Elektron ədəbiyyat və sənət portalı

Mark Tvenin aforizmləri

Bölmə: Azad ərazi 19.02.2020

 

“Deməyə söz tapmayanda həqiqəti danış”.

* * *

“Mən heç vaxt məktəbdə keçdiyim dərslərin savadıma mane olmasına imkan verməmişəm”.

* * *

“Dünyanın sənə heç bir borcu yoxdur – o səndən əvvəl də buradaydı”.

* * *

“Əgər bu, möcüzədirsə, bir şahid kifayətdir, əgər faktdırsa, təkzibedilməz sübutlar lazımdır”.

* * *

“Əgər səksənyaşlı insan kimi doğulub, zaman keçdikcə on səkkiz yaşımıza yaxınlaşsaydıq, həddən artıq xoşbəxt olardıq”.

* * *

“Xoşbəxt olmaq üçün həyatda öz cənnətini yaratmalısan. Doğrudanmı, elə düşünürsünüz ki, bir cənnət hamını təmin edə bilər?”

* * *

“Tanrının yaratdıqlarından yalnız pişiyi zorla itaətə cəlb etmək mümkün deyil. Əgər adamla pişiyi calaq etsəydilər, bu, insan məxluqatının xeyrinə, pişiklərinsə zərərinə olardı”.

* * *

“Əgər kürən adam yüksək mənsəb sahibidirsə, hamı onun saçını qızılı-şabalıdı rəngdə görür”.

* * *

“Bütün evi və həyəti doldurmaq üçün bir uşaq kifayətdir”.

* * *

“Xeyirxah olsan, tək-tənha qalacaqsan”.

* * *

“Həmişə həqiqəti deyən adamla heç kim yaşaya bilməz. Şükür ki, bizlərdən kimisə belə bir təhlükə gözləmir”.

* * *

“Xahiş edirəm, mənə oxumağa bir şey verin. Lap poçt markası da olar”.

* * *

“Cavanlıqda hər şeyi yaxşı xatırlayırdım – olanları da, olmayanları da. Artıq qocalıram, bir azdan yalnız sonuncunu xatırlayacağam”.

* * *

“Məni dəfələrlə tərifləyiblər və həmişə bundan sıxılmışam. Hər dəfə hiss etmişəm ki, daha artığını demək olardı”.

* * *

“Səyahət mənim üçün mənasını itirib. Görmək istədiyim bütün ölkələrdə olmuşam – bircə cənnət və cəhənnəmdən başqa. Yeri gəlmişkən, bu iki yerdən birini görmək o qədər də marağımda deyil”.

* * *

“Əgər cənnətdə siqaret çəkmək qadağandırsa, mən oranı istəmirəm”.

* * *

“Mənim valideynlərim qədərində kasıb, qədərində də vicdanlıydılar”.

* * *

“Mən düz iki ay yaxşı bir komplimentlə qidalana bilərəm”.

 * * *

“Özünü aldada bilməyən insan çətin ki başqalarını aldada bilsin”.

* * *

“Məni “Fəxri legion” ordeni ilə təltif etdilər. Yeri gəlmişkən, çox az adam bu ordendən canını qurtara bilib”.