(Məşhur Uruqvay yazıçısı Mario Benedettinin 1978-ci ildə verdiyi müsahibə)
– Bəzən tənqidçilər Latın Amerikası ölkələri ədəbiyyatında fantastika elementlərinin belə geniş yayılmasının səbəblərini Argentina və Uruqvayın müəyyən milli xüsusiyyətləriylə əlaqələndirirlər...
– Fantastika janrında əsərlər yazan müəlliflər Argentinada daha çoxdur və həmin ölkədə bu səpkili yaradıcılıq nümunələrinə bütün dövrlərdə maraq olub. Uruqvaya gəlincə, bizim sırf bu janrda işləyən cəmi bir yazıçımız olub ki, onun da adı Felisberto Ernandesdir. Digərləri, məsələn, Xuan Karlos Onetti, yaxud Maria İnes Silva Vila nə vaxtsa bir, ya bir neçə fantastik hekayə yazsalar da, əsasən, başqa janrlara müraciət edirlər.
Mənim “Qəribə məktublar” adlı kitabımda “Mənasız təmsillər” başlıqlı hissə var. Təmsillər, necə deyərlər, fantastika qiyafəsində olsa da, əslində, onlar senzuranın gözündən yayınmaq üçün bu janrda yazılıb – mən qarşıma tamamilə real məqsədlər qoymuşam. Bununla da məsələnin məğzini tutan oxucu oradakı sətiraltı mənanı anladı, müəllifin də bəhanəsi o oldu ki, yazdığı sadəcə təmsildi. Oxucular bu təmsillərə dəyər verdilər, həftəlik “Marça” isə hətta təqiblərin ən şiddətli vaxtlarında belə bu yazıları dərc edə bildi.
– Latın Amerikası nasirlərindən kimə daha artıq önəm verirsiniz?
– Ölkəmin, ümumilikdə bütün Latın Amerikasının yazıçıları arasında mənə bir oxucu kimi ən yaxın və doğma olanı Orasio Kiroqadır. Latın amerikalı nasirlərin çoxunda onun təsiri hiss olunur. Adətən, Xuan Rulfonun yaradıcılığına Folknerin təsirindən danışılır, amma hesab edirəm ki, Rulfoya Kiroqadan gələnlər Folknerdən gələnlərdən daha çoxdur. Əlbəttə, Rulfonun yazı texnikasına Folknerin böyük təsiri olub, amerikalı nasirin “Avessalom, Avessalom” və digər əsərlərinin “Pedro Paramo”ya güclü təzyiqi sezilir. Amma başqa bucaqdan baxanda mənə elə gəlir ki, Rulfonun “Od içində vadi” adlı hekayələr toplusu özünün təhkiyə manerasına görə Kiroqaya daha yaxındır. Bəli, Kiroqa dildə yığcamlığın ustasıydı, o yalnız son dərəcə vacib sözlərdən istifadə edirdi. Düşünürəm ki, Qarsia Markesin ən güclü əsəri saydığım “Polkovnikə məktub yoxdur” əsərində də məhz ifadə vasitələrinin yığcamlığı baxımından Kiroqanın təsiri duyulur.
– Demək olarmı ki, ölkəni bürüyən amansız şəraitə baxmayaraq Uruqvay ədəbiyyatı mövcudluğunu davam etdirir?
– Bu, ölkədən kənarda olanlar geri dönəndən sonra bilinəcək. Yalnız o zaman mühacirətdə olan bizlərin və ölkədə qalanların yazdıqlarını müqayisə etmək imkanı yaranacaq. Odur ki bu gün bu suala cavab vermək çətindir. Uruqvay yazıçılarının böyük əksəriyyəti sürgündədir, vətəndə qalanlar da ya türmədədir, ya da susmağa məhkumdur. Hətta əgər nəsə yazırlarsa belə, çap eləyə bilmirlər.
Amma tam əminəm ki, Uruqvayın bu acı gerçəkliyi hamımıza eyni cür təsir edir. Mənim ölkəmdə elə bir yazıçı çətin tapılar ki, onun bu gün yaratdığı hansısa əsər indi Uruqvayda baş verən hadisələrlə birbaşa, ya dolayısı əlaqəli olmasın. Bəlkə də, bu sırada bir qrup sağ təmayüllü yazıçını istisna etmək olar. Yeri gəlmişkən, onlar çox deyil, həm də aralarında bir nəfər də böyük qələm sahibi yoxdur. Bax elə bu cəhətdən də biz Argentinadan fərqlənirik. Həmin ölkədə həmişə sağ təmayüllü nəhəng yazıçılar olub.
Mənə gəlincə, “Vətən və vətənsizlik xiffəti” adlı kitabım sırf bu mövzuya həsr olunub. Bu kitab Uruqvayda baş verən faciəvi hadisələrin insanların taleyində, ailələrin həyatında, ataların və övladların münasibətlərində, hətta sevgililərin intim münasibətlərində necə əks olunmasından bəhs edir. Biz qitənin digər xalqları, məsələn, paraqvaylılar kimi mühacir həyatına hazır deyildik. Lap keçmişdən biz özümüz Latın Amerikasının müxtəlif ölkələrindən gələn qaçqınları qəbul etməyə öyrəncəliydik. İndi üç milyonluq Uruqvay əhalisinin üçdə birinin mühacirət etməsi müasir tarixdə həqiqətən nadir haldır. Bəziləri siyasi motivlər, digərləri aclıq və işsizlik səbəbindən vətəni tərk edib. Bütün bunlar bizim yazıçıların bu müddət ərzində çap etdirə bildikləri əsərlərdə öz əksini tapır.
– Siz ədəbiyyatda nəyi həqiqi novatorluq kimi qəbul edirsiniz?
– Fikrimcə, hər tarixi şəraitdə yeniliyin öz xüsusi növü peyda olur. Bu həm də yazıçının söykəndiyi ənənələrdən, bu və ya digər klassikə bağlılığından asılıdır. Axı biz hamımız eyni mövzulara müxtəlif cığırlarla gəlirik. Odur ki, novatorluq yanğısı hər yazıçıda fərqlidir. Bu mənada bu məsələyə hamı üçün yararlı ola biləcək bir ümumi formul vermək mənim imkanım xaricindədir. Amma hər halda, fikrimcə, sosializm şəraitində püxtələşən gənc yazıçı kapitalist ölkələrində yaşayan həmkarından xeyli fərqlənir. Hətta eyni quruluşda, amma müxtəlif ölkələrdə formalaşan yazıçılar da bir-birindən seçilirlər. Ən əsası – yeniliyə gedən yol yazıçının söykəndiyi yaradıcı istiqamətdən keçir.
Elə bir an gəlir ki, hələ tələbə olan gənc yazıçı mədəni dəyərləri əxz etməyə, dəyərləndirməyə başlayır, incəsənətdən, ədəbiyyatdan zövq alır. Nəhayət, məqamı gələndə hiss edir ki, ona qədər yaradılanlara nəsə bir yenilik gətirməlidir. Beləcə, hər kəs müxtəlif istiqamətlərdə hərəkət etdiyindən yeniliyə də öz fərqli cığırını açır.
Bu yerdə kubalı nasir Lisandro Oteronun yaradıcılığını qeyd edərdim. O, hələ özünün mükəmməl romanını yarada bilməsə də, hər halda, doğru yolda olanlardan-dır.
Amma kubalı Soler Puiqin “Gecə çörəyi”ni mən Kuba inqilabından sonra yaranan Latın Amerikası romanları arasında, ola bilsin, təkcə Karpantyerin romanlarını çıxmaq şərtiylə ən yaxşılardan sayıram. Yeri gəlmişkən, Soler Puiqin “Gecə çörəyi” Karpantyerin ustalıq səviyyəsinəcən yüksələ bilib. Bu kitabda Soler Puiq xeyli eksperiment aparır. Təbii ki, əsərdə realist elementlər az olmasa da, roman ənənəvi realist üslubda yazılmayıb. Həm ədəbi, həm də sosial, siyasi və tarixi baxımdan olduqca mükəmməl romandır. Tək mənim yox, romanı çox isti qarşılayan digər yazıçıların da qənaəti belədir.
– Necə bilirsiz, Uruqvaydakı mövcud vəziyyət hələ nə qədər davam edə bilər?
– Dəqiq cavab vermək üçün gərək münəccim olasan. Amma hər halda, öz fikrimi deyə bilərəm. Uruqvayın başına gələnləri öz taleyində yaşayan insanlar bəzən çox səbirsiz olurlar, gözləyirlər ki, elə bu dəqiqə möcüzə baş verəcək və hər şey həll olunacaq. Amma siyasətdə möcüzə yox, yalnız proseslər olur. Çevrilişdən ötən bu on il ərzində Uruqvay xalqı bütün tarixi boyu malik olmadığı bir siyasi şüura yiyələnib. Cəsarətlə deyə bilərəm ki, yaradıcı ziyalıların belə amansızlıqla təqib olunmalarına səbəb də (həftəlik “Marça”nın qadağan edilməsini, “Qalpon” teatrının bağlanmasını xatırlatmaq kifayətdir) onların sözlərinin, nəhayət, xalq kütlələrinə çatmasına görədir. Bax elə buna görə də ali zümrəyə – mədəniyyət xadimlərinə qarşı amansız təqiblər başlandı. Diktatura yazıçı və oxucu, sənətkar və tamaşaçı arasında bu illər uzunu yaranan həyati söhbətin təhlükəsini dərk etdi.
Mədəniyyət xadimlərinin ölkənin taleyinə təsiriylə bağlı illüziyalara qapılmadan deyərdim ki, Uruqvay yazıçıları və sənət adamları xalqın şüurunun inkişafında əsaslı rol oynadılar. İnanıram ki, onlar artıq çox da uzaq olmayan gələcəkdə də bu təsiri göstərə biləcəklər. Ölkədə dəyişikliklər qaçılmazdır. Təbii ki, bütün bunlar bir günün işi deyil, amma biz artıq qələbənin bir addımlığında olduğumuza əminik.