Elektron ədəbiyyat və sənət portalı

Boşluq

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 10.02.2020

 

Səməd Qaraçöp

(1951)

Şair, publisist. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Bir müddət pedaqoji fəaliyyətlə məşğul olub. Şeirləri Azərbaycanda nəşr olunmuş bir sıra almanax və antologiyalara daxil edilib. 1986-cı ildə  “Vətənin qıraqda qalan yerləri”, 2002-ci ildə isə “Son nəfəs” adlı şeir kitabı nəşr olunub. Anna Şvirşinskanın, Marqaret Etvudun, Vislava Şimborskanın əsərlərini dilimizə çevirib.

 

Boşluq

Daş yığıb daşlığa daş atırdılar,

Boşluqdan boşluğa daş atırdılar.

Dönmüşdü başları ayaqlarına,

Ayaq atırdılar, baş atırdılar.

 

Birdən boş-boşuna yürüşürdülər,

Birdən bir boşluqda ilişirdilər.

Boş köpük buraxıb ağızlarından,

Baxıb dalınca da gülüşürdülər.

 

Vallah, uşaqlıqdan beləydi onlar,

Eh, mən ki onda da key idim belə.

Ağzı havalıca böyüdü onlar,

Mən dilsiz-ağızsız böyüdüm belə.

 

…İndi böyüyübdü oyunları da,

Çatıb qələmləri kağızlarına.

Boşluqnan indi də dil tapır onlar,

Dinməzcə baxıram ağızlarına…

 

Son söz

Bu dünya hər yandan gəlir üstümə,

Dərdi-dərd dalınca gəlir düzümdən.

Nə yaxşı, sözümün odu var hələ,

Hələ qorunuram odlu sözümdən.

 

Mən düşmən əlinə əsir düşmərəm,

Son gündə özümə çatacaq gücüm.

… Hələ son sözümü son gülləsayaq

Sıxıb saxlamışam öz sinəm üçün.

 

Bu dünya hər yandan gəlir üstümə,

Mənə heç bir yandan yoxdu bir kömək…

Yox, mən bu dünyaya əsir düşmərəm,

Sözüm tükəndimi – sonumdu, demək.

 

Ağlanası

Bəlkə, ölümünə bir addım qalıb,

Nədi ki, bir ömrün uzunu, canım!

Niyə gözləyirsən, ölüb gedəsən,

Niyə ağlamırsan özünü, canım?!

 

Bir də o gözlərin dərd biləcəkmi,

Bir də gözlərinə yaş gələcəkmi?!

Bu can bir də sənə veriləcəkmi,

Niyə ağlamırsan özünü, canım?!

 

Sənə qəbir qədər – həyat daracaq,

Tökülür üstünə dərd qucaq-qucaq…

Səni səndən yaxşı, kim ağlayacaq,

Niyə ağlamırsan özünü, canım?!

 

Öldünmü – gözünü bağlamaq asan,

Eh, nə var, öləni ağlamaq-asan…

Sən ki, diri-diri ağlanasısan,

Niyə ağlamırsan özünü, canım?!

  

Yatım

Dünyaya gəldiyi gündən

Əlim heç nəyə yatmadı;

Əlim asıldı çiynimdən,

Dünyaya əlim çatmadı.

 

Özünə yer tapmadıqca

Əlim asıldı çiynimdən;

Dünyadan asılı qaldım,

Özüm asıldım çiynimdən…

 

Dünyada əlimnən üzüm

Axır, bir-birini tapdı;

Əlimi üzümə qoydum,

Əlim öz yerini tapdı.

 

Başım yer tapdı dizimdə.

Tapdım özümü-özümdə…

Durmuşam – əlim üzümdə,

Axır, öz yerimi tapdım.

 

Son nəfəs

Hamının çörəyi yalandan çıxır,

Boğazlar yalandan asılıb daha;

Dünyada bir təmiz nəfəs qalmayıb,

Dünyanın nəfəsi kəsilir daha.

 

Dünyada nəfəsim kəsilir, Allah,

Bu yalan nəfəsi ala bilmirəm.

Boğazdan yuxarı – yalandı dünya,

Daha bu dünyada qala bilmirəm.

 

Dünyada bir təmiz nəfəs qalmayıb,

Yalan üzə durub öz havasıynan;

Dünyanın nəfəsi kəsilir, Allah,

İndi mən dünyanın son nəfəsiyəm.

 

Boğazdan yuxarı – yalandı dünya,

Boğazlar yalandan asılıb indi…

Allah, mən dünyanın son nəfəsiyəm,

Ay Allah, hardasan, son nəfəsimdi…

 

Dəyişməz

Dünyaynan gedə bilmədim,

Dünyaynan qala bilmədim;

Mən bu dəyişkən dünyada

Dəyişkən ola bilmədim.

 

Dünya dəyişdi hər yönə,

Dünya dəyişdi, mən qaldım;

Bu dünya dəyişdi getdi,

Mən elə dəyişməz qaldım.

 

Qaldım dünyadan qıraqda,

Nə yerim oldu, nə yurdum…

Bu dünyada bir SÖZ dedim,

SÖZümün üstündə durdum.

 

Hava

Hər gün bu boşuna havalarıynan

Bu dünya başıma doldurur mənim.

Elə gecə-gündüz göydə uçuram,

Başımın havası qaldırır məni.

 

Başım havalıdı, uçub gedirəm,

Havadı bu səhər, bu axşam elə…

Gedirəm beləcə əlhavasına,

Ay Allah, havada qalmışam elə.

 

Başım havalanıb qaldırır məni,

Ayağım altından daha yer qaçır.

Elə gecə-gündüz göydə uçuram,

Gözlərim səhəri havaynan açır.

 

Beləcə havadı gecəm-gündüzüm,

Vaxtı hava kimi uduram daha…

Başım havalıdı, uçub gedirəm,

Başımı götürüb gedirəm daha.