Elektron ədəbiyyat və sənət portalı

saz ovqatı

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 20.02.2020

 

Adil Mirseyid

(1952-2014)

Şair, publisist. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb. Azərbaycan Tərcümə Mərkəzinin “Yol” ədəbiyyat qəzetində redaktor (1992-1993) vəzifəsində çalışıb. “Güzgüdəki adam”, “Vernisaj şeirlər”, “Ay Süvarisi” adlı şeir kitablarının, “Ruhlarla İnsanlar arasında” esselər toplusunun, mədəniyyət və incəsənət sahəsinə dair 200-dən artıq məqalənin müəllifidir. Əsərləri bir neçə dilə tərcümə olunub. Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb.

 

saz ovqatı

pəncərədə qarğa tükü qaranlıq

ay görünmür tanrım söylə ay hanı

əsən rüzgar sanki durur biranlıq

dənizdə çırpınır gecənin canı

Buzovna yolunda işıqlar sönüb

umud yarpaqları göyə sovrulur

yenə əski günlər geriyə dönüb

dərd ürəkdə qovğa kimi qovrulur

ağlıma Nazimdən bir misra gəldi

o şeirin havası doldu içimə

kor küçə fənəri gözünü sildi

aylardan may ayı, günlərdən cümə

bir lal aşıq çaldı qara sazını

qara sazda yuva qurub ürəyim

aynada oxudum alın yazımı

aynada qeyb oldu uçan mələyim

 

rok-n-roll xatirəsi

bir xatirəm yaşayır növbahar kafesində

bir ruh kimi yaşayır guya ki bəxtiyardı

təsəlli aramıram daha yağmur səsində

bir zamanlar dünyada başqa bir Adil vardı

bu kafeyə gələrdi soyuq şərab içərdi

hər günü son gün kimi yaşayardı dünyada

dost dediyi adamın günahından keçərdi

sevdiyi bir qadını öldürərdi röyada

lennonun eynəyinə bənzəyirdi eynəyi

 

bir rok-n-roll havası vardı dərdli başında

heç sözünə baxmazdı ritmi pozuq ürəyi

saqqalı ağarmışdı hələ otuz yaşında

ölümün yalnızlığı səsləyir onu bəzən

umudun ağ yelkəni uzaqlaşır hər səhər

növbahar kafesini əbəs axtarırsan sən

sənə demişdim axı labirintdi bu şəhər

 

əlvida

daha mənə təsəlli yox

yay gecələrində belə sənin səsin soyuq

yay gecələrində belə güzgülər buz kimi

yay gecələrində belə buz bağlamış güzgülərdən

ölüm baxır gözlərimə bir qara kabus kimi

daha mənə təsəlli yox

 

daha yollarım bağlı

əlim ayağım qollarım bağlı

yenə çıldırıb ölümün ağlı

uzaqlarda uzaqlarda xınalı dağlar

xınalı dağlarda analar ağlar

uzaqlarda ay işıqlı bir dəniz

məni güllələyin siz

daha yollarım bağlı

 

əlvida dağlar əlvida

ölülər sağlar əlvida

əlvida könül ahlarım

əlvida günahlarım

yollarda qaldı gözlərim

dindirmə məni laldı gözlərim

 

güzgüdəki adam

adam öz adını unudur bəzən

bir səhər güzgüyə baxıb görür ki

gözləri qan çəkib güzgüdəki adamın

güzgüdəki adam çıx güzgüdən

çıxmasan güzgünü sındıraram mən

amma inanma sözümə

 

gücüm çatmaz bu güzgüyə

gücüm çatsa da əl qaldırmaram

 

güzgüdəki adam bağışla məni

çap etdirə bilmədim şeirlərini

satılmadım satmadım

bir də satmaq üçünmü söylə

öz-özünə oxunan dualar

özüm istəmədən aldatdım səni

vaxtsız qocaltdım səni

güzgüdəki adam kimsən nəçisən

 

alnımda tanrının bir qəmli şeiri

nə günahın sahibiydim belə uzun yaşadım

otuz yaş da qocalıqdı mənimçün

gicgahımda bir ağrı var

qəfil sancır gicgahımda bir damar

güllə yeridi bəlkə

 

bir nar çiçəyi açıb

könlümün budağında

güllə yeridi bəlkə

 

gözlərimdə bir qürbət qaranlığı

aydınlanan yerdəcə

içimə qorxu salan nədir birdən birə

mən səhrada tənha atlı

 

alnımda tanrının bir qəmli şeiri

alnımda bir öpüş yeri

güllə yeridi bəlkə

 

uzun gecənin şeiri

bəzən vağzallarda qatar gecikir

hardasa dağlarda bahar gecikir

gecikmiş məhəbbət romanları var

aynada xatirə dumanları var

 

mən şeir yazıram gecəyarısı

sancır ürəyimi bir bal arısı

ağlama gözünün yaşlarını sil

gecəyə qar yağır umrumda deyil

 

hanı rahatlığım dincliyim hanı

o qafası sərxoş gəncliyim hanı

mən sənin ömründən çıxıb gedərəm

alnıma bir güllə sıxıb gedərəm

 

pəncərə önündən bir kölgə keçir

mənim gümanımdan bir bəlkə keçir

çox uzun bir gecə dekabr ayı

sanki gülümsəyir oyuncaq ayı

 

gəl otur yanımda səssiz sədasız

ayrılaq bu gecə qansız qadasız

son dəfə bir şeir oxuyum sənə

hər şeyi təzədən başlayaq yenə