri);

Hüseyni (Mənsiriyyə): ürək və ciyərdə olan iltihablar, mədə problemləri;

Hicaz: bağırsaq xəstəlikləri, ağrı və sancıların müalicəsində;

Üşşaq: yuxusuzluq və ayaq ağrılarının müalicəsində xeyirlidir.

Qeyd: Yazıda Fəxrəddin Salimin “Milli yaddaş sistemində irfan və təsəvvüf”, Fərid Ələkbərlinin “Qədim Şərq təbabəti” əsərlərindən, Mövlanənin “Məsnəvi”sindən, Zemfira Səfərovanın “Səfiəddin Urməvi” adlı monoqrafiyasından istifadə olunub.

Elmin NURİ