Elektron ədəbiyyat və sənət portalı

Norveç yazıçısının hekayəsi

Bölmə: Dünya ədəbiyyatı 20.04.2020

BYÖRNSTYERNE BYÖRNSON

(Norveç)

(1832–1910)

 

TƏHLÜKƏLİ ELÇİLİK

(hekayə)

 

Aslauqa hədd-büluğa çatanda Xusebyunun rahatlığı pozuldu. Çünki buranın cəsur oğlanları qızın üstündə az qala hər gecə bir-birini əzişdirirdi. Şənbə gecələri vəziyyət daha da pisləşirdi və odur ki, qoca Knut Xusebyu dəri şalvarını soyunmadan, ağcaqayın ağacından düzəltdiyi dəyənəyini çarpayısının yanına qoyurdu.

– Qız böyütmüşəmsə, qorumalıyam, – evin sahibi Xusebyu belə deyirdi.

Tur Nesetin ailəsi, olsa-olsa, kiçik bir torpaq icarədarıydı. Adamlar Turun da qızın arxasınca süləndiyini söyləyirdilər. Deyilənə görə, bu, qoca Knutun ürəyincə deyildi, həm də bu söz-söhbətlərə o qədər də inanmırdı. Çünki həmin oğlanı bu tərəflərdə heç vaxt görməmişdi. Adamlar gülür, fikirləşirdilər ki, qoca bayırda və samanlıqda səs-səsə verənlərlə əlləşməsə, evin künc-bucağını axtarsa, mütləq Turu tapacaq.

Yazda Aslauqa mal-qaranı dağlardakı uzaq örüşlərdə otarmağa yollandı. Vadidə hava istiydi, dağlardansa sərin meh vurur, zənglər çalınır, gözətçi itlər hürüşür, Aslauqa dağların döşündə gəzə-gəzə hay verir, tütəyini çalır, aşağıdakı tarlalarda işləyən oğlanların ürəyi əsirdi. Elə ilk şənbə axşamından başlayaraq onlar bir-birinin bəhsinə yuxarı, örüşə cumur, amma ondan da sürətlə geri qaçırdılar. Çünki daxmanın qapısı ağzında pəzəvəng bir oğlan dayanmışdı. Gələni elə qarşılayırdı ki, həmin adam arxasına baxmadan qaçır, ardınca deyilən “Bir də bura gəlsən, bundan da betər olacaq” sözlərini ömürlük unutmurdu.

Nə qədər axtarsan da, bütün ətrafda yalnız bir nəfər belə yumruq sahibi var idi. Belə çıxırdı ki, oğlanların burnunu ovan Tur Nesetdir. Bütün varlı ağaların oğulları da fikirləşirdilər ki, bura gələnləri qurbanlıq qoç kimi əzişdirib yola salan icarədar oğlunun əlinə keçməsinlər.

Bu hadisəni eşidəndə qoca Knut da bu cür düşünürdü. Həm də fikirləşirdi ki, o qoçun buynuzunu sındıran tapılmasa, bu işi oğullarıyla özü görəcək. Düzdü, Knut artıq qocalmağa başlamışdı, necə olsa da, yaşı artıq altmışı ötmüşdü. Bununla belə, gəzinti vaxtı darıxdığını hiss eləyəndə böyük oğluyla qurşaq tutmağı sevirdi.

Örüşə bircə yol var idi və həmin yol düz Knut Xusebyunun həyətindən keçirdi. Növbəti şənbənin axşamı Tur yola hazırlaşdı, amma pəncəsi üstə oğrun-oğrun həyətdən keçəndə  kimsə yaxasından yapışdı.

– Məndən nə istəyirsən? – soruşdu və həmin adamı elə yerə çırpdı ki, sümükləri şaqqıldadı.

– İndi bilərsən! – kimsə arxa tərəfdən Turun kürəyinə zərbə endirdi.

– Al, bu da sənə daha bir zərbə, – üçüncü adam onun sinəsinə yumruq atdı.

Bununla belə, Tur təslim olmurdu. O, söyüd çubuğu kimi elastik idi, ona endirilən zərbələrdən yayınır, yaxşıca cavab verirdi. Amma hər halda, özü də xeyli zərbələrə tuş gəldi. Qoca Knut sonralar dəfələrlə demişdi ki, ömründə heç vaxt Turdan güclü adamla dalaşmayıb. Onlar bir-birinin qanını tökənəcən dalaşdılar, sonra qoca Tura tərəf qışqırdı:  

– Dayan! Əgər gələn şənbə mənim – qoca canavar Xusebyunun və onun oğullarının yanından keçə bilsən, qız sənindi.

Tur birtəhər evə çatıb uzandı. Bu davanın xəbəri kəndə yayıldı, hamı da eyni sözü deyirdi: “Niyə ora burnunu soxurdu axı?”

Yalnız bir nəfər – Aslauqa bu fikirdə deyildi. O həmin şənbə axşamı Turu həddən artıq intizarla gözləyirdi, atasıyla aralarındakı məsələnin necə nəticələndiyini eşidəndəsə ağladı və öz-özünə dedi: “Tura qovuşa bilməsəm, bu dünyada xoşbəxt olmayacağam”.

Tur nə bazar günü, nə də bazar ertəsi yataqdan qalxa bildi. Çərşənbə axşamı yetişdi. Hava çox gözəl idi. Gecə yağış yağmış, dağlar daha da yaşıllaşmışdı. Pəncərə açıq idi, evə yarpaqların qoxusu dolurdu, zənglər çalınır, kilsəyə çağırırdı... Anası evdə olmasaydı, Tur zar-zar ağlayardı.

Çərşənbə günü də o hələ yatırdı. Artıq cümə axşamı şənbə günü ayağa qalxıb-qalxmayacağıyla bağlı narahat olmağa başladı. Qoca Knutun sözlərini xatırladı: “Əgər gələn şənbə mənim – qoca canavar Xusebyunun və onun oğullarının yanından keçə bilsən, qız sənindi”. Dağlara nəzər salıb düşündü ki, uzaqbaşı bir də döyəcəklər. Bəyəm bundan pis olacaq?

Örüşə cəmi bir yolun uzandığını artıq demişik. Amma ora bu yoldan kənar yerlərlə də gedib çıxmaq olar. Əgər qayıqla dənizə çıxıb, burunu burulub dağın o biri tərəfindən sahilə çıxa bilsə, adama yalnız yuxarı dırmaşmaq qalır. Onu da deyək ki, həmin yamac çox dikdi, dağkeçisi zorla qalxır, oğlan üçün də asan olmayacaqdı.

Şənbə də gəlib çatdı. Tur bütün günü bayırda oldu... Hava adamın ağlını başından alırdı. Günəş bərq vurur, dağlarda arabir kimsə qıy çəkir, bu da adamı cəlb eləyirdi. Hava qaralmağa başlayanda Tur hələ evin kandarında oturmuşdu. Duman dağların yamaclarını bürüyürdü. Tur ora baxdı – hər yer dərin sükut içindəydi. O, Xusebyunun evinə göz gəzdirdi, sonra qayığı suya itələyib burun boyu avar çəkməyə başladı.

Aslauqa artıq işlərini başa vurmuşdu. Fikirləşirdi ki, Tur bu axşam gələ bilməyəcək, amma başqaları daxmaya soxulacaqlar. Buna görə də iti zəncirdən buraxıb kimsəyə bir söz demədən yola düşdü. O, vadiyə tamaşa eləmək üçün yer seçdi. Amma dumandan heç nə görmürdü. Səbəbini özü də bilmədən əks tərəfə getdi, oturub körfəzə tamaşa eləməyə başladı. Həmin məqamda qəlbinə rahatlıq çökdü, çünki buradan ənginliklərə uzun-uzadı baxa bilirdi.

Bu zaman qız mahnı oxumaq istədi. O, bir qəmli nəğmə oxumağa başladı və səsi sakitlikdə uzaqlara yayıldı. Aslauqa həvəsə gəldi, ilk nəqəratı bitirib yenidən təkrar elədi. Qəfildən ona elə gəldi ki, kimsə aşağıdan ona elə həmin mahnıyla cavab verir.

“İlahi, bu nədi belə?” – qız düşündü. O, gövdəsi nazik ağcaqayın ağacından tutub uçurumun üstünə əyildi. Amma heç kəsi görə bilmədi. Körfəzdə sükut idi, həmin adam tərpənmirdi. Aslauqa yerində əyləşib yenidən oxumağa başladı. Ona yenə cavab verdilər və səs əvvəlkindən də yaxın idi.

“Şübhəsiz ki, orda kimsə var!” – Aslauqa düşünüb yerindən sıçradı, yenə uçurumun üstündən aşağı əyildi. Bu dəfə sahildə, uçurumun lap altında dayanmış qayığı ayırd eləyə bildi. Bu yüksəklikdən qayıq balıqqulağı boyda görünürdü. Aslauqa bir qədər yuxarı baxıb təpəliyə dırmaşan adamın qırmızı başlığını gördü.

“İlahi, bu kimdi belə?” – Aslauqa ürəyində özündən soruşdu və geri atıldı. Qız onun kim olduğunu dərk eləsə də, inana bilmirdi. Yerə uzanıb otlardan elə yapışdı ki, sanki başqa əlacı yox idi. Otlar kökündən qopdu. Aslauqa qışqırıb Tura kömək eləməsi üçün Tanrıya yalvara-yalvara otlardan daha da bərk yapışdı. Amma dərhal ağlına gəldi ki, Tur Tanrı qarşısında günah işlədir, buna görə də yardımına bel bağlaya bilməz.

– Bircə dəfə,  Tanrı, – qız yalvardı, – yalnız bir dəfə kömək elə!

Aslauqa gəlib ona qısılan iti bərk-bərk qucaqladı, elə bil heyvan tutub saxlamalı olduğu Tur idi. Sonra itlə birgə otların üstündə dığırlandı və ona elə gəldi ki, bütün bunların sonu olmayacaq.

Bu məqamda it əlindən qaçıb quyruğunu bulaya-bulaya hürməyə başladı:

– Ham, ham!

Sonra Aslauqaya da hürüb qabaq pəncələrini qızın bədəninə qoydu və yenə hürdü. Həmin məqamda qırmızı başlıq uçurumun üzərində göründü. Az sonra Tur artıq Aslauqanın ağuşundaydı.

Bir anlıq donub-qaldılar, danışa bilmədilər. Sonra dedikləri sözlərin də artıq bir elə mənası yox idi.

Amma qoca Knut Xusebyu hər şeydən xəbər tutub əsas sözü dedi. Yumruğunu masaya çırpıb var səsiylə bağırdı:

– Qoçaq oğlandı, qız onundu.

Tərcümə edən: Nəriman Əbdülrəhmanlı